Biz imzaları yox, əsərləri dərc edirik...

Sakit Məmmədov möcüzəsi – Etibar Əbilov yazır
786
19 İyul 2018, 06:57
 Artkaspi.az Etibar Əbilovun "Sakit Məmmədov möcüzəsi" adlı yazısını təqdim edir: 
 
 Sakit Məmmədovun qonağı olduğu bir televiziya verilişində, aparıcı qız bu böyük rəssamdan bir anlıq gözlərini yummasını xahiş etdi. Sakit gözlərini açanda, aparıcı sürpriz kimi ona, içərisində kiçik qırmızı balıq olan bir akvarium göstərdi və həmin akvariumu öz məşhur qonağına bağışladı. Nağıllardakı qızıl balığı xatırlayırsınızmı? Hansı balıqçı o balığı tutursa, həmin balıq öz ovçusundan onu azad etməsini istəyir və azad olunacağı təqdirdə həmin adamın üç istəyini yerinə yetirəcəyini söyləyir... Biz nağıllardakı qızıl balıq möcüzəsinə inanmırıq. Əslində, möcüzəni insan yaradır. Təkcə Azərbaycanın yox, dünyanın ən böyük rəssamlarından olan Sakit Məmmədov belə möcüzə yaradan insanlardandır.

 

 Neftçalada sadə bir ailədə dünyaya gələn Sakiti uşaqlığında çox az adam – doğmaları, yaxınları tanıyırdı... Bu gün isə dünyanın dörd bir tərəfində onu sevir, təqdir edir, sənəti qarşısında baş əyirlər. 
 Mən bu yazını yazarkən Sakitin valideynləri, həmişə böyük ehtiramla xatırladığım, indi haqq dünyalarında olan Qulam kişi və Leyla xala bir daha gözlərim önünə gəldi. Kənddə hamının hörmət etdiyi bu ailənin başçısı Qulam kişinin zəngin kitabxanası var idi və Qulam kişinin zəngin mütaliəsi, klassik ədəbiyyatı dərindən bilməsi, ibrətamiz – maraqlı söhbətləri bütün kənd camaatının yaddaşındadır. Mən özüm Qulam kişinin söhbətlərindən, onun Nəsimidən, Xətaidən, Füzulidən... söylədiyi qəzəllərdən, həmin qəzəlləri bənd-bənd heyrətamiz şəkildə təhlil etməsindən doymazdım. Sakitin böyük sənət sevgisinin ilk rüşeymləri evlərindəki mühitdən formalaşmışdı. Sonra o, şəhərimizdəki pionerlər evinin nəzdində fəaliyyət göstərən rəsm dərnəyində, unudulmaz nəcib insan Adil Hacıyevdən rəssamlığın ilkin sirlərini öyrəndi... Artıq yeddinci, səkkizinci siniflərdə oxuyanda hamı onu rəssam  kimi tanıyırdı. Və hamı onun – şəkil çəkməkdən yorulmayan bu məktəbli rəssamın böyük gələcəyinə inanırdı... Əzim Əzimzadə adına rəssamlıq məktəbini fərqlənmə diplomu ilə bitirən Sakit dünyada ən ali rəssamlıq ocağı kimi tanınan Repin adına Leninqrad (indiki Sankt-Peterburq) rəssamlıq akademiyasına daxil oldu. Bu ali ocaqda sənətin böyük sirlərini öyrəndi. Repin adına Rəssamlıq Akademiyasını fərqlənmə diplomu ilə bitirəndə, Moskvanın, Leninqradın, Bakının... müxtəlif qəzet və jurnallarında ondan, o vaxtkı SSRİ-nin ən perspektivli gənc rəssamı kimi söz açır, tabloları görkəmli sənətşünaslar tərəfindən təqdir edilirdi. Ali məktəbi bitirəndən sonra o, Bakıya gəlir. Sakitin sənət triumfu bu qədim şəhərdən başlayır. Sakit möhtəşəm tablolarını yaradır. Onun hər bir əsəri böyük rezonans doğurur. Dünyanın ayrı-ayrı şəhərlərində keçirilən sərgilərə dəvətlər alır. Sankt-Peterburqda, Minskdə, Vyanada, Krakovda, İstanbulda, Nyu-Yorkda, Moskvada, Kiyevdə, Berlində, Sidneydə, Strasburqda, Belçikada, Sinqapurda, Qahirədə, Kazanda, Seulda, Stokholmda... onun fərdi, həmçinin dünya və Azərbaycan rəssamları ilə birgə sərgiləri keçirilir. Dünyanın ən məşhur qalereyalarında onun əsərləri Rubens, Van Deyk, Renuar, Mark Şaqal, Roden və digər əfsanəvi rəssamların əsərləri ilə birlikdə sənətsevərləri ovsunlayır, məftun edir...
 Azərbaycan mədəniyyətinin böyük hamisi, ümummilli liderimiz Heydər Əliyev Sakit Məmmədovun sənətini yüksək qiymətləndirirdi. Azərbaycan Avropa Şurasına üzv qəbul edilərkən Azərbaycan Prezidenti Heydər Əliyev Sakitin ustalıqla yaratdığı "Babadağ” mənzərəsini, Avropa Şurasının Baş katibi V.Şvimmberqə təqdim etmişdir. Şvimmberq tabloda böyük sənətkarlıqla yaradılmış "Babadağ”a baxıb: "Biz Azərbaycanı həmişə belə bir yüksəklikdə görməyi arzulayırıq” demişdi. 
 Ölkəsini böyük bir məhəbbətlə sevən Sakit Məmmədov, həm də, necə deyərlər, dövlətimizin sülh elçisi missiyasını yerinə yetirir. Azərbaycan dövlətinin başqa dövlətlərlə mədəni əlaqəsində onun da xidmətləri var. 
 Məlumdur ki, SSRİ-nin süqutundan sonra bu ölkənin varisi olan Rusiyanın, yeni müstəqil Azərbaycan respublikası ilə, başqa sahələrdə olduğu kimi, mədəni əlaqələrində də bir boşluq yaranmışdı. Xatılayıram: 2002-ci ilin 11 dekabrında, Moskvanın Solanka qalereyasında Sakit Məmmədovun fərdi sərgisi baş tutdu. Hər iki ölkənin TV kanalları ilə sərgilənən bu sərginin açılışında hər iki dövlətin mədəniyyət nazirləri Polad Bülbüloğlu və Mixail Şvitkoy da iştirak edirdi. Həm onların, həm də tələbkar rus sənətşünaslarının həmin sərgidə Sakit Məmmədov sənəti haqqında necə heyranlıqla danışdıqları yaxşı yadımızdadır. SSRİ-nin süqutundan sonra, Azərbaycan rəssamının Rusiyanın paytaxtında baş tutan bu ilk fərdi sərgisi iki ölkənin mədəni həyatında yeni dövrün başlanğıcı kimi xarakterizə olunurdu. 
 

 
 2000-ci ilin əvvəllərində Sakit Məmmədovun çəkdiyi "Roma papası II İohan Pavelin portreti” də böyük maraq və heyrətlə qarşılandı. Həmin tablonu Sakitin emalatxanasında seyr edən İtaliyanın Azərbaycandakı o vaxtkı səfiri Marqarita Kostanın Azərbaycan mediasına verdiyi müsahibədə dedikləri bu marağın hansı ölçüdə olduğundan xəbər verir: "Papanı altı dəfə görmüşəm. Sakitin yaratdığı portret vasitəsilə onu yeddinci dəfə görmüş kimi oldum”.
 Bu misilsiz sənət əsəri 2005-ci ilin fevralında Prezidentimiz cənab İlham Əliyev tərəfindən Vatikana təqdim olundu. 
 Görkəmli rus tənqidçisi A.Bajenov neçə illər bundan əvvəl Sakit Məmmədov haqqında "Onun əli intibah rəssamlarının əlinə bənzəyir” demişdi. Zaman onun dediklərinin nə qədər həqiqət olduğunu təsdiq etdi. Amma Sakitin ən üstün cəhəti ondadır ki, o heç bir təsirə düşmədi və özünün bu gün artıq bir məktəb olan üslubunu yaratdı. Onun sənət yolu ibrətamiz, nümunə bir yoldur. Axtarışlardan usanmayan bu görkəmli rəssam dünya rəssamlığında yeni bir cərəyanın – "Opalizm” cərəyanının banisidir.
 ...Onun sənət uğurları bir-birini əvəz edir... 2016-cı ilin 15 mayında dünyanın aparıcı agentlikləri, Böyük Britaniya kraliçası II Elizabetin Azərbaycan rəssamı Sakit Məmmədovla görüşündən yazdılar. Londonda baş tutan həmin görüşdə Sakit Məmmədov, Kraliçaya Qarabağa həsr etdiyi "Cıdır düzü” əsərini bağışladı. İndi tarixi Vindzor qəsrində qorunan həmin tablo Azərbaycan təsviri sənətinin Qarabağnaməsidir. Öz sənət taleyini dünyanın ən qüdrətli ölkələrindən birinin ən böyük sarayında yaşayacaq "Cıdır düzü” əsərini Sakit Məmmədov böyük vətəndaşlıq sevgisi ilə yaradıb. Bu tabloda tarixi gerçəklik sənətin ali dili ilə dil açıb danışır: Qarabağ. Cıdır düzü. Dilboz atı üstündə Xan qızı. Qarabağ atları. Xarıbülbül çiçəyi. Xalçalarımız. Milli musiqi alətlərimiz. Muğam oxuyan qarabağlı xanəndə. Milli geyimlərimiz. Novruz bayramının simvolları: səməni, şəkərbura, paxlava, rəngbərəng şamlar. Samovar. Bir qədər arxa planda çövkən oynayan igid Azərbaycan övladları... Və ən ümdəsi, Cıdır düzünün ən uca yüksəkliyində dalğalanan üçrəngli Azərbaycan bayrağı.
 Bu əvəzsiz tablo Qarabağ münaqişəsində qərəzli mövqe tutmuş siyasilərə sənətin ali dili ilə verilmiş ən tutarlı cavabdır. 
 Fikrimcə, Sakit sənətinin böyüklüyü ondadır ki, o öz təsvirlərində yalnız reallığı çəkir. Ən böyük yaradıcı Allahdır. Allah təbiəti necə yaradıbsa, Sakit təbiəti o cür təsvir etməyə çalışır. Allah insanı necə xəlq edibsə Sakit də əsərlərində buna nail olmağa can atır. Və o, öz istədiyinə nail olur. Məhz buna görə də onun əsərləri bu qədər sevilir, insanları özünə bu qədər məftun edir.
 Onun sənət inciləri hal-hazırda dünyanın ən məşhur sənət məbədlərində nümayiş olunur: Vatikan, Puşkin adına muzey, Avropa parlamenti, Fransanın opera qalereyası, Türkiyənin Dolmabağça sarayının qalereyaları. İspaniya, Portuqaliya, İtaliya, Böyük Britaniya, ABŞ, Sinqapur... və digər ölkələrin muzey və qalereyalarının daimi eksponatları arasında özünə yer tutan əsərləri ilə Sakit Məmmədov həm də Azərbaycan mədəniyyətini həmin ölkələrdə layiqincə təmsil edir. 
 Onun əsərləri Süleyman Dəmirəl, Rauf Denktaş, Vladimir Putin, Nursultan Nazarbayev, İslam Kərimov, Bill və Hillari Klintonlar, İosif Kabzon, Monika Beluççi, Mariy Mitye, Patrisiya Kaas, Ajda Pekan... kimi məşhur dövlət xadimlərinin, ünlü sənətçilərin şəxsi kolleksiyalarında saxlanılır.
 Bir neçə kəlmə də Sakit Məmmədovun son əsəri barədə. Bu monumental əsər ümummilli lider, ulu öndər Heydər Əliyevə həsr olunub. Bu dahi şəxsiyyətin obrazını böyük sevgi və şövqlə yaradan rəssam, ümummilli liderimizin bütün yüksək insani-bəşəri keyfiyyətlərini: humanizmini, qətiyyətini, müdrikliyini, liderlik xüsusiyyətlərini, uzaqgörənliyini, parlaq zəkasını, dönməz əzmini... bütün dolğunluğu ilə əks etdirə bilib. Bu ilin may ayının 7-də Bakıda həmin əsərin təqdimatına televiziya ilə tamaşa edən hər kəsin yadındadır: Dövlət rəsmilərinin, elm və mədəniyyət xadimlərinin, millət vəkillərinin, ictimaiyyət nümayəndələrinin təmsil olunduqları salonda, tablonun üzərindəki örtük götürülərkən iştirakçılar bu sənət əsərinə heyrətlərini, ayaq üstündə, uzan zaman kəsilməyən alqışlarla bildirdilər.
 Sakit Məmmədovun yaradıcılığı çoxşaxəlidir. O misilsiz portretlər ("Roma papasının portreti”, "Atamın portreti”, "Aida”, "Leyla”, "Bağban”, "Alisa”, "Alman rəssamının portreti”, "Şah İsmayıl Xətai”), tarixi süjetli əsərlər ("Dədə Qorqud”, "Qızılbaşlar”), natürmortlar ("Qırmızı natürmort”, "Səhər natürmortu”, "Şərq natürmortu”, "Şərabla natürmort”), mənzərələr ("Bahar”, "Yağışdan sonra”, "Kəndimiz”, "Səhər”, "Neftçala baharı”, "Sahil”, "Quba mənzərələri”), fəlsəfi mündəricəli tablolar ("Sabah haqqında söhbət”, "Qorxu”, "Gözlər yollarda”, "Ağılsız kral”) və sair yaradıb. Bu əsərlərdə kompozisiyaların kamilliyinə, süjet zənginliyinə, işıq-kölgə kontrastlarına, detalların dəqiqliyinə, rənglərin harmoniyasına, fəlsəfi ümumiləşdirmələrə baxıb bu görkəmli rəssamın dastanvari istedadının hüdudsuzluğundan heyrətlənməyə bilmirsən. 
 

 
 UNESKO Rəssamlar İttifaqının üzvü, Rusiya İmperator Rəssamlar Akademiyasının akademiki, Minilliyin adamı, Avropanın Şərf ordeni, İtaliyanın Leonarda da-Vinçi ordeni, Avropa Təbiət Elmlər Akademiyasının həqiqi üzvü, beynəlxalq Vera mükafatı, Çingiz Aytmatov adına beynəlxalq mükafat, beynəlxalq Vətən övladı və Dədə Qorqud mükafatları... onun heç də tam olmayan mükafatlarının, fəxri adlarının siyahısı bu qədər nüfuzludur.
 Bu günlərdə Sakit Məmmədovun həyatında mühüm bir hadisə baş verdi. Cümhuriyyətimizin 100 illiyi ərəfəsində Prezident İlham Əliyev Sakit Məmmədova "Azərbaycanın Xalq rəssamı” fəxri adının verilməsi barədə fərman imzaladı. Onun bu böyük ada layiq görülməsi, bütün Azərbaycanda olduğu kimi Neftçalada da böyük sevgi ilə qarşılandı. Bu yazımda neftçalalılara bu sevinc hissini yaşatdığına görə bütün neftçalalılar adından cənab Prezidentimizə təşəkkür etməyi özümüzə borc bilirik.
 Gələn ay, avqustun 5-də Sakit Məmmədovun 60 yaşı tamam olur. Yaratdığı sənət inciləri ilə insanların qəlbində işıqlı hisslər oyadan görkəmli rəssamımızı bu əlamətdar gün münasibətilə təbrik edir, ona can sağlığı, uzun ömür, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.