Biz imzaları yox, əsərləri dərc edirik...

Blokun ölümü
1574
11 Sentyabr 2019, 12:47

 

artkaspi.az yazıçı Lev Kolodnının "Şairlər və Rəhbərlər” kitabından Aleksandr Bloka həsr olunmuş hissəni təqdim edir: 

 


 

Jurnalist və tarixçi Lev Kolodnının bu kitabı görkəmli rus yazıçılarının taleləri haqqında bədii oçerklərdən ibarətdir. Keçmiş dövrlərdə ədəbiyyatçıların həyatı çarlardan, XX əsrdə isə hökmdarlardan asılı idi. Lenin ölümcül xəstə Blokun xarici ölkəyə  getməsinə icazə vermədi, Stalin Axmatovanın, Bulqakovun, Platonovun həyatını zəhərlədi, Xruşşov Pasternakı təqib edirdi, Brejnev Soljenitsını. Qorkinin, Şoloxovun həyatı çətinliklərlə dolu idi, Fadeyev isə ömrünə intiharla son qoydu...

 

 

ŞAİRİN SEVDİYİ TORPAQ

 

Gənc şair, Peterburq universitetinin tələbəsi Aleksandr Blok Moskva ilə tanışlığa bütün qonaqların, turistlərin və ekskursiya həvəskarlarının bu gün də etdiyi kimi Kreml və Qızıl Meydanı ziyarət etməklə, Tretyakov qalereyasını və Novideviçye monastırını gəzməklə başladı.

Məlumdur ki, Aleksandr Blok babası Peterburq universitetinin rektoru məşhur botanik A.N.Beketovun yaşadığı, universitet tərəfindən rektor üçün ayrılmış evdə dünyaya gəlmişdi. Elə ömrünün sonuna kimi də Peterburqda, Petroqradda yaşamışdır. Amma uşaqlıqdan bəri 36 il ərzində hər yayı Şaxmatovo adına Podmoskovyedə (Moskvaətrafı) keçirmişdi – bu rayon Podsolneçnaya dəmiryol stansiyasının iyirmi kilometrliyində, Moskva və Klin arasında yerləşirdi. Buradan Moskvaya 65 kilometrdi. 300-dən çox şeir, məqalə, pyes bu yerin adı ilə bağlıdır. "Gözəl qadın haqqında şeirlər", "Kulikov çölündə" əsərləri məhz burada qələmə alınmışdır...

Şairin tərcümeyi-halını nəql edən xalası M.A.Beketovanın sözlərinə görə kiçik Aleksandrı xarici ölkəyə Moskva yolu ilə aparırdılar. O, xalasını ilk dəfə aylarla moskvaətrafında yerləşən bağda qalan, şəhərə qonaqlıq, həkim və başqa məqsədlərlə gedən doğmaları ilə birgə gəldiyi zaman görmüşdü.

Aleksandr Blok Moskvanı ilk dəfə çox sonralar – 22 yaşında sərbəst gəzə bilmişdi. Bunu 1902-ci ilin avqustunda qədim paytaxtda növbəti gəzintidən sonra qeyd dəftərindəki qeydlərinə əsasən bilmək olur. Bu barədə Blokun atasına öz planlarından bəhs etdiyi məktubda da qeyd olunur: "Ola bilər ki, mənə payızda Moskvadakı müqəddəs yerləri gəzmək müvəffəq olsun".

Blokun həmin zaman harada qaldığı məlum deyil. O, öz marşrutunu təxminən müəyyən etmişdi.

O, Tretyakov qalereyasında olmuşdur. Həmin dövrdəki əhvalına uyğun gələn əsərlər onun xatirində olduqca dərin iz buraxmışdı. Bunlar arasında Viktor Vasnetsovun (1848-1926-Rus rəssamı və memarı. Tarixi və folklor təsviri sənət ustası – X.N.) və Mixail Nesterovun (1862-1942. Rus və sovet rəssamı. Əməkdar incəsənət xadimi– X.N.)  dini və təhkiyə üslubunda çəkdikləri rəsmləri, o cümlədən, Repinin "İvan Qroznının oğlunu qətlə yetirməsi”, Lev Tolstoyun portretini, Levitanın peyzajlarını (İsaak İliç Levitan- 1860-1900. Rus rəssamı, "əhval-ruhiyyə peyzajları” janrının yaradıcısı – X.N.) misal göstərmək olar.

Zamoskvareçyedən Moskva çayına keçən tələbə Blok özünü Xilaskar Məsihin məbədinin ucaldığı Preçistenski sahilində gördü.

Buradan Volxonka ilə Kremlə getmək üçün, Borovitsk darvazalarından keçərək, dəftərçəsində kremlin əsas xüsusiyyətlərini dəqiq qeyd edərək piyada yola düşdü.

"Sağ tərəfdə Böyük Kreml sarayıdır. Üzbəüzdə II Aleksandrın abidəsi. Geriyə baxdıqda Vorobyov dağlarını görmək olar”.

Onu ən çox valeh edən kilsə meydanının görünüşü və Kremlin buradakı ən qədim məbədləri idi. "Möhtəşəm saraydı. Solda Blaqoveşeniya kilsəsi və Qırmızı artırma. Sağda Arxangelsk sarayı. Qabaqda Böyük İvan. İrəlidə Uspenski”. Mötərizələrdəki qeydlərə əsasən Blokun Kremlin I Nikolay tərəfindən yenidən qurulmasına qarşı qərəzli münasibəti hiss olunur. Bu minvalla Kremlin İvanovski meydanında rast gəldiyi digər abidələri də sadalayır. Qeydlərdən məlum olur ki, o, kilsələrə daxil olmuş, qədim ikonalara tamaşa etmişdir: "Müqəddəs ana ilə ətrafdakı qadınlar arasında oxşarlıq tapa bilmədim”.

Spak darvazaları tərəfdən Kremldən çıxaraq yaxınlıqdakı Vasili Blajennıya tərəf yollanmış, onun da qısaca, teleqraf stilində özəlliyini qeyd etmişdir: "Kənardakı çiçəklərdən zövq aldım. On bir dəhliz var. Baş kilsə Pokrov kilsəsidir”.

Bütün bu qeydlər belə düşünməyə əsas verir ki, bu Moskva ilə birinci müstəqil tanışlıq idi. 1902-ci ilin avqust ayına təsadüf edən son qeyd cəmi iki sözdən ibarətdir: "Puşkin abidəsi”.

Demək, Tver küçəsi ilə üzüyuxarı qalxmış, fənərlərin əhatəsində 1880-ci ildə (Aleksandr Blokun dünyaya gəldiyi ildə) açılışı olan abidənin qərar tutduğu bulvara çatmışdır.

İki gün ardıcıl olaraq Moskvaya həsr olunur. M.S.Solovyov əmiyə məktubunda təəssüratlarında: "Bu payız Moskvanı gəzdim. Novodeviçye monastrının axşam görünüşünü heç zaman unutmaram. Bütün bunlara gölməçələrin arxasında titrəyən dolaşalar və dəmir yolunun uğultusu, məzar üzərində (Solovyovların) sönməyən çıraqlar, zanbaqlar və ötüb gedən qara geyimli rahibələr də əlavə olunmuşdur. Hər şey o qədər yaxşı idi ki, nə qədər cəhd etsəm belə şeir yazmağa ehtiyac qalmırdı” deyə bildirirdi.

Moskva ilə əlaqəli şeirlər çox sonralar yazıldı. Bunlar arasında "Moskvada səhər" şeiri xüsusilə seçilir:

 

Xoşbəxtlik içində oyanıb sübhdən

Gördüm qum üstündə sənin izini.

Xoşbəxtlik içində xatırlayaraq

Xəyala gətirdim gözəl üzünü.

Mən səni sevirəm, ey gözəl insan,

Ey qayğısız və şən gəncliyim mənim.

Kremlin o şəffaf gözəlliyi də

Sənin tək gözəldir, mənim səhərim.

 

Blokun lirik şeirləri arasında Puşkin və Lermontovun Moskvaya həsr etdikləri şeirlərlə yanaşı qoyulmağa layiq, Moskva Kremlini xatırladan daha bir şeir var:

 

Sübh çağlarının büllur saflığında

Moskva Kremlinin divarları arasında.

Qəlbimin ilk həyəcanını

Qaytara bilərsənmi, Vətən?

 

Burada "Vətən" deyərkən şair 1921-ci ilə qədər müxtəlif zamanlarda ziyarət etdiyi Moskva torpağını nəzərdə tuturdu.

Moskvaya 1904-cü ilin yanvarında, özü kimi gənc və gözəl xanımı Lyubov Dmitriyevna ilə bərabər gəlişi Blokun həyatında xüsusi yer tutur. Bu gəlişin məqsədi az tanınan peterburqlu şairi şövqlə qarşılayan moskvalılarla ədəbi əlaqələrin yaranması zərurəti idi.

 

 


Moskvalılar arasında ədəbiyyata Andrey Belıy adı ilə daxil olan "sadə tələbə" Boris Buqayev seçilirdi. O da Blok kimi universitet professorunun oğlu idi. Blok və Buqayev arasında yazışma başlamışdı. Bir-birinə məqalə böyüklüyündə məktublar göndərirdilər. Məktubunda Moskvada görüşmək istəyini yazan Blok bu niyyətini həyata keçirdi.

Görüşün baş tutmasına xalası oğlu olmaqla yanaşı, həm də uşaqlıq dostu, həmin dövrdə gimnaziyada təhsil alan, uşaq yaşlarından valideynlərini itirmiş, müstəqil yaşasa da qəyyumlarının nəzarəti altında olan Sergey Solovyov kömək etdi. Məhz o, Bloka yaşamaq üçün öz yaşadığı əraziyə yaxın yerdə ev tapmağı təklif etdi.

Solovyov həmin vaxt "Nikitskiye vorota” rayonunda Povarskda yaşayırdı. O, şair olmaqla yanaşı həm də publisist və "arqonavtlar" (Moskva universitetinin fəlsəfə, tarix və digər fakültələrindən olan tələbələrin yaratdığı gənc simvolistlər dərnəyi. Dərnək Moskvada yaranmış və 1903-1910-cu illərdə fəaliyyət göstərmişdir– X.N.) adı almış intellektuallar dəstəsinin rəhbəri idi.

Moskvada şairlərin gələcəkdə güclü düşmənçiliyə çevrilərək az qala duellə bitəcək olan coşqun dostluğu yarandı. Amma bütün bunlar hələ qabaqda idi. O zaman isə Povarskdakı ilk görüşdən sonra Blok və arvadı onlar üçün ayrılmış mənzilə yollandılar. Uzaq məsafə qət etməyə gərək yox idi – ev yaxınlıqda yerləşirdi. Böyük Voznesensk kilsəsi ilə üzbəüz Nikitsk darvazaları yaxınlığında, daş yarımzirzəmidən olan təməl üzərindəki, açıq-yaşıl rənglə boyanmış 6 nömrəli ikimərtəbəli taxta evi bu gün də görmək olar. Bloklar ailəsinin 1904-cü ilin yanvarında iki həftə yaşadıqları bu ev onların Moskvadakı ilk mənzilidir. Amma bəzi mənbələrdə onların həmin vaxt Moskvada iki həftə qaldıqları qeyd olunur.

Günün birinci yarısında Bloklar turist həyatı yaşadılar. Kremli, qədim kilsələri, Novodeviçye, Don monastırlarını gəzdilər.

 Bazar günü Bloklar "arqonavtlar"ın Boris Buqayevin (1880-1934. Ədəbiyyatda Andrey Belıy adı ilə tanınan Rus sovet yazıçısı, şairi, tənqidçisi, rus simvolizm və modernizm janrlarının əsas üzvlərindən biri – X.N.) Arbat 55-dəki mənzilində keçirilən növbəti yığıncağına tələsirdi. Onları ədəbiyyatçılar, filosoflar, rəssamlar gözləyirdi... Valeri Bryusov və Konstantin Balmont da gəlmişdi.

Uzun illər sonra Andrey Belıy Blokla görüşdən aldığı ilk təəssüratı geniş təsvir etmişdi: "...mən irəli çıxanda, qədd-qamətli, hündür, enlikürək, tələbə surtuku geyinmiş gənc adam gördüm. Bu A.A.Blok və Lyubov Dmitriyevna idi. Bu gözəl cütlük bir-birinə çox yaraşırdı-hər ikisi şən, gözəl geyimli idi və ətir qoxusu saçırdı. Məni A.A.Blokda ikinci heyrətə gətirən çöhrəsinin təravətli rəngi, görünüşcə möhkəm və güclü olması idi. Onda hərbçilərə məxsus xüsusiyyətlər var idi. Hərəkətlərinin kobud və qəti olması təmkinli utancaqlıqla gülümsəyən, azacıq mənə bənzəyən sifəti ilə və böyük gözəl, mavi rəngli gözləri ilə bir az təzad yaradırdı.

 Həmin axşam Balmont, Belıy və qonaq öz şeirlərini oxudular. İlk dəfə idi ki, onu bu qədər çox sayda, əsasən də, ad-sanı olan şair dinləyirdi. Aleksandr Blokun başqalarına bənzəməyən oxu tərzi hər kəsi riqqətə gətirmişdi. Andrey Belıy yazırdı: "A.A. şeirləri bir az burnunda, aramla, sadə, yüksək, amma boğuq, bəzən qafiyələrin sonunu yarımçıq qoyaraq oxuyurdu. Qiraət zamanı üzü səsinə uyğun olaraq sanki daşa dönür və ciddiləşirdi. Bu oxu tərzinin özünəməxsus gözəlliyini, şeirin ritminin isə xüsusi, təmkinli olmasını  mən sonradan qiymətləndirdim " .

 Həmişəki kimi yeni şeirlər oxundu. Blok ilk dəfə idi ki, moskvalı ədəbiyyatçılar qarşısında "Qəzetlər" və "Fabrik" şeirlərini oxuyurdu. Şeirlər Moskvada çıxan "Qrif" adlı almanaxda dərc olunmaq üçün götürüldü.

Hər iki şeir digər şeirlər kimi Peterburqla "dolu idi”. "Peterburq hər zaman blok poeziyasındakı hadisələrin əsas məkanı olaraq qaldı" – V.Orlov "Blokun Peterburqu" araşdırma yazısında bu nəticəyə gəlir.

Lakin şair həmin dövrlər qəlbi ilə Moskvaya, öz həmfikirlərinə bağlı idi. Moskva ona təmiz, bəyaz, qədimi görünürdü. Belə alındı ki, Blok şair kimi də doğma Peterburqda yox, Moskvada qəbul olundu.

 Şeirlərini "arqonavtlar" yığıncağında oxuduqdan sonra anasına məktub yazdı: "Mən az qala nur saçaraq oxuyuram. Qara surtuklar geyinmiş çox sayda insan alqışlayır, stullardan qalxır, qışqıraraq mənim Rusiyanın birinci şairi olduğumu deyirlər".

"Arqonavtlar" birliyinin iclası Arbat 53-dəki Puşkinin bal ayını keçirdiyi iki mərtəbəli evin yaxınlığında keçirilirdi. Tezliklə Puşkinin Arbatdakı evinin digər tərəfində ev tikildi. Həmin ev Aleksandr Blokun Moskvadakı sonuncu sığınacağı oldu... Lakin bu haqda irəlidə danışarıq.

Amma həmin yanvar günlərində həyat zahirən rahat, sevinclə, gülüşlə, şən görünürdü. Blok getdi, onun "Gözəl qadın haqqında şeirlər" adlı kitab halında nəşr olunacaq şeirləri isə qaldı. Naşir Sergey Sokolov 27 sentyabrda Aleksandr Bloka yazdı: "Sizin kitab çap olundu".

Məktublara, qeydlərə, gündəliklərə əsasən demək olar ki, Aleksandr Blok Moskvaya hər il, bəzən il ərzində bir neçə dəfə gəlirdi. Səbəblər müxtəlif idi.

Müasirləri onu "Musaget", "Praqa" və "Slavyan bazarı"nda, şirniyyat "Eynem"də, bədii teatrda, Moskva bulvarında görürdülər.

1916-cı ilin yazında "Qızılgül və Xaç" pyesinin tamaşa qoyulması ilə əlaqədar bir həftədən artıq Moskvada qaldı. Günümüzə qədər qorunub saxlanan "Qeyd dəftərləri"ndə Blokun Moskvada keçirdiyi həmin günlər aydın təsvir olunub. Şəhərə gəldiyi 29 mart səhəri Bədii teatrda truppa ilə görüşdən sonra nahar etmək üçün Bretə – indiki Belarus vağzalına yollandı. Qəbul etdiyi qərarı isə özünə "Keçmiş xatirələr”ə boylanmaq kimi izah etdi. Axşam yenidən Bədii teatra yollanaraq artist Kaçalovla görüşdü.

Sonrakı iki günü öz pyesini şərhlərlə birgə oxudu. Axşam "Aqil"ə baxdı. Gecəni Kaçalovun evində qaraçı nəğmələri oxuyaraq keçirdi. Tezliklə teatrda məşqlər başladı. Məşq zamanı yaranan atmosfer Bloku heyrətləndirirdi. Aktyorlar işə toya-bayrama gedirmiş kimi gəlirdilər. Onlar da öz növbəsində Blokla görüşdən məmnun idilər. Bunlar şairin ən xoşbəxt günləri idi. Tverdə "Madrid və Luvr" adlı mehmanxanada qalırdı. Arvadına məktubunda yazırdı: "Burda özümü yaxşı hiss edirəm. Nə vaxt geri dönəcəyimi bilmirəm, bəlkə pasxaya qayıtdım. Qaldığım otaq geniş və rahatdı. Hər şey bizim yerdəkindən də bahadır. Bu gün qar yağdı. Mən hər gün Stanislavskinin evinə nahara dəvət alıram, hətta o özü evdə olmasa da..."

"Qızılgül və Xaç" pyesində baş rol Olqa Qzovskayaya həvalə olunmuşdu. Aleksandr Blok onunla saatlarla söhbət edir, rolun mahiyyətini izah edirdi. Onların tez-tez birlikdə görünməsi rejissor V.İ.Nemiroviç-Dançenkonun (Vladimir İvanoviç Nemiroviç-Dançenko –1858-1943. Rus teatr rejissoru, pedaqoq, dramaturq və yazıçı. 1898-ci ildə K.S.Stanislavski ilə birlikdə Rus bədii teatrını yaratmışdır – X.N.) aktrisanın "bloka salınması” ilə bağlı zarafat etməsinə rəvac verirdi.

Olqanın xatirələrində şairin Moskvaya münasibətini əks etdirən maraqlı epizod var. "Blok Moskvanın qədim küçələri və döngələrini çox sevirdi. Bir dəfə belə küçələrdən birindən keçdiyimiz zaman o, kiçik kilsəyə baxdı. Kilsənin həyətində oğlan uşaqları oynayırdı. Yaşıl tozağacı budaqları sanki öz körpə yarpaqları ilə əl edir, quşlar sevinclə cəh-cəh vurur, kilsə pəncərələrinin şüşələrində şam işıqları görünürdü. Blok gülümsəyərək dedi: "Qəribədir, Blok soyadı daşısam da əsl rusam. Birmərtəbəli taxta evlərin qapısındakı kiçik bağçaları sevirəm, əsasən də bahar günəşi onları işıqlandıran… Bu pəncərələrdən bəzilərində isə albalı və alma ağacları çiçək açır".

Bu təsvirə uyğun həyətlərin peyzajını Bədii teatrdan aktrisanın "Malaya Dmitrovka” küçəsi 22-dəki evinə gedən yolda da görmək olar. Şair məşqdən sonra onu evə yola salırdı.

Növbəti il yazda, Aleksandr Blok teatrla əlaqədar yenidən Moskvaya gəldi. Lakin düşüncələri "meydana gəlməsi uzun sürən” "Qızılgül və xaç” pyesindən kənarlarda dolaşırdı. Blok əzabla çətin hadisələrdən baş açmaq istəyi, özünün inqilabdakı yerini müəyyənləşdirməyə çalışırdı. "Qeyd dəftərləri”ndə Blokun qəlbində həmin zaman baş verən gərginlikləri təsvir edən Moskvada yazılan qeyd var:

"Mən baş verənləri anlamaqda çətinlik çəksəm də, taleyin qisməti ilə nəhəng dövrün şahidi oluram. Taleyin qisməti (öz iradəmlə yox) belə gətirib ki, mən rəssamam, şahidəm. Demokratiyaya rəssam gərəklidirmi?”

Moskva yeni – Oktyabr inqilabının astanasında idi. Bulvarda, skamyada dincəlmək üçün əyləşən Blok iki hərbçinin gözünə şübhəli şəxs kimi göründü. Onlardan biri onun şəxsiyyətini müəyyənləşdirmək üçün həbs etməyi təklif etdi. Digəri ayıqlıq göstərərək yoldaşını fikrindən daşındırdı. Şair bunu sonralar tanışlarına yumorla danışırdı. Bəli, Moskva bir il əvvəl xanımı ilə küçə və döngələrini dolaşdığı şəhər deyildi…

Oktyabr gəldi. Şair cəmi iki günə qələmə aldığı "On ikinci” adlı poemada ona əzab verən sualları cavablandıra bildi. 1918-ci ilin əvvəlində ziyalı təbəqəyə ünvanlanan və "Varlığınızla, qəlbinizlə, ağlınızla inqilabı dinləyin!” çağırışı ilə tamamlanan məşhur məqalə çap olunmuşdur çıxmışdı.

Doğma Şaxmatovda isə sarsılmış sədr məruzə edirdi ki, "ədavət”i nəinki təsvir etmiş, hətta rəhbərə xəbər verməyə məcbur olmuşdur… Qürurlu şair Şaxmatovla bağlı demişdi ki, yolu ordan keçməyəcək, amma elə həmin günlərdə gündəlikdə əzab çəkərək yazıldığı bəlli olan "Şaxmatovu yuxuda gördüm...”  qeydi yazıldı.

 Blokun Şaxmatova görə "ah-zar etmədiyini”, əksinə, inqilabı vəsf etdiyini yazanlar, bunun qısa müddət davam etməsini, həm də sosialist-inqilabçı partiyasının nəşrlərinin səhifələrində olduğunu dəqiqləşdirməyi unudurlar. Sağçı eserlərin həbsləri başlayanda onu da həbs etmiş və bir neçə gün ÇK-da saxlamışdılar. Şairin həyatı tükdən asılı idi.

Gecə onu dindirmiş, sağçı eserlərlə əlbir olduğundan şübhələndikləri üçün tezliklə azad etməmişdilər. Ümumi kamerada şairi o dəqiqə tanıdılar, istədiyi yatacağı güzəştə getdilər. O, ümumi qazandan çörək yeyirdi, yatmağa imkan verməyən taxtabitiləri öldürür, onun heç bir partiyaya üzv olmadığı halda həbs olunmasına heyrətlənən yoldaşları ilə söhbətlər edirdi.

Lakin dünyagörüşündəki dəyişiklik həbslə bağlı deyildi, bu, daha əvvəl, Blokun öz sözləri ilə desək, "müasir fikirlə yaşayış” dan uzaqlaşdığı zaman baş vermişdi.

Əmisi oğlu onun etirafını qələmə almışdı "Bu 1918-ci ilin baharına qədər baş vermişdi. Qızıl Ordu və sosialist quruculuğu başladıqda isə (o sanki sonuncu sözləri bilərəkdən dırnaqarasında yazmışdı)mən davam edə bilmədim. O vaxtdan da yazmıram.”

İnqilabi mühit bitdi və şair həyatın nəğməsini dinləməyə son qoydu. Bunun ardınca yenidən nümayişkaranə şəkildə–lakin artıq başqa kontekstdə–musiqi haqqında xatırlayaraq, Maksim Qorkiyə müraciət edirdi: "Təkcə musiqi müqəddəs dəlilikdən uzaqlaşaraq darıxdırıcı bayağılığa çevrilən qanı dondura bilər”.

İnqilabın mahnısını dinləməyi bitirdikdən sonra poetik, şeir yazmaq bacarıqlarını itirdi. Mövcudluğunu qorumaq üçün iclaslara gedir, məqalələr yazır, redaktələr edirdi...Onu uzun illərdi yaşadığı mənzildən qovdular. O, qaranlıq, soyuq, aclıq əzabları çəkdi. Şairi "qaramatlıq" izləməyə başladı, hətta gələcək şeirlər toplusunu da bu cür adlandırmaq istəyirdi. Lakin şeir ovqatı ona tərəf əvvəlki kimi gəlmirdi. "Bizi inama çağıran, "inqilabın nəğməsini dinləyin!” deyən insan hər kəsdən əvvəl bu inamı itirdi. Qəlbinin ritmi də beləcə dayandı...” – dostlardan biri yazırdı. Depressiya, psixoloji və fiziki gərginliklər başladı.

Yaxınları bir müddətlik mühacirət etməyi məsləhət gördülər. Vətəndən ayrı yaşamağı təsəvvür belə etməyən şair bu imkanı rədd etdi. 1920-ci ilin yazında Blok xarici ölkə əvəzinə Moskvaya getmək qərarına gəldi.

 

***

 

Aleksandr Blokun sovet Moskvasına ilk səfəri 1920-ci ilin mayında baş tutmuşdu. Qeyd dəftərində özünəməxsusluğuna sadiq qalaraq burada keçirdiyi bütün günləri və əsas hadisələri qeyd etmişdi. 9 mayda "Lubyansk meydanındakı texniki zalda” ədəbi gecə keçirildi. O, Bədii teatrda olmuş, Moskva incəsənət Sarayında çıxış etmişdi. Lubyankadakı texniki zalda "Mənim gecəm” adlı daha bir tədbir keçirilmiş, K.S.Stanislavski və V.İ.Nemiroviç-Dançenko (Vladimir İvanoviç Nemiroviç-Dançenko –1858-1943. Rus teatr rejissoru, pedaqoq, dramaturq və yazıçı. 1898-ci ildə K.S.Stanislavski ilə birlikdə Rus bədii teatrını yaratmışdır – X.N.)  ilə görüşlər baş tutmuşdu.

Həmin may günlərini sevincli günlər adlandırmaq olar. Xəstəlik gizlicə "yaxınlaşır", şair isə özünü nisbətən yaxşı hiss edirdi. Vağzalda onu professor Pyotr Semyonoviç Koqanın arvadı- keçmiş tanışı, son illər dostluq etdiyi Nadejda Aleksandrovna Nolle-Koqan qarşılayaraq evə gətirdi.

"Biz Arbatdakı 51 nömrəli evdə, kirayələdiyimiz kabinet, yemək otağı və yataq otağından ibarət üç otaqlı ayrıca mənzildə yaşayırdıq. Pyotr Semyonoviç dedi ki, kabineti ən rahat otaq kimi Bloka təqdim etmək lazımdı” – deyə N.A.Nolle-Koqan xatırlayırdı.

Üstdəki 89 nömrəli mənzil səs-küylü idi. Telefon zəngləri, əsasən də texniki muzeydəki çıxışdan sonra gözlənilən və gözlənilməyən qonaqların gəlişi başladı. İlk ictimai çıxış 9 mayda baş tutdu. Onun başlanğıcına qədər Moskva üzərində sakinləri qorxuya salan ildırımlar çaxdı.

Blok və Koqanlar konsertə piyada gəldilər. Arbatı, mərkəzi keçərək Lubyan meydanına, texniki muzeyə üz tutdular. Bütün biletlər satılıb qurtarmışdı. Muzeyin qarşısında insan izdihamı, basabas, hay-küy var idi. Bir çox adam əlində çiçəklərlə gəlmişdi. Pyotr Semyonoviç Koqanın Blokun yaradıcılığı haqqındakı çıxışından sonra Bədii teatrın artistləri şairin şeirlərini oxudular. Nəhayət ki, səhnəyə o, özü çıxdı.

Bütün baxışlar şairə tuşlanmışdı, o isə bir az soluxmuş, gözəl, boy-buxunlu görünüşü ilə, möhkəm dayanmışdı və mən onun əlinin həyəcandan necə titrəməsini görürdüm” –N.Z.Nolle-Koqan yazırdı. Gecədən sonra insan izdihamı onu ötürdü. Çiçəklərin sayı o qədər çox idi ki, onları evə dostları aparmalı oldu.

Çıxışdan sonra çoxlu məktub gəldi. Onların arasında biri

– Marina Svetayevanın məktubu şeirlə yazılmışdı. Pərəstişkarların hədiyyələri arasında Arlekin və Pyeronun kuklaları da var idi. Blok onlardan birini evə apardı, digərini isə Moskvada, Arbatda saxladı.

Ötən ilki uğuru təkrarlayaraq bununla şairin maddi vəziyyətini qaydaya salmaq, əhval-ruhiyyəsini düzəltmək üçün Nolle Koqanın Aleksandr Bloku məktublarda təkidlə dəvət etməsinə baxmayaraq şairin Moskvaya gəlmək qərarını qəbul etməsinə qədər bir il keçdi. Onu həm də "Qızılgül və xaç" pyesinin səhnələşdirilməsi ilə bağlı məsələlərə görə də çağırırdılar.

1921-ci ilin mayında Aleksandr Blok dostların əhatəsində yenidən, Koqanların qonaqpərvərliyindən istifadə edəcəyini nəzərə alaraq Moskvaya gəldi. Müasirlərdən biri yazırdı: "Ertəsi gün onunla görüşdüm. O, Arbatda, tanışlarıgildə, küçədəki ən hündür – səkkizmərtəbəli evdə qalırdı. Giriş həyətdən idi. Yadımdadır, qapı açıldı, o məni qarşılayaraq giriş qapısından sağda yerləşən kiçik otağa apardı".

Bu moskvalı ailədə Blok diqqət və qayğı ilə əhatələnmişdi. 1921-ci ildə professor Koqan həmin il yaranan Dövlət Bədii Elmlər Akademiyasının rəhbəri oldu. Rusiya və dünya ədəbiyyatı tarixi üzrə çox saylı nəşrlərlə çap olunan əsərlər onun qələminin məhsulu idi. Bu mədəniyyət ustası, hələ inqilaba qədər marksizm mövqeyinə keçmişdi və Rusiya ziyalı təbəqəsini sovet ittifaqı ilə tərəfdaşlığa cəlb etmək üçün səy göstərirdi. Vətəndaş müharibəsi illərində o Aleksandr Blokla bərabər, Marina Svetayeva və digər istedadlı Rusiya ədəbiyyatçılarını da aclıq nəticəsində tələf olmaqdan xilas etmişdi.

Bütün mövqeyindən istifadə edən professor və arvadı Blokun Moskvaya ilk gəlişindən bəri böyük şairi şəninə uyğun qəbul etmək üçün mümkün olan hər şey etmişdilər.

Bloku qarşılamaq üçün vağzala Mossovetin (Moskva şəhər soveti) icra komitəsi sədri L.B.Kamenevin bütün komfortlara cavab verən limuzini göndərilmişdi. Şair bu maşını gündəliyində "çar avtomobili" adlandırmışdı – "Onun radiatorunda ucalsın böyük qırmızı bayraq”.

Həmin may günlərindən birində Blok Pyotr Koqan və onun arvadı bərabər Kremlə, siyasi büronun üzvü, Mossovetin icra komitəsi sədri L.B.Kamenevin mənzilinə getdi. Orada dostların çevrəsində şeirlər oxudu.

Blok sağalmaq ümidi ilə Moskvaya yola düşdü. Həmin vaxtlar xəstəlik oxumağa və gəzməyə mane olurdu. Lakin "qəlbin ilk coşqunluğunu" hətta Moskva torpağı da geri döndərmək iqtidarında deyildi. Lakin o, var gücü ilə pyeslərinin səhnəyə qoyulmasının gedişatı haqqında teatrlarla danışıqları davam etdirirdi. Hər axşam Konstantin Stanislavski zəng edir, maddi köməyin müxtəlif variantlarını təklif edirdi. Stanislavski teatr administratorları ilə söhbətlərində onlara sübut etdi ki, Blok Puşkindir. Nəticədə sonuncu yayı birtəhər keçinməyə imkan yaradacaq müqavilə imzalandı.

Səhər günəş işıqlananda təkbaşına Arbatdan keçərək Smolensk bazarına yollanan Blok səs-küylü ticarət mərkəzi yanından keçərək "Sadovoye Koltso” küçəsində yerləşən "Novinski Bulvar”a çatdı. Heç kim tərəfindən tanınmadan üzü yaz günəşinə tərəf skamyada əyləşib mürgüləməyə başladı.

Axşam onu həmin illərin ən yüksək ədəbi tribunası olan texniki muzeydə gözləyirdilər. Günlər şairin gündəliyində "günü-gündən artan uğur" yazısına müvafiq keçirdi.

 Əvvəlki kimi çoxlu çiçəklər, yazılar, məktublar və çıxış üçün təəssüf ki, qəpik-quruş ödənildi. Bacarıqsız şəkildə təşkilatlanmışdı.

O zamanlar Texniki muzeydə Mayokovski və Pasternak onu dinləmişdi. Yeri gəlmişkən, sonuncu (Pasternak) Bloka çıxışdan əvvəl ilk dəfə təqdim olundu, onun ünvanına iltifat dolu sözlər deyildi.

"Axşamın düz ortasında Vladimir Mayakovski mənə dedi ki, nəşrlər evində şiddət və ixtilaf dolu tənqidi "benefis” (Benefis – artistin, mədəniyyət işçisinin xidmətini, məharətini, əhəmiyyətini qeyd etmək üçün onun şərəfinə verilən tamaşa – X.N.) hazırlanır. Ora gedərək bu biabırçılığın qarşısını almağı təklif etdi.

Biz tədbirdən çıxıb piyada yola düşdük, Bloku isə ikinci çıxış üçün maşında apardılar və biz nəşrlər evinin yerləşdiyi Nikita bulvarına çatana qədər tədbir bitmiş və Blok "İtalyan ədəbiyyatsevərlər evi”nə yollanmışdı. Ehtiyat etdiyimiz qalmaqal artıq baş tutmuşdu. Nəşrlər evindəki çıxışdan sonra Bloka dəhşətli sözlər deyilmişdi. Onun üzünə qarşı utanmadan daxilən öldüyü söylənmiş, o isə sakitcə bununla razılaşmışdı”.

Qiraət gecəsində iştirak edənlər Blokun onsuz da xəstə qəlbini yaralayan bu epizodu müxtəlif cür təsvir edir. Korney Çukovski deyirdi: "Bloku təkidlə nəşrlər evinə dəvət etdilər, o bura gələrək bir neçə şeir oxudu. Bu zaman hansısa qara geyimli şəxs peyda oldu. Struve (Mixail Struve 1890-1949–Rus yazıçısı, şair, tənqidçi – X.N.) isə dedi: "Yoldaşlar! Burda dinamika haradadır? Ritm haradadır? Bütün bunlar da, elə yoldaş Blok özü də ölüdür!””

 Onun yaradıcılığı haqqında şübhəli fikirlər səsləndirən Aleksandr Blokdan qisas almaq qərarına gələn, çoxdan unudulan şair Struve deyirdi: "Məni həmin tədbirə çağıranda ilk növbədə soruşdum – necə Blok? Hansı Blok? "Yad qadın”ın müəllifi? Məgər o ölməyib? Bax indi mən qəti əmin oldum ki, o həqiqətən ölüb”. (Pavel Antokolskinin xatirələrindən)

Professor İ.N.Rozanov deyirdi: "xoreoqrafiyanın tərənnüm olunduğu "Plastik etüdlər” şeirlər kitabının müəllifi Aleksandr Struve (1874 təxm. – 1939, rus şairi – X.N.) qəfildən səhnədə peyda oldu və Blokun vəfat etdiyini xəbər verdi...”.

Nə qədər kədərli olsa da etiraf etmək lazımdır ki, Struve Bloka qarşı bu cür münasibətdə olan tək adam deyildi. Buna bənzər hissləri Vladimir Mayakovski də yaşayırdı. Korney Çukovskinin (1882-1969. Rus şairi, tərcüməci, tənqidçi – X.N.) sözlərinə görə: "Bizim bütün fəaliyyətimiz ona darıxdırıcı və ölümə bərabər görünürdü. O əsnədi, şeirlərini tələsik oxudu və evə getdi”. Mayakovski özü də  hisslərini gizlətmirdi və Blokun ölümündən sonra yazdığı "Aleksandr Blok öldü” məqaləsində deyirdi: "Mən onu bu ilin mayında Moskvada dinləmişdim. O, susqun məzarlıq kimi zalda,  sakitcə və kədərlə qaraçı nəğmələri, sevgi, gözəl qadın haqqındakı köhnə misraları oxuyurdu. Bundan o tərəfə yol yox idi. İrəlidə ölüm başlayırdı”.

Hərçənd ki Blok əhvalından narazı və həqiqətən də, ağır xəstə idi, buna baxmayaraq texniki muzeydə iki hissəli darıxdırıcı çıxışdan və Nəşrlər evindəki xain qiraətdən sonra    Povarskayada yerləşən (Arbat rayonunda küçə – X.N.) italyan cəmiyyəti zalında istiqanlı pərəstişkarlar üçün şeir oxumağa özündə güc tapa bildi.

Son gəlişində Blok həmişəki kimi teatrlara, iclaslara getmədi. "Nəticədə mənim beynimdə bir sıra fikirlər meydana gəldi. Bundan sonra hətta yazmağa belə cəhd göstərəcəyəm” deyə bildirdi. Dostlar Blok üçün mümkün olan hər şeyi etdilər. Kremlyovski xəstəxanasından məsləhət üçün təcrübəli həkim dəvət etdilər.

Bu haqda anasına yazırdı: "Mənim Kremldə çalışan həkimim deyir ki, məsələ təkcə podaqrada deyil. Məsələ bundadır ki, günlərdir eyni tərkibli yeməyi yediyim üçün güclü yorğunluq və qanazlığı, dərin kədər, ayaqlarımda sinqa xəstəliyi səbəbindən şişlər və damar genişlənməsi baş verib... Mən sağalmağa çalışacağam”.

Blok yuxusuzluqdan əziyyət çəkirdi. Qonaqpərvər ev sahibəsi qonağın yenidən yaradıcılığa başlayacağına gizlicə ümid edərək və bu təqdirdə kağız lazım olacağını düşünərək  yazı stoluna ağ kağız qoymuşdu.

O, yaza bilmək üçün nə qədər əzab çəksə də heç nə alınmırdı. Kağız üzərində hərf əvəzinə xaç və xəttlər çəkirdi. Moskvada dan yerinin sökülməsinə tamaşa etdiyi pəncərənin qarşısındakı yazı stolunun arxasında əyləşən Blok öskürür, inildəyir, həyəcanla otaqda gəzişirdi. Bu səslərdən qorxuya düşən sahibə bir dəfə otağa daxil olub şairin gələcəkdə heç zaman xatirindən silinməyəcək gözlərini gördü. "Gözlərində bədbəxtlik, yorğunluq vardı" – qadın yazırdı. Elə həmin zaman Blok etiraf etdi: "Yəqin ki, bundan sonra heç zaman şeir yazmayacağam".

 N.A.Nolle-Koqan (1888-1966, tərcüməçi – X.N.) Bloka əzablı düşüncələrdən uzaqlaşmaq üçün axşam çağı Moskvada gəzinti təklifi etdi. Arbatın sakit, insan görünməyən döngələrindən tanış yollarla Moskva çayının sahilinə – "Xilaskar Məsih" ehramının ucaldığı yerə üz tutdular, həmin meydandan çaya və Moskvaya mənzərə açılırdı.

Səmada ulduzlar sönürdü.  Çiçəklənmiş bağlar şehə bürünmüşdü. Nadejda Aleksandrovna Fetin (Afanasi Fet –1820-1892. Alman əsilli rus şairi, tərcüməçi -X.N.)  şeirlərini oxuyur, amma həyəcandan unutduğu üçün şeiri yarımçıq saxlayır, özünə gələn Blok isə şeirlərin oxunuşunu davam etdirirdi. A.Blok bütün şeirləri xatırlayırdı.

Moskvadakı son çıxış 9 may 1921-ci ildə yazıçılar klubunun o zaman yerləşdiyi Tver bulvarı 25-də baş tutdu. Bu çıxışın şahidi şair, jurnalist və yazıçı, fenomenal fiziki gücə malik Vladimir Gilyarovski (1855-1935 – X.N.) olmuşdur. 68 yaşında da onu tərk etməyən məhz həmin gücü sayəsində Vladimir Gilyarovski izdihamı yararaq (bu zaman pencəyinin düymələrini itirmişdi) insanların hətta estradada yerləşdiyi dolu zala gəlib çıxmışdı. Blok xeyli şeir oxudu, onların ortasında Ofeliya haqqında şeirlər silsiləsi də var idi. Həmin anlarda o, Hamletə bənzəyirdi. Onu hərarətlə dinləyir, alqışlayırdılar. O isə əlini qaldıraraq bu fırtınanı sakitləşdirməyə çalışırdı. V.Gilyarovski yazırdı: "Müxtəlif, tamamilə fərqli şeirlər oxuyurdu. Görəsən, Moskva qarşısında son dəfə danışdığını hiss edirdimi?"

Əlbəttə ki bunu heç kim bilmirdi. Blokun gələcək üçün planları var idi, onlar haqqında onu həmin gün professor P.S.Koqanın tanış etdiyi Gilyarovskiyə danışmışdı. Blokun diqqətsizliyindən həmin illər Moskvada baş verən çox şey gözündən qaçmışdı. O həm də onu görürdü ki, şəhər mərkəzinin  əvvəlki sakinləri yerlərindən çıxarılmış, küçələr tökülmüş, əhalinin sayı artmışdı. Şəhər çiçəklənirdi. İldırımlar çaxır, günəş parlayırdı.

Moskva Blokun yaddaşında həmin səfər haqqındakı təəssüratlarına əsasən belə qalmışdı. Doğma kəndinin yaxınlıqda yerləşməsinə baxmayaraq, ora nə 1920-ci, nə 1921-ci ildə getmədi. Gecələr isə kəndi yuxuda görürdü. Vətəndaş müharibəsi yaşamış Şaxmatovo kəndinin taleyi Qudin və Şeplyakov kəndlilərinə başçılıq edən "İcra komitəsi sədri Mazurin" səviyyəsində həll olunurdu. Qudunlilər Bloku gözəl tanıyır, hörmət edir və malikanəyə toxunulmamasını təkid edirdilər. Şeplyakovlular isə onu satmağı tələb edir, Mazurin də onlara dayaq olurdu.

V.Mayakovskinin 1917-ci ildə yazdığı "Olsun" poemasında  Şaxmatovonun sahibinin poemanın müəllifinə dediyi sözləri bloksevərlər uydurma kimi qəbul edirlər: 

 

Xəbər gəldi ki

kənddən...

yandırmışlar...

Mənim

malikanədəki kitabxanamı.

 


Malikanənin, hamamın, yardımçı binanın, anbar və s. əşyaları hərracda satılaraq kənar kəndlərə daşındı, o cümlədən bütün avadanlığı, mebeli də satdılar. Bircə ikonalardan başqa... Ardınca kitabxananı arabalara yüklədilər və kooperativlər, istirahət evləri, məktəblər arasında bölüşdürdülər...

Malikanədə ələ keçən hər şeyi götürdülər. 1921-ci ildə "gözləri yormaması və qəlblərə toxunmaması üçün” evi yandırdılar. Bu, Blokun Moskvadan geri döndüyü həmin günlərdə baş vermişdi...

Pərəstişkarları ilə, Moskva ilə görüşlərin sevindirici olmasına baxmayaraq, Blok başqa istəklərlə yaşayırdı, o istəklər ki, nə paytaxtdakı dostları, nə "Kremldən olan həkim qadın" buna əlac edə bilməzdi. Əlində qələm saxlaya bildiyi vaxtlarda kədər içərisində öz vəziyyətini və xəstəliyini belə təsvir edirdi: "İndi mənim nə ruhum, nə də bədənim var, mən heç vaxt olmadığı kimi xəstəyəm, qızdırmam düşmür və hər yerim aramsız ağlayır”.

Fiziki və mənəvi gücü günbəgün tükənirdi. Lakin heç kim onu hər hansı kömək məqsədilə əlaqədar instansiyalara (tibbi, maddi və başqa) müraciət etmək üçün razı sala bilmirdi.

Maksim Qorki və A.V.Lunaçarski (Anatoli Lunaçarski – 1875-1933, rus yazıçısı, publisist – X.N.) ona kömək etməyə çalışdılar. Sonuncu yazırdı: "RKP-nin MK-nə, nüsxəsi yoldaş Leninə.

 Bütün dörd il ərzində loyal olaraq Sovet hakimiyyətinin  tərəfində olan və Oktyabr inqilabına açıq-aşkar rəğbət bəsləyən sərhəddən kənarlarda tanınan dəyərli əsərlər yazan şair Aleksandr Blok hal-hazırda ağır xəstədir... Həkimin və dostlarının gəldiyi nəticəyə əsasən onun sağalması üçün yeganə yol Finlandiyaya bir müddətlik məzuniyyətə göndərilməsidir. Şəxsən mən və yoldaş Qorki bu haqda xahiş edirik..."

12 iyulda Kremldə maarifçi xalq komitəsi və yazıçı tərəfindən qaldırılan məsələyə siyasi büroda baxıldı: "Dinlənildi: Yoldaş Lunaçarski və Qorki tərəfindən A.Blokun Finlandiyaya məzuniyyətlə bağlı xahişi. Qərar verildi: Blokun yaradıcı vəziyyətinin yaxşılaşmasının qeydinə qalmaq Narkomproda (Xalq ərzaq Komissarlığına) həvalə edildi".

Gördüyümüz kimi şairin səfər etməsinə icazə verilmədi. Onun vəziyyəti hər gün bir az da pisləşirdi. Şəraitinin düzəlməsi üçün edilən cəhdlər ara vermirdi. On gün sonra Kremldə siyasi büronun iclasında A.Blokun səfər məsələsinə yenidən baxıldı. Bu dəfə qərar qəbul edildi: "A.A.Blokun xaricə səfərinə icazə verilsin..."

Sanki hər şey yaxşı idi – yola düşmək olardı. Lakin bürokratlara məxsus maşın Moskvadan Peterburqa gələrkən yolda dayandı. "Məlum oldu ki, hansısa Moskva şöbəsi anketləri itirib" – həmin məşum gündə – 7 avqustda Moskva vağzalına yollanaraq pasport və vizanı qeydiyyata salmaq məqsədi ilə paytaxta getmək üçün bilet əldə etməyə çalışan yazıçı E.Knipoviç (Yevgeniya Knipoviç – 1898-1988, rus ədəbiyyatçısı, tənqidçi – X.N.) A.A.Blok haqqındakı xatirələrində yazır.

Ertəsi gün Arbatdakı evə gələn professor Koqan aldığı xəbərdən sarsılmışdı. Gənc şair Şerşeneviç (Vadim Şerşenoviç – rus şairi, tərcüməçi – 1893-1942 – X.N.) çap olunmayan "Möhtəşəm şahid" adlı memuarlarda yazdığı, həmişəlik xatirində qalan kədərli səhnənin təsadüfi şahidi olmuşdur. "Arbatı xatırlayıram. Ədəbiyyatçı P.S.Koqan qaçır. Ağsaçlı kişi onu saxlayaraq iki kəlmə deyir:

– Blok öldü!

Duruxmuş Koqan sanki yarı bölündü. Sənədləri daşıdığı çanta əlindən düşdü və professor qarşısındakı adamın qolları arasına çökdü, sanki kartlardan düzələn evcik dağıldı və o uşaq kimi ağlamağa başladı..."

Arbatdakı bu səkkiz mərtəbəli böyük ev haqqında – Aleksandr Puşkinin Bolşoy Voznesenski kilsəsindəki nikahdan sonra gənc arvadını gətirdiyi, Xitrovun keçmiş imarətinin  yaxınlığında yerləşən evdə Aleksandr Blokun Lyubov Dmitriyevna ilə (hər şey necə də oxşardı...) iki həftə yaşadığı həmin ağ üzlük daşı ilə üzlənən ev haqqında Marina Svetayeva deyirdi: "Həmişə küləkli, hava burulğanı ilə əhatəli məkanlar var – biri Blokun dostu Koqanın qonağı olduğu evdir. İzlər silinsə də, külək qalır".

Bu gün Arbatın piyada keçidlərində Puşkin və Blokun yaşadığı küçəni bürüyən külək fənərlərin monumental şarlarını yellətməyə çalışaraq sərbəst gəzişir...

Bu küçədə Blok XX əsrin ilk Rusiya şairi elan edilmişdi.

 

Rus dilindən tərcümə edən: Xatirə Nurgül