Biz imzaları yox, əsərləri dərc edirik...

Şairin təyinatı “nağıl” yaratmaqdır – “Sevdiyim əsər” layihəsi – Məti Osmanoğlu
3221
18 Dekabr 2018, 09:32
 "Sevdiyim əsər” layihəsində yazarların, elm, sənət adamlarının ən çox sevdikləri əsər haqqında söhbət edirik. Budəfəki həmsöhbətimiz ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğludur. Məti müəllimin sevdiyi əsər Nazim Hikmətin "Masalların masalı” – "Nağılların nağılı” şeiridir.
 
 
 
 
 

 
 –  Nazim Hikmətin "Nağılların nağılı” şeiri hansı məziyyətlərinə və bədii keyfiyyətlərinə görə sizin sevdiyiniz əsərdir?
 –  Şeirin "məzmun” adlandırdığımız daxili enerjisi ilə həmin enerjinin oxucuya ötürülməsi arasındakı bütövlüyə, harmoniyaya görə. Bu şeirlə yeniyetməlikdən tanışam – ilk dəfə Azərbaycan radiosundan şairin öz səsindən dinləmişəm və şeir yaddaşıma şairin öz səsi ilə həkk olunub. Yaş, həyat təcrübəsi dəyişdikcə şeirin fəlsəfi tutumunun dərk edilməsi, qavranılması da dəyişir. Dəyişməyən isə bütövlükdür: sözlə sözün daşıdığı yükün, mənanın bütövlüyü... 

 –  Şeirdə bu qədər az söz işlənməsini – su, pişik, mən, sən, şəfəq, çinar, sürət, şeir, ömür və s. – nə ilə əlaqələndirirsiniz, məzmun ilə, yoxsa forma ilə?
 –  Bu şeirdə məzmunu formadan ayırmaq mümkün deyil və seçilən forma məhz bu şeir üçündür. Şeirdə təsvir və təqdim edilən obrazlar da, necə deyərlər, yalnız bu mətn üçün eksklüziv səciyyə daşıyır. Burada sözlər sanki kino estetikasının tələbləri ilə idarə olunur... 
   Nazim Hikmətin ilk kitabı – "Günəşi içənlərin türküsü” 1927-ci ildə Bakıda nəşr olunandan az sonra tənqidçi Əli Nazimin kitab haqqında geniş resenziyası çap olunub. Orada irəli sürülən maraqlı fikirlərdən biri də budur ki, Nazim Hikmətin şeirlərində kino estetikasının təzahürlərini görmək mümkündür. Ə.Nazim N.Hikmətin şeirlərindən biri ilə məşhur kinorejissor Eyzenşteynin kino üslubu arasında paralel aparmağa çalışmışdı. Bu, dəqiq müşahidə idi və həmin keyfiyyət Nazimin sonrakı yaradıcılığında da özünü qabarıq göstərir. Məsələn, Rusiyanın görkəmli rejissoru Yuri Norşteynə böyük şöhrət gətirmiş "Skazka skazok” filminin adı birbaşa Nazim Hikmətin şeirinin adının təkrarıdır. Modern kino, rəsm və söz sənətlərinin estetik imkanlarının folklorla sintez edildiyi həmin animasiya filmi dünya kino sənətinin şedevrlərindən sayılır. Xəyalla gerçəkliyin, yuxu ilə həqiqətin, nağılla həyatın, keçmişlə gələcəyin, uşaq təsəvvürləri ilə tarixin iç-içə yer aldığı filmin quruluşunda Rembrantın, Pikassonun rəsm texnikası, Tarkovskinin kino üslubu ilə səsləşmələr olduğu kimi, Nazim Hikmətin şeir sənətkarlığı ilə də paralellər var... 
 Bunun əsas səbəbinin "Nağılların nağılı” şeirinin quruluşu ilə əlaqədar olduğunu söyləyə bilərik. Şair bizə çatdırmaq istədiyi "nağıllar nağılını” sadəcə söz və sözün imkanları, kombinasiyaları ilə deyil, sözün yaratdığı görüntülər vasitəsilə təqdim edir və görüntüləri sanki kameranın gözündən göstərir. Birinci kadrda su kənarında dayanmış iki fiqur görürük: çinar və insan. Çinarın və insanın şəkli suda görünür. Suyun üzündə əks olunan şəfəq çinara və insana düşür. Sonra "kamera” iri plandan orta plana keçir, ikinci kadrda üç fiqur görünür: çinar, insan və pişik. Növbəti kadrda kamera öz "gözünü” daha geniş açır, orta plandan ümumi plana keçid olunur: çinar, insan, pişik və günəş. Beləliklə, ilk kadrdan diqqətimizdə olan suyun üzərindəki şəfəqin mənbəyi də əyaniləşir və kadra gətirilir. Suyun üzünə düşən şəfəqi və şəfəqin gəldiyi ünvanı bütöv bir tablo içində görürük... Növbəti kadr əyani görünən tablonun çərçivəsindən kənara çıxır, artıq onu kameranın gözü ilə göstərmək mümkün deyil. Gözlə görünməsi mümkün olmayan obraz təqdim edilir: insan ömrü. Bu şeir məhz insan ömrü haqqında nağıldır... 

 –  Niyə, sizcə, müəllif mətnin əsas başlığını nağılla əlaqələndirib?
 –  Şeirin yaratdığı duyğu budur ki, ölümə məhkum olan insanın yaşaması, ətrafındakı gözəllikləri görməsi, onlardan zövq alması nağılların nağılıdır. Yəni bundan mənalı, bundan maraqlı nağıl ola bilməz. Ümumiyyətlə, Nazim Hikmətin yaradıcılığında həyat və ölüm motivləri xüsusi yer tutur. Onun "Yaşamak güzel şey, be kardeşim” adlı romanı, "Yaşamaya dair” şeirlər silsiləsi var: 
 Yani, öylesine ciddiye alacaksın ki yaşamayı, yetmişinde bile, mesela, zeytin dikeceksin,  hem de öyle çocuklara falan kalır diye değil,  ölmekten korktuğun halde ölüme inanmadığın için,  yaşamak yanı ağır bastığından.  Nazim Hikmətin yaradıcılığında yaşamaq "ağır basır”. Hətta sevginin ölçü vahidinin də yaşamaq olduğunu görürük: Seviyorum seni Yaşıyoruz çok şükür der gibi...   "Nağılların nağılı”na da həyat və ölüm haqqında düşüncələr silsiləsinin içində baxmaq lazım gəlir. Burada maraqlı cəhət budur ki, şair məzmunca insan təfəkkürünün uydurması olan nağıla hər kəsin içində yaşadığı reallığı alternativ kimi qarşı qoyduğu halda, göz önündə olan gerçəkliyi yeni bir nağıl kimi təqdim edir. Həm də sadəcə nağıl kimi deyil, nağılların nağılı kimi...
 
 
 
 
 

 
 –  Dörd ünsürün ikisi – su və günəş – bu şeirdə əsas obrazlardandır, bu məqam hansı mənanı əks etdirir?
 –  Mənə elə gəlir ki, bu şeirin poetik yükünü yaranışın ünsürləri haqqında ilkin təsəvvürlərdən daha çox, ölümə inanan, ölmək qorxusu ilə yaşayan və bu qorxunu yenmək istəyən insanın duyğuları, ölümə qarşı psixoloji müqaviməti təşkil edir. Axtarsaq, burada hava ünsürünü də təsəvvür və ya hiss edə bilərik. "Günəş sıcaq” – havanın isti olması kimi də təsəvvür oluna bilər. Nazim Hikmətin istinad etmədiyi, ehtiyatla yanaşdığı isə torpaq ünsürüdür. Yaddaşın dərinliklərindən gələn torpaq arxetipi başlanğıc olduğu kimi, həm də sondur, ölümdür: torpaqdan yaranan torpağa qayıdır... Nazim Hikmətin qəhrəmanı isə, yaşadığına, günəşin suyun üzündə cilvələnən şəfəqlərini seyr etdiyinə görə şükür oxuyur... 

 –  Şeirdəki fanilik duyğusu aydın görünür, hər şeyin gəldi-gedərliyi hər bölmədə nəzərə çarpır, bu məqamı nə ilə izah edərdiniz?
 – Nazimin yaradıcılığında həyat eşqi, yaşamaq, dünyaya bağlılıq motivi ölümün və ölüm qorxusunun alternativi kimi təzahür edir. Ölüm onsuz da gələcək, insan ölümə məhkumdur. Bu hökmü qəbul edən Nazim Hikmət insanın öləcəyini bilə-bilə yaşamasını qeyri-adi güc, qəhrəmanlıq hesab edirdi. 1956-cı ildə yazdığı "Qarlı qayın ormanında” şeirində oxuyuruq:
 
 Yedi tepeli şehrimde 
 bıraktım gonca gülümü. 
 Ne ölümden korkmak ayıp, 
 ne de düşünmek ölümü.
 En acayip gücümüzdür, 
 kahramanlıktır yaşamak: 
 Öleceğimizi bilip 
 öleceğimizi mutlak.
 
 Borxesin "Ölümsüzlük" adlı maraqlı bir essesi var. Orada əbədiyyət içindəki an haqqında fikirlərini bölüşür: "İstəklərlə doluyuq. Onlardan biri əbədi yaşamaq, mövcud olmaq; digəri isə ölümdür. Bundan başqa, qorxu və onun astar üzü – ümid də var... 
 Nazim Hikmət isə ölümsüzlükdən deyil, ölümdən qorxurdu. Bunu da nəzərə almaq lazımdır ki, Nazim Hikmət həmin şeirləri yazanda hələ "ölüm yaşı”nda deyildi... 

 –  Şeirin yeddi yerə bölünməsi, sizcə, təsadüfüdürmü?
 –   Şairin əvvəlcədən düşünüb, yeddi bənddən ibarət şeir planlaşdıra biləcəyi mənə inandırıcı gəlmir. Şeirin yeddi bənddən ibarət olması düşüncənin təbiəti, genetikası ilə bağlı ola bilər. Onu da deyək ki, klassik divan ədəbiyyatı kanonlarına görə qəzəl üçün məcburi tələblərdən biri mətnin 5–11 beytdən ibarət olmasıdır. Şairlər daha çox 7 beytə üstünlük verirdilər. "Nağılların nağılı” kanonları sındıran, belə demək mümkündürsə, "antikanon” əsərdir. Burada ölçülər sərbəstdir. Ancaq görünür, insan nə qədər sərbəst olur-olsun, onun üçün ölüm qaçılmaz olduğu kimi, şeir də təfəkkürün hökmündən çıxa bilmir... 

 –  Poetik əsərdəki su və günəş simvolundan belə başa düşülür ki, həyatı var edən sudur, məhv edən isə günəşin yoxluğu. Bu qənaətlə nə dərəcədə razısınız? 
 –  Düzü, mən bu şeirin fəlsəfəsini suyun, günəşin (eləcə də ağacın, pişiyin) daşıdığı simvolik mənalarda deyil, həmin obrazların yaratdığı görüntülərdə və bu görüntülərin mətndə yaratdığı, mətndən oxucuya ötürdüyü assosiasiyalarda görürəm. Məsələn, suyu aydınlığın, pişiyi nəhs əlamətin daşıyıcısı kimi yozsaq, mətn oxucu ilə tamamilə başqa "dildə” danışacaq və öz fəlsəfəsindən uzaqlaşacaq. Mənə elə gəlir ki, bu şeirin gücü sözün altında görünməyənləri üzə çıxarmasında deyil, sözün yaratdığı görüntülərdən yeni və zahirən görünməyən mənalar yaratmasındadır... 

 –  Bu şeirdə Mənin Bizə çevrilməsi prosesi var. Obrazlar çoxaldıqca həmin keçid təbii şəkildə reallaşır. Bu barədə nə deyərdiniz? 
 –  Bu, son dərəcə maraqlı müşahidədir. Bəzən bədii mətnin strukturu, süjeti və təhkiyəsi oxucu–mətn dialoqunun daha gizli və sirli məqamlarını üzə çıxardır. "Nağılların nağılı” gözlə görünə, kamera ilə çəkilə bilən, hər kəsin yaşaya və ya müşahidə edə biləcəyi lövhələr ilə başlayır. Suyun kənarında çinar ağacı, insan, pişik dayanıb, uzaqdan günəş boylanır). Su kənarında dayanan silsilənin sonuncu fiqurunu – ömrümüzü isə gözlə görmürük. Ömür maddi anlayış deyil. Özü də burada söhbət bir adamın ömrümdən deyil, "ömrümüz”dən gedir. Bu, həm şeirdəki obrazların ömrüdür, həm də nağılı dinləyənin – oxucunun... Beləliklə, oxucunun mətndə iştirakı təmin edilmiş olur və oxucu şeirdəki Məni həm də özü kimi qavrayır. Mən – mətndəki məllif obrazı – oxucu ilə tam eyniləşmir, ancaq oxucu ilə onun düşüncələri bütövləşir. 
 Onu da deyim ki, bədii mətn-oxucu münasibətlərinin narratoloji təhlilinə görə mətnin ünvanlandığı Oxucu surəti ilə əsərin real və ya fiziki oxucusuna fərqli anlayışlar kimi baxmaq lazım gəlir. Mənin – müəllif obrazının müsahib olduğu oxucu mətndən kənarda yaradılan obraz kimi başa düşülməlidir... 

 – Su əlçatan, günəş isə əlçatmazdır. Amma hər ikisi diriliyi var edəndir. Sanki uzaqdakı ilə yaxındakının təbiətdə fərqi olmadığı göstərilir. Şeirdəki təbiət təsvirlərinin mahiyyəti barədə fikirlərinizi eşitmək maraqlı olar.
 – Su kənarında üç fani varlıq görürük: çinar ağacı, insan və pişik. Əvvəlcə bunlar gedəcək və sudakı şəkilləri yox olacaq. Su və günəş isə bunlara baxanda əbədidir. Ancaq onların da nə vaxtsa sonu çatacaq. Əvvəl suyun, sonra da günəşin... Pişik üçün, insan üçün, ağac üçün, nəhayət, su və günəş üçün zaman vahidləri – yaşamaq müddəti – nisbidir. Ancaq əbədiyyət deyilən bir ölçü ilə müqayisədə bunların hamısı suda bir neçə anlığa əks olunan şəklin ömrü qədərdir. Bu fanilərin bir arada olduğu həmin şəkil isə təbiətin ən gözəl mənzərəsi kimi qavranılır və şeir bu mənzərənin içində olmağın xoşbəxtliyini əks etdirir. 

 –   Bu şeiri "teatral şeir” adlandırırlar. O məntiqlə bu şeirin aktyoru şairdir. Şeiri niyə görə "teatral şeir” adlandırırlar, bu fikrin əsasında, sizcə, nə dayanır?
 –   Müasir filoloji terminologiyada "mimesis” – təqlid anlayışı yenidən fəallaşıb və bir qədər yeni məna daşıyır. Bədii əsərlərdə müəllif-mətn-oxucu münasibətlərini təhkiyə kontekstində öyrənən narratologiya nəzəriyyəsi mimesis deyəndə səhnə və kino dramaturgiyası kimi hadisələrin təqlidini yaradan janrları təhkiyəli janrlardan fərqləndirir. Nazim Hikmətin bu şeirinin quruluşunda da müəyyən mənada kino sənətinin elementlərini görməmək mümkün deyil və bu barədə artıq danışmışıq. Şeirin teatrallığına gəldikdə isə, belə bir mülahizənin irəli sürülməsi, ola bilər ki, şeirin auditoriya tərəfindən qəbul edilməsi ilə bağlıdır. Adətən, deklomasiya xarakterli pafoslu şeirlər səhnədən səsləndiriləndə auditoriyanın daha böyük rəğbəti ilə qarşılanır. Dərin fəlsəfi məna daşıyan, söz və fikir oyunlarının üzərində qurulan "sakit” şeiri isə çox vaxt auditoriya da sakit qarşılayır. Bu baxımdan, "Nağlların nağılı” auditoriyanı dərhal özünə cəlb edən, öz fəlsəfəsinə ortaq edən nadir əsərlərdəndir. 
 
 
 
 
 
 

 –  Şeirin sonunda belə bəlli olur ki, hər şey yox olub gedəcək – günəş də, pişik də, qəhrəman da. Bu məqam qiyamət əlaməti, heçlik nişanəsi ilə bağlı deyilmi?
 –  İstər idealistlər, istərsə də materialistlər yaşadığımız aləmin nə vaxtsa sonunun çatacağını iddia edirlər. Şeir də bu həqiqəti təsdiqləyir. Ancaq Nazim Hikmət qiyamətin gələcəyi barədə xəbərdarlıq etmir, həyatı və bu dünyada yaşamaq fürsətini alqışlayır. Bu fürsəti verənə şükür oxuyur...

 –  Nağılların sonu çox vaxt nikbinliklə bitir. Bu şeirdə o mənada nikbinlik duyulurmu?
 – Məncə, "Nağılların nağılı” da nikbin sonluqla bitir: "Çox şükür, yaşayırıq” qənaəti ilə. Şeirin mətnində yaşamaq özü xoşbəxtlik kimi qavranılır. 

 – Obrazların "doğulması” ilə birgə " Nağılların nağılı” başlayır və onların "yox olması” ilə də bitir. Sizcə, Nazim Hikmət burada "ilk əvvəl söz var idi” məntiqi ilə çıxış edərək kəlamın insan hekayələri "yaşadıqca” var olacağınamı işarə etmirmi? 
 – Poststrukturalist nəzəriyyəyə əsasən, əsərin yaradıcısı müəllif, mətnin yaradıcısı isə oxucudur. Əgər mətn sizdə belə bir təsəvvür yaradırsa, deməli, bu, mətnin enerjisindən gəlir. Enerji də nə yoxdan yaranır, nə də itir... Şairin təyinatı isə varlıq və yoxluq haqqında "nağıl” yaratmaqdır. 

 –  Şeir başdan-başa uşaq saflığı simvolizə edir, ta ki "çox şükür yaşayırıq” misrasına qədər. Niyə şair birdən-birə uşaq qayğısızlığından böyüklərin dünyasına, nigaranlığa keçid edir?
 –  Bu suala müxtəlif cavablar vermək mümkündür. Məncə, ən maraqlı cavabı V.Norşteynin "Skazka skazok” filmində tapa bilərik. İnsan hansı yaşa çatmasından asılı olmayaraq öz içindəki uşağı yaşadır. Arxetiplər yaddaş vasitəsilə bəşəriyyətin uşaqlığından, mif yaddaşından gəldiyi kimi, bəzi poetik obrazlar da insanın içində daşıdığı uşaqdan gəlir. Bu, təkcə "Nağılların nağılı”na aid məsələ deyil. Bədii sözün təbiəti ilə bağlıdır. Bəzən mənə elə gəlir ki, şeir sadə görünən uşaq suallarına cavab axtarılmasıdır. Harada nağıl varsa, orada uşaq var. Ancaq bu da bir həqiqətdir ki, nağılı böyüklər danışır... 

 –  Şeir boyu pişiyin, çinarın, günəşin suda əksini görə bilirik. Bircə şair ömründən başqa. Nazim Hikmət yaradıcılığına və həyatına bələd biri kimi, sizcə, şair ömrünün sudakı surəti necə idi?
 –  Nazim Hikmət ikinci dəfə Sovet İttifaqına Stalinin sağlığında – 1952-ci ildə sürgün kimi qayıtmışdı və varlığı ilə sevdiyi, saçlarının ağında, ürəyinin infarktında, alnının qırışlarında gəzdirdiyi Türkiyədə "vətən xaini” elan edilmişdi. Onda hələ stalinist Sovet ideologiyası, illüziya olsa belə, yaşayırdı. 1953-cü ildə Stalin öldü, tədricən ideoloji iqlim dəyişdi. Bir qədər sonra isə bəzi həqiqətlərin üstündəki tünd pərdələr qaldırıldı... Elə o vaxtdan da Nazim Hikmətin yaradıcılıq ruhunda kəskin dəyişikliklər müşahidə olunmağa başladı. Heç şübhəsiz ki, Nazim Hikmət tragik bir illüziyaya qapıldığını, öz xəyalının suya düşdüyünü dərk etmişdi. Nazimin son şeirlərinin əksəriyyəti, o cümlədən də 1956-cı ildə qələmə aldığı "Nağılların nağılı” bu illüziyanı dərk və etiraf edən şairin faciəsini, bir yandan da şairi öz daxilindən izləməyə başlamış ölüm duyğusunu sözün alt qatında daşıyır. "Ayrılıqların hər çeşidini” tanıyan, "həsrətlərin adını əzbər sayan” Nazim o faciənin içindən çıxış yolu axtarırdı. 
 
 
 Söhbətləşdi:Fərid Hüseyn