Biz imzaları yox, əsərləri dərc edirik...

Şairin içdiyi gözündən gələr... – Könül Arifin yeni şeirləri
1776
17 May 2017, 14:57

  artkaspi.az gənc şairə Könül Arifin yeni şeirlərini təqdim edir:

  


SUDA SEVGİLİ KÖLGƏSİ

 


Mən bilirəm niyə susurdu quşlar,

Mən bilirəm qürubun sonrasını.

Ötməliydi gələn dolu göy qatar

Üstündəki buludun qarasını.


Mən bilirəm kor quyunun səmtini,

Mən bilirəm hardan dinir sətirlər.

Boşaldıqca şəffaf şüşənin dibi

Şairin içdiyi gözündən gələr...


Mən bilirəm sudur qəmin beşiyi,

Mən bilirəm niyə susur balıqlar...

Qonur, yaşıl, mavi, qara - nə fərqi?

Şair qövmü eyni gözdən ağlayar.


Mən bilirəm üzümlüyün sirrini

Cin kimi şüşədə qaldığı qədər.

İçsən suda sevgili kölgəsini

Ən qədim qırmızı şəraba dəyər.


Mən bilirəm niyə susurdu quşlar,

Mən bilirəm qürubun sonrasını.

Yarmalıydı gələn dolu göy qatar

Bu çökən buludun ən qarasını.

 

 

 

 

"İTİRİLMİŞ CƏNNƏT”


Con Miltona


 

"Allah var, Allah yoxdu

Allah var, Allah yoxdu

Allah var,

Allah yoxdu...”

 

– deyə çobanyastığıdan

sonuncu ləçək qopdu.


 

Əyilib bahardan

bakir əlləriylə

daha bir çobanyastığı dərdi

qoca rahib.

 

Saymağa başladı

bu dəfə

"Allah yoxdu”dan...