Biz imzaları yox, əsərləri dərc edirik...

Şair yoxsa şairə? – Sorğu
2290
11 İyul 2017, 12:18
  artkaspi.az "Şair yoxsa şairə?" adlı sorğunu təqdim edir:

 
 
  Anna Axmatova onu "şairə” adlandıranda xoşlanmırmış. İsrar edirmiş ki, şairdir. Marina Svetayeva məqalələrinin birində yazırdı:  "Hesab edirəm ki, poeziyada  qadın və kişi cinsinə aid bölünmə əlamətləri çox əhəmiyyətlidir”. 
O vaxtdan ədəbi sferada gender fərqi tədqiqat və mübahisə predmeti olaraq qalmaqdadır. Bir qisim yazar hesab edir ki,  cinsi əlamətlərə görə bölünmə, tamamilə, şərtidir.  Bəziləri isə belə fərqlənməni vacib hesab edir. 
Yazıçı Olqa Qolubova  "sözsüz ki, biz kişilərdən fərqlənirik. Başqa cür görürük, fərqli düşünürük.  Biz zəif cinsik, onlar güclüdürlər. Bizim poeziyamız daha həssas,  daha zərif, daha iztirablıdır. Kişilərin şeirləri isə  konkret və ciddidir”- deyə müsahibəsində bildirib. 
  Mövzu ilə bağlı "Müzakirə”mizdə maraqlı cavablarla qarşılaşdıq.
 
 

 
  Qadın bir az zərif olduğuna görə...
 
  Tanınmış şairə Fərqanə Mehdiyevanın fikrincə, şeirin cinsi olmur. Poeziyanı "qadın və ya kişi poeziyası” deyərək, iki yerə bölmək olmaz: "Elə qadın şairələr tanıyıram ki, şeirini oxuyanda onu qadının yazdığını bilməzsən. Sadəcə, qadın bir az zərif olduğuna görə, onun şeiri də bir az zərifdir. Buna görə də bəzən "qadınların şeiri həssasdır” - deyirlər. Düzdür, o cür şeirlər var. Ancaq elə kişi şairlərin yazdığı həssas şeirlər də var ki, onun kişi qələmindən çıxdığına inana bilməzsən. Şeir Tanrı səsidir. Onu bölgüyə bölmək düzgün deyil. Mənim elə şeirlərim var ki, "bunu mən yazmamışam, bunu mənə Allah yazdırıb deyirəm”. F.Mehdiyeva oxuduğu hər bir şeirin üslubundan onun müəllifinin qadın və kişi olduğunu dərhal hiss etdiyini deyir: "Bəzən kişilər qadına "gülüm” və ya "sevgilim” deyə müraciət edəndə, bu sözlərdən onun müəllifinin kişi olduğu bilinir. Ancaq elə cəsarətli qadın şairlərimiz var ki, onların şeirlərini oxuyanda müəllifinin adını oxumasan, qadın tərəfindən yazıldığını bilməzsən. Düzdür, elə şeirlər də var ki, onları oxuyanda məhz qadına məxsus olduğunu bilirsən. Bəzən deyirlər ki, kişilər qadından güclüdür. Ancaq kişini də qadın yaradıb. O, məndən necə güclü ola bilər? Düzdür, kişi güclü qüvvədir. Ancaq elə qadınlarımız da var ki, onlar heç də istər əməli, istər istedadı, istərsə də yazdığı şeirləri ilə kişilərdən fərqlənmirlər”. F.Mehdiyeva qadınlara "şairə” deməyin tərəfdarı deyil: "Cəfər Cabbarlının "Almaz” surətini xatırlayaq. Almaz xanım müəllimdir. Biz əsərdə onun cəsarətinin şahidi oluruq. Biz ona "müəllimə” niyə deyək? Bu baxımdan yanaşsaq,  "müəllimə” və "müəllim” ifadələrini də işlətməyimiz düzgün deyil. Məgər biz həkimi "həkimə” adlandırırıq? Eləcə də poeziya ilə məşğul olanlara "şair” deməliyik”.
 
 

  Yalnız poeziya var
 
  Şair Çingiz Əlioğlu əzəldən "şairə” sözünün əleyhinə olduğunu deyir: "Şair” sözü var. Eləcə də "həkim” sözü var, "həkimə” yoxdur. O cümlədən "mühəndis” var, "mühəndisə” sözü yoxdur. Bu baxımdan, "şairə” sözü də düzgün işlənməyən ifadədir. Poeziyanı bölgülərə ayırmaq çox yanlışdır. Yalnız poeziya var: onu yaradıcısı qadın da ola bilər, kişi də”. Müəllifini tanımadığı və ya müəllifi məlum olmayan şeirləri oxumadığını deyən Ç.Əlioğlu yalnız imzasına hörmət məqsədi ilə klassik və çağdaş şairlərin yazdıqlarını oxuduğunu bildirir: "Əgər başqa ölkələrin ədəbiyyatından da oxumalı olsam, onun cinsinə fikir vermirəm. Bir şeirin heç olmasa dörd misrasını oxuyuram. Əgər məni cəlb edirsə, şeiri sonacan oxuyuram. Təsadüfi mütaliələrə isə sadəcə, vaxtım yoxdur”.  
 
 
 

  Poetik düşüncələrdə fərq
 
  Şair Baba Vəziroğlu da "şair” və "şairə” bölgüsünü qəbul etmir: "Azərbaycan dilinin qaydalarına görə, sənət, peşə qadın-kişi bölgüsünə bölünmür. Şair həm kişi, həm də qadındır. Bu mənada, bu bölgü rəmzi məna daşıyır. Şairlik dünyaya fərqli düşüncənin gözü ilə baxmaq deməkdir. Təbii ki, qadın öz poetik düşüncəsi, kişi də öz düşüncəsi ilə baxır. Sadəcə, poetik düşüncələrdə fərq ola bilər. Ümumiyyətlə, dünyada 7 milyarddan çox insan var. Onların heç biri bir-birinə bənzəmir. Yaradıcılıqları, baxışları, poetik yanaşmaları da müxtəlifdir. Ancaq hamısının materialı birdir: "Poetik SÖZ”dür əgər bu poetik sözdən kim məharətlə istifadə edirsə, demək o, şairdir. Həm də yaxşı və ya pis şair yoxdur. Sadəcə, şair və ya şair olmayan var. Şair olmayan adi lüğət sözlərindən istifadə edir. Amma şairlər poetik duyğuları istifadə edirlər”. B.Vəziroğlu həmçinin qadınların fikirlərinə hörmətlə yanaşdığını deyir: "Qadınla mübahisə, mübarizə etmək böyük bir küçəni balaca bir elektrik sobası ilə qızdırmaq qədər faydasız işdir. Qadın bir təbiət hadisəsidir, ancaq fəlakətli təbiət hadisəsidir. Kişi insanı gücü ilə buna qarşı çıxa bilməz. Yəni təbiət hadisəsini önləmək, onunla mübarizə aparmaq insanın gücü xaricindədir. Əlbəttə, qadın poeziyasının Marina Svetayeva, Anna Axmatova kimi nəhəng simaları var. Bizim Məhsəti Gəncəvi, Natəvan, Nigar Rəfibəyli, Mirvarid Dilbazi kimi gözəl şairlərimiz var”. B.Vəziroğlu hər bir şairin özünü yazdığını deyir: "Bu dünyada bir qələm əhli görməzsən ki, başqasını yazsın. O, ancaq özünü yazır. Və elə yazır ki, onu daha heç kimsə təkrarlaya bilməz. Bu, başqa məsələdir ki, biri güclü, biri zəif yazır. Bu mənada, bütün şairlər cinsindən asılı olmayaraq, dəyərlidir”. 
 
 
 

  Yazıçı missiyası ilə qələm işlədirlər 
 
  Ədəbiyyat aləmində bu fikrin müəyyən bir əsası olduğunu deyən tənqidçi Tehran Alışanoğlunun fikrincə, ədəbi aləmdə şair və şairə bölgüsü ilə razılaşmaq lazım gəlir: "Ancaq bir çox qadın yazarlar var ki, onlar bu fikrə etiraz edirlər. Bir şair var, bir də var yazıçı. Cinsindən asılı olmayaraq, kim bu peşə ilə məşğul olursa, eyni məqsəd güdür – belə bir mövqe var”. Tənqidçi dünya ədəbiyyatında qadın cinsindən olan şair və yazıçıların yaradıcılıqlarının fərdi xüsusiyyətləri nəzərə alınaraq bu cür anlayışların yarandığını bildirir: "20-ci əsr ədəbiyyatında – həm poeziyada, həm də nəsrdə qadın ədəbiyyatı geniş yayılıb. Xüsusən "qadın nəsri” deyilən anlayış yaranıb. Bunun əsasında isə əslində elmi mövqe durur. Dediyiniz bu məqamların inkişafı nəticəsində ədəbiyyatçılar elə qənaətə gəliblər ki, qadın baxışını ehtiva edən hisslər, duyğular, baxışları kişi cinsindən olan yazarlar istəsələr də verə bilməzlər. Bu, fərqlər qadın dünyasının inikasında meydana çıxır. Bu baxımdan, "qadın şeiri və ya ədəbiyyatı” deyilən fikirlər elmi anlayış kimi meydana gəlib. Tənqidçinin fikrincə, Anna Axmatova, Marina Svetayeva kimi şairlərin yaradıcılığında bu xətlər qadın dünyasının özünəməxsusluğunu xüsusi şəkildə ifadə edir: "Qadın yazarların etirazı əsasən onların niyyətlərinin daha böyük olmasından irəli gəlir. Onlar yazıçı missiyası ilə qələm işlədirlər, yalnız qadın dünyasını vermək üçün yox. Bizdə məsələn, qadın nəsrini Afaq Məsuda aid edəndə o, buna etiraz edir. Çünki o, ümumi bir qadın yazıçı kimi yazır, təkcə qadın yazıçı kimi yazmır”. Kişi şairlərin bu məsələyə etirazına gəlincə, tənqidçi deyir ki, bu bölgü romanın sonrakı inkişafında sahə ədəbiyyatı kimi meydana çıxıb: "Qadın şairəsi, qadın nəsri, şairə kimi ifadələr yaranıb. Əgər qadınlar ümumən yazıçı missiyası ilə qələmə alıblarsa, bu etiraz özünü doğruldur. Bu mənada, hər bir qadın şairəyə və ya yazıçıya konkret yanaşmaq lazımdır: O, doğurdanmı qadın poeziyası yazır? Çünki dünyada artıq belə bir cərəyan var. Yoxsa ümumən yazıçı və ya şair missiyası ilə yazır? Çünki elə şeirlər var ki, qadın onu şair missiyası ilə yazıb. Oxucu onun qadın və ya kişi tərəfindən yazıldığını hiss edə bilmir”.  
 
 
 

  Hissləri dəqiq vermə məsələsi var
 
  "Şair” və "şairə” bölgüsünə normal yanaşmayan  yazıçı Mirmehdi  Ağaoğlu "bu bölgünün haradan yarandığını bilmirəm” deyir: "Bir ara bizdə "müəllim” və "müəllimə” bölgüsü də işlədirdilər. Ancaq daha işlətmirlər. Bizdə qadın və kişi cinsi yoxdur. Bu baxımdan, qadın da, kişi də şairdir”. Qadın şairlərin kişilərə nisbətən daha həssas olmasına gəlincə, Mirmehdi bu fikri də qəbul etmir: "Qədim yunan mədəniyyətində kişi bədəninin qadın bədənindən daha mükəmməl olması və əslində sevgiyə layiq olanın kişilər olması ilə bağlı fikirlər vardı. Yəni bu zərif, həssas hissləri kişilər də biruzə verə bilər. Ona görə də homoseksuallıq orada cinsi oriyentasiyadan çıxıb. Hisslərin daha zərif büruzə verilməsi baxımından qadın və kişi söhbəti yoxdur. Bu məsələyə daha çox nüfuz edən və nüfuz etməyən şair var. Düzdür, elə mövzular var ki, sırf qadınlarla bağlıdır. Təkcə şeirdə yox, elə nəsrdə də. Məsələn, doğuş haqqında hansı bir kişi yaza bilər? Və ya qadın vücudu ilə bağlı məsələləri heç bir kişi yazar yaza bilməz. Eləcə də kişilərlə bağlı heç bir qadın nəsə qələmə ala bilməz. Bu baxımdan, bölgünü düzgün hesab etmirəm”. Mirmehdi hesab edir ki, sadəcə, bizim poeziya və nəsrdə qadın problemləri və mövzuları geniş işlənilməyib: "Və ya işlənibsə də, kişilər tərəfindən işlənib. Hissləri dəqiq vermə məsələsi var. Bunun başqa heç bir bölgüyə aidiyyəti yoxdur”. 
 
  Hazırladı: Təranə Məhərrəmova
 

Xəbər lenti