Biz imzaları yox, əsərləri dərc edirik...

“Şair və vətən” adlı şeir gecəsi
488
14 Mart 2018, 09:41
  Martın 13-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan və Türkiyə ədəbiyyatlarından seçilmiş şeirlər əsasında "Şair və vətən” adlı ədəbi gecə təşkil olunub.
 
 
 
 

  AZƏRTAC xəbər verir ki, Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə reallaşan gecə Azərbaycan Xalq Cümhuriyyətinin və Qafqaz İslam Ordusunun yaranmasının 100-cü ildönümünə həsr edilib.
  Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Cihan Özdemir tədbir haqqında məlumat verib. O, tədbirin ənənəvi olaraq hər il keçirildiyini qeyd edərək deyib: "Bu il Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusunun yaranmasının 100-cü ildönümü tamam olur. İki qardaş ölkənin rəhbərliyi bu iki önəmli hadisəni bu il geniş səviyyədə qeyd edəcək. Biz də Bakı Yunus Əmrə İnstitutu olaraq bu yöndə fəaliyyətimizi davam etdirəcəyik. Bugünkü tədbir də bu qəbildən sayılır. Tədbirdə iki ölkənin ədəbiyyatı və poeziyası haqqında məlumatlar əldə edə biləcəyik”.
 
 
 
 

  Sonra şeirşünas Sahura Quliyeva və yeni türk ədəbiyyatı üzrə mütəxəssis professor Yaqub Çelik Azərbaycan və Türkiyə poeziyasının tarixi və inkişaf yolu barədə ətraflı məlumat veriblər.
  Tədbirdə vətən və dövlətçiliyə aid şeirlər səsləndirilib. Sonda Bakı Bələdiyyə Teatrının yaradıcı kollektivinin iştirakı ilə kiçik səhnə əsəri təqdim olunub.
  Qeyd edək ki, tədbir Azərbaycan və Türkiyə ədəbiyyatlarında dəyərli nümunələrin təbliğinə və şairlərin ictimaiyyətdə tanınmasına töhfə vermək və bu yolda iki ölkə arasında mədəni əlaqələri gücləndirmək məqsədi daşıyır.