Biz imzaları yox, əsərləri dərc edirik...

Şair olan mənəm, o, isə imperatordur – Teo Kiriakın şeirləri
223
23 Yanvar 2018, 16:21
 Artkaspi.az Teo Kiriakın şeirlərini təqdim edir: 
 


 Teo Kiriak 29 may 1956-cı ildə anadan olub. Kişinyov Dövlət Universitetində jurnalistika bölümünü 1979-cu ildə bitirib. Dövlət radiosunda redaktor (1979-1985) işləyib. Kişinyovda "Hyperion” nəşriyyatının redaktoru və baş redaktoru (1985-1993) olub. Moldova və Rumıniya Yazıçılar Birliyinin üzvüdür. Rumıniya Yazıçılar Birliyinin Kişinyov filialının sədri (1995-1997) olub. 
 Moldova Respublikası PEN klubunun üzvüdür.
 Hazırda Moldova Respublikası Yazıçılar Birliyinin sədr müavinidir.
 
 
 
 Şeytan tətilləri
 
 
 1
 
Boşluqda yaşayaraq bəzən ömrünü bircə dəfə də olsa
Müdrikcəsinə sürmək istərdi,
Özüylə üz-üzə qalıb ehtiramla salamlayırdı
"Başın sağ olsun, qardaşım soxulcan”,
"Görüşənədək qardaşım mələk”
Sonra 
Vaxtaşırı olaraq nəm çəkmiş
gözünün içindən və çölündən axışıb gələn
sevgi məktublarını yandırmaq istədi. 
(Ax... incə qadın xəzinələri, necə zərif, necə gözəlsiniz
Böyük hönkürtü çayının dibiylə axdığı uçurumdan uçdunuz)
Vaxta ki, özünün günahkar "mən”inin 
instinktlərinə rişxənd edərdi.
Uğunub gedərdi
Bəzən o, gələcəkdən gördüyü 
baş tutmamış əliaçıqlığa ağlardı.
 
Eh... barmaqları arasından axıb gedən gözəllik...
 
 


 
 2
 
 
 O, əlindən sürüşüb çıxan dünyanı 
geri qaytarmaq üçün maqnitə bənzər diliylə
hansısa tozlu otağın bütün künc-bucağıyla 
sürünərdi, diz üstə çökərdi.
 
İndi yazı stoluyla üzbəüz qoyulan
iki (batıq və ya qabarıq) güzgü,
və ipə bağlanmış söz,
iki güzgü arasındakı boşluqda,
Nəfəs dərmədən deyə biləcəyi sözlərdir.
 
(Elə bu acıdan ağzı danışa, 
gözü görə bilmir
Qulağı isə eşidə)
 
İndi qarabasmaya bənzər sükut, 
indi qərarsızlığın xatircəmliyi,
indi paradiqmanın tam dəyişməsi: 
sanki günlərin bir günü onun
Ezoterik əlyazıları arasında
Üstündə Allahın imzası olan
inanılmaz bir mətn görübmüş... 
 
 
 3
 
Otağında
Səssizcə qapısını açıb
Nəm bədəninə tutduğu üzən 
qarderobda yumşaq qarın
(piyli qarın, lava, qan ləkələri
Şəffaf parça üzərində düşdüyü kimi qalmışdı)
 
Və Conatan Sviftin xatirələrindəki
at dərisinə sarılmış
qızların sümüklərinin bitişdiyi
 yer yapalağının çətir olduğu bağın aşağısında
Metafizik adaya üz tutub qaçmaq (cəld, cəld...)
 
Orada, varlığın çəmənləri üzərində
Çörək ağaclarının qırıntıları arasında 
təbii ölçüsünü almaq üçün
sürünür...

 4
 
Təbiəti təqlid etmək üçün başlanan tədbir 
çərşənbə axşama bitəcək.
Mədəniyyəti yamsılamaq naminə 
aparılan tədbir cümə axşamı sona varacaq.
(şaquli, yaxud üfüqi oxlar arasındakı inkişaf şübhəsiz ki,
dəliliyi və cürəti eyni dozada tələb edir)
 
Təxəyyülünün büküşünü düzəldəndə
gözləri düzbucaqlı forması almalıydı.
Baxışlarını kub kimi büzəndə
bütün əşyalar onu hörmətlə salamlamaq üçün
kub forması alıb başlarını aşağı dikməliydilər.
 
(Ah hisslər, ah hərəkətdə olan hərflərin tərləməsi,
daha böyük hərfə qarışan hərflərin aurası
sözə sığmayan məntiqi axan hərfin ifadəsiymiş...)
 
Vaxtaşırı olaraq islaq şəhərin küçələrində ehtişamlı səslər,
eşidilə bilərdi ki, bunlar da itin gözlərində,
meymunun ayaq izlərindən çıxıb eşidilə bilərdi,
sanki axışan insan selinin içinə qızılı sümük atmışdı.
 
 

 
 5
 
Qəlbini qarşısıalınmaz cazibə qüvvəsi ilə səs salan,
zəngli saat və onun mexanizmi kimi qurmuşdu
 
hardasa saniyədə milyon maksvellik maqnit buxarı
hər şeyi tək lokus daxilində cəmləyir
 
hər şey tək bircə start nöqtəsinə tələsir 
(o, yeni varlıq forması yaratmaq istədi: 
bütün verilənlər başındaydı)
 
Ürək əzələlərinin çırpınması və hormonal partlayış
Həyat və ölümün əttökən tamının 
ekstazının yaratdığı qarışıq
onun canında kəskin ürəkbulanma hissini oyadır.
 
Sakitcə, 
günlər keçdikcə başını boşluq cərgələrində
bekar-bekar gəzişən metaforaları seyr etməklə 
və azca mentollu mənaları vaxtın saqqızını çeynəyən,
göz-qaşından ironiya daşdanan insanlara ötürmək üçün 
özbaşına verilən həyəcan siqnallarının 
təpəliklərində qatdığı
dünya ədəbiyyatının xarabazarına dalaraq
əlinin qaba hərəkətiylə ağzını yuma bilərdi.
 
 6
 
Başı buludların yuxusunda
Ürəyi ayağının altında gəzə bilərdi,
Həyatın canlı təbəssümlə ölümə 
toxunduğu yerə daşlar ata bilərdi və
Riskin möhtəşəmliyindən doyunca ləzzət alardı.
 
Köhnə bədənlərin göndərdiyi əlvan hava axını, 
Ancaq tənhalıq tüstüsü getdikcə sıxlaşacaq, 
sənətsə aşağıda çürüyəcək.
Ana şirlərin gəzdikləri bağda köhnə-kürüş,
ayaqqabısının altı
 
Axşamüstü "Sürgündə doğulmuş tanrı”nı oxuya-oxuya,
Ana köklərin qarışığını içərdi, 
ağzını tutmadan asqırardı
"Şair olan mənəm,  o,  isə imperatordur” və hər
yazdığı vərəqlə intiharını təxirə salardı. 

İngilis dilindən tərcümə edən: Cavanşir Yusifli

Xəbər lenti