Biz imzaları yox, əsərləri dərc edirik...

Şair İlahi əmanətin daşıyıcısıdır – Aytən Mutlunun müsahibəsi
1795
27 Noyabr 2018, 10:54
 Artkaspi.az Türkiyəli şair Aytən Mutlunun müsahibəsini təqdim edir: 
 
 Türkiyəli şair və yazıçı Aytən Mutlu 6 oktyabr 1952-ci ildə Balıkəsrin Bandırma əyalətində dünyaya gəlib. İlk şeir və hekayələri hələ orta məktəb illərində yerli qəzetlərdə işıq üzü görmüş, sonralar dövrün ən populyar və nüfuzlu ədəbi dərgilərində yer almışdır. O, "İbrahim Yıldızoğlu Şiir ödülü”nə, "Yalova Uluslararası Şiir Etkinliyi”, "M.Sunullah Arısoy şiir ödülü” kimi bir çox ədəbi mükafatlara layiq görülmüşdür. "Dayan ey sevdam”, "Kül izi”, "Dənizə doğru”, "Daş ayna”, "Uzun gəmidə axşam” və başqa şeir kitablarının müəllifi olan Aytən Mutlu həm də tərcümə fəaliyyəti ilə məşğul olur. 
 
 
 
 – Sizi yazmağa vadar edən səbəblərdən danışaq. Aytən Mutluya görə poeziya, bütövlükdə götürsək, ədəbiyyat nədir?
 – İnsan dünyaya tək gəlir, qələbəliklərin içində təkbaşına yaşayır və ölür. Həyatı boyu kim olduğunu, haradan gəlib hara getdiyini özündən soruşur. Bu mənada, həyata həmişə suallar ardından baxır. Cavablar isə ya hansısa sirli məkanda gizlənib, ya da ümumiyyətlə mövcud deyil. Bu vəziyyət insana hər zaman əzab versə də, sual verməkdən, cavab axtarmaqdan, özünü tanımağa çalışmaqdan, kainatı və dünyanı, həyatı və ölümü mühakimə etməkdən heç vaxt imtina etməmişdir. Bax, həmin bu vəziyyət fəlsəfəni və sənəti yaratmış, insanın axtarışlarına və suallarına, bəlkə də tapmaq istədiyi cavablara sənət yolu ilə qovuşmasına rəvac vermişdir. Şeir də mənim üçün bu dünyaya niyə gəldiyimi, kimliyimi, harada olduğumu və haraya getdiyimi mühakimə etməyin bir yoludur. Bu baxımdan, şeir yazmaq ölənədək vaz keçməyəcəyim məşğuliyyətdir. Çünki həyatdan soruşmaq istədiyim daha çox sual var. Eynilə eşitmək istədiyim cavablar kimi...

 – Günümüzün qadın yazarlarının lirik qəhrəmanı demək olar ki, əksər hallarda "pessimist ruhlu, əzab çəkmiş, həsrət dolu, məşəqqətli həyat sürmüş qadın”dır. Bəs sizin ədəbi qəhrəmanınızı fərqləndirən cizgilər hansılardır?
 – Mənim şeirlərim həyatın içindəki insanı bütün dərdləri, sevincləri, peşmanlıqları, qorxuları, yəni insana aid nə hiss varsa, o duyğu və yaşantıları ilə mühakimə edir və sözlər vasitəsi ilə insana güzgü tutmağa çalışır. Qadın həyatı boyunca kənarlaşdırılmış və ikinci sinif olaraq görüldüyü üçün kişiyə nisbətən daha bədbindir. Mənim şeirlərimdə isə kənarda qaldığının fərqində olan, mühakimə edən, səbəbləri araşdıran, ətrafındakı tələblərə boyun əyməyən və başını dik saxlayan qadınlar var. O, təslim olmur. İçində mövcud olduğu müəmmalardan çıxış yolları axtarır. Mən qadını bu cür görmək istəyirəm. Halbuki qadınların çox hissəsi ona təqdim olunan həyatı olduğu kimi qəbul edərək yaşayır. Mənim sözüm həmin qadınlaradır. Onlara nələrsə göstərmək, doğru olduğuna inandığım bəzi şeyləri pıçıldamaq istəyirəm. Əgər mənim şeirimdəki qadınların fərqi varsa, elə budur. 

 – Bəs, "qadın ədəbiyyatı” anlayışını necə, qəbul edirsinizmi? Yəni, sizcə, poeziyanın cinsiyyəti varmı?
 – Sənət insan tərəfindən yaradılan şüur məhsuludur. Bu mənada, həyatımın heç bir dövründə cinsi ayrı-seçkiliyə çağırış edən "Qadın şair, kişi şair” ifadələrini yaxın buraxmamışam. Şeirin cinsiyyəti mübahisə mövzusu olmadığı kimi, şairin cinsiyyəti də şeirin qiymətləndirilməsində ölçü vahidi deyil və olmamalıdır da. Halbuki, bizim kimi söz mədəniyyətindən yazı mədəniyyəti mərhələsinə birbaşa mənada keçid edə bilməmiş ölkələrdə nəsr, şeir yazmaq və seçdiyi yazı sahəsində gücə çevrilmək çətindir. Hələ üstəlik, qadın olmağın məsuliyyəti və hələ də bütün dünyada hökm sürən "kişi hakimdir” anlayışının qadının həyatına hər addımda müdaxiləsinin gətirdiyi çətinlikləri nəzərə alsaq, yəqin ki, qadın şair olmaq – dar çərçivəyə salınmış həyatını hissəciklərinə qədər dağıdıb yenidən qurmaq, yeni  "söz dünyası” yaratmaq o qədər də asan iş deyil. Dünyada "kişi şair” ifadəsi yoxdursa, deməli, "qadın şair” ifadəsi də məna kəsb etmir. Tarix boyunca qadının vəziyyətinə nəzər salsaq, görərik ki, yaşadığımız dövrdə və xüsusilə bizim kimi şərq ölkələrində qadın həyatına dair məsələlərdə çox zaman öz iradəsi ilə qərar verməkdən məhrum edilib. Matriarxal dövrlərdə o, əsas qüvvə olsa da, dəmir dövründən – etibarən mülkiyyət anlayışının dövriyyəyə daxil olması ilə hökmlülüyünü itirmişdir. Qadınlar min illərdir baş alıb gedən ayrı-seçkiliklə üz-üzədirlər. Cəmiyyətin qadına yüklədiyi müxtəlif vəzifələr var. Məsələn, bir qadının mətbəxdə qab yumağı bizi narahat etmir. Amma eyni tabloya hansısa kişini yerləşdirməyə çətinlik çəkərik. Davamlı eyni işləri görmək insanda yaradıcılığı inkişaf etdirməz, əksinə, geri salar. Bundan başqa, BMT-nin daxilində fəaliyyət göstərən təşkilatın araşdırmasına əsasən, dünyadakı işlərin dörddə üçünü həyata keçirən qadınlar mülkiyyətin sadəcə olaraq, onda birinə sahibdir. Yəni qadının pulu, dolayısı yolla gücü kişiyə nisbətən olduqca azdır. Amma işi daha çoxdur. Bu vəziyyətdə özünü inkişaf etdirmək üçün mühüm olan təhsil vasitələrinə əlinin çatması da kişiyə nisbətən daha çətindir. Hələ də ölkəmizdə ailənin maddi vəsaiti yaxşı deyilsə, qız uşaqlarından əvvəl oğlan uşaqlarının oxuması vacib hesab edilir. Bundan başqa, hamımızın bildiyi kimi, oğlan uşaqları kiçik yaşlarda küçədəki həyatla tanış olur, qız uşaqları isə adətən, ev daxilində – küçədən uzaqda böyüdülür. Müxtəlif ayrı-seçkilik salan fikirlər səbəbindən də qadınların yazdıqları şeirlər əsrlər boyunca hər zaman təhqir olunmuş və xüsusi olaraq diqqət yetirilməmişdir. Nədənsə şeir yazmaq hər zaman kişi işi olaraq qəbul edilmişdir. Halbuki şeirin cinsiyyətlə heç bir əlaqəsi yoxdur. Şeir istedadla, dünyagörüşü ilə və bu işə könül verməklə, zaman ayırmaqla bağlı  hadisədir. Təəssüf ki, "qadından şair olmaz” deyə bir hökm günümüzdə də aktualdır. Amma bu vəziyyət qadınların şeir yazmayacağı demək deyil. Şeir tarixinə nəzər saldıqda, böyük uğurlar əldə etmiş şair qadınların olduğunu deyə bilərik. Hətta Nobel mükafatına layiq görülmüş şair qadınlar da vardır. Deməli, burada problem qadının sistem tərəfindən ikinci dərəcəli qəbul edilməsi ilə bağlıdır. 
 
 – Rus şairəsi Zinaida Gippius "Gündəliklər” əsərində "Mən şeiri dua edirmiş kimi yazıram və onları yer üzündəki heç kəsə, heç bir insana həsr etmirəm” deyir. Aytən Mutlunun necə, şeirlərinin bəlli bir istinad nöqtəsi varmı, yoxsa ilham pərinizin dilə gəlməsində platonik hisləriniz üstünlük təşkil edir?
 – Bəli, bu cür də demək olar. Çünki şeir yazarkən sanki vəcdə gəlirsiniz. Xarici aləmlə bütün əlaqələriniz qopur. Sadəcə siz, sözlər və fikrinizdə qığılcım yaradan bir xatirə, bir savaş fotosu, qayadan püskürən bir çiçək, bir körpənin küskün baxışı qalar... Yazı zamanı təcrübəniz, ağlınız və duyğularınız sizə yol göstərir. Amma bütün bunların varlığı şeiri bitirmək üçün kifayət etmir. Əlbəttə, bəzən bizi yazmağa məcbur edən şeirlər də var. Amma bu şeirlər sadəcə, daxilimizdə uzun zamandır gizlənən və təcrübə əldə edən həssaslığın qəfildən özünü çölə atmasıdır. Mənim şeirim ilham pərilərinə üz vermir. Çünki şair əvvəlcə dünyaya, insana, yaşadılanlara və yaşanmalı olanlara könül gözü ilə baxmalıdır. Hər xırdalığı görməli, hər öncəliyin fərqində olmalıdır. Əgər həyata bu cür baxsa, ilham pərilərini gözləməyə gərək qalmaz. Çünki siz şeiri yazmırsınız, şeir özünü sizə yazdırır. 
 
 – Bu günə qədər çox saylı kitablarınız işıq üzü görüb, sizi olduqca məhsuldar şair adlandırmaq olar. Bəzən şairlər bu və ya digər şeiri öz yaradıcılıqlarının şah əsəri hesab edirlər. Sizin yaradıcılıq zirvənizi fəth edən şeiriniz varmı?
  – Hər zaman "hələ yazmadığım şeir mənim şah əsərimdir” deyə düşünmüşəm. Onu bir gün yaza bilərəmmi bilmirəm. Mənim poeziyadakı əsas məqsədim, yazdığım son şeirin əvvəlkindən daha yaxşı olmasıdır. Doğma xüsusiyyətlərini qoruyub saxlayaraq inkişaf etməsi, daha balanslı bir müzakirə üçün müəyyən mənada nizamlayıcı olması bu şeirimin əvvəlkinə nisbətən nə qədər inkişaf etdiyinin göstəricisidir.

 
 – Şeirlərinizin birində "Eşq hələ səfər edilməmiş ölkədir” deyirsiniz. Elə bil, bu misrada sufizm havası duyulur. Ümumiyyətlə, şeirlərinizdəki fəlsəfi qatlar onları yenidən oxumağa və düşünməyə vadar edir...
– Eşq insanın hər zaman yaşamaq istədiyi duyğudur. Çünki eşq ölümə qarşı üsyandır. Amma təəssüf ki, hər zaman həsrət duyulan, uğuruna ölkələr devrilən, can verilən bu duyğu əlçatmaz arzu olaraq qalır. Qərbdə zamanla fərqli mənalar əldə edərək mahiyyət qazanan, islam mədəniyyətində daha çox təsəvvüf fəlsəfəsi ilə düşüncəyə daxil olan eşq anlayışı əsrlər boyu insanın həyatdakı üstünlüyünü qoruyub saxlamış, insan oğlu onu idarə edən bu güclü duyğunun necə yaranması və xüsusiyyəti barədə düşünmüş, müxtəlif nəzəriyyələr irəli sürmüşdür. Üzərində bu qədər çox baş sındırılan anlayışın nə olması haqqında bu gün də çox söz deyilməsinə baxmayaraq, əsl məna hələ də açıqlanmayıb. Eşqi hiss edirik, bəzimiz yaşayır və ya yaşadığını düşünür. İnanıram ki, heç bir insan eşqi son nəfəsinə kimi dəftərindən silməz. Necə və hansı formada qavramış olsa da. Eşqin istədiyi fədakarlığı həyata keçirə bilməyəcəyindən qorxub özünü mühafizə etməyə çalışan insanlar da var. Düşünürəm ki, onlar da eşq həsrəti çəkir və eyni formada yaşayırlar. Kinolarda, romanlarda, şeirlərdə. Yəni özlərini başqalarının yerinə qoyduqları dünyalarda. Qadın ya da kişinin özündən başqa bir nəsnənin üzərində dayanaraq özünü o mənada təqdim etmək istəyi ilə yaşadığını və həsrətinin bütün insanların ortaq məxrəci olduğunu düşünürəm. Mən eşqi əsl insan olmağın əsas xüsusiyyəti hesab edirəm. Həm bəşəriyyət, həm də cəmiyyətdə yaşadığımız əzablar həmin duyğunun aynasına, oradan da şeirimə ayaq açır. Çünki insan özü yaratdığı xoşagəlməzliklərə görə özünü tamamilə həbs etmiş kimi görünür. Bu səbəbdən eşqin hələ gedilməmiş bir ölkə olduğunu söylədim. Nəzəriyyəsi isə belədir, imperializmin yumşaq və qəbul edilə bilən izahı, postmodernizm və yeni dünya qaydası. Bax, bu xoşagəlməzliklərə qarşı müqavimət gücünün eşqdən yarandığı və insan oğlunun bir gün eşq ölkəsinə gedə biləcəyini düşünürəm. 
 
 – Şeirlərinizdə həm də feminizm cizgiləri duyulur. Əsasən də "Femina” adlı şeirinizdə. Həm də poetik ifadə tərzinizdə etirazla dolu notların hökm sürdüyünün şahidi oluruq. Bəs siz necə özünüzü cəsarətli şair hesab edirsinizmi?
 – Şeir bir növ izahata bənzəyir; yəni başqalarının ağlına gətirmədiyi və ya söyləməyə çəkindiyi şeyləri axtarmaq və tapdığını düşündükdə şeir dili ilə qələmə almaqdır. Bu, cəsarət və eyni zamanda fədakarlıq tələb edir. İnsana aid hər şey məni maraqlandırırsa və daha yaxşı bir insan, daha gözəl bir dünya xəyal edirəmsə, demək, qüsurları nəzərə çatdırmalı, düzgün məsləhət verməliyəm. Əgər mənim belə bir dərdim varsa – ki şeirin dərdi əslində, budur, heç bir şeydən çəkinmədən, qorxmadan şeirimi yazmalıyam. Bir hadisə danışım: Amerika İraqı işğal etdikdən sonra "Al Marbed" şeir festivalına dəvət edilmişdim. İraqdan demək olar hər gün qiyam və bomba xəbərləri gəlirdi. Əvvəlcə çəkindim. Bu qədər təhlükəli bir yerə getməliyəmmi? Sonra bu cür düşündüyümün fərqinə vardıqda özümdən utandım. Madam ki, şeir yazırdım və şeir mənim həyatımdı, o halda çəkinməyə, qorxmağa haqqım yoxdur. Dəvəti qəbul etdim. Və nə yaxşı ki, qatıldım. Həyatımın ən gözəl təcrübələrindən biri oldu və orada gördüklərim mənə yeni dostlar və bir neçə şeir qazandırdı. Feminizmə gəlincə, qadın azadlıq hərəkatı olaraq cəhd kimi başlamış, amma sonradan bəzi qüsurlar baş qaldırdı. Buna baxmayaraq, mən öz adıma deyə bilərəm ki, feminist dostlarımdan çox şey öyrənmişəm. 
 
 – Ədəbiyyatın vəzifələrindən biri də aid olduğu dilin qüsurlarını aradan qaldırmaq, mümkün olduqca yeni sözlər qazandırmaqdır. Sizcə, bu baxımdan modernist əsərləri tapıntı hesab etmək olarmı?
 – Mənim bəzi şeirlərimdə türk dilinə zidd olmayan, dilin ruhuna uyğun uydurma sözlər var. Məsələn, "çankır çığlık”. Ya da öz mənasından başqa yeni mənalar verdiyim sözlər var (məsələn, yangılanan). Mən bu cür sözləri şeirlərimdə istifadə etməkdən çəkinmirəm. Əksinə, bundan ləzzət alıram. Çünki şeirimin anası olan türk dili mənim başımın tacıdır. Dediyiniz kimi, şairin əsas vəzifələrindən biri də dilini qorumaq, qaydalara riayət etmək, inkişafına xeyir vermək üçün çalışmaqdır. Üstəlik çağdaş dünyada şərq və qərb ayrı-seçkiliyi getdikcə mənasını itirirsə, moderndən sonrakı bir dövrdə qloballaşmanın irqçiliyin, silahlandırmanın, istismarın baş aldığı dünyada yaşayırıqsa, şair bəlkə də hər zamankından daha çox dilinə, yəni vətəninə diqqət yetirmək məcburiyyətindədir. Çünki şairin qələmə aldığı sadəcə şeir deyil. Şair İlahi əmanətin daşıyıcısıdır.  Yeni əfsanələr quraraq başlanğıca – o, təmiz insana dönüşün yolu ürəkaçandır. Şair ilahi vəzifənin şamanı olduğunu hər zaman yada salmalıdır. Ola bilər, şair şeirini öz dili ilə yazır, amma nəhayətdə dünya və bütün insanlıq üçün yazır. 
 
 – Siz həm də ingilis dilindən türk dilinə nəsr və poetik tərcümələr edirsiniz. Hətta Qoqolun "Ölü canlar” əsərini də Türkiyə türkcəsinə çeviribsiniz. Bəs necə düşünürsünüz, şeir tərcüməsinin məhz şair tərəfindən edilməsi onun uğurlu alınmasına zəmanət verə bilərmi?
 – Şeir tərcüməsini onu yenidən yazmaq kimi qəbul edən bəzi nəzəriyyəçilər və şairlər bu səbəbdən şeir tərcüməsinə qarşı çıxırlar. Bu baxımdan, şeirin tərcüməsinin mümkünsüzlüyü haqqında çox söz söylənib. Mallarme və Pol Valeri şeirin əcnəbi dilə çevrilə bilməyəcəyini, ən xırda dəyişikliyin, yer dəyişdirməyin şeiri şeir olmaqdan çıxaracağı fikrini irəli sürmüşdülər. Onlara görə şeir öz dilində nəsrə belə çevrilə bilməz. Şeir tərcümələrində hər şeirdə yoxa çıxan nələrinsə olduğu söylənsə də, şeirin daxili zənginliyinə sığınaraq yenə də  tərcümələr edilib.
 Yaxşı, deyək ki şeir tərcümə oluna bilməz. Hamı əcnəbi dili bilmədiyinə görə dünya şeirini necə öyrənəcəyik, necə izləyəcəyik? Yoxsa şeir tərcümə oluna bilməz deyib uzaqlaşacağıqmı? Təbii ki, xeyr. Doğrudur, bir şeiri xırdalıqları ilə başqa bir dilə uyğunlaşdırmaq mümkün deyil. Amma o şeirin ruhuna ən yaxın kəlməni tapmağa çalışaraq çevrildiyi dildə yenidən yazmaq da ən azından oxucuya və şeirə qiymət verməkdir. Belə bir çətinliyin öhdəsindən də ən yaxşı şair-tərcüməçilərin gəldiyi şübhəsizdir. 
 
 

 
 – "Nobel”, "Buker”, "Qonkur” kimi mükafatların ədəbiyyatın inkişafında rolu haqqında nə deyə bilərsiniz?
 – Ədəbi mükafatlar hər şeydən əvvəl mükafata layiq görülən yazıçının əsərlərinə oxucu baxışından projektor işığı salır. Beləcə, həmin əsərin daha çox oxucu qazanmasına səbəb olur. İzləyə bilməyəcəyimiz qədər çox kitabın nəşr edildiyi günümüzdə kompas olaraq istifadə edə biləcəyimiz mexanizmlərdən biri də ədəbi mükafatlardır. Amma mükafat qazanması nə həmin əsərin dəyərini artırır, nə də həmin yazıçını nəhəng yazıçı, ya da şair edir. Şairi şair edən nəsnələr əvvəlcə istedad, sonra isə bu istedadı inkişaf etdirmək cəhdidir. Duyğusallıq, savad və dünyagörüşü təcrübəsi, ən əsası da bütün həyatları öz həyatın kimi qavramaq. İnsanı, dünyanı, nə varsa onu sevmək, sevmək, yenə sevmək...
 
 – Dünyanın məşhur şair və yazıçıları kitab haqqında bir çox dəyərli fikirlər səsləndirmiş, insanların həyatında kitabın nə qədər mühüm rolunun olduğunu ifadə etmişlər. Məsələn, Andre Moruanın fikrincə kitab digər xalqlara açılan pəncərədir, Maksim Qorki isə deyir ki, kitabları sevin, onlar sizin həyatınızı yüngülləşdirir. Lakin, gəlin etiraf edək ki, günümüzün insanı kitab oxumağa o qədər də meylli deyil. Sizcə "müasir insan” və "kitab” anlayışlarının müəyyən mənada barışmaz mövqedə olmasına səbəb nədir? Bu vəziyyətdən çıxış yolunu nədə görürsünüz?
 – Oxumaq, doğulduğu andan etibarən uzun təhsil müddəti keçirən insan üçün ən asan və ən təsirli öyrənmək yoludur. Oxuma faizinin başqalarına görə daha yüksək olduğu inkişaf etmiş ölkələrdəki təşkilatlar, günümüzdə insanların daha çox oxumaq alışqanlığına sahib olması üçün şərait yaratmağa çalışırlar. Geri qalmış cəmiyyətlərin qarşılaşdıqları problemlərin bir çoxunun təməlində isə təhsilsizlik yer alıb. Bu cəmiyyətlərdə insanlar oxuyaraq keçirə biləcəkləri zamanları daha çox gərəksiz məşğuliyyətlərlə keçirməkdədirlər. Lakin oxuma alışqanlığı əvvəlcə insanların özləri üçün mütləq yaratmalı olduğu alışqanlıqdır. Oxumaq anlama qabiliyyətinizi artırır. Zira, nə qədər oxusanız, o qədər bilərsiniz. Nə qədər öyrənsəniz o qədər fərqli həyatlarla görüşər, həm özünüzə, həm də insana, dünyaya, həyata və sizi əhatə edən zamana aid yeni şeylər öyrənərsiniz. Bu da şüurunuzun qapılarını genişləndirərək sizi daha bacarıqlı birinə çevirər. Günümüzdə isə televiziya filmləri ilə internet aləminin, insanları kitab oxuma vərdişindən uzaqlaşdırdığı həqiqətdir. Texnikanın inkişafı, xüsusilə internetin yayılması ilə birgə vətəndaşlar kitabı kompüterdən oxumağa üstünlük verirlər. Çünki hər hansı məbləğ ödəmək məcburiyyətində qalmırlar. Bu vəziyyət kitab sektoruna olduqca təsir edir. Ümid edək ki, kitab, texnikanın yaratdığı rahatlıqlardan yararlanaraq bu gedişi öz xeyrinə çevirmənin bir yolunu tapacaqdır.
 
 Söhbətləşdi: Xatirə Nurgül