Biz imzaları yox, əsərləri dərc edirik...

Şair həm də şeirin özüdür – Kamran Yunisin müsahibəsi
2089
11 Fevral 2020, 09:14
  Artkaspi.az saytı aktyor, bədii qiraətçi Kamran Yunislə müsahibəni təqdim edir:
 
  –  Salam, Kamran bəy, bu gün bədii qiraətin hansı meyarları var?
  –  Şeirin dəbi, modası heç vaxt olmayıb və olmayacaq da. Sadəcə zaman-zaman insan oğlu şeiri öz duyduğu formalarda biçimləndirib. Şeir səsdi, ruhdu, nəfəsdi, ətirdi, rayihədi. Bu mənada onu hansısa qəlibə salmaq istəməzdim. Şair həm də şeirin özüdür. Dünyaya şeir olaraq gələndi. Öz hiss etdiklərini, duyduqlarını özü kimi deyə bilir. Bir daha deyirəm, şeir nəfəsdi. Bundan o yana taftalogiyadı, uydurmadı. Məmləkətdə az qala hamı şeir yazır. Elə adam var, barmaq hesabı ilə yazır. Burda yeddi heca var, bundan sonrası da yeddi olsun. Belə şeir olmur. Səs, avaz olmayandan sonra o qədər heca vəznində yazılan şeir var ki, biz ona şeir deyə bilmərik. Bu baxımdan meyar sadəcə və sadəcə ruhdan gələn misraların olmasıdır.

  –  Şeirin səsi, avazı intonasiyadır. Şairin intonasiyası qiraətə nə qədər təsir edir?
  –  Şairin intonasiyası, onun nəfəsi mətnin içində bir paradiqma kimi gizlədilir. Özü şeiri ifa edəndə buna fikir vermir, çünki istəmir mətndə gizlətdiyi o nəfəs və ya paradiqma oxucuya tez aşkar olsun. Əsil bədii qiraətçilər isə onu görə, duya bilir. Əsl sənətkarlardan gedir söhbət. İndi o qədər bədii qiraətlə məşğul olan var ki, şeir nədi bilmir, ruh nədi bilmir, anlamır. Qiraətçi şeirin alt qatındakı səsi duya bilməlidir. Onu oxuyanda öz içindən keçirməlidir. Qiraəti bacara bilməyən adam şeiri elə şairin intonasiyasında oxuyur, misraların ritmini duya bilmir. Buna görə, sizin dediyiniz intonasiya gizli qatda olandı və biz onu hiss etdiyimiz üçün şeiri səsləndirə bilirik.
 
 

  –  Elə şair olubmu ki, onu sizin ifanızda kəşf ediblər?
  –  Xeyli. Yəni elə şairlər olub ki, öz çevrəsində tanınıb. Amma geniş auditoriyaya çıxa bilməyib. Mənim səsimdə onu tanıyıblar. Bir şairi kütləyə çıxarmaq çətindir. Gərək şeir özü də buna layiq olsun. Mən şeir yaza bilmirəm. Şeirin əksər qanunauyğunluqlarını bilirəm, amma yazmaq çətindir mənə. Çünki Allah mənə şairin ahəngi səsləndirmək üçün istedad verib. İnsan, olmaq istədiyi sahəni yox, onun yolu olacaq sahəni yaxşı bilməlidir. Tarixdə o qədər şair olub ki, günümüzə iki-üç misrası gəlib çatıb.

  –  Necə hiss edirsiniz ki, bu şeiri səsləndirməlisiniz?
  –  Şeirin ruhu mükəmməl olur. Şeiri oxuyanda hiss edə bilirəm, o, ürəkdən gəlib, yoxsa beyindən. Duya bilirəm. Əgər öz səsini duyura bilməyəcəksənsə, niyə yazırsan. Fərqli yolda olmaq, yəni öz yolunun olması əsasdı. Hamının yazdığını, elə hamı kimi yazana şair demirlər. Şeir müəllifi bəlli etməlidir. Öz dəsti-xətti olmalıdır müəllifin. Bu gün də gözəl şairlərimiz var. Esmira Mehiqızının çox dəyərli qələmi var, məsələn. Öz kəndini, vətənini necə sevir o insan... Aqşin Evrən, Şamil Ənvəroğlu... Var, saymaq olar. Şeirin ruhu olanda, mənim də həvəsim yaranır o ruhla var olmağa, onu səsləndirməyə.

  –  Şeirlərə musiqi fonu seçəndə nəyə fikir verirsiniz? Hər musiqi təbii ki, şeirə uyğun gəlməyə bilir. O ahəngi quran nədir?
  –  O ahəngi quran ilahi məqamdır. Övlad necə ki, valideynlərindən nəsə daşıyır özündə, bəndə də Allahdan kiçik bir zərrə yaşadır. Ona görə o da yaradıcı ola bilir. Bu yaradıcılıq artıq ruh məsələsidir. Şeir və ya musiqi düşüncə məhsulu ola bilməz. Eyni ruhdan gələn şeir və musiqi özünü həmin an bəlli edir. "A bağda gül, bağda gül” mahnısını mən necə bir şeirin fonunda istifadə edim?! O, yaradıcılıq məhsulu deyil axı. Beyindən gəlib o mahnı, düzüb-qoşublar. Eyni zamanda da şeirlər. Onlar da eləcə, yaradıcı və qurma ola bilir. "Layka göydə edir ham-ham, mən ondan alıram ilham...” Şeir deyil axı. İkisi də – musiqi də, şeir də ruhdan gəlməlidir. Onlar özləri  bir-birini tapır.

  –  Şeirin daxili ritmiylə də bağlıdır...
  –  Daxili ritmi ilə, bəli. Sənətçi olmaq, ağın içində qaranı tapmaqdı. Mən də bəlkə bir musiqi bəstələyə bilərəm. Ancaq bəstəkaram deyə bilmərəm. Bəstəkar musiqini yaradandı. Yaratdığı kimi yaşadır. Şair də elə. Sənətçi sənətin bütün sahələrini bilir, ancaq öz yolu hansıdı, bunu daha yaxşı bilir.

  –  Oxucular daha çox hansı şeiri tələb edir?
  –  Mənim oxuduğum, mənim səsləndirdiyim şeiri. Deyim niyəsini. Biz buradan çıxıb cəmiyyətin içində oluruq. Nə çatışmır onu duyuruq. Və adamlar görmədiklərini, bilmədiklərini istəyirlər. Bu gün bizim cəmiyyətdə sevgi çatışmır, gülüş çatışmır, təbəssüm yoxdu. Oxucu, o sevgini axtarır şeirlərdə. Təbəssümü axtarır. Dünyanın hər yerində belədir. Dünyada hamının eşqə ehtiyacı var. Əgər sənin bir sevgi şeiri xoşuna gəlirsə, deməli, adamların da xoşu gələcək. Hamı eyni eşqsizlikdən danışır çünki. Hərdən "Youtube” kanalımda statistikaya baxıram. Görürəm ki, dünyanın fərqli yerlərindən dinləyici, izləyicilər var. Dili anlamasalar belə səsi sevirlər. Çünki səsdə hamının istədiyi şeir səslənir. Dünyanın o başında da adamlar sevgiyə, gülüş səslərinə möhtacdı, burda da. Ona görə də, həmişə qəlbimdən gələn şeiri səsləndirirəm.

  –  Müasir poeziya sizi qane edirmi?
  –  Mən ümumi sözləri sevmirəm. Mənim üçün müasir və ya ənənəvi poeziya yoxdu. Gəlin belə danışaq, Mirzə Ələkbər Sabir bu gün aktual deyilmi? Gənc deyilmi? Mən çox istəyərəm, bir gün o öz aktuallığını itirsin, Mirzə Cəlil, Axundov aktual olmasın, biz onları ədəbiyyat tarixi kimi oxuyaq. Təəssüf ki, reallıq belədir ki, biz o müəllifləri hələ də cəmiyyətə dərs keçmək üçün oxuyuruq. Elə 60-70 yaşlı şairlərimiz var ki, 18-20 yaşlı şairlərimizdən daha gəncdi. Elə gənclər də var ki, ölüblər, xəbərləri yoxdu. Məmləkətdə çoxdu şeir yazan, önəmli olan isə həmişə gənc qalmaqdadır. Yaş nisbi anlayışdır. Tarix özü sənətkarın yaşını verir.

  –  Mən sizin kanalınızda şeirləri dinləyəndə fikir verdim, üç yüz min, dörd yüz min baxış var idi. Azərbaycan reallığı üçün bu yaxşı göstəricidir. Necə düşünürsünüz, öz qürubunu yaşayan şeir janrını, qiraət xilas edə biləcəkmi?
  –  Nə qədər ki şeiri "çıkkıqlayan” adamlar deyəcək, "ç”nı, "c”nı fərqləndirə bilməyənlər deyəcək, nə qədər ki ruhunu, səsini, əxlaqını bilməyən adamlar oxuyacaq, şeiri xilas etmək çətin olacaq. Amma radiodan, efirlərdən Həsən Əblucun səsi gələcəksə, Səməndər Rzayevin bir şeir avazı gələcəksə, Turabovun qaltanlı səsi eşidiləcəksə, Poladovun səsində bir şeir olacaqsa, heç kim dalğanı dəyişməyəcək. Onlar sənətin qədrini bilənlərdi. Bu adamlar şeiri bilənlərdi, səsi bilənlərdi. Məhz bu cür sənətkarlar şeiri yaşadacaq.
  Mən çalışıram ki, hər gün, günaşırı dinləyicilərə yeni şeirlər ifa edim, mən bundan həzz alıram. Və göstərici yüksək olanda daha da həvəslənirəm. Xəzər Süleymanlı da, mən də şeirə ciddi yanaşırıq, çalışırıq ki, oxucu ifadan nəsə alsın, onda şeirdən nəsə qalsın.
 
  Söhbətləşdi: Rəvan Cavid