Biz imzaları yox, əsərləri dərc edirik...

Sahibsiz itlərə yemək pulu qazanan aktyor
761
07 Aprel 2017, 16:14

  artkaspi.az "Qafqaz əsiri" filminə həsr olunmuş "50 il "Qafqaz əsiri” kimi" məqaləsini təqdim edir:

 


  Leonid İliç Brejnev özü baxmasaydı...

 

  Təxminən 50 il bundan əvvəl - 1966-cı ildə, "Qafqaz əsiri” adlı sovet filminin çəkilişləri gedirdi. Rejissor Leonid Qayday il ərzində 76 milyon tamaşaçının izlədiyi bir neçə gözəl film yaratmışdı. Bu film də bir il sonra sovet kinoprokatında lider oldu. Əlbəttə, film bir qədər fərqli çəkilmişdi. Lakin sovet senzurası ona əl gəzdirmiş, bir çox səhnələrini dəyişmiş və bəzilərini hətta kəsmişdi. "Qafqaz əsiri” filminin ilk çəkilişi haqda 50 il sonra...  


 

  76,54 milyon tamaşaçı qazandı

 

  Əvvəla, film çox da böyük olmayan cizgi başlığı ilə verilməli idi. Ekranda Bıvalıy görünüb hasara "X” hərfini yazmalı idi. Sonra Balbes hasara yaxınlaşıb "U” yazmalı, yalnız bundan sonra Trusu görmək olardı. Hansı ki, o, milis işçisinin fitindən sonra "İlahi film” sözləri ilə yazını bitirir. Amma senzura bunu ədəbsiz zarafat sayaraq, həmin hissəni lentdən çıxarmışdı. Bütün bunlardan sonra da film prokata göndərilmədi və rəfə atılıb qaldı. Yalnız filmə qapalı şəkildə Leonid Brejnev özü baxandan sonra prokata buraxılmasına hökm verdi. Film birinci yerə çıxdı və 76,54 milyon tamaşaçı qazandı. Bu isə rekord göstərici idi. Yəqin ki, bütün filmə baxanların Trusun məşhur "Yaşasın bizim məhkəməmiz, yer üzündəki ən ədalətli məhkəmə!” frazası tamaşaçıların yaddaşındadır. Amma Vitsinin personajı bunu "Yaşasın, sovet məhkəməsi, dünyada ən mərhəmətli məhkəmə!” kimi söyləməli idi. Bu frazanı da dəyişmişdilər.

 

  Həmçinin filmdə "Sultan haqqında mahnı” da bədii şuranın işçiləri tərəfindən çıxarılmalıydı. Lakin ssenarist Yakov Kostyukovski yalnız mahnının ilk və son bəndlərini qoruyub saxlaya bilmişdi. Elə bu səbəbdən də birinci misra bitən kimi güzgüdə öz qələbəsini heyranlıqla bayram edərək özünü süzən - Ninanın dayısını göstərirdilər. Və yalnız bundan sonra səhnənin davamını göstərirlər. Səhnə musiqili olduğundan mahnıdakı sözlərin kəsilməsini hiss etmək mümkün olmayıb. Premyeradan sonra rejissor Leonid Qayday «mən bilirdim ki, film şən alınıb, amma belə uğuru gözləmirdim” - demişdi.

 

  "Əgər mən soltan olsaydım...”


  Çox maraqlıdır ki, "Qafqaz əsiri” Qafqazda yox, Krımda çəkilib. Yalnız bir epizodu Soçi ətrafında çəkiblər. "Aktrisa Natalya Varleyin səsini tamaşaçı eşitməyib, filmdə onun əvəzinə Aida Vedişeva oxuyub” deyə Nadejda Rumyanseva bildirir: "Əgər mən soltan olsaydım...” mahnısında isə daha bir bənd – "Əgər hər üç xanımım mənə 100 qram süzsəydi, beləliklə 300 qram olardı, bu da bir şeydir…” misraları da var idi ki, bədii şura onu da kəsmişdi. Saaxov isə "Oxoxov” olmalı idi. Lakin bu familiya ilə Mədəniyyət Nazirliyində başqa bir rəis tapıldı. "Mosfilm”in Partiya təşkilatında Saakov soyadlı işçi meydana çıxdı və nazir Yekaterina Fursevanın göstərişi ilə heç nəyi dəyişməyə ehtiyac qalmadı. Filmə görə ən böyük qonorarı Leonid Qayday aldı – 4140 və əlavə olaraq ssenariyə görə 2000 rubl. İkinci böyük qonorar Şurikə – Aleksandr Demyaninkoya verildi – 5220 rubl (74 çəkiliş gününə, 10 səsləndirməyə görə). Yuriy Nikulin 4338 rubl qazandı. O, həmin pula özü üçün "Volqa” aldı. Trus, Balbes, Bıvalıy Nikulinin 1941-ci ildə Almaniyada istehsal olunan "Adler Trumpf Junior” avtomobilində gəzirdilər. Sanitar avtomobili – 1945-ci ildə buraxılan QAZ-55 isə filmin ekranlara çıxan vaxtında nadir maşın sayılırdı.


  "I əməliyyatı”nın ssenari müəllifləri Yakov Kastyukovski və Moris Slobodskiy filmin məşhurluğunu görüb "Mosfilm”ə işçi adı "Şurik dağlarda” olan yeni filmin çəkilişləri ilə bağlı ərizə verdilər. Film iki hissədən ibarət olmalı idi. Birinci hissədə tələbə Ninanın oğurlanması – elmi ekspedisiya, Qar adamın axtarışı... Trus, Balbes və Bıvalıy ssenariyə görə özlərini elə qələmə verirdilər. Nəticədə yalnız birincini təsdiq etdilər. Sonra Nikulin və Morqunovla uzun müddət danışıqlar aparıldı. Nina roluna aktrisanı 500 nəfərin içərisindən seçdilər. Ərizə veriləndən cəmi bir il sonra qəbul komissiyası filmin ilk kadrlarını izlədi. Filmin premyerası 1967-ci il aprelin 3-də Moskvanın 53 kinoteatrda eyni zamanda keçirildi. 


  Aktyorların vizit kartı

 

 Budur, artıq "Qafqaz əsiri” filminin 50 yaşı var. Tam əminliklə deyə bilərik ki, bu filmə hər dəfə böyük həvəslə baxırıq. Bəlkə ona görə ki, böyük komediya ustası Qaydayın özünəməxsusluğu vardı. O, həmişə ciddi janrları arzulayırdı. Ancaq bir neçə dəfə komediyaya da müraciət etmişdi. Axı onun üçün ən böyük mükafat filmlərinə baxan tamaşaçıların gülən gözləri idi. Bu gün sadəcə təsəvvür etmək çətindir ki, nə vaxtsa bu filmi ikinci növ kino hesab ediblər və ekrana çıxmasına maneələr yaradılıb. Kino tarixində bu cür üçlük tapmaq da çətindir. Çox az adam bilir ki, çəkiliş zamanı rejissor Morqunovun demək olar ki, bütün replikalarını ssenaridən kəsməyə məcbur olub. Şurikin -Aleksandr Demyanenkonuntaleyində isə film sadəcə, həlledici rol oynayıb. Təbiətcə sakit və ciddi olan aktyor filmdən sonra ictimai yerlərdə görünə bilmirdi. Onu daim kinolara çəkilməyə çağırırdılar və eyni tipli rollar təklif edirdilər. Demyanenko təkcə ciddi həyat sürmürdü, həm də kasıb yaşayırdı. "Qafqaz əsiri”nin ulduzu Nina isə gözdən itməyib.

 

İlk uğurlu rolundan sonra o, ümumittifaq şöhrəti qazandı. Aktrisaya dalbadal rollar təklif olunurdu. O, "Viy”, "Gələcəkdən qonaq” filmlərində çəkildi. Amma həmin obrazlarda "idmançı, komsomolçu və nəhayət gözəl” Natalyanın uğuru əvvəlkini təkrarlamadı. Aktrisa bu günlərə qədər filmlərə çəkilib. Hazırda isə teatrda işini davam etdirir, həmçinin məşhur şoularda və teleproqramlarda görünür.

 

  Azərbaycanlılar Saaxovu erməni hesab edirdilər

 

  Filmdən sonra Vladimir Etuş təkcə Qafqazda deyil, həm də Zaqafqaziyada milli qəhrəmana çevrildi. "Film ekranlara çıxandan sonra dost-tanış mənə xəbərdarlıq etdi ki, ehtiyatlı ol, qafqazlılar səni döyə də bilərlər” - deyə aktyor xatırlayır: "Ancaq hər şey əksinə oldu. Mən bazara çıxanda az qaldılar ki, məni əllərinin üstünə qaldırsınlar. Hər tərəfdən məni əhatəyə aldılar və qonaq etməyə başladılar. Məni öz doğmaları kimi qəbul etdilər. Baxmayaraq ki, bildiyim qədər azərbaycanlılar Saaxovu erməni hesab edirdilər. Ermənilər isə elə bilirdilər ki, o azərbaycanlıdır, gürcülər də özününkü kimi qəbul etmirdilər. Amma bütün bunlar mənim üçün çox xoş idi”. Filmin uğuru bütün aktyor heyətinin başqa filmlərdə rol almasına, xüsusən kəskin xarakterli komediya rollarında oynamalarına yol açdı. Bir filmdəki rolları onların böyük kinoda vizit kartına çevrildi.


  Yuri Nikulin demək olar ki, Qaydayın bütün komediyalarında çəkildi. "Brilyant əl”, "Qoca quldurlar” sovet kinematoqrafiyasının klassikasına daxil oldu. Yuri Nikulinin abidəsi Çiçəkli bulvarda qoyuldu. Aktyor həmçinin "Onlar Vətən uğrunda döyüşürdülər”, "Müharibəsiz 20 gün”, "Muxtar, yanıma” və başqa filmlərdə dramatik rollarda da çəkildi. 1973-cü ildə o, Xalq artisti adına layiq görüldü. 1982-ci ildən isə o, Çiçəkli bulvarda Sirkə rəhbərlik edirdi. Nikulin televiziyada öz kolleksiyasından saysız-hesabsız lətifələr danışdığı "Ağ popuqay” verilişinin aparıcısı idi.


   Vitsin Alla Puqaçova ilə necə toqquşdu?

 

  Georgi Vitsin digər məşhur aktyorlarla tez-tez "Yoldaş KİNO” proqramı ilə ölkə üzrə qastrollara çıxırdı. Belə konsertlərin birində o, pərdə arxasında dayanan gənc müğənni ilə toqquşdu: "Mən sizi izləyirəm, Georgi Mixayloviç, səhnədə və publika qarşısında özünü necə aparmağı peşəkarlardan öyrənirəm” - deyən Alla Puqaçova idi. 1990-cı ildə onlar yenidən görüşdülər: Vitsin və Alla Puqaçova ölkə rəhbəri Mixail Qorbaçovun imzası ilə sonuncu SSRİ Xalq artisti adı alan artistlərin siyahısında yer almışdılar. Sonuncu dəfə Vitsin 1994-cü ildə Andrey Benkendorfun "Bir neçə məhəbbət tarixçəsi” filmində çəkilib. O, hərdən yumor gecələrində iştirak edirdi və zarafatla "Sahibsiz itlər üçün yeməkpulu qazanıram” deyirdi. O, sözün həqiqi mənasında tamahkar deyildi. Onun astronomiya ilə maraqlandığını da çox az adam bilir. Ömrünün axırlarına yaxın səhhəti onu özü haqqında düşünməyə də məcbur edirdi. O, tez-tez xəstələnirdi. 1990-cı illərin bir qədər qarışıq vaxtı idi. Aktyorlar demək olar ki, həmin dövrü heç sevmirdilər. Vitsin hər gün yataqdan qalxır, dən götürür və küçəyə çıxaraq göyərçinləri yemləməyə gedirdi. O, hətta itlərin və pişiklərin yanından da sakit ötə bilmirdi. Aktyorun evdən çıxdığı vaxt bütün heyvanlar yaşadığı evin yaxınlığına yığışırdılar.


   Yevgeniy Morqunova gəlincə, çəkilişlər zamanı Qaydayla Morqunov arasında münaqişə düşmüşdü. Rejissor ondan sonra bu obrazdan filmlərindən istifadə etməməyi qərara aldı. Ancaq Morqunovun obrazından başqa rejissorlar istifadə etmək istəyirdilər. O, "Üç gombul”, "Yeddi qoca və bir qız”, "Pokrovski darvazası” və s. filmlərdə çəkildi. Aktyorun ümumilikdə kinoda 100-ə yaxın rolu olub. Morqunov müxtəlif oyunlara və zarafatlara həvəskar idi. Məhz zarafatlarına görə böyük xalq məhəbbəti qazanmışdı, ancaq həmkarları buna görə tez-tez ondan inciyirdilər. Ömrünün son illərində Morqunovu çəkilişlərə az dəvət edirdilər. Onun səhhəti də yaxşı deyildi. Diabetdən əziyyət çəkirdi. O, özünü heç nədən məhrum etmirdi – yeyir-içir, siqaret çəkirdi. Xəstəliyi barədə ona xatırladanda "bəs nə üçün yaşayırıq” deyirdi. Nəticədə o, iki infarkt və insult keçirdi. 1998-ci ildə onun kiçik oğlu avtomobil qəzasında həlak olanda aktyor bir daha özünü ələ ala bilmədi. Morqunov içkiyə qurşandı. Nəticədə 1999-cu ildə 73 yaşında təkrar insultdan vəfat etdi.

  

  Filmi ərsəyə gətirən rejissor da, məşhur aktyorların çoxu da demək olar ki, həyatdan köçüb. Amma bu aktyor ansamblının çəkildiyi film nəsillər üçün yadigar qalıb. Sovet kino tarixində əvəzolunmaz yer alıb. Əbədilik də budur. Necə ki, "Qafqaz əsiri”nin adı çəkiləndə üzlərə təbəssüm, dodaqlara silinməyən gülüş qonur...

 

 

  Rus mətbuatından çevirdi : Təranə Məhərrəmova