Artkaspi.az Ziyadxan Əliyevin tanınmış rəngkar "Məhəmməd Orucovun yaradıcılıq axtarışları haqqında" yazısını təqdim edir:

Üslub və ifadə zənginliyi ilə diqqət çəkən
müasir təsviri sənətimizdə çoxlarına tükənmiş kimi görünən realist-gerçəkçi cərəyanın
bədii şərh "boxçası”na özünəməxsusluq qatmaqla, onun estetik xəritəsini
duyulası dərəcədə genişləndirən az-az rəssamlardan biri də Məhəmməd Orucovdur.
Onun bir-birindən kifayət qədər fərqli janrlarda yaratdığı əsərlərdə qabarıq
görünən, amma ruhən yaxın olan bədii şərhlərin mövcudluğu qarşılığında, həyata
bu cür yanaşmanın mayasında realizmin ifadə genişliyinin qərar tutmasına
şahidlik edə bilərik...
Əgər
onun yaradıcılıq yoluna nəzər salsaq, ötən əsrin səksəninci illərində adını az
qala əlçatmaz görünən sənət zirvəsinin fəthinə çalışanların sırasına qoşan gənc
Məhəmməd Orucovun realizmə rəğbətini gizlətmədiyini, özündən əvvəlkilər və
müasirləri kimi bədii ifadə imkanları nəhayətsiz olan bu cərəyana özünəməxsus
töhfələr vermək istəyini görmək mümkün idi. Amma görünənlərin müqabilində
axtarışlara bələnmiş gəncin seçim etməsi o qədər də asan deyildi. Bəlkə də elə
bu səbəbdən sərgidən-sərgiyə onun həyata bir-birindən fərqli baxışlarını
müşahidə etmək olardı. Özü də başa düşürdü ki, bəlkə də hər şeyin mümkün bədii
vasitələrlə deyilib qurtarıldığı güman edilən rəssamlıqda sənətkar "mən”ni təsdiqləmək
asan olmayacaq. Bununla belə o, hələ də fərqli görünməyə yönəli axtarışlarında
israrlı idi...

İlk
olaraq onu çoxlarının gözündə adiləşən rənglərin Azərbaycan rəngkarlığında
mövcud olan ənənəvi dominant gücünə inamı dəyişdi. O, "ram etdiyi” rənglərin məna-məzmun
daşıyıcısı yükünü qorumaqla, onun cəlbedici gücünü duyulası dərəcədə azaltdı.
Onun "çərçivəli” real sənətin başlıca göstəricisi olan anatomik dəqiqliyə etibarsızlıq
göstərməsi isə o vaxta qədər əldə olunan bədii məziyyətlərə yeni görkəm-bədii
tutum bəxş etdi. Gerçəkliyin bu cür təqdimatı zamanı üçün kifayət qədər
başqalarından fərqli idi. Bu cür yeni biçimli bədii görüntülər bəzi məqamlarda
hətta ayrı-ayrı adamlar üçün qəbul olunan deyildi. Amma belələri sanki "zaman
qatarı”nın onları arxada qoymasından xəbərsiz idilər. Gənc rəssamın tarixin
arxivinə gömülmüş siyasi qılaflı "sosialist realizmi” bədii prinsipinin
buxovundan azad olduğu duyulan bu görüntüləri – bədii təqdimatları həm də artıq
çoxlarını ovsunlaya bilmişdi. Davamlı axtarışlarının nəticəsi olan həyata bu
cür fərqli baxışdakı səmimiliyə də hamı inanmışdı. Əlində onun ətrafında baş
verənlərə, gözümüzdə adiləşən bəlkə də çox sadə süjetlərə başqa cür, yəni,
pafoslu münasibət mümkünsüz idi. Seyrçini ovsunlayan da bu sadəlik və onda həm
də mahiyyətində fəlsəfi yanaşma olan yaradıcı mövqenin mövcudluğu idi. Məkanımızın
ideologiyasızlaşması rəssam duyğularını pərvazlandıran bu prosesdə nə qədər təsiredici
idisə də, təbii ki, başlıca məsələ müəllifin özünün mürəkkəb həyat hadisələrinə
analitik münasibəti ilə yanaşı, bu qəliz yaşantılara sadə, ancaq hamını
düşündürəcək forma-biçim və rəng ovqatı verə bilməsi idi. Yaxşı ki, rəssamın hələ
özünün gəldiyi nəticəyə inamsızlığı dövründə əsərlərinin həm yerli, həm də
xarici sərgilərdə nümayişini sənət xiridarları tərəfindən rəğbətlə qarşılanması
baş verdi. Bütün bunlarsa onda tutduğu yaradıcı yolun düzgünlüyünə inamını möhkəmləndirdi...

Məhəmməd
Orucov hər hansı janr çərçivəsində qalmaqdan çox uzaqdır. Belə ki, o,
duyğularını ifadə edəcək bədii görüntülərin təsiredici mahiyyətini süjetli
tablolar və portret əsərləri ilə yanaşı, çoxlarının önəmli saymadığı mənzərə və
natürmortda da ifadə edə bilir. Onun son
illərdə yaratdığı "Qocalar”, "Çayçı Məmməd”, "Gözləmə”, "Qarpız satan”,
"Muğam”, "Kənddə toy”, "Samovarlar”, "Mis qablar”, "Yaz mənzərəsi”, "Payız” və
s. əsərlərdə dilə gətirdiyimiz müsbət bədii-estetik dəyərləri müşahidə etmək,
sadəliyin fəlsəfəsini duymaq mümkündür.

Məhəmməd
Orucovun çəkdiyi portretlər qalereyasında qadın obrazları üstünlük təşkil edir.
Ancaq bu çoxluqda bədii keyfiyyətin riyazi kəmiyyəti üstələdiyi birmənalıdır.
"Səhər”, "Çılpaq qadın”, "Tənha gözəl” və "Balerina” əsərlərində qadın bədəninin
və gözəlliyinin cazibəsinə düşməmək qeyri-mümkündür.
Rəssamın
bir sıra əsərlərində təsviri sənətdə az rast gəlinən duyulası dərəcədə uzun
üfüqi kompozisiyalara rast gəlinir. Həm "Yeddi gözəl”, "Xor”, "Borçalı motivi”
həm də "Bazar” və "Balıqçılar” əsərlərində müşahidə olunan bu cür bədii şərh
tamaşaçıya obrazların yaşadıqları təzadlı psixoloji anın davamlılığını dümağa
imkan verir. Odur ki, bazar ab-havası, balıqçı həyatı, ağız-ağıza verən
ifaçıların vahid yaradıcılıq ruhuna köklənmələri, yeddi gözəlin "bəhsi”.
Borçalı camaatının qayğıları bu tablolarda ötəri hiss kimi baxılmır, seyrçini
özünün də həyatdan əxz olunan bu süjetlərin çox vaxt iştirakçısı olduğuna da
inandırır.

Rəssamın
çəkdiyi mənzərələrdə onun çoxları kimi təbiətin coşğunluğunun, ekspressiv məqamlarına
"güzgü tutmaq” istəyi yoxdur. Başqa janrlarda tez-tez rast gəlinən təbiilik və
lal sükut bu təbiət motivlərinə də hakimdir. Bilavasitə gördüklərinin, bəzən də
təxəyyülünün nəticəsi olan bu mənzərələrdə avazımış rəng təzadlarından,
işıq-kölgə "qarşıdurmasından” duyğulandırıcı lirik-psixoloji görüntü yaranıb.
Məhəmməd
Orucovun natürmortlarından lap sonda söz açmağımız heç də nə rəssamın, nə də
bizim bu janrı aşağılamaq istəyindən irəli gəlməyib. Etiraf edək ki, onun bu
cansız əşyalara münasibətində istilik, dünənimizlə assosiasiya yaratmaq istəyi
daha güclüdür. Onun bəyaz-şəkəri yerlik fonunda təqdim etdiyi qədim samovarlar,
səhənglər, "otuzluq” lampalar, mis camlar, küpələr həm rənginə, həm də ifadəli
siluetinə görə kifayət qədər cəlbedici və qürurdoğurucudur. Eyni cür rəssam
diqqətini onun çəkdiyi meyvə-tərəvəzlərdə də izləmək olar. Paralanmış nar, kəsilmiş
balqabaq, rahiyə duylan güllər əslində onların cansızlığın unutdurur, tərəvəz və
meyvələrin "həyatının” hələ də davam etdiyini sərgiləyir. Odur ki, bu görüntülərdə
insan təsviri olmasa da onların nəfəsi duyulur, tamaşaçısını həyatın davam
etdiyini gerçəklik kimi qəbul etməyə çağırır...

Bütünlükdə
Məhəmməd Orucovun yaradıcılığını ilhamını naturaya tabe etməməyin ifadəsi hesab
etmək olar. Elə əsərlərində hadisə, motiv, obraz, mənzərə və təbii nemətlərin
çox vaxt hamının gördüyündən bir qədər fərqli, bədii stilizədən keçirilmiş
biçimdə təqdimatı da bundan irəli gəlir. Odur ki, belə bədii görüntülərdə
obyektlə tamaşaçı arasındakı, gerçəkliklə fantaziya arasındakı sədd yoxa çıxmış
kimi görünür, bütün təsvir olunanlar da həyatımızdakıların çox vaxt sadəliyi fəlsəfi
dəyərləndirmədən keçən poetik obrazı kimi qəbul olunur. Gerçəkliyə bu cür bədii
yanaşmanın küll halında müasir Azərbaycan rəngkarlığının yeniləşməkdə olan
ümumi mənzərəsində özünəməxsus yer tutduğunu nəticə kimi dilə gətirsək, əsl həqiqəti
ifadə etmiş olarıq...

Sonda
tanışlıq üçün deyə ki, Məhəmməd Orucov ixtisas təhsilini əvvəlcə Ə.Əzimzadə
adına Azərbaycan Dövlət rəssamlıq məktəbində (1978-1982), sonra isə M.A.Əliyev
adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda (1882-1987) almışdır. 1982-ci
ildən müxtəlif miqyaslı yerli və xarici sərgilərin iştirakçısıdır. Əsərləri
müxtəlif muzeyləri və nüfuzlu şəxsi kolleksiyaları bəzəyir.