Biz imzaları yox, əsərləri dərc edirik...

Saçında bir qutu siqaret ətri...- Bahar Zamanovanın şeirləri
3354
27 Mart 2017, 10:39

 

    artkaspi.az gənc şairə Bahar Zamanovanın şeirlərini təqdim edir:
 
 

Suyum başdan bulanıqmış...


Suyum başdan bulanıqmış,
səndə günah yoxdu ki!
Səni gördüm özgəsiylə,
qəlbim elə qorxdu ki...

Bir də gəlsəm bu dünyaya, 
öldürsələr, sevmərəm.
Əşi, vallah, nağıl idi: 
nə Məcnun var, nə Kərəm!

Zəng çatmayan telefona 
məni urcah eylədin.
Cin çıxmayan o çırağı, 
neyləsin ki, Əlləddin?

Başdan-başa möcüzəsən -
Lə iləhə iləllah
Aşiq olmusanmış mənə: 
Yaxşı görək? De, Vallah!?

Evcik-evcik oynamağa, 
Nə zaman var, nə həvəs. 
Tanrı, sən də çox uzatma,
bu həyatı qısa kəs.

Sən açdığın yaraları
qoparıb duz səpirəm. 
Getdim, yaraşıqlım mənim,
salamatqal, öpürəm!
 
 



Bu kənddə ən gözəl qız
 

Bu kəndə günəş doğdu,
bahargəldi qışına.
Bu kənddə ən gözəl qız,
sənin də daş başına!

Sağ əlini sol əlin
qızdırır neçə ildi...
Elə bil, başqa əllər,
heç gəlmədi xoşuna...

Gözündə böyütdüyün
o oğlan da qocalıb.
İlk öpüşdüyünüz yer
kök salıb yaddaşina...

Uşaqlığın boylanır - 
atan, anan, eviniz... 
o ev, o dağ, o həyət, 
gəldimi qarğışına?

İndi nə itiniz var,
nə qara pişiyiniz. 
Ümidin bircə qalıb 
Tanrının baxışına.

Bu kənddə mağar qurun,
bu kənddə toy çaldırın. 
Anamın öldüyünü
deməyin qardaşıma...

Bir vaxt səndən doymayan
o ağac da kəsilib,
Hamıdan küsüb gedib
sığınıb koğuşuna...

Bu kəndin yolu bağlı,
gedənin gəlməzi var.
Bu kənddən keçən qatar
çatmaz mənzil başına...

Bu kənddə ən gözəl qız,
sənin də daş başına!
Səndən adam olmadı, 
dönürsən baş daşına!.
 

Tanrıya özünü asdıran qadın
 

Bu yoldan illərdi kimsə keçmədi,
bu qapı illərdi açılmır, adam!
Baxma qanad çalır, son uçuşudu,
bu qollar illərdi quculmur, adam!

Unudub Tanrı da onun adını,
atıb gedənləri ata bilmədi.
Bir ömür yaşadı, ömür deyirəm:
ana hiss etmədi, ata bilmədi.

Əvvəl ağlamağı unutdu, sonra,
bir dəli qəhqəhə çəkdi həyata.
Yığdı, yumurladı bütün kinini,
o gecə nəyi var tökdü həyata.

Üzdü ayağını bu yer üzündən,
qanaya-qanaya qanadı oldu.
Yaşamaq nə azad, nə də firavan;
yaşamaq Tanrıya inadı oldu.

İndi sərxoş-sərxoş gecə yarısı,
saçında bir qutu siqaret ətri...
Hündür mərtəbənin boş eyvanında,
yazacaq bu dəfə sonuncu sətri.

Yazacaq son sözü, son şeirini,
sonra da kagızı boğub, atacaq.
Dünyanın ən qəddar anasıdı o,
gündə bir şeiri doğub, atacaq.

İti, pişiyi də tərk edər onu,
dünyanı özündən küsdürən qadın...
Özü xitam verər öz ölümünə,
Tanrıya özünü asdıran qadın!