Biz imzaları yox, əsərləri dərc edirik...

Allah cənnətindən göndərib, bəlkəSabir Rüstəmxanlının həyat yoldaşına həsr etdiyi şeirlər
1075
20 May 2018, 00:16

  Artkaspi.az yeni layihəyə start verib. "Həyat yoldaşına yazılanlar" adlı layihə çərçivəsində şairlərin xanımlarına ünvanladıqları şeirlər yayımlanacaq. Bu dəfə bu gün 72 yaşını qeyd edən şair Sabir Rüstəmxanlının həyat yoldaşı Tənzilə Rüstəmxanlıya həsr etdiyi şeirlərini təqdim edirik:

 

 


 

 

Tənzilənin ad gününə

  

Ad günün mübarək, sevincim, dərdim,

Bu günə ən gözəl duyğumu verdim,

Sevgim gül-çiçəkdir, yoluna sərdim,

Çiçək yaşındasan, yaşını demə


Bəlkə, bahar gəldin, bəlkə, qış gəldin,

Bəlkə, məzarıma soyuq daş gəldin

Nə zaman gəldinsə, mənə xoş gəldin

İstək yaşındasan, yaşını demə!

 

Həsrətim sel idi axını sənə,

Nə qədər nəğməm var, oxunur sənə,

Gülün ləçəyi də toxunar sənə,

Kövrək yaşındasan, yaşını demə!

 

Günəş şəfəqindən endirib, bəlkə,

Məni bəxt atına mindirib, bəlkə,

Allah cənnətindən göndərib, bəlkə,

Mələk yaşındasan, yaşını demə!

 

Qanımı qaynadır səndən hər soraq,

Ruhumu dincəldir bu ev, bu otaq,

Sirrimi oxuyan, dərdimə ortaq,

Kömək yaşındasan, yaşını demə!


Sevgi yaşayırsa, ilin fərqi yox,

Könlüm sənindirsə, dilin fərqi yox,

Sinəmdə, sinəndə, gəlin, fərqi yox,

Ürək yaşındasan, yaşını demə!

 

28 noyabr 1996

 


 

Həyat səs imiş


 

Dut... dut... dut...

Telefonun o başında

Naməlum bir boşluq,

Əlacsız sükut...

Sanki o doğma evdə

Nə hay verən olubmuş,

Nə danışan, nə gülən.

Sanki son anlarımdı

Telefonun səsiylə

Yoxluğuna tökülən.

Ürəyim atlanır lal qaranlığa,

İlk dəfə duyuram

həyat – səs imiş.

İlahi, bir anda itdi hər şeyim,

Səhər də,

axşam da

lap əbəs imiş!

Haraymış,

Fəryadmış

Bu dünya özü,

Mən səsin içində

yaşayırmışam.

İlk dəfə üzümdə ölüm həniri,

Cansız, ruhsuz qalan

gəzəri daşam!

Üstümə yırtıcı dalğalar gəlir,

Sonsuz qaranlıqda

azdı gəmim də.

Ən şirin sözlərim sənə yetmədi,

Çatdıra bilmədim gileyimi də...

Yalvarıb deyərdim:

qaytar o səsi,

Barı yaşamağa həvəsim olsun.

Mənim gileyim də sevgiylə dolu,

"İnsafsız” deməyə bir kəsim olsun...

Dut... dut... dut...

Ölümdən betər bir sükut...

 

 

 


 


 

 

Qaytara bilsəydi

 


Bu musiqi altında,

Arasında qollarının

Ən böyük arzuma yetərək

ölə bilərdim –

qoynunu əvəz edən,

məni bu qollar kimi

quca bilən

üç arşın yer olsaydı.

Dünyanın ən gözəl

dodaqlarından

Eşidərək dünyanın

ən dadlı sözlərini

bir xoşbəxtlik içində

yuma bilərdim gözlərimi –

gözlərinə bənzər bir ulduz

nə vaxtsa baxa bilsəydi

qəbrimə göylərdən...

Bu bal nəfəsinə

qatardım son nəfəsimi –

min il sonra da

keçə bilsəydi üstümdən

ona bənzər bahar nəsimi...

...Gəlsəydi ağılarla

bu musiqinin bir xalı,

Mələklərin sifətində

canlansaydı camalın,

Allahın cənnəti

qaytara bilsəydi

kiçicik bir zərrəsini

bu məhəbbətin –

Yavrum, işığım, ruhum,

bir telinin hənirincə

Xatirəni apara bilsəydim –

ömrün mənası kimi

sevinclə qarşılardım

bu qaçılmaz qədəri.

Birnəfəsə içərdim

ölüm adlı zəhəri.

 


Ölüm də bir işdi


  

Öləcəyəm

bu əlacsız sevgidən –

Nə olsun,

Ölüm də bir işdi.

Ancaq məni ağrıdan,

Ömrünün bu çağında

Ruhunu qırmağımdı.

Bir telinə dəyməyən,

Bir sözünü duymayan

Qansızlar arasında

Səni tək qoymağımdı...

Yoxsa ölümə nə var?!

Ölüm haqqa dönüşdü,

Evdən evə girişdi...

Xırda kəslərdən qopub

İlahiylə görüşdü!.. 


 

Ayrılıq ölüm deyil!

 


 

Ayrılıq ölüm deyil!

On ilin həsrətindən

qayıdıb gəlmək olar.

Küləyin qanadında

bir xəbər bilmək olar.

İnsan əlsiz də qalar,

Sözsüz, dilsiz də qalar,

Yurdsuz, elsiz də qalar

Ayrlıq ölüm deyil!..

Taleyin hər yükünü,

Qorxma, təkbaşına çək!

Ancaq bir gün səsinə

hay verən tapılmasa,

Ölüm yetişib, demək!..

 


Məğlubiyyət

  



Tufanı səngiyib dava-dalaşın,

Gün çıxıb, əriyib dedi-qodular.

Ancaq ayılmayıb hələ də başım,

Evdə də bir gəmi ləngərişi var.


Çox şeyi yerindən oynadıb tufan,

Tapdanan duyğular – əzik gül-çiçək.

Görünür, güzəştə qalmayıb imkan,

Atışma uzanıb son gülləyədək...

 

Dilimdə son sözüm – donmuş bir damla,

Ürəkdə nə sevinc, nə də təntənə.

Vuruşub, dalaşıb əziz adamla

Qələbə çalsan da, məğlubsan yenə!..


Fikri oynadarkən evin görkəmi,

Ağrılar içimdən didərkən məni,

Görürəm, barışıq bayrağı kimi

Tullayıb getmisən ağ köynəyini.


Mən onu qaldırıb tutdum gözümə,

Sızlayan köksümə sıxdım o ki var –

Bəlkə, gülümsəyər mənim üzümə,

Bəlkə, möcüzəylə məni ovudar.

 

Min yol qucaqlayan zərif bədəni,

Min yol nəfəsinin ətrini udan

Sənin əvəzinə oxşayır məni,

Sıxılır davakar məğrurluğundan.

 

Görən, xoşbəxtliyi kim nəylə ölçür?

Ehey, bu savaşdan ayırma məni.

Təki ağ bayraqtək araya bu cür

Tullayıb gedəsən öz köynəyini!


Tez qayıt, mən sənə "dönmə!” desəm də,

Könlüm gülləbatmaz zirehdi sənə.

Qəzəbin önündə yenilməsəm də,

Sevginin önündə məğlubam yenə!..

 

7 iyun 1994

 

 

 

 

 



Orda bir bir qapı var


 

 

Orda bir qapı var

qulaq asmazdım,

gecənin nə vaxtı gəlsəm,

zəngini basmazdım.

Açıq idi qapı,

Arxasında isti qollar,

Ağzımı açıb

söz deməyə qoymayan

öpüşlər.

Tanış ətirli otaq...

sevgisi bol-bol...

Orda bir qapı var,

O vaxtdan unudub bağlanmağı.

Arxasında bir xanım,

Boş qalıbdı qucağı.

"Axır ki, gəldin” sözü

qara-qaysaq bağlayıb

rəngi solan dodaqda.

Yalqızlıq ətri gəlir

nəm bağlayan yataqdan.

Ölüsünə göz yaşı qalmayıb

Diriyə ağlamaqdan...

Mən də öz dünyamda tək

yaşamıram, ölmürəm.

Yolumu kəsənim yox...

Niyə gedə bilmirəm?!

1992

 

 

Bu qadın

 

  

Yarıya bilmədim yer adamından,

Taladı içimi soyğunçu külək.

Bələkə də, Allahın bir bəxşişidi,

Bəxtimə göylərdən gələn bu mələk.


Uçuşda qanadım, dilimdə sözüm,

Döyüşdə silahım, ocaqda közüm,

Bu qadın, ruhuma dolan bu qadın,

Köçümdən yadigar qalan bu qadın...


Yarpaq da saralır, çiçək də solur,

Amma bu baharım hər an təzə-tər.

Sən demə, dünyanın hər səadəti

Sevgidən başlanar, sevgidə bitər.


 

Ərki də şirindi, nazı da belə,

Bu da bir qismətdi, yazıdı belə!

Sirdaşım, yoldaşım olan bu qadın,

Axırda başdaşım olan bu qadın...