Biz imzaları yox, əsərləri dərc edirik...

“Ruth Lilly” mükafatının qalibi açıqlandı
390
19 May 2018, 06:51
 "Şairin paltosu” ("The trouble ball”) şeir toplusu ilə dünya poeziyasına adını və qələmini sübut etmiş Martin Espada "Ruth Lilly” şeir mükafatının builki qalibi olub. Müasir Amerika şeirinin azsaylı nüfuzlu nümayəndələrindən olan Espadanın bu mükafata layiq görülməsi ədəbi cameənin də müsbət rəyini alıb. Qaliblərə birdəfəlik ödənilən 100 min dolların (red. 170 min manat) sadəcə ömürlük uğur qazanmışlara layiq görüldüyünü nəzərə alan münsiflər heyəti mükafatın ən çox Espadanın haqqı olduğu qənaətinə gətirib. 
 
 

  Amerika poeziyasının prestijli mükafatlarından sayılan "Ruth Lilly” hər il yaşayan və ömürlük beynəlxalq uğurlu şair nüfuzu qazanmış ədiblərdən birinə verilir. Martin Espada bu mükafata həm də son illər Amerika poeziyasında yeni imzaların yaranması üçün göstərdiyi təmənnasız dəstəklərə görə layiq görülüb. Martin Espada "Ruth Lilly”yə sahib olan ilk Latın Amerikalı kökündən gələn şairdir. Volt Uitmanın üslubunun açıq-aydın davamçısı kimi çıxış edən Espada "Şimali Amerika şairlərinin Nerudası” adlandırılır. Mükafatı elan edən "Poetry” dərgisinin redaktoru Don Şeyer: "Martin Espadanın yaradıcılığı şeirin əzəməti ilə qanuni mübarizələrin çiyin-çiyinə irəlilədiyi Amerikanın gerçək və yaşanmış keçmişini danışır. Məşhur şair olmadan öncə insan hüquqlarının alovlu müdafiəçisi olmuş Espadanın arzuları, bu ölkənin, dünyanın gələcəyinə dair həssaslığından qaynaqlanır. Onun 30 il bundan əvvəl yazdığı şeirlə bugünümüzlə daha çox səsləşir”.
  Martin Espada isə mükafatla bağlı fikirlərini bölüşərkən bunları deyib: "Ömürlük beynəlxalq uğur mükafatı almaq qəribə hissdir. Biz ədiblər son günə kimi ədəbi ölümsüzlük qazanmaq üçün əlləşirik. İlk dəfədir ki, bir mükafatı alanda bütün ömrümü, keçdiyim çətinlikləri, əlimdən tutanları xatırlayıram və başa düşürəm ki, vəfa borcu ödənmir”. 
  Məlumat üçün bildirək ki, mükafat 1986-cı ildə təsdiq olunub. Mükafatın tərtibatçısı "Poetry” dərgisi və "Poetry Foundation”dır. Mükafatın iyunun 1-də təşkil ediləcək mərasimdə veriləcək.