Biz imzaları yox, əsərləri dərc edirik...

Neft "şahzadə"si
534
14 Avqust 2018, 11:57
  Dünya tarixində ikinci elə bir geoloq yoxdur ki, onun iştirakı ilə bu qədər nəhəng yataqlar tapılsın
   
  "O, "neft şahzadəsi” ola bilərdi. Ancaq bunun əvəzinə o, bütün gücünü, enerjisini ölkənin rifahı naminə verdi. Bu gün Rusiya hazırkı büdcəsi və qızıl valyutası ehtiyatlarına görə ona çox bocludur”. Görkəmli azərbaycanlı geoloq Fərman Salmanov vəfat edəndə Rusiya qəzetləri belə yazırdı. "Sibir kəşfiyyatçısı haqqında əfsanə”, "Əfsanəvi geoloq” və s. başlıqlar altında çap olunan məqalələr demək olar ki, ölkə mediasının gündəmindən düşmürdü. Fərman Salmanov böyük Sibir neftini kəşf etmişdi. Qərbi Sibirdə, o cümlədən perspektivi olmayan regionlarda kəşf edilən yataqlar məhz onun adı ilə bağlı idi. Bu gün də onun adı Sibir torpaqları, xüsusən Surqut sakinləri üçün novator neftçi assosiasiyası doğurur. Dünya tarixində ikinci elə bir geoloq yoxdur ki, onun iştirakı ilə bu qədər nəhəng yataqlar tapılsın. 
 
 
 
 
 

 
   Məktəbli Fərman necə geoloq oldu? 

  Şəmkir rayonunun Morul kəndində yaşayan Salmanovlar ailəsinin 4 uşağı vardı: Fərman, Mais, İlqar və Amur. Azərbaycanlı qız, Amur adına görə babası Süleymana minnətdar idi. Süleyman Salmanov gəncliyində öz mal-qarasının bir hissəsini yerli çinovniklərə verməkdən imtina etmiş və bununla da onların qəzəbinə tuş gəlmişdi. Bu, itaətsizliyi ona baha başa gəlmişdi. 1888-ci ildə onu 20 illiyə Sibirə, daha sonra Uzaq Şərqə sürgün etmişdilər. Sürgün vaxtı Süleyman rus-yapon müharibəsində iştirakına görə mükafatlar almışdı. Buna görə, həbsdən vaxtından əvvəl azad edilmişdi. O, Vətənə Sibirli həyat yoldaşı Olqa ilə qayıtdı. Süleyman Sibiri sevirdi və bu haqda nəvələrinə çox danışırdı. Nəvəsini də Sibir çayının şərəfinə Amur adlandırdı. Sonradan Amur və qardaşı İlqar linqvist oldular. Evin ortancıl oğlu Mais gözəl səsi ilə ürəkləri fəth edən müğənni, Azərbaycanın Əməkdar artisti kimi tanındı. Evin böyük oğlu Fərman isə geoloq olaraq, babasının xatirələrinin təsiri altında ömrünü Sibirlə bağladı. 
  1946-cı ildə SSRİ Ali Sovetinə deputat seçkiləri zamanı namizədlərlə görüş keçirilərkən N.K.Baybakov Şəmkirdə yerli insanlarla görüşə gəlir. 8-ci sinif şagirdi Fərmana, məşhur neftçiyə şəmkirlilərin arzusuna çatdırmaq tapşırılır. O, Baybakova cəsarətlə bildirir ki, kənd yollarının asfaltlanması, elektrik xətlərinin çəkilməsi, məktəbin təmiri lazımdır. Yeniyetmənin cəsarəti Baybakovun xoşuna gəlir. O, məktəbli ilə söhbət edir və öyrənir ki, Fərman Neft İnstitutuna daxil olmaq istəyir. "Sən düzgün seçim edibsən, əgər sənə mənim köməyim lazım olsa, hazıram” deyir. 
  Orta məktəbi bitirdikdən sonra Fərman iki il Şirvan geoloji ekspedisiyasında kollektor işləyir. 1949-cu ildə isə Azərbaycan Sənaye İnstitutuna mühəndis-geoloq, neftçi ixtisası üzrə daxil olur. Təhsil illərində ona üç dəfə Sibirdə geoloji təcrübə keçmək qismət olur. 
 
 
 
 

  
  "Mən nefti tapdım”

  İnstitutu bitirəndən sonra Baybakovun tövsiyəsi ilə o, Novosibirskə yollanır. Sibirli həmkarları ilə Kuzbasda neft və qaz axtarışlarında iştirak edir. Fərman tədricən ekspedisiyanın rəhbəri vəzifəsinə yüksəlir. Gənc geoloqun elmə böyük marağı yaranır. Onu geologiyanın bütün sahələri maraqlandırırdı. 1954-cü ildə RSFSR geologiya naziri S.V.Qoryunov Qərbi Sibirə gəlir. Salmanov öz optimizmi ilə Tümen torpağının zəngin sərvətlərindən danışarkən nazir onun sözünü sərt şəkildə kəsib "bəsdir xəyala qapıldın" deyir. Ancaq 50-ci illərin ortalarında sovet alimləri Fərman Salmanovun söylədiklərinin heç də xəyal olmadığını sübut etdilər. Hansı ki, Fərman Salmanov bir neçə dəfə Kuzbas, Surqut və Laryakda ciddi neft və qaz axtarışları aparmağı məsləhət görmüşdü. Nəhayət, 1958-ci ildə Kuzbas və Surqutda ekspedisiyaların axtarış aparması ilə bağlı qərar qəbul edildi. "Əvvəlcə mənə o qədər də güvənmədilər. Hətta, vəzifədən götürmək istədilər. Sonda işimdə qalmağıma razılıq verdilər. Hətta həyat yoldaşım və uşaqlarımla vağzalda daldalandığım günlər oldu. 1961-ci il martın 21-də – Novruz bayramında Meqiyon kəndində neft fontan vurdu. Mən sevincimdən tullandım və qışqırdım: "Biz qalib gəldik”. Təcili ölkə başçısı Xruşşova bir qədər xuliqansayağı teleqram vurdum. Teleqramda "Mən nefti tapdım. Salmanov” yazdım. İlk yatağın kəşfi uğurlu oldu. Bu, həm də mənə inanmayanların və mane olmaq istəyənlərin üzərində qələbəm idi”.  
  Bu hadisədən sonra məlum olur ki, ölkədə yeni və  nəhəng neft-qaz yataqları var. Növbəti il Salmanov Ust-Bakskiy neft kəşfiyyatı ekspedisiyasının baş geoloqu təyin edilir. Bir neçə il sonra isə o, əfsanəvi Pravdin neft kəşfiyyatı ekspedisiyasının rəhbəri vəzifəsinə irəli çəkilir. Həmin müddətdə Fərman Salmanovun rəhbərlik etdiyi ekspedisiyalar 15-dən artıq neft və qaz yatağını kəşf edirlər. Pravdinsk rayonuna geoloqlar Qornopravdinsk adını verirlər. Bu rayonun çiçəklənməsinə Salmanov bütün həyat təcrübəsini həsr etmişdi. Oradakı evlər oyuncaq kimi idi: qırmızı, müxtəlif rəngli. Ağacları saxlamağa müvəffəq olmuşdular. Bütün qəsəbə çiçəklərlə bəzənmişdi. Yerli adamlar "Çiçəkləri qırmaq haqqında düşünmə, Salmanov özü sizinlə haqq-hesab çəkər” deyərək zarafat edirdilər. Şimal üçün nadir hal olsa da, qəsəbənin mağaza və yeməkxanalarında həmişə təzə meyvə-tərəvəz olurdu. Burada uşaq bağçası, zoopark, telemərkəz tikilmişdi. Hələlik kosmik televiziya əlaqəsi mümkün deyildi, televiziyadan isə ümumiyyətlə, danışmağa dəyməzdi. Ancaq Salmanov televiziya vışkasını qurmaq üçün lazımi avadanlıqları aldı. Həftədə iki dəfə vertolyot Sverdlovska uçur və yeni proqramların lent yazısını gətirirdi. Bu, Sibirdə ilk neft kəşfiyyatı ekspedisiyası idi ki, evlərdə televiziya yarandı. Qornopravdinsk böyük geoloji görüşlərin mərkəzinə çevrildi. Əyalətdə dövlət rəhbərləri, görkəmli alimlər, kosmonavtlar, məşhur artistlər yığışırdı. Şəhər əhalisi yaşadıqları rahat həyata görə, məhz Salmanova minnətdar idi.
  Təcrübə və istedadı, həmçinin istehsal təşkilatçılığına güvənərək, Salmanov elmi potensialını da üzə çıxardı. 60-cı illərin ortalarında o, yeni nəhəng neft-qaz əyalətləri haqqında məqalələr çap etdirirdi. 1968-ci ildə namizədlik dissertasiyası, 4 ildən sonra isə doktorluq işi müdafiə etdi. 
 
 
 
 
 

  1970-ci ildə Salmanovun Qornopravjinski həyatı bitir. O, Tümenə göndərilərək Tümen geoloji idarəsinin neft və qaz üzrə baş geoloqu təyin edilir. Bu vilayətdə isə onlarla yataqların kəşfi məhz Salmanovun adı ilə bağlı oldu. 
Qərbi Sibirdə işlədiyi 30 il ərzində o, 130-dan çox qara qızıl və mavi qaz yatağının kəşfinə imza atdı. O, dağılmış yollardan, ölü torpaqlardan şəhər qurdu. 
  O zaman Surqut neftinin olmasına çoxları inanmırdı. Salmanov nəzəriyyəsinin əleyhdarları bu rayonun neft potensialına skeptik yanaşırdılar. Amma o, məqsədindən dönmürdü. Rəhbərlik əraziyə vəsait sərf etmək istəmir, axtarışları Kuzbasın başqa ərazisində həyata keçirməyi təklif edirdi. Ancaq Salmanovun inadkar cənublu xarakteri özünü göstərir. Bir neçə ailə Surqutda qalmağa razı olur. Onun  inadkarlığı çoxlarını heyrətləndirir. O, hətta bu xüsusiyyətinə görə, işini itirə və məhkəməyə verilə bilərdi. Ancaq Ali Sovetin deputatının Sibirə gəlişi və Salmanovu dəstəkləməsi geoloqu xilas edir.
  1987-ci ildə F.K.Salmanov Moskvaya göndərilərək SSRİ geologiya nazirinin birinci müavini vəzifəsinə təyin olunur. Son onilliklər ərzində o, Rusiyanın neft və qaz kompleksinin vəziyyətini araşdırmaqla məşğul olur. Bu istiqamətdə yazdığı elmi araşdırmaları, daha çox böhrandan çıxış yolları axtarmağa həsr olunurdu. 
  1992-ci ilə qədər bu postu tutan Salmanovun zəngin təcrübəsi, ayrı-ayrı regionların geoloji quruluşunu bilməsi ölkənin neft-qaz kompleksinin inkişafında böyük rol oynadı. Ancaq ömrünün son illərində Salmanov tez-tez "Tümendən Moskvaya gəlməkdə həyatımın ən böyük səhvini etdim” deyirdi.
 
 
 
 

 
  Sadə və zəhmətkeş insan...

  Çalışdığı rayonların əhalisi onu sadə insan kimi xatırlayır: "Onun üçün rütbə və titullar əhəmiyyətli deyildi. O, Qərbi Sibir neftinə inanırdı. O, öz məqsədlərinə doğru getməyi, işinə qarşı inadkarlığı sevir, zəhmətsevərliyi qiymətləndirirdi. Emosional, prinsipial idi, riskə getməyi xoşlayırdı. O, hətta özünə rəqiblər də qazanmışdı. Onun töhmət verdiyi çoxlu insanlar vardı” deyə indi də xatırlayırlar. 
  Bəziləri hesab edirdi ki, o, xoşbəxt ulduz altında doğulub. Ancaq onunla birgə işləyənlər Salmanovun hər şeyi əməksevərliyi hesabına qazandığını deyirdilər: "Məhz bu xüsusiyyəti onun böyük kəşflərində rol oynayıb”.  Özü isə "Mən  siyasətçiyəm" adlı kitabında belə yazırdı: "Bütün həyatım boyu insanlara, daha yaxşı, varlı, layiqli, yaşamalarına, müstəqil düşünmələrinə və təkcə çörək xətrinə yaşamamalarına kömək etməyə çalışmışam. Bu istiqamətdə hər bir addım mənə çətin başa gəlib, ancaq mən seçilmiş yolda vurnuxaraq, çətinliklərlə vuruşaraq irəliləmişəm. Çünki öz həqiqətimi bilmişəm, insanlara köməyimi hiss etmişəm". adlı kitabında yazır. Görkəmli geoloqun bu kitabı onun 70 illiyinə həsr olunmuşdu. Ancaq o, artıq ağır xəstə idi. Kitab isə çox işıqlı və optimist alınmışdı. 
  Fərman Salmanov öz vəsiyyətinə əsasən Moskvanın Vaqankova qəbiristanlığında, oğlunun məzarı yanında dəfn edilib. 90 illik yubileyi qeyd edilən, sinəsini əmək medallarından savayı Azərbaycanın da "Şöhrət” ordeni bəzəyən geoloqun adı isə tarixin səhifələrinə qurucu, kəşfiyyatçı və zəhmətkeş neftçi kimi əbədi yazılıb.
 
  Təranə Məhərrəmova