Biz imzaları yox, əsərləri dərc edirik...

Sergey Yesenin haqda – SORĞU
774
21 Sentyabr 2018, 08:46
 Bu il Rusiya ədəbi ictimaiyyəti Sergey Yeseninin 120 illik yubileyini təntənə ilə qeyd edəcək. Böyük rus şairinin həyatının qısa bir dövrü Azərbaycanla bağlıdır. Bir sıra tədqiqatçılar həmin dövrü şairin yaradıcılığının məhsuldar dövrü adlandırsalar da, bəziləri sadəcə, adi şair həyatı kimi yanaşırlar. Hətta onun həyatının Bakı dövrünə tənqidi yanaşanlar da var.
 
 
 
 Birmənalı olmayan fikirlərə baxmayaraq, ölkəmizdə Yesenini yaxşı tanıyır, onun poeziyasını sevirlər. Azərbaycan şairləri müxtəlif vaxtlarda Sergey Yeseninə şeirlər həsr ediblər, həmçinin onun poeziya nümunələrini dilimizə çeviriblər. Yesenin Bakıya sevgisini məşhur "Əlvida, Bakı” şeirində ifadə edib. Təkcə bu şeir dilimizə 12 müəllif tərəfindən tərcümə edilib. Ümumilikdə Yeseninin şeirləri dünyanın 50-dən çox dilinə tərcümə edilib. Tərcüməçi kimi Azərbaycanda ilk dəfə Yesenin yaradıcılığına Süleyman Rüstəm müraciət edib. Daha sonra Ələkbər Ziyatay, İsmayıl Soltan, Rəfiq Zəka, Əhməd Cəmil, Fikrət Qoca, Nüsrət Kəsəmənli, Tofiq Bayram, Firuz Mustafa,  Eyvaz Borçalı – ümumilikdə 28 tərçüməçi  müxtəlif vaxtlarda öz qələmlərini Yeseninin şeirlərinin Azərbaycancaya tərcüməsi üzərində sınayıb və ümumilikdə şairin 121 əsərini Azərbaycan dilinə çeviriblər. Yeseninin "İran nəğmələri”ni ("Персидские мотивы”) bütövlükdə Azərbaycan dilinə ilk dəfə tərcümə edən şair Əliağa Kürçaylı olub.
 "Kaspi” ölkəmizdə şairin yaradıcılığına bugünkü münasibəti araşdırarkən maraqlı nüanslar üzə çıxarıb.
 
 

 
 Bizim ədəbiyyata təsiri olmayıb
 Xalq şairi Fikrət Qoca Yesenin yaradıcılığını şairin poeziyasındakı səmimiyyətə görə sevdiyini deyir: "Onun yaradıcılığı başdan-ayağa səmimiyyətdir. Şairin həyatı və ölümü müəmmadır. Ona görə onun qələmindən çıxanlar birbaşa ürəyə yönəlir". Yeseninin yaradıcılığının məhsuldar dövrünün Azərbaycanla bağlı olması fikirlərinə gəlincə, Xalq şairi hesab edir ki, bu cür yanaşma doğru deyil: "Yesenin sadəcə, Azərbaycana gəlib. Bura gələndə də cavan oğlan idi. Deyilənə görə, o, İrana getməliyimiş, ancaq onu Mərdəkana aparıblar. O da bir müddət buradakı məşhur bağda qalıb. Onun başını qatması, yeyib-içməsi üçün "Bakinskiy raboçiy" qəzetinin əməkdaşı da onu müşayiət edib”. F.Qoca bildirir ki, Yesenin Bakıda olarkən gözəl bir silsilə yaradıb: "Ümumiyyətlə, Azərbaycana gələn şairlərin hamısının ölkəmizə həsr etdikləri şeirlər var. Puşkinin dənizlə bağlı iki şeiri var – birini dənizi görməmişdən əvvəl, birini isə görəndən sonra yazıb. Dənizi görmədən yazdığı şeir dəniz haqqında yazılan ən gözəl şeirdir. Yesenin də İrana getməyib, ancaq oradakı çadralı qadını xəyalında yaradıb. Ümumiyyətlə, şairlik xəyali yaradıcılıqdır. O, çiçəyi təsvir etsə, başqa cür görünər, ancaq çiçəyin haqqında danışıb xəyalında yaradır – onda çiçək daha gözəl olur". Xalq şairinin fikrincə, Yesenin poeziyasının özündən sonra gələn Azərbaycan şairlərinin yaradıcılığına heç bir təsiri olmayıb: "Mənə elə gəlir ki, xüsusilə Yeseninin bizim ədəbiyyata təsiri olmayıb. O, sadəcə, kifayət qədər səmimi şair olub. O dövrdə rus dilini bilənlər Azərbaycanda barmaqla sayılan qədər idi. Onun təsiri necə ola bilərdi? Şairin müəllimi olmur. Şair ya özü şair kimi doğulur, ya da ümumiyyətlə, şair olmur”. F.Qocanın sözlərinə görə,  Əliağa Kürçaylı Yeseninin şeirlərini tərcümə edib: "Ancaq Yeseninin Əliağa Kürçaylının yaradıcılığına təsiri olmayıb. Azərbaycan xalqının özü kifayət qədər gözəl şairlər yetişdirib". 
 
 
 
 Yeseninin xoşbəxtliyi
 "Sergey Yesenin elə bir şairdir ki, onun adı çəkiləndə insanın üzünə eyni zamanda iki quş qonur – həm təbəssüm yaranır, həm də kədər" - deyən "Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəs hesab edir ki, Sergey Yeseninin şeirləri səmimiliyi ilə fərqlənir: "Bəlkə də onun şeirləri həddindən artıq sadəlövhdür. Bir şairin bu qədər sadəlövh, bu qədər səmimi, bu qədər işıqlı olması insana bir az da qəribə gəlir. Onun yaradıcılığı hətta kədərlidir – dünyasını dəyişməyi, həyat tərzi də, aldanışları da kədərlidir. Onun Azərbaycana gəlməsi, İran qızlarına şeir ithaf etməsi – hamısı Yeseninin həyatına xas tərcümeyi-haldır. Mən bu cür aldanışa rast gəlməmişəm. Mən onu sadəlövhlüyünə görə fərd olaraq Don Kixota bənzədirəm. Yəni bu qədər aldanmağı bacarıb. Bəlkə o özü aldanmağa meyilli olub. Bəlkə o, İranda olmadığını da bilib. Bəlkə həyatının təkcə sevgidən, təkcə lirikadan ibarət olmadığını da bilib, sadəcə, bu, onun taleyidir". Baş redaktor Yesenini xoşbəxt şair adlandırır. Belə ki, o, bugünkü Rusiyada da şair kultu yaşayır: "Yeseninin qəbri üzərinə gəlib özünü öldürən qız olub. Düzdür, bəzən informasiyanı şişirdib onun qəbri üzərində özünü öldürən yüzlərlə qız olduğunu bildirirlər, ancaq konkret olaraq bir qızın özünü öldürdüyünə inanıram. Əgər bir qız şairin qəbri üzərinə gedib özünü öldürürsə, bu, həmin qızın bədbəxtliyi də olsa, bəlkə də şairin xoşbəxtliyidir. Bəlkə də o, yaşadığı real həyatda nail olmadıqlarına dünyasını dəyişəndən sonra nail oldu. Yəni dünyasını dəyişəndən sonra daha çox sevgi qazandı”. Yazar Yeseninin şeirlərinin dilimizə çox gözəl tərcümə olunduğunu bildirir: "Mənə elə gəlir ki, onun şeirləri hələ uzun müddət Rusiyada və tərcümə olunduğu məkanlarda onu sevənlərin dilindən düşməyəcək". Q.Ağsəs Yeseninin qaldığı, Mərdəkan dendrarisində olan və hazırda muzeyə çevrilən evə baş çəkməyin ona qismət olmadığını bildirir: "Adətən mətbuat işçilərinin bu cür məkanlara daxil olması üçün icazə olur. Mən bir neçə dəfə həmin bağda olsam da, ora daxil olmaq mənə müyəssər olmayıb. Bəlkə də bu, bir rəmzdir. Bəlkə də Yesenin öz evinə başqa bir şairin, qələm adamının daxil olmasını istəməyib: "Çağdaş Rusiyada şairə ehtiram yenə qalır. Bu yaxınlarda Moskvada olarkən Puşkinin ev muzeyini ziyarət etdim. Puşkin həmin evdə ailə qurandan sonra bir neçə ay kirayədə qalıb. 30 manat ödədiyi kirayə pulunu isə borc edib. Bunları danışan bələdçi qadının üzündə utanc və əzab hissi vardı. Demək, bu yaşarı, əbədi poeziyanın izləri idi. İxtiyar yaşında olan bələdçi qadın 200 il bundan əvvəl yaşamış rus şairinin həyat tərzinə görə utanırdı. Bu gün Rusiyada "Niyə onun taleyi gətirmədi" - deyə Yeseninə görə utananlar da var”. Q.Agsəs vaxtilə İsa İsmayılzadənin Yesenin haqqında yazdığı yazıya qoyduğu başlığa - "Rus poeziyasının ağcaqayını" adına məmnuniyyətlə həmmüəlliflik etmək istədiyini bildirir. 
 

 
 Yeseninin dili mürəkkəbdir
 Nasir-tərcüməçiNəriman Əbdülrəhmanlı Sergey Yesenini rus poeziyasının ən işıqlı simalarından biri hesab edir: "Mən onun lirikasını oxucu kimi çox sevirəm. Şairin Bakı səfəri ilə bağlı, şəhərimizə həsr etdiyi şeirləri xüsusən maraqlıdır. Onun şeirləri dəfələrlə Azərbaycan dilinə tərcümə olunub. Yeseninin poeziyası yüksək səviyyəli poeziyadır". N.Əbdülrəhmanlının sözlərinə görə, Yeseninin Azərbaycan dilinə tərcümə olunan kifayət qədər şeiri var. Həmçinin onun yaradıcılığı ölkəmizdə tədqiq olunub, dissertasiyalar yazılıb, o cümlədən şeirlərindən ibarət bircildlik nəşr edilib: "Biz qəzetimizdə onun bir şeirinin 7 tərcüməsini vermişik. Onun şeirlərini çox məşhur tərcüməçilər çeviriblər. Yesenin həmişə öz fırtınalı həyatı ilə maraq doğurub. Mən elə bilirəm ki, ədəbiyyatla az-çox əlaqəli adamların hamısı Sergey Yeseninin yaradıcılığından nəsə oxuyublar və onu dəyərləndirirlər". 
 

 
 Sergey Yeseninin poeziyasından tərcümələr edən yazıçıFiruz Mustafa qeyd edir ki, şairin yaradıcılığını sevdiyi üçün ona müraciət edib: "Sergey Yesenin rus poeziyasının böyük şairidir. O, rus həyatını, xüsusən rus adamının taleyini olduğu kimi yazıb". Yazıçı Yesenin yaradıcılığının Azərbaycan şairlərinin yaradıcılığına xüsusi təsiri olduğunu düşünmür: "Bütövlükdə rus ədəbiyyatının Azərbaycan ədəbiyyatına təsiri qaçılmazdır. Konkret olaraq Yeseninin hansı şairə təsiri olduğunu söyləmək isə bir qədər çətindir". F.Mustafa şairin Bakıda yazdığı şeirlərinin bir qismini, vətəni Ryazan haqqındakı şeirləri, İran motivlərindən ibarət şeirlərini tərcümə edib: "Bu o demək deyil ki, onun dili mənimçün asan olub. Əksinə, Yeseninin dili mürəkkəbdir. Zahirən o, kiməsə asan görünə bilər. Çünki geniş oxucu kütləsi onun yaradıcılığını sevir. Ədəbiyyat geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanırsa, bu o demək deyil ki, asandır. Bu, sadəcə, insanların qəlbinə yol tapan ədəbiyyat olur. Rusiyada da 3 belə şair varsa, onlardan biri Yesenindir". 
 
 
 
 Poeziya nümunəsi
 Gənc şair Aqşin Yenisey hesab edir ki, Yeseninin yazdıqları bir yana, onun təkcə həyatının özü bir poeziya nümunəsidir: "Ədəbiyyatda "həyat və yaradıcılıq” deyilən bir bütünlük anlayışı var ki, bu bütünlüyü çox az sayda şairə, yazıçıya aid etmək olar. Adətən əksər yaradıcı adamlar yaradıcılığı gündəlik həyatlarından ayrı tutmağı sevirlər, ona bir iş, peşə kimi yanaşırlar. Xüsusilə poeziyanın arxasında həyat yoxdursa, onun zamana qarşı immuniteti zəif olur, inandırıcılığı, səmimiliyi qondarma təsir bağışlayır. Yesenin həyat və yaradıcılıq bütünlüyü məsələsində bənzərsiz şairdir. Ondan təkcə necə yazmaq yox, şair kimi necə yaşamağı da öyrənmək lazımdır”. 
 A.Yeniseyə görə, Yeseninin poeziyasında ən çox diqqət çəkən məqamlardan biri də odur ki, o, xalis, qatqısız rus ruhunun təcəssümüdür: "Çox təəssüf ki, bizim yazarlar dünya ədəbiyyatını məktəb əlaçısı iddiası ilə mənimsəyirlər, yəni yaşamağı öyrənmək heç kimi maraqlandırmır, ona görə də ədəbiyyatımız yaşanmamış hisslər, uydurma əhvalatlarla doludur. Yeseninin şeirlərini oxuyanda hiss edirəm ki, bu şair yazanda, Nazim Hikmət demiş, dünyanı unudub yazıb. Poeziya özü-özlüyündə yadda saxlamamalı və yada salmamalıdır. O, yalnız özü olmalıdr. Yesenin kimi”.
 
 Hazırladı: Təranə Məhərrəmova