Biz imzaları yox, əsərləri dərc edirik...

Ruhların görüşü – Ziyadxan Əliyev yazır
1180
22 İyun 2018, 13:07
 Artkaspi.az Ziyadxan Əliyevin Əli bəy Hüseynzadə və övladlarının yaradıcılığı haqqında "Ruhların görüşü" adlı məqaləsini təqdim edir:

 İstanbulda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd olunması çərçivəsində Türkiyədə yaşayan azərbaycanlı rəssamların sərgisinin təşkil olunması tarixi hadisəyə çevrildi. Bunu şərtləndirən başlıca səbəb bu sərginin ekspozisiyasında məşhur Azərbaycan ziyalısı Əli bəy Hüseynzadənin (1864-1940) və onun rəssam oğlu Məhəmmədsəlim (1915-1993) və qızı Feyzavərin (1920) əsərlərinin bir araya gəlməsi olmuşdur. Ata dünyasını dəyişəndə oğlunun 25, qızının isə 20 yaşı vardı.
 
 
 
 Sağlığında rəssamlığa bir qədər hobbi kimi yanaşan Əli bəy, oğul-qızının rəssamlıq sahəsindəki işlərindən xəbərdar olsa da, hansısa sərgidə birlikdə əsərlərini nümayiş etdirməyi düşünməmişdi. Amma içində gəzdirdiyi gözəllik duyumunu vaxtaşırı müxtəlif janrlı əsərlərində ifadə etməklə ruhuna rahatlıq bəxş etdiyindən və gələcəkdə övladlarının bu peşəni davam etdirə biləcəklərinə inamından o qədər də rahatsız da deyildi. Təəssüf ki, atalarının vəfatından sonra Məhəmmədsəlim də, Feyzavər də Hüseynzadələrin bədii irsini Türkiyədə bir araya gətirməyi düşünməmişdilər. Onlardan fərqli olaraq Azərbaycanda bu barədə düşünənlər az da olsa vardı. 1989-cu ildə Bakıda Azərbaycan mühacirət rəssamlığına həsr olunmuş "Əzizim Vətən yaxşı...” adlı sərginin təşkilatçıları nə qədər çalışsalar da, həmin sərginin ekspozisiyasına yalnız ata və oğulun əsərlərini daxil edə bilmişdilər. O vaxtlar Türkiyə ilə əlaqələrin çətinliyi, Feyzavər xanımla əlaqələrin qurulmaması buna mane olmuşdu. Odur ki, 29 il sonra İstanbul sərgisinin hazırlığı prosesində onun təşkilində əvəzsiz xidmətləri olan Əməkdar rəssam, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü Teymur Rzayev hamının həsrətində olduğu bu mənəvi görüşün baş tutmasını da nəzərə almışdı. Həmin sərginin açılışı zamanı bu sətirlərin müəllifinin Hüseynzadələr ruhunun "görşü”nü xüsusi vurğulamaqla, onun Azərbaycanda da baş tutmasını icrası o qədər çətin olmayan bir arzu kimi dilə gətirmişdi...
 Məlumat üçün deyək ki, Əli bəyin və övladlarının rəssamlığa gəlişi müxtəlif cür olmuşdur. Onun özünün – Qafqaz şeyxülislamı olan Əhməd Salyaninin qız nəvəsinin Tiflisdə oxuduğu vaxtlarda rəssamlığa meyl göstərməsinin adi hal kimi qarşılanması da təsdiqləyir ki, dinin təsvirə qadağa qoyması barəsində deyilənlər mənasız fikirlərdir. Əli bəy Tiflis gimnaziyasının məzunu kimi hətta Peterburq Rəssamlıq Akademiyasına daxil olmaq arzusunda olsa da, son məqamda fikrini dəyişərək Peterburq Universitetində təhsil almağa üstünlük vermişdi. Sonradan təhsilini Türkiyədə davam etdirmiş, Azərbaycana qayıtdıqdan bir müddət sonra yenidən Türkiyə qayıtmağa qərar vermişdi. 1910-cu ildən İstanbulda yaşayan üçrəngli bayrağımızın ideya müəllifi ömrünün axırına kimi (1926-cı ildə Bakıda keçirilən I Türkoloji qurultayda iştirak etmişdi) vətənə dönməmişdi. Əli bəy Hüseynzadənin Türkiyədə gerçəkləşən bədii yaradıcılığı kifayət qədər zəngindir. Keçən ilə kimi Azərbaycanda onun cəmisi üç əsəri vardı, qalanları İstanbulda yaxınlarında idi. Onun Bakıdakı Milli İncəsənət Muzeyində qorunan iki əsərindən birində babası Əhməd Salyani təsvir olunub. Portret 1900-cu ildə Türkiyədə yağlı boya ilə çəkilib. Digər lövhə isə görkəmi ancaq yaşlı nəslin xatirəsində yaşayan məşhur Bibiheybət məscidinə həsr olunub. Əsər təxminən 1905-1907-ci illərdə işlənib. Otuzuncu illərdə insafsızcasına dağıdılmış məscidin real təsvirinin bizə gəlib çatması maarifpərvər milyonçumuz Hacı Zeynalabdin Tağıyevin uzaqgörənliyi sayəsində olmuşdur. Deyilənə görə, Bakıdakı ingilis konsulunun mənzərəni alıb Londona göndərmək istəyini eşidən Hacı pul verib "Qədim məscidimizin şəkli öz şəhərimizdə qalmalıdır” deyib. Beləliklə, əsər Azərbaycanda qalıb və hazırda bu tablo da incəsənət muzeyində göstərilir. 
 

 
 Onun üçüncü qrafik əsərində isə ağbirçək qadınla kiçik yaşlı qız uşağı təsvir olunub. Bu əsər Ə.Hüseynzadənin doğma Azərbaycanı həmişəlik tərk etdiyi 1910-cu ildə Salyanda çəkilib. Yüksək professionallıqla karandaşla çəkilmiş bu qrafik lövhədə Əhməd Salyaninin həyat yoldaşı Hüsniyyə xanımın xalası qızı, 75 yaşlı Nisə nənə və Əli bəyin qardaşı İsmayıl bəyin 11 yaşlı qızı Böyükxanım bədii görkəm alıb. Hazırda əsər görkəmli mənzərə ustası Səttar Bəhlulzadənin bacısı oğlunun ailə kolleksiyasında saxlanılmaqdadır...
 Rəssamın Türkiyədə yaşayan qızında qalan əsərlərin arasında "Atatürkün portreti” (1930), "Şeyx Şamilin portreti” (1916) və s. əsərləri bədii tutumunun kamilliyinə görə diqqət çəkir. Ötən il qızı Feyzavər atasının bütün irsini, o cümlədən də təsviri sənət əsərlərini Bakıdakı Azərbaycan İstiqlal Muzeyinə bağışlamışdır. Əli bəy Hüseynzadə ötən yüzilliyin ilk illərində yaratdığı bu əsərləri ilə özünün XX əsr Azərbaycan rəngkarlığının banisi olduğunu təsdiqləmişdir. Əlavə edək ki, o, 1908-ci ildə "Leyli və Məcnun” operasının tərtibatını verməklə, Azərbaycanın ilk teatr rəssamı olduğunu təsdiqləmişdir... 
 Əli bəy Hüseynzadənin yeganə oğlu Məhəmmədsəlim Turan (1915-1993) ömrünün çoxunu Parisdə keçirib. İxtisas təhsilini Türkiyə Rəssamlıq Akademiyasında (1935-1938) alıb və 1939-1947-ci illərdə Türkiyənin müxtəlif bölgələrində müəllimlik etmişdi. Çəkdiyi tabloya görə 1941-ci ildə Ankarada təşkil olunmuş sərgidə birinci mükafata layiq görülmüşdür. Sonralar Avropanın müxtəlif ölkələrini gəzmiş, ayrı-ayrı rəssamlıq meylləri ilə yaxından tanış olmuşdur. rəssamın yarım əsrdən çox bir dövrü əhatə edən yaradıcılığı axtarışlarla zəngin olub. Mövcud rəssamlıq üslublarında və meyllərində özünü sınayıb, maraqlı əsərlər yaradıb. O, sənət aləmində ovqat daşıyıcılıq qrafik lövhələrin, divar rəsmlərinin, orijinal biçimli heykəllərin müəllifi kimi tanınır. Bu əsərlərin çoxu dünyanın müxtəlif muzeylərində saxlanılır. Bordo və Sarbonna universitetlərini bəzəyən divar rəsmlərində onun monumental duyumu, sənətlərin sintezi probleminə bələdçiliyi hiss olunur. 
 Onun yaradıcılığını işlətdiyi rənglərə görə müxtəlif dövrlərə bölmək olar. Bu bölgüdə ağ-qara rənglərin "hökmranlıq” etdiyi mərhələ xüsusilə seçilir. Rəssamın qənaətincə, bu rənglərin qarşılaşması kədərlə sevincin, ümidsizliklə işıqlı arzuların mübarizəsidir. Onun əsərlərinin rəng həllinə diqqət yetirdikdə əmin olursan ki, ancaq ilk baxışda yaşıl da, qırmızı da, sarı da, göy də gördüyümüz kimidir. Çünki, rəssam onların "qanına” qaralığı, bozluğu elə hopdurub ki, istər-istəməz rənglərin kədər yükü ilə qalandığına şübhə qalmır. 
 M.Turanın yaradıcılığında portret janrı xüsusi yer tutur. Özündə otuza qədər müxtəlif yaşlı, müxtəlif taleli adamların obrazlarını birləşdirən "Qəriblər” silsiləsində onun insan psixologiyasına bələdçiliyi duyulur. Onun təxəyyülü sayəsində yaratdığı şair M.P.Vaqifin portreti bədii şərhinə görə maraq doğurur. Sovet dönəmində Parisdə Azərbaycan incəsənət ustalarının uğurlu çıxışı rəssamın yaddaşında dərin iz buraxıb. Tamaşa etdiyi hər bir musiqi nömrəsi bəlkə də ömrünün üstünə neçə aylar, illər əlavə edib. Onun bəyaz koloritli "Rəqqasə” ("Zitta Babazadənin portreti”) əsəri də həmvətənləri ilə görüşdən bir xatirədir.
 

 
 Əli bəy Hüseynzadənin oğlu Məhəmmədsəlimdən başqa Səidə və Feyzavər adlı iki qız övladı da olmuşdur. Səidə (1914-2000) qardaş-bacısından fərqli olaraq dəqiq elmlərdən birinə – riyaziyyata üstünlük vermişdi. Onun kiçik bacısı Feyzavər (1920) isə əksinə, taleyini rəssamlığa bağlamağa qərar vermişdi. Təbii ki, bunu şərtləndirən başlıca səbəblərdən biri onun göz açdığı evdə atasının vaxtaşırı molbert arxasına keçməsi, balaca qızın marağına və heyrətinə səbəb olan əsərlər yaratması olmuşdu. Onun Üsküdar qız sənət məktəbində təhsil almasının ardınca İstanbul Gözəl Sənətlər Akademiyasına qəbul olunması da bu həvəsin onda ciddi münasibətə çevrildiyinin göstəricisi idi. Təəssüf ki, elə həmin – 1940-cı ildə atasının vəfatı onun yaşadığı sevincə heç vaxt unudulmayacaq bir kədər qatır. İçində gəzdirdiyi atasızlıq yaşantıları ilə bir-neçə il Türkiyənin tanınmış rəssamlarından peşəsinin sirlərinə yiyələnən Feyzavər buranı diplom almadan tərk etmək məcburiyyətində qalır. Bunu şərtləndirən səbəb onun ərə getməsi olmuşdur. İstanbul polis idarəsi rəisinin müavini Məhəmmədəli Alpsarla ailə həyatı quran Feyzavər bundan sonra ev xanımı olmuş, içində bu günə kimi gəzdirdiyi sənət sevgisini də ev çərçivəsində ifadə etməyə başlamışdır. Şəhərin tanınmış simalarından sayılan əri isə bunu təqdir etmiş, onun yaradıcılığını davam etdirməsinə imkan yaratmışdır. Beləliklə, Feyzavər xanımın onun həyatını duyulası dərəcədə zənginləşdirən yaradıcılıq dövrü başlanmışdır.
 

 
 Yalnız həyat yoldaşının vəfatından, onun çəkdiyi əsərləri görən və dəyərləndirən insanların davamlı təkidindən sonra o, zaman-zaman toplanaraq dəyərli bədii irsə çevrilən bu əsərləri sərgiləməyə qərar vermişdir. Beləliklə, 2008-ci ildə ilk dəfə onun İstanbulda fərdi sərgisi açılmışdır. Bu vaxta qədər Feyzavər xanımın 8 fərdi sərgisi təşkil olunmuşdur. Feyzavər xanımın ərsəyə gətirdiyi əsərlər həm mövzusuna, həm də icra texnikasına görə çox orijinaldırlar. Belə ki, onların çoxu dəri üzərində işlənilmişdir. Əsərlərin əsasən Anadoluda xalq arasında geniş yayılmış "Şahmaran əfsanəsi”nə həsr olunması da onların özünəməxsus xüsusiyyətlərindəndir. Başqa sözlə desək, rəssam öz duyğu və düşüncələrini bu əfsanənin baş qəhrəmanının timsalında, onun davranışı və hərəkətləri ilə ifadə etməyə çalışmışdır...