Biz imzaları yox, əsərləri dərc edirik...

Aana simvolikası
1636
21 Aprel 2020, 11:03
 Artkaspi.az Məmməd Qocayevin "Dostoyevski ətrafında düşüncələr" kitabından "Romanda ana simvolikası" adlı esseni təqdim edir:

 

 "Cinayət və cəza" romanında qadın obrazlarının çoxluğu elə o saatdaca diqqəti cəlb edir. Əsərdə baş verən cinayət işi də məhz qadınlara qarşı törədilir. Raskolnikov sələmçi qarını və onun bacısını qətlə yetirir. Romanın digər personajı Svidriqaylov da qadına qarşı cinayət işlətmişdir.
 Əsərdəki kişi personajları isə ya subaydırlar, ya da sadəcə olaraq ata deyillər. Ailə kasadlığı elə o saatdaca gözə dəyir. Əsərin qaralama variantında belə bir cümlə var: "Piterdə hər şey var, yalnız ata-ana yoxdur". Əsərdə bir dənə də olsun firavan həyat sürən ailə yoxdur. Məsələn, atanın da, ananın da olduğu Marmela­dovlar ailəsində əslində ailə üzvlərinin qohumluq əlaqələri yoxdur: Marmela­dovun qızı Sonya onun birinci arvadındandır, Katerina İvanovnanın uşaqları isə onun əvvəlki ərindəndirlər, yəni ailədəki uşaqlar əslində ögey bacı-qardaşlardır. Marmeladovlar ailəsi, həqiqətən də, "təsadüfi ailə"dir. Ya da başqa bir ailəyə – Kapernaumovlar ailəsinə (Sonyanın ev sahibləri) fikir verək. Onların yeddi uşaqları var. Böyükləri pəltəkdir, digərləri "sadəcə olaraq xəstədirlər". Ata da "pəltəkdir və çolaqdır… Arvadı da…". Romanda təsvir olunan ailələr bu və ya digər şəkildə eybəcər hala düşüblər. Sanki bu ailələrə hansısa bir fəlakət üz vermişdir. Bu yarımçıq, qeyri-normal ailələrin təsviri təsadüfü hal deyil. Bütün bunlar romandakı qadın, ana və ailə obrazlarının konseptuallığını, xüsusi məna daşıdığını söyləməyə imkan verir.
 

 
 Əsərin qəhrəmanı Raskolnikovun diqqətini çəkən hadisələrdən biri də qadın iztirablarıdır. Sonya Marmeladovanın müsibətləri, doğma bacısı Dünyanın təhqir olunması, bulvarda rast gəldiyi gənc qızın alçaldılması – bütün bu qadın fəlakətləri Raskolnikovun səbir kasasını doldurur və onu qətl törətməyə sövq edir. Əsərdə təsvir olunan qadın iztirabları nəhəng bədii ümumiləşdirmə yolu ilə müəyyən bir rəmzi məna kəsb edir. Raskolnikovun yuxuda gördüyü o məhv edilmiş at obrazı da sanki bu simvolik sıraya daxil olur. Bu səhnə məhz Sonya, Dunya, naməlum qız əhvalatlarından sonra gəlir. Əvvəlcə – cınqırını çıxarmadan küçəyə gedən Sonya, sonra – sevmədiyi bir kişiyə ərə getməyə razılıq verən Dunya, bunun ardınca – kimsə tərəfindən təhqir edilmiş və küçəyə atılmış bulvardakı o zavallı qız, nəhayət – Mikolka tərəfindən öldürülən o arıq səmənd atcığaz. Onların hamısı müti halda öz aqibətlərinə tabe olurlar. Bu iztirablar və haqsızlıqlar fonunda Raskolnikovun ideyası ədalətli görünür. Bütün bu hadisələrin qadınlarla əlaqədar baş verməsi həyatdakı haqsızlıqları daha bariz şəkildə gözə çarpdırmağa xidmət edir. Raskolnikovun ideyasının doğruluğu bu qadın iztirabları vasitəsilə əsaslandırılır.
 Qəhrəmanın paradoksu da məhz ondadır ki, iztirablar içində qıvrılan qadınlar barəsində düşünən Raskolnikov öz qurbanı qismində də qadını seçir. Onun qay­ğı­la­rının da, qəzəbinin də obyekti qadındır. Onun təsəvvüründə qadınlar iki yerə: "əbədi Son­ya"ya və "parazit" qarıya bölünürlər.
 

 Qadın obrazı, ümumiyyətlə, ana obrazı ilə assosiasiya yaradır. Təbiət və Allah qadını ana olmaq üçün yaratmışdır. Hər bir qadın potensial anadır. Ana yer üzündə həyatın əbədi olaraq davam etməsinə xidmət edən bir məxluqdur. Ana həyatın əbədi olaraq davam etməsində keçmişlə gələcəyi bir-birinə bağlayan vacib bir həlqədir və beləliklə də, ölməzliyin və əbədiyyətin rəmzidir. Ona görə də analıq müqəddəsdir. Amma bu müqəddəslik həyatda təhqirlərə, alçaldılmaya məruz qalır və divanəliyə çevrilir. Hər bir iztirab çəkən ana artıq divanədir. Müqəddəsliyi divanəliyə çevirən həyat məhz Raskolnikov kimi paradoksçunu yaradır. Dostoyevski romanda təkcə Lizavetanı deyil, Sonyanı da, Katerina İvanovnanı da, Raskolnikovun anası Pulxeriya Aleksandrovnanı da, o sonsuz saydakı bədbəxt qadınları da divanələr kimi təsvir edir. Hətta Rafaelin Madonnasının sifəti də yazıçıda "ələmli divanə" təəssüratı oyadır. Yeri gəlmişkən, Rafaelin bu əsəri Dostoyevskinin otağında divanın üstündən asılmışdı. Qadınlığın təhrifi Raskolnikov tərəfindən həyatın ilkin simasının cəmiyyət tərəfindən dəyişdirilməsi və təhrif edilməsi kimi başa düşülür. Bunun də nəticəsində təbiətin və Allahın ana olmaq üçün yaratdığı qadın bu dünyada küçə qadınına çevrilməyə məhkumdur. Həyatın təbii və ilahi simasında küçə qadını və divanə qadın deyilən kateqoriyalar yoxdur. Bunları sosial həyat yaratmışdır. Ona görə də hər bir alçaldılmış və təhqir olunmuş qadında yazıçı məhv olmuş ananı görür. Qadın əzablarını müşahidə edən Raskolnikovun qəlbində bir qiyam baş qaldırır və onun ideyasının həyata keçirilməsinə təkan verir. "Soneçka, Soneçka Marmeladova, dünya durduqca əbədi olan Soneçka!". Raskolnikov iztirab çəkən anaların və təhqir edilmiş bacıların müdafiəçisi olmaq istəyir. O, əvvəlcə nəzəriyyə ilə, yəni güclü  şəxsiyyətin haqqı ideyası ilə, sonra isə baltayla silahlanaraq onları müdafiə etmək istəyir. Raskolnikovun mübarizəsi sosial istiqamətli və praktiki cəhətdən məqsədəuyğundur, ona görə də onun nəzəriyyəsi məntiqi cəhətdən (mənəvi cəhətdən deyil) ardıcıl və inandırıcıdır.
 

 
 Amma Dostoyevski bütün hadisələrin inkişafı vasitəsilə bu ideyanın səhv olduğunu və onun qəbuledilməzliyini təsdiq edir. Səhv ideya nəzəri cəhətdən doğru görünə bilər və onu doğru ideya kimi əsaslandırmaq olar. Amma praktiki işdə ideya öz mənəvi naqisliyini hökmən büruzə verir. Ona görə də məntiqi cəhətdən doğru görünən ideya işdə səhv nəticələrə gətirib çıxarır: qəhrəmanın qaldırdığı balta təkcə rəzil qarının deyil, onun xeyirxah və zavallı bacısının da başına endirilir. Qarını (ana olmayan qadını) öldürməklə Raskolnikov anaları və bacıları xilas etmək istəyirdi. Amma başqa cür alındı: sonsuz qarı Alyona İvanovnayla birlikdə hamilə Lizaveta (gələcək ana) da qətlə yetirildi. Bu da son deyil. Raskolnikovun doğma anasının əvvəlcə divanəliyi, sonra da ölümu onun cinayətinin, daha dərinə getsək, ideyasının birbaşa nəticəsi kimi təzahür tapır. İdeya tərəfindən əsaslandırılmış bir cinayət öz ardınca digər, nəzərdə tutulmayan cinayətləri aparır. Nəticədə məhv olanlar: Alyona İvanovna (sonsuz qarı), Lizaveta (gələcək ana), Pulxeriya Aleksandrovna (həqiqi ana). Beləliklə, öz ideyasını həyata keçirməyə yaramaz bir qarının qətlindən başlayan Raskolnikov bu qətllər silsiləsini doğma anasının qətli ilə tamamlayır. Ona görə də Dostoyevskinin romanının görkəmli tədqiqatçılarından biri olan Y.Karyakin haqlı olaraq qeyd edir ki, "Cinayət və cəza" yalnız sələmçi qarının qətli barəsində roman deyil, həm də ana qətli haqqında romandır.
 Bununla da hər şey bitmir. Raskolnikovun cinayəti zəncirvari şəkildə davam edir. Bir anaya qarşı da qəsd törədilir – torpağa qarşı da. Raskolnikov öz cinayəti vasitəsilə ana torpağı "murdarlamışdı". Torpaq bütün anaların anasıdır, bəşəriyyətin ulu anasıdır. İnsan ana torpağın övladıdır. Dostoyevski yaradıcılı­ğında torpaq kultu çox vacib yer tutur. Yazıçı göstərmək istəyir ki, Raskolnikov təkcə qarının və cəmiyyətin qarşısında günahkar deyil o, ananın, xalqın və nəhayət, torpağın qarşısında günahkardır. Raskolnikov təkcə göylərin qarşısında deyil, yerlərin də qarşısında günahkardır. Heç də təsadüfi deyil ki, Sonya Marmeladova Raskolnikovu tövbə üçün kilsəyə deyil, meydana göndərir, ona xaç və ikona qarşısında deyil, ana torpağın və xalqın qarşısında öz cinayətini etiraf etməyi məsləhət görür. Cinayət, qəhrəman tərəfindən hansı ali məqsədlərlə əsaslandırılsa belə, cinayət olaraq qalır. Cinayət qatili anadan, xalqdan və torpaqdan təcrid edir. Cinayətkar öz hərəkətilə onu dünyaya gətirmiş və ona süd vermiş ananı təhqir edir, üzərində gəzdiyi torpağı murdarlayır. Ona görə də elə cinayətdən o saat sonra Raskolnikov anasından ayrı düşür, onunla görüş bu gənc qatili sarsıdır, ana nəvazişi ona ağır gəlir. Anadan, insanlardan, torpaqdan ayrı düşmək onu əldən salır və o, günahını etiraf etməyə məcbur olur.
Beləliklə, Raskolnikovun cinayətləri məntiqi bir ardıcıllıq təşkil edir, biri digərinin nəticəsi kimi ortaya çıxır: qarının qətli – Lizavetanın qətli – ananın ölümü – torpağın murdarlanması. Həyatın qələbəsinə mane olan şər qüvvələri məhv etmək istəyən Raskolnikov həyatın simvollarına da – anaya və torpağa da qəsd etmiş olur. Raskolnikovun günahı çox böyükdür. Amma Dostoyevski onun vəziyyətini çıxılmaz hesab etmir. Raskolnikov vicdan əzabı çəkir və onun daxili işgəncələri onu deməyə əsas verir ki, qəhrəman hələ həyat duyğusunu itirməyib, ona görə də yazıçı onun mənəvi cəhətdən diriləcəyinə ümid edir. 
 Cinayətdən sonra Raskolnikovun qəlbində əks proses başlanır – iztirablı yollarla xalqa, anaya və torpağa tapınmaq. Qanun qarşısında öz cinayətini etiraf etməzdən əvvəl Raskolnikov anasının yanına gəlir, onun qarşısında diz çöküb ayaqlarından öpür. Sonra bacısı və Sonyayla vidalaşır. Nəhayət, torpağın qarşısında tövbə edir. Burada Sonyanın olması və Raskolnikovun onunla vidalaşması təsadüfi deyil. Sonya ana olmasa da, onun mənəvi-ruhi mahiyyətini analıq təşkil edir. Bu mənada o, Alyona İvanovnanın tam əksidir. Sibirdə Sonya məhbuslara, o zavallı səfillərə sanki ana oldu. Məhbuslar onu görəndə papaqlarını çıxarıb ona təzim edir və deyirdilər: "Anamız Sofya Semyonovna, bizim mehriban, rəhmdil anamız". Bu yetim qalmış səfillərə də ana lazım idi və Sonya bu dustaqlar kimi bütün ümidsizlərin və yetimlərin hamısının anası idi.
 Yekun olaraq: Dostoyevskinin təsvir etdiyi dünya anasızların dünyasıdır. Bu dünyada Raskolnikov anasız qaldı, özü onun ölümünə səbəb oldu. Sibirdə o, Sonyayla yaxınlaşır və onun simasında özünə "mehriban və rəhmdil" bir ana tapır.
 

 
 Raskolnikovun bütün iztirabları və cinayəti Peterburqda baş verir. Əgər Dostoyevskinin simvolları sistemində torpaq ananı təmsil edirsə, şəhər atanı təmsil edir. Görkəmli ədəbiyyatşünas Qaçev yazırdı: "Şəhər – kişi başlanğıcıdır, atadır. Təbiət – qadın başlanğıcıdır, anadır". Peterburq inzibati mərkəzdir. Orada hökmdar əyləşmişdir. Rus xalqı öz çarlarını həmişə ata hesab etmişdi. Yazıçı eyham vurur ki, xalqın çarın himayəsinə ümid etməsi kobud bir səhvdir. Dostoyevskinin sonrakı romanlarında – "İdiot" və "Şeytanlar"da – ana mövzusu davam etdiriləcək. Sonuncu iki romanda – "Yeniyetmə" və "Karamazov qardaşları"nda ata mövzusu qoyulacaqdır. Nə Raskolnikovun, nə Mışkinin, nə də Stavroginin ataları vardı, Arkadi Dolqorukinin isə iki həqiqi və hüquqi atası vardı. Alyoşa Karamazovun da anası yoxdur, amma onun da iki atası var: həqiqi atası Fyodr Karamazov və mənəvi atası Zosima. Ana simvolikasından ata simvolikasına keçid Dostoyevski dünyagörüşündə və yaradıcılığında əsaslı dəyişmə deməkdir. 70-ci illərdə yazıçı zəminçilik dünyagörüşündən dini-fəlsəfi dünyagörüşə adlayır. Yazıçının fikrincə, rus insanının mənəvi cəhətdən həm ana torpağa, həm də Allah ataya ehtiyacı var. Dahi yazıçı sanki yerlə göyün mifologemasını yaradır, Allahın və torpağın himayəsi altında insanların bir ailədə birləşməsini arzulayır. İnsanların yer üzündə səadəti, Dostoyevskinin fikrincə, o vaxt baş tutacaq ki, onda bütün bəşəriyyət bir ailə halına gəlmiş olsun. Bu da dahi yazıçının dahi utopiyası idi. Dahilərin xəyalları da dahiyanə olur.