Biz imzaları yox, əsərləri dərc edirik...

Məhəmmədəmin Rəsulzadənin “fədakar millət adamı” adlandırdığı şəxsiyyət
1084
25 May 2018, 17:18
  Artkaspi.az əməkdar jurnalist Qərənfil Dünyaminqızının Xudadat bəy Rəfibəyli haqqında məqaləsini təqdim edir: 
 

 
  "Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinin demokratik dövlət qurmaq ideyaları onların hələ Rusiya Dövlət dumalarında fəaliyyət göstərdikləri dövrdə formalaşmışdı. Buna görə də Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti respublika kimi formalaşması tarixi reallıqdan doğurdu”. Və nə yaxşı ki, millət, vətən eşqli ziyalılarımız müsəlman Şərqində ilk parlamentli respublikanı yarada bildilər.  
Xudadat bəy də bu nəslin övladı idi. Atası Ələkbər kişi Peterburqda təhsil almış, dünya görmüş, yalnız elinin-obasının hörmət-izzət sahibi olan ağsaqqallarından deyildi, həm də Azərbaycanın milli ideyalarının təəssübkeşi, millətinin maraqlarının müdafiəsi naminə fədakarlıqla çalışmış qeyrətli bir vətən oğlu idi. Oğlu Ələkbər bəy də xeyirxahlığı, müdrikliyi, cəsarəti ilə heç də atasından geri qalmazdı.
  Xudadat bəy Ələkbər bəy oğlu Rəfibəyli 1877-ci ilin qarlı-boranlı bir qış gecəsi anadan olub. Ağlı kəsəndən evdə kitab-dəftər görüb, böyük-kiçik yerini hiss edib. Odur ki, o da gördüyünü götürüb. İlk təhsilini Gəncə gimnaziyasında alan Xudadat bəy atası Ələkbər kişinin arzusu ilə Xarkova gedir və imtahan verib Xarkov İmperator Universitetinin tibb fakültəsinə qəbul olur. Həm təhsili, həm nizam-intizamı ilə fərqlənən Xudadat bəy universitetdə yalnız tələbə yoldaşlarının deyil, müəllim-professor heyətinin də hörmətini qazana bilir. Ona görə də, 1904-cü ildə universiteti qurtararkən, onu universitetin klinikasının cərrahiyə şöbəsində işlə təmin edirlər. Xudadat bəy üç il burada işləyir. Ağıllı, savadlı, yaraşıqlı "qafqazlı balası” çoxlarının diqqətini cəlb edir. Günbəgün ətrafında dolaşan, qulluğunda durmağa can atan "sarışın gözəl”lərin sayı artır. Amma bu "gözəllik”lər Xudat bəyi yolundan sapdırmır. Onun qəlbi bütün varlığı ilə Gəncədə könül verib gəldiyi, qaragözlü, ağ buxaqlı, uca boylu Cəvahirində idi. Bu "Cəvahirat”a sahib olmaq üçün 1905-ci ildə Gəncəyə gələrək ailə qurur və yenidən Xarkova qayıdır. Əslində Xudadat bəyin burada qalmaq fikri də yox idi. O, burada tibbin sirlərini daha yaxşı öyrənmək üçün qalırdı. Xudat bəy bilirdi ki, vətənində onun kimilərinə çox böyük ehtiyac var.
 
 

  Xudadat bəy 1907-ci ildə ailəsi ilə birlikdə yenidən Gəncəyə qayıdır və qubernatorun əmri ilə şəhər xəstəxanasına direktor təyin olunur. Azərbaycanın ilk ali təhsilli cərrah həkimlərindən biri olan Xudadat bəy xoşbəxtlikdən yalnız insanların səhhətini deyil, ruhunu, fikirlərini, düşüncələrini də müalicə etməyi bacarıb. Gəncənin bütün xeyir-şərində başda olan, əlindən gələni əsirgəməyən, "ağsaqqallıq” edən Xudadat bəy, atası Ələkbər kişi kimi həm hökumət yanında, həm xalq yanında hörmət-izzət sahibi olur. Qüsursuz xidmətini, peşəkarlığını nəzərə alaraq hökumət onu "1909-cu ildə titulyar müşavir və Gəncə Mahal Məhkəməsində fəxri barışıq hakimi təyin edir. Təbiətən çox mehriban, sülhsevər, intriqalardan uzaq olan Xudadat bəy "fəxri barışıq hakimi” kimi təkcə Gəncənin deyil, bütün mahalın yaxşı vətəndaşına çevrilir. Ziyalılarla mütəmadi əlaqə saxlayan Xudadat bəy, öz evində tez-tez toplantılar keçirər, imtiyazlı insanları, yaşıdlarını xalqın maariflənməsinə, yaxşı yaşamasına dəstək olmağa çağırardı. Həkim yoldaşı və yaxın dostu Həsən bəy Ağayevlə 1914-cü ildə Gəncədə Azərbaycanda ilk səhiyyə-sağlamlıq cəmiyyəti olan "Gəncə tibb cəmiyyəti”ni yaradırlar. 1915-ci ildə kollec müşaviri rütbəsinə irəli çəkilən Xudadat bəy təklif irəli sürdü ki, cəmiyyət bütün Gəncə mahalındakı imkansızlara, yoxsullara pulsuz tibbi yardım göstərəcək. Bu xeyirxah işdə ona bütün həkim yoldaşları, xüsusən də Həsən bəy Ağayev və Musa bəy Rəfiyev yaxından kömək edir.
  Heç bir partiyanın, qrupun üzvü olmayan Xudat bəy ölkədə baş verən ictimai-siyasi hadisələrdən də kənarda qalmır. Ömrünün sonuna kimi bitərəf qalan bu xeyirxah insanı yalnız xalqının tərəqqisi, azadlığı düşündürdü və bütün ömrü boyu da bunlar uğrunda mübarizə apardı. 1917-ci ildə Xudadat bəyi Gəncədə yaranmış Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsinə üzv seçirlər və mütəmadi olaraq ölkədə baş verən bütün siyasi hadisələrin yaxından iştirakçısına çevrilir. Azərbaycan xalqının milli istiqlal mübarizəsinin fəal iştirakçılarından biri olan Xudadat bəy Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında və fəaliyyətində yaxından iştirak edir. Hökumətin Gəncəyə gəlişini böyük ruh yüksəkliyi ilə qarşılayan Xudadat bəy Fətəli Xan Xoyski tərəfindən Gəncədə təşkil edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin 2-ci hökumət kabinəsində xalq səhiyyəsi və himayədarlıq naziri təyin olunur. Ölkədə ilk dəfə Xudadat bəyin təşəbbüsü və yaxından köməkliyi ilə dövlət hesabına pulsuz müalicəxanalar açılır.  Xudadat bəy bu vəzifədə 1918-ci ilin dekabrına kimi işləyir. Fətəli Xan Xoyski hökuməti istefa verdikdə, Xudadat bəy də xalq səhiyyəsi naziri vəzifəsini tərk edir.
  Təbii, hökumət belə ədalətli, nəcib, xeyirxah, işgüzar və ən əsası, vətənpərvər oğlu diqqətdən kənarda qoya bilməzdi. 1919-cu ilin mayında Azərbaycan hökuməti Xudadat bəy Rəfibəylini Gəncə quberniyasının qubernatoru vəzifəsinə təyin edir. M.Ə.Rəsulzadənin təbrincə desək "fədakar bir millət adamı” və bölgədə böyük nüfuza sahib olan Xudadat bəyin quberniyaya gəlişi Gəncədə yaşayan ermənilərin heç də ürəyincə olmur. Çünki onlara, hələ Xudadat bəydən əvvəl atası Ələkbər bəy yerlərini göstərmişdi. "Difai” partiyasının Gəncə təşkilatına rəhbərlik edən Ələkbər bəyin qorxusundan bir müddət Gəncədən perik düşməyə məcbur olan bu gədələr, nökərçilik etdikləri "böyük qardaş”larından Ələkbər bəyin sürgün və ya həbs edilməsini israrla tələb etdilər. Hətta bununla bağlı qərar da çıxarılmasına nail oldular. Milli mövqeyinə görə hökumətin məxfi nəzarətində olan Ələkbər bəy, 1908-ci il iyulun 31-də general-qubernatorun fərmanı ilə 5 il müddətinə Orenburq quberniyasına sürgün edildi. General-qubernator, eyni zamanda, Qafqaz canişininə müraciət edərək, onun qlasnılıqdan geri çağırılması məsələsini qaldırdı. Amma daş qayaya rast gəlmişdi. Bu dəfə də Ələkbər bəyin qətiyyəti sözünü dedi... Nə sürgünə getdi, nə də qlasnılıqdan geri çəkildi. Əksinə 1909-1913-cü illərdə Yelizavetpol şəhər dumasının qlasnısı kimi fəaliyyətini davam etdirdi. Onun Azərbaycan xalqı, xüsusən də Gəncə əhalisi qarşısındakı xidmətləri haqqında Hüseyn Bayqara və Nağı Şeyxzamanlının əsərlərində çox geniş məlumat verilib. Oğlu Xudadat bəy də qubernator kimi ilk gündən Gəncə quberniyası ərazisində daşnak quldur  Andronikin başçılıq etdiyi erməni-daşnak silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri soyqırımlarının qarşısını almaq üçün qətiyyətlə mübarizə aparmağa başladı. Ərazidə azərbaycanlılara qarşı soyqırımının qarşısının alınması, hərc-mərcliyə, soyğunçuluğa son qoyulması, asayişin bərqərar edilməsi, sabitlik yaradılması üçün qəti tədbirlər gördü. Beləliklə, Gəncədə "at oynatmaq” istəyən gədələrin arzusu ürəyində qaldı. Bütün quberniya quldur dəstələrindən təmizləndi, əmin-amanlıq yaradıldı. Xudat bəy tez bir zamanda ermənilərin doğma yurdlarından didərgin saldıqları – Qərbi Azərbaycandan qovulan 20 mindən çox soydaşımızın Gəncədə yerləşdirilməsinə şərait yaratdı.
  Mərdi-mərdanə döyüşdən həmişə qaçmış erməni gədələri "gəncəli balası”ndan qisas almaq üçün bu dəfə də tülkü cildinə girib fürsət gözlədilər. Bu fürsət 1920-ci ilin aprel işğalından sonra əllərinə düşdü. X.Rəfibəyli 1920-ci ilin 30 aprelində bolşeviklərin tələbi ilə qubernator kimi səlahiyyəti öz üzərindən götürdü və hakimiyyəti yeni yaranmış inqilab komitəsinə təhvil verdi. Mayın 12-də yeni "hökumət”  Xudadat bəyi həbs edir. Bu xəbər bütün Gəncə mahalında qəzəblə qarşılanır və Gəncə üsyanının başlanmasına bir səbəb də bu hadisə olur. Xudadat bəyin istintaq işini aparan müstəntiq M.Səfikyan əlinə düşən fürsəti fota vermir. Sapı özümüzdən olan "baltalar”la birlikdə Xudadat bəyə cinayət işi açılır. Bolşevik hökuməti onu erməni kəndlərinin yandırılması, quberniyanın erməni sakinlərinin sıxışdırılması ittihamı ilə günahlandıraraq Nargin adasında güllələyir. Cavahir xanım üç uşaqla (Kamilin 11, Rəşidin, 9, Nigarın 7 yaşı var idi) taleyin ümidinə qalır. Bununla da sakitləşməyən gədələr onun başsız qalan ailəsini təqib etməyə başlayırlar. On il davam edən hədə-qorxulara, təhqirlərə, təqiblərə 1930-cu ilin oktyabrında qismən "nöqtə” qoyulur. 1930-cu ilin oktyabrında Gəncə Şəhər Soveti Rəyasət Heyəti Xudat bəy Rəfibəylinin arvadı Cəvahir xanımın ailəsi ilə birlikdə, əmlakı müsadirə olunmaqla keçmiş Gəncə dairəsi hüdudlarından çıxarılması (sürgün edilməsi) haqqında qərar qəbul edir.             
  Xudadat bəyin ailəsi kimi, bütün Rəfibəylilər nəsli pərən-pərən düşür. Vətənlərini, xoş günlərini, mal-mülklərini itirsələr də, zadəganlıqlarını, kök-soylarını itirmirlər. Bolşevik gədələri onların vətəndə qalan oğul-uşaqlarını alçaltsa da, tale onları layiq olduqları zirvəyə ucaldır. Bu ucalıqda duranlardan biri də Xudadat bəyin qızı, Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Nigar Rəfibəyli oldu.    
  Sizinlə buldu bu millət şərəfli istiqlalı. O, istiqlalı qorumaq, yaşatmaq üçün bu yolda özünü, əzizlərini, arzularını şəhid etmiş Xudadat bəy kimi qeyrətli vətən övladlarının müqəddəs ruhunu daima yad etmək, uca tutmaq borcumuzdur. Buna görə də, bütün soydaşlarımızı dünənə qədər əsir və qul olan bir milləti bu gün azad və sərbəst görmək istəməyənlərlə mübarizəyə çağırıram.