Biz imzaları yox, əsərləri dərc edirik...

Rənglərə vurğun rəssam – Ziyadxan Əliyev yazır
1430
18 Aprel 2018, 14:30
  Azərbaycan incəsənətinin bütünlükdə daşıdığı özünəməxsus forma-biçim zənginliyi, məna-məzmun tutumunun bələndiyi fəlsəfi yükün çoxqatlılığı bütün zamanlarda onunla təmasda olanları heyrətləndirmək gücündə olmuşdur. Təsviri sənət qədim tarixə və zəngin bədii ənənələrə malik olan bu incəsənətin onun dünyada "tanınma nişanı”na çevrilən mühüm sahələrindəndir. 
 
 
 


  Qobustan qaya rəsmlərindən başlanan və öz yüksəliş zirvəsini sirli-soraqlı miniatürlərdə ifadə edən bu bədii ənənə bir-neçə əsrlik zaman kəsiyində çoxsaylı sənətkarların səyi nəticəsində öz milli ruhunu qoruyub saxlasa da, forma-biçim və bədii şərh baxımından duyulası evolyusiyaya uğrayıb. Bunu təbii hesab etməmək, əslində, düz olmazdı. Həmin ruh qoruyucularının sırasında tanınmış rəngkar Fərman Qulamovun (1945-2016) özünəməxsus yeri vardır. Onun Azərbaycan təsviri sənətinin zəngin qaynaqlara köklənən ecazkar ruhunu müasir milli rəngkarlıqda uğurla yaşadan rəssamlardan olması birmənalıdır.
   Azərbaycan Respublikasının Əməkdar rəssamı, bir çox milli və beynəlxalq mükafatların daşıyıcısı olan Fərman Səməd oğlu Qulamovun ölkənin təsviri sənət məkanında son qırx ildə cərəyan edən bədii hadisələrə istiqamət verən yaradıcıların sırasında olmuşdur. Onun müxtəlif janrları və mövzuları əhatə edən rəngkarlıq əsərlərinin bədii tutum baxımından özünəməxsus olması danılmazdır. 
 
 
 
 
   
  Yaradıcılığının əvvəli sovet ideologiyasının və onun "sosialist realizmi” bədii prinsipinin hakim olduğu dövrə təsadüf edən Fərman Qulamov, bununla belə özündən əvvəlki yaşlı nonkonformist həmkarları və bir çox müasirləri kimi bu, əslində, ifadə imkanları nəhayətsiz olan bədii prinsipə fərqli-özünəməxsus töhfələr vermək istəyində idi. Hələ sovet dönəmində yaratdığı bir-neçə süjetli tablonu bədii həllinə görə özünün qismən də olsa tanınma nişanına çevirməyi bacaran gənc rəssam, sonrakı yaradıcılıq axtarışlarında reallığa bədii improvizələrlə yanaşmaqla  çoxlarına dar görünən bu "çərçivə”ni genişləndirməyə nail oldu. Heç şübhəsiz rəssamın bu axtarış-tapıntılarının mayasında  forma deformasiyası və bədii stilizələrlə yanaşı, həm də bəzən gözümüzdə adiləşən rənglərin dominant gücünə inamı dururdu. O, bəzən ram etdiyi, bəzən də duyulası dərəcədə gücləndirdiyi rənglərin  məna-məzmun daşıyıcılığı yükünə daha çox inanmağa başladı və bununla da davamlı olaraq yaratdığı müxtəlif mövzulu əsərlərində cəlbedicilikdən əlavə, onların düşündürücülüyünü əldə etdi. Xalq rəssamı Mayis Ağabəyovun təbirincə desək, o, ömrünün sonuna kimi rəng çalarlarının zirvəsində qaldı və həmkarları tərəfindən də rənglərə vurğunluğunun bənzərsizliyi etiraf olundu.  
   Onun "çərçivəli” real-gerçəkçi sənətin başlıca göstəricisi olan anatomik dəqiqliyə etibarsızlıq göstərməsi isə o vaxta qədər əldə olunan bədii-estetik məziyyətlərə yeni görkəm bəxş etdi. Bu gün onun sənətsevərlərə tanış olan əsərlərini zəngin olduğu qədər də xaotik olan milli və bəşəri bədii mənbələrə baş vurmağının və yaradıcılıqla dərkinin özünəməxsus nəticələri hesab etmək olar. Əsərlərinin süjetini çeşidli ovqat dolu dialoq qaynağına çevirmək bacarığını onun "Səhər”, "Dialoq”, "İnsan”, "Kimdir orada?”, "İntbah”, Dözümlü insan”, "Xocalı faciəsi”, "Bu gün”, "Günaydın” və s. əsərlərində görmək mümkündür. 
 
 
 
 

   Rəssamın bu əsərlərində janrların klassik təsnifatını pozmaq cəhdinin uğurlu nəticələrə gətirib çıxarmasını müşahidə etmək olar. Əslində, gerçəkliyin bu cür səmimi, pafosdan uzaq təqdimatı zamanı üçün kifayət qədər başqalarından fərqli bədii-estetik tutumda idi. Daha çox görünən sadəliyi gerçəkliyin fəlsəfi dərkinə yönəldən rəssam, əslində, formanı rənglərin ovqat daşıyıcılığına qovuşdurmaqla, əsərlərinin bütün mənalarda özünəməxsusluğunu şərtləndirmişdi. Obrazlı desək, Azərbaycanın Xalq şairi Rəsul Rzanın "Ağrının, sevincin, ümidin də rəngi var” fikrini öz əsərlərində gerçəkləşdirən rəssam onları çox vaxt əsrimizə verilən suallar toplusuna çevirə  bilmişdi. Fəlsəfi düşüncə və qrotesk, nağılvari görüm və irreal təqdimat rəssamın zamanla apardığı müsahibənin məna-məzmun daşıyıcıları və ifadə vasitələridir desək, həqiqəti söyləmiş olaraq...
   Bütünlükdə, Fərman Qulamovun yaradıcılığını ilhamını naturaya tabe etməməyin ifadəsi hesab etmək olar. Əgər Fərman Qulamovun yaradıcılığının bəzi məqamlarına nüfuz etməli olsaq, onda etiraf etməliyik ki, onun sənətkar "mən”inin əldə olunmasına doğru forma-biçim ciddiliyindən rəng-yaxı improvizələrinə uzanan yaradıcılıq yolu davamlı axtarışlardan sonra əldə olunmuşdur. Elə müxtəlif janrlı əsərlərində hadisə, motiv, obraz, mənzərə, maddi-mədəniyyət nümunələrinin və təbii nemətlərin çox vaxt hamının gördüyündən bir qədər fərqli, bədii stilizələrdən keçirilmiş biçimdə təqdimatı da bundan irəli gəlir. Odur ki, belə bədii görüntülərdə obyektlə tamaşaçı arasındakı, gerçəkliklə fantaziya arasındakı sədd yoxa çıxmış kimi görünür, bütün təsvir olunanlar da həyatımızdakıların çox vaxt sadəliyi fəlsəfi dəyərləndirmədən keçən poetik obrazı kimi qəbul olunur. Gerçəkliyə bu cür bədii yanaşmanın küll halında müasir Azərbaycan rəngkarlığının yeniləşməkdə olan ümumi mənzərəsində özünəməxsus yer tutduğunu nəticə kimi dilə gətirsək əsl həqiqəti ifadə etmiş olarıq.
 
 
 

  Rəssamlığın əksər məziyyətlərinin işıq-kölgə vasitəsilə aşkarlanması məlum məsələdir. Ancaq bu "məlumluğun” imkanları nə qədər çoxdursa, onu öz "mən”inə yönəltmək də bir o qədər çətindir. İşığı haradan almasından asılı olan təsvir motivlərinin və atributlarının "əlavə” işıq selinə məruz qalmaları klassik baxımdan yad sayılsa da, onun inandırıcılığı həmin söylənilə biləcək iradı sözün əsl mənasında gücsüzləşdirə bilər. Elə Fərman Qulamovun əsərlərində olduğu kimi... Rəssamın işığın ayrı-ayrı atributu formalaşdırmaq "bacarığını” genişləndirərək onu fikir daşıyıcılığına çevirməsi bu baxımdan istər tək-tək, istərsə də obrazlar toplusunun yaşantılarını qeyri-müəyyən işıq  mənbələri ilə mənalandırmağa imkan verib. Belə əsərlərdə işıq nəyisə göstərməklə yanaşı, onların necə təqdimatına da xidmət edir və son nəticədə əsərin bədii tutumunu artırır. Özü də bu "işıq-kölgə”yə etimad rəssamın yaratdığı yaxıların "oyunu”nda o qədər fərqli və özünəməxsus məziyyətə çevrilib ki, onun başqalaşa bilməsi sadəcə təsəvvür belə olunmur. Əgər bu XIX əsrdə bəzi fransız rəssamları üçün təəssüratın ifadə vasitəsi idisə, XX-XXI əsrlərdə onun zənginləşdirilmiş təqdimatı azərbaycanlı rəssam üçün istənilən mövzunun açımına kömək edə biləcək etibarlı "bədii açar” oldu. Elə bunun etibarlı olması da  bu gün zəngin sənət dünyası əbədiyyətə qovuşmuş Fərman Qulamovun zamanında nümayiş etdirdiyi rəngkar "sehribazlığı”nın ölməzliyini təsdiqləyir. Bu prosesdə ən dəyərlisi onun Azərbaycan rəssamlığında oxşarı olmayan  "rəng və yaxı oyunları”nın bənzərsiz  estetikasının  sonda  onu kimlərinsə kölgəsi olmaqdan xilas etməsi, özünün isə başqaları üçün ilham-təqlid qaynağına çevrilməsi oldu. Xalq rəssamı Mayis Ağabəyovun təbirincə desək, o, ömrünün sonuna kimi rəng çalarlarının zirvəsində qaldı və həmkarları tərəfindən də rənglərə vurğun sənətkar kimi qəbul olundu.
  Sonda deyək ki, təhsilsonrası yaradıcılığını pedaqoji fəaliyyətlə əlaqələndirən Fərman Qulamov Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru olaraq yüzlərlə gənc istedada sənətin çətin yollarında inamla irəliləməyə güc verəcək bədii-texniki potensial bəxş etməsini də onun onu bundan sonra yaşadacaq mənəvi qazancı saymaq olar. 
 

 

  Əlavə edək ki, Fərman Səməd oğlu Qulamov 1945-ci ildə Azərbaycanın çox səfalı guşələrindən sayılan Astara şəhərində doğulmuşdu. İxtisas təhsilini əvvəlcə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində (1963-1967), sonra isə Tiflis Rəssamlıq Akademiyasında (1970-1976) almışdır. 1973-cü ildən müxtəlif miqyaslı yerli və xarici sərgilərin iştirakçısı olmuşdur. Əsərləri bir çox məşhur muzeyləri (Dövlət Tretyakov Qalereyası, Şərq Xalqlarının İncəsənəti Dövlət Muzeyi, Milli Azərbaycan İncəsənəti Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və s.) və nüfuzlu şəxsi kolleksiyaları bəzəyir. Sənət uğurlarına görə Xəzəryanı respublikaları rəssamlarının Byennalesində III mükafata, "Bakılı” Cəmiyyətinin təsis etdiyi Beynəlxalq "Humay” mükafatına (1994), Moskvada keçirilən "Ənənə və müasirlik” Beynəlxalq festivalının (2009) laureatı adına layiq görülmüşdür... 
 
  Sənətşünaslıq üzrə fəlsəfə doktoru: Ziyadxan Əliyev