Biz imzaları yox, əsərləri dərc edirik...

Bu sözləri işlətmək qadağan edilmişdi – Rəhim Əliyevlə müsahibə
1649
14 Mart 2018, 16:57
   Artkaspi.az "Cümhuriyyət ədəbiyyatı” layihəsi çərçivəsində Cümhuriyyət və ədəbi dilimiz haqqında yazıçı, tənqidçi, filologiya elmlər doktoru Rəhim Əliyevlə müsahibəni təqdim edir:
 
 
 
 

 
  – Cümhuriyyətin qurulması ərəfəsində Azərbaycanda ədəbi dilin vəziyyəti necə idi? Ədəbi dil formalaşmışdı, yoxsa divan ədəbiyyatının təsirində olan yeni ədəbi dil mövcud idi?
  – Əvvəlcə onu deyim ki, divan ədəbi dili yeni deyildi, ən qədim ədəbi dilimizdir və tarixi də XIV əsrdən başlanan mətnlərə bağlıdır. Amma söhbətimizin konkret olması üçün mən ədəbi dil anlayışından başlamaq istəyirəm. Bu, sadə məsələ deyil. Mən universitetdə oxuyanda ədəbi dil kursunu deyən müəllimimiz rusca dərslikləri təkrar edib deyirdi: ədəbi dil xalq dilinin normativləşmiş bir şəklidir. Hərçənd ki, normativlik şifahi xalq dilində də var, belə olmasaydı, adamlar bir-birini anlamazdı. Ümumi şəkildə bu, belədir. Amma mən bu tərifi elmi və dəqiq saymıram.
  Ona görə ki, həmin universitetdə başqa bir müəllimimiz, professor Musa Adilov dilin semiotik nəzəriyyəsinə əsaslanaraq deyirdi: dilin əsas mövcudluq şəkli onun yazılı mətnləridir. Yazı – biliyin maddi şəkli kimi həmişə normayaratma işi görür. Bütün sivilizasiya və mədəniyyət vahid bir mətn mədəniyyətidir. Baxmayaraq ki, bu mətnlər müxtəlif dillərdədir, mahiyyətcə biri o birindən törəmədir, ona görə mətn mədəniyyəti fasiləsiz və sərhədsiz, həm də vahid bir prosesdir.
  Mənim üçün ədəbi dil bu vahid mətn mədəniyyətinin milli dillərdə olan formasıdır. Yəni ədəbi dil xalqın yazılı mətnlərinin məcmusudur. Bu mətnlərin tarixcə qədimliyi və həcmcə az-çoxluğu ədəbi dillərin mədəni dəyərini, başqa sözlə, gücünü, informasiya tutumunu müəyyən edir. Cavan ədəbi dil zəif, qoca ədəbi dil güclü ədəbi dil demək idi. Ədəbi dil müəllimimin dediyinə görə, ədəbi dil müəyyən normaların məcmusudur. Semiotik nəzəriyyəyə görə, ədəbi dil mətnlərin məcmusudur, həm də kütləvi kitab çapı, mətbuat və icbari təhsillə daha çox bağlıdır.
  Azərbaycanda burjua maarifi əsasən XIX əsrdə formalaşıb. Müasir Azərbaycan ədəbi dili də bu dövrdən formalaşmağa başlayıb. Bu proses hələ tam bitməyib. Niyə ləng gedir belə? Ona görə ki, milli dövlətçilik gec formalaşıb. Niyə gec formalaşıb? Ona görə ki, Quran milli dillərə tərcümə edilə bilməzdi, bu isə müsəlman xalqlarının milli maarif və məktəb və mədəniyyətlərinin formalaşmasına yol açmırdı. Milli dövlət olmayınca, xalqlar ana dilinin siyasi əhəmiyyətini tam dərk edə bilmir. İslam mərkəzlərindən uzaq olan türk xalqlarının taleyi belə olub.
  XIX əsrə qədər bizdə mollaxana təhsili hakim idi və bu təhsil fars dilində idi. Amma heç kəs buna etiraz eləmirdi. Çünki ana dilindən siyasi alət kimi istifadə etmək ehtiyacı ortada yox idi.
Onda bəs divan ədəbi dili necə yaranmışdı? Divan ədəbi dili islamı, dini mədəniyyəti türk xalqları arasında yaymaq ehtiyacından yaranmışdı və onun bircə dini bədii üslubu vardı. Nəsr və tərcümə də az-az yaranırdı. Amma bu, az idi və lirikanın sintaksisini təkrar edirdi. İslamın ehkamları lirik formalarda təbliğ olunurdu: dini şeir əzbərlənir və həmişəlik yadda qalırdı. Sufilər, hürufilər bu işdə əsas rol oynayıb. Sonralar ordu mollaları da islami şerləri sazla oxuyurdu və bu savadsız əsgərin yadında qalmağa yardım etməli idi. Türk fonetikasının təsiri ordu mollalarının hecaya daha yaxın bir deyim yaratması ilə bitir. Bu, divan ədəbi dilinin içində müasir ədəbi dilin ilk cücərtiləri idi. Qazi Bürhanəddin divanında artıq heca sintaksisinin əlamətləri görünür. İndi Yunis İmrəyə folklor da deyirlər, amma bu, tam folklor da deyil. Rəsmi islam buna da mənfi yanaşıb, təriqətçiləri təqib və bəzən qətl edirdilər. Yəni rəsmi islam adi bir yazıya, divan tərtib etməyə, köhnənin üzünü köçürməyə də yaxşı baxmırdı.
  Beləliklə, on dördüncü əsrdən iki üslubluluq fakta çevrilsə də, divan ədəbi dili böyük Mirzə Fətəliyə qədər hakim mövqeyini saxladı.
 
 
 
 
 
  Ana dilinin siyasi əhəmiyyətini dərk edən Axundov Füzulini "nəzmi ustad” adlandırdı. Müasir terminlə bu formalist, şeirdə forma ustası deməkdir. Həqiqətən də saysız-hesabsız təqlidçilər Füzulinin qafiyələrini təkrarlayırdı. Heca şerinə əsaslanan üslub, bir də ona görə hakim olmurdu ki, ordu mollasından başqa heç kimə lazım deyildi. Olan mollaxana təhsili türklərin ana dilində deyildi və bu dil ancaq məişətdə işlənirdi. Heca şeri savadsızlıq sinonimi kimi çobansayağı şeir sayılırdı, ona görə üzü köçürülmür və itib-batırdı. Xanlıqlar dövründə nəhayət, sadə heca şerinə sosial ehtiyac yarandı. Bu, siyasi alətə çevrilən, mərkəzi İran sarayından məsafə yaradan ana dilinin bir şəkli idi. Sadə dildə olan mərsiyə ədəbiyyatı populyar oldu. Şükuhi, Xalxali, böyük Sabir sadə mərsiyə şerinin üslubunu mənimsədilər. Əliağa Vahid bu işi tamamladı.
  Mərsiyə şairlərinin artıq X1X əsrdə kütləvi çapı və yayılması ədəbi dilə canlanma verdi. Şeir dilində gedən sadələşmə, XIX ikinci yarısında yaranan müstəmləkə mətbuat dilində getmirdi. Jurnalistlik edənlərin bir qismi mollaxanada farsca təhsil görənlər, ikinci qismi isə Osmanlı ədəbi dilində təhsil almış adamlar idi. İkincilərin dili elə divan ədəbi dilinin az-çox sadələşmiş şəkli idi. Bu ikitirəlik də ədəbi dilin inkişafına mənfi təsir edirdi. Məsələn, "Füyuzat” bu dildə çıxırdı və özünü elmi dil sayırdı. Amma bu elmi dil sadə, savadsız əhali üçün xarici dil kimi bir şey idi. 
  "Molla Nəsrəddin”ə qədər qəzet dilində tərcümə üslubu aparıcı oldu. Nəhayət, "Molla Nəsrəddin” yarandı. Cəlil Məmmədquluzadə mütəfəkkir kimi ilk təmiz Azərbaycan millətçisi idi, o mənada ki, islamla bağlı illüziyaları yox idi. Lakin onun ən böyük xidməti həm də canlı xalq dilinə əsaslanan yeni mətbuat dili yaratmağı idi. Amma xalqımızın siyasi taleyindəki dəyişikliklər bu dilin müasir ədəbi dilimizin əsasına çevrilməsinə imkan vermədi. Başlıcası isə ana dilində təhsil bu dilin bazasına keçmədi. Bir üzdən, milli məktəb ancaq 1920-ci ildə, jurnal işıq üzü görəndən on beş il sonra yarandı. O biri üzdən milli dərslik yaradıcılığının əsas şəkli ruscadan tərcümə oldu. Bu, bilik yaymaq baxımından yaxşı idi, amma ana dilinin tədrisi baxımından fəlakət idi. 
  1920-ci ilin avqustunda Dövlət İnqilab Komitəsinin N.Nərimanovun imzası ilə Dekreti çıxdı. Bu Dekret ilk dəfə olaraq Azərbaycan dilini vətənimizdə əsas təhsil dili elan etdi. Bu, bolşeviklərin milli siyasətinin romantik dövrü idi. Milli məktəb yarandı. Bu Dekret ədəbi dilin inkişafında çevriliş yaratdı: Azərbaycan dilində təhsil üçün ana dilində mətnlər lazım idi: bolşevik Maarif və Mədəniyyət Nazirliyi anadilli mətnlərimizi kütləvi çap etməyə başladı.
  1922-ci ilin dekabrında N.Nərimanovun Moskvaya aparılması və SSRİ-ni yaratmaq planları Birinci müstəqil Azərbaycan Sovet Respublikasına son qoydu. Bu, Azərbaycan dilinin siyasi statusunu sıfıra endirdi. Azərbaycan Ordusu və Dəniz Donanması ləğv olundu, Xarici işlər nazirliyi də faktiki elə. Bolşevik partiya və sovet orqanlarında rus dili əsas işlək dil oldu. Azərbaycan dili isə təzədən ancaq tərcümə üslubuna qayıtdı.
  Hələ çar hökuməti 1915-ci ilin 15 noyabrında Osmanlıya müharibə elan etməzdən əvvəl, öz ərazisindəki müsəlman türklər üçün qəzet açdı: bu, ilk sayı 2 oktyabrda çıxan "Açıq söz” idi. Onun buraxdığı yazıların 80-85 faizi tərcümə idi. Deyə bilərik ki, "Acıq söz” bolşevik "Azərinform”unun ilkin forması idi, çünki qəzet çar hökumətinin müharibədə iştirakını əks edən rəsmi teleqraf materiallarını tərcümə edib buraxırdı. Ancaq II Nikolayın istefasından sonra qəzet milliləşdi. Amma onun jurnalistləri tərcümə üslubunu daha çox mənimsədilər və sovet illərində marksist klassiklərin tərcüməsində davam elədilər. Bunların hamısı Cəlil Məmmədquluzadənin yaratdığı sadə ədəbi dili hakim olmağa qoymayan amillər idi. "Açıq söz”çülərin bir səhvi də bu idi ki, Osmanlı ədəbi dilini ümumtürk ədəbi dili kimi qəbul edirdilər. Tərcümə zamanı çatmayan terminləri Osmanlı ədəbi dilindən götürdülər. Yenə ikitirəlik yaranırdı: ruscadan tərcümə üslubu Osmanlı tərcümə elementlərinə qarışırdı. Cümhuriyyət dövründə qədər belə oldu. Hətta sovet illərində də Türkiyə-SSRİ münasibətləri 20-ci illərin axırında pozulana qədər davam etdi. Bu pozulmadan sonra təhsildə və mətbuatda çalışan Osmanlı kadrları Türkiyəyə qayıdası oldular.
 
 
 
 


  – Rəhim müəllim, bəs Cümhuriyyət hökumətinin öz maarif siyasəti nə idi?
  – Ümumi planlar vardı. Lakin az məlum olan fakt budur ki, Azərbaycan dilində təhsil ideyası Demokratik Cümhuriyyətin həyata keçirmək istədiyi tədbirlər içərisində var idi. Amma əməli olaraq bunu həyata keçirməyə tarix fürsət vermədi. 1919-cu ildə Bakı Dövlət Universiteti açıldı. Gəncədə orta hərbi məktəb açıldı. Lakin bunlarda ana dilindən başqa rus və Osmanlı türkcəsində də dərslər gedirdi. Amma Müsavat ideoloqlarının ədəbi dil məsələsinə münasibəti ziddiyyətli idi. Müsavatın 1919-cu ildə keçirilən birinci qurultayında qəbul olunan təhsil proqramında deyilirdi: ibtidai təhsil yerli ləhcədə, ali təhsil ümumtürk ədəbi dilində olmalı idi. Yerli ləhcə ifadəsi Azərbaycan ədəbi dilini, ümumtürk dili isə İstanbul ədəbi dilini nəzərdə tuturdu. Burda ana dilinin milli dövlət üçün siyasi əhəmiyyəti tam qiymətini almır. Hətta Müsavatın 1936-cı ildə Polşada qəbul olunan ikinci proqramında bolşeviklərin türk xalqları üçün 70 dil yaratması istehza ilə qeyd olunur. Halbuki ana dili milli dövlətin əsas ideoloji bazasıdır və bu dərk olunandan sonra milli ədəbi dillər misilsiz sürətlə tərəqqi edir. İngilis, fransız. ispan, italyan ədəbi dilləri də belə yüksəlib. Türk xalqları da milli dövlət qurduqca, avtomatik milli təhsil sistemi yaradıb və milli ədəbi dilləri sürətli inkişafı başlayıb. Roman, slavyan, İrandilli xalqların çoxu dövlətlərini yaradıb və bunun nəticəsi kimi öz ədəbi dilləri var. Türk xalqlarının tərəqqisi də belə gedir və gedəcək.

  – Bəs Cümhuriyyət dövründə ana dilinin siyasi üslubu yaranmadı?
  – Dilimizin siyasi üslubu qismən "Molla Nəsrəddin”dəki siyasi məqalələrdə, sonra da "Açıq söz”də yarandı. Əslində, "Açıq söz” ana dilimizdə ilk sırf siyasi qəzet və ilk siyasi maarifçilik orqanı idi. O vaxt qəzetdə Quranı şərh edən məqalələr də çıxırdı, çünki çar hökuməti buna etiraz etmirdi. Məmməd Əmin Rəsulzadənin əksər yazıları da siyasi maarifçilik yönündə idi. Bu, dilimizdə ilk qəzet idi ki, dünyanın siyasi mənzərəsini, coğrafiyasını əks edirdi və bizim ziyalı üçün təzəlik idi. Lakin Azərbaycanın vətənpərvər adamları ikidilli idilər: milli hərəkatın da iki əsas orqanı vardı: ana dilində "Açıq söz”, rus dilində "Kaspi” qəzeti. 1918-ci ilin mart hadisələri zamanı bunların hər ikisinin redaksiyası və mətbəəsi bolşevik-erməni qüvvələri tərəfindən yandırıldı. Bu milli hərəkata ağır zərbə oldu.
  Demokratik Cümhuriyyət dövrü, daha geniş götürsək, 1912-ci il Osmanlı-İtaliya müharibəsindən sonrakı dövr ədəbi dil və mətbuat tariximizdə keçid dövrüdür: divan ədəbi dilinə nisbət müasir ədəbi dilin üstün mövqeyə keçməsi dövrüdür. Həm də bu keçid türk millətçiliyi ideyasının sürətli yayılması fonunda gedirdi. Düzdür, Mizə Cəlilin Azərbaycançılığına nisbət türk millətçiliyi boyat bir şey idi, amma bu da yenə milli şüurun inkişaf forması idi. Amma heç kəs hələ Azərbaycanın müstəqilliyinə inanmırdı, bunu düşünən də tək-tək adamlar idi. Burdan da güclü Osmanlı imperiyasına rəğbət hissləri, böyük ümidlər yaranırdı. Türk İslam Ordusunun gəlişi ərəfəsində, 1918-ci ilin yazında və yayında Osmanlı dövlətinə münasibətdə parçalanma yarandı: regionların bir hissəsi Azərbaycanın müstəqilliyinə tərəfdar oldu, bir hissəsi isə gələcəkdə Osmanlı dövlətinə birləşmək ümidlərinə qapıldı, sonunculara ilhaqçı da deyilir. Bu ikitirəlikdə təriqət fərqləri, tarixi ənənələr də rol oynayırdı. İlhaqçıların içində Əli Bəy Hüseynzadə, Əhməd bəy Ağayev kimi o dövrün ən savadlı adamları vardı. Məsələn, Əhməd bəy Ağayev kiçik xalqların dövlət yaratmasının pozitiv nəticələrinə inanmırdı və bu barədə məqalələrində açıq şəkildə yazırdı. Osmanlı elitasında buna tərəfdar olanlar da vardı. Lakin tarixin hökmü bizi Rusiya təsir dairəsində saxladı və problem ortadan getdi.
  Amma ana dilində təhsilli kadrlar çatmırdı. Buna baxmayaraq ədəbi dil canlı danışıq əsasında sürətlə inkişaf edirdi. "Açıq söz” qəzetinin adı belə yeni ədəbi dil konsepsiyasının inkişafı idi. Amma "halva-halva” deməklə ağız şirin olmaz. Ədəbi dil haqqında gündə əlli məqalə yazmaq olar, amma ədəbi dil yerində saya bilər. 1918-ci ilin mart hadisələri, 1920-ci ilin 27 apreli, 1922-də N.Nərimanovun Moskvaya köçürülməsi kimi tarixi hadisələr də ana dilinin inkişafına zərbə oldu. Onu himayə edənləri tarix məğlub elədi. 1958-ci ildə İmam Mustafayevlə Mirzə İbrahimovu da. Çünki ədəbi dil həm də tarixi, mədəni və ədəbi prosesdir. Elm və mədəniyyətin bütün sahələri üzrə mətnlərin həcminin çoxalmasıdır. Nəşriyyat məhsulları və onun xalq tərəfindən mənimsənilməsidir. Ona görə ədəbi dilimizin xalq danışıq dili bazasına keçməsi əsasən 30-cu illərdə tamamlandı. Bunun bir hissəsi ana dilli dərsliklər və mətbuatın inkişafı, ikinci hissəsi Səməd Vurğunun şeir dilimizi yeni xəttə salması, üçüncüsü də marksist klassikanın dilimizə sürətli tərcüməsi idi. 

  – Bu vəziyyət ədəbi üslubda necə idi?
  – Əgər Cümhuriyyət dövrünün real mətn mənzərəsinə baxsaq, burada iki meyl görürük. Bir tərəfdən türk romantiklərinin sadələşdirdiyi İstanbul yazı üslubu, ikinci tərəfdən Axundovun əsasını qoyduğu və "Molla Nəsrəddin”də davam edən yeni, müasir Azərbaycan ədəbi dilinə məxsus üslub. Birinci Osmanlıda çıxan mətbuatın dili idi, bu dildə kitab çapı da vardı. Amma Axundovçuların ədəbi dili kitab çapına və mətbuat və məktəb dilinə əsaslanmırdı hələ. Axundovdan sonra Azərbaycan dilinin siyasi əhəmiyyətini Mirzə Cəlil dərk etmişdi. O, Axundovun dil məktəbini özünə xas bir tərzdə, başlıcası, sadə xalq danışığına əsaslanaraq davam etdirdi. Amma Axundovçu ədəbi dil, yuxarıda göstərdiyimiz səbəblərdən hakim mövqe qazana bilmədi. Çünki Birinci Rus inqilabı 1905-ci ildə Azərbaycanlılara da mətbuat yaratmaq hüququ verəndə, ikitirəlik qaldı ədəbi dildə. Axundovçuların kadrları az idi. Qalan kadrlar Osmanlıdan gələn müəllimlər və divan ədəbi dilinə qayıdan öz mollarımız idi. 1917-ci ilə qədər hətta Avropa romanlarını divan ədəbi dilinə tərcümə edib çap edirdilər. M.Hadi, A.Səhhət kimi milli adamlar divan ədəbi dilində yazırdılar nəsr əsərlərini. Hacı Kərim qazi də Quranın üç cildlik təfsirini divan ədəbi dilində yazmışdı və buna görə ədəbi dil faktı kimi heç kimin yadına düşmür.
  Ü.Hacıbəyov, N.Nərimanov, C.Məmmədquluzadə, M.Ə.Rəsulzadə, Ə.Haqverdyev. S.S.Axundov, C.Cabbarlı kimi rus dilində təhsil alıb ana dilini müstəqil ev təhsili ilə mənimsəyən adamlar tipik hal olmaqdan artıq istisna idi. Onlar Axundovçu ədəbi dilin hakim mövqeyə keçməsini təmin edə bilmədilər. Əslində, bunu bolşeviklərin 1920-ci ildə yaratdıqları milli Azərbaycan dilli təhsil sistemi etdi. Vahid dərsliklərdən istifadə ana dili bilgisini də normativləşdirdi. Cümhuriyyətdən sonra bu işdə "Açıq söz”də yetişmiş Əhməd Cavad, Çəmənzəminli, Seyid Hüseyn, Tağı Şahbazi, Mirzə Bala Məmmədzadə, Almas İldırım və b. iştirak etdi.
 
 
 
 


  – Cümhuriyyət dövründə ədəbi dil ən çox hansı təsirə məruz qalmışdı. Osmanlı türkcəsinin, yoxsa divan ədəbi dilinin?
  – Kökcə bunların ikisi də eyni şeydir. Amma türk maarifçi romantikləri fransızlardan canlı xalq dilinə böyük önəm verməyi mənimsəmişdilər. Bizdən fərqli olaraq, Osmanlıda ərəb dilinin kultu yüksək olub. Belə şəraitdə sadə türk dili soltan hökuməti tərəfindən himayə edilmirdi. Amma ayrı-ayrı şairlər sadə türk dilində yazmağa çalışırdılar. Onların da Azərbaycan şeirinə böyük təsiri oldu. Burda da ikilik vardı: osmanlıdan bizə bir tərəfdən divan ədəbi dilinə əsaslanan mətbuat dili, o biri tərəfdən türk maarifçilərinin sadə şeir dili təsir göstərirdi. Hüseyn Cavid, Süleyman Rüstəm, Mikayıl Müşfiq, Əhməd Cavad, Abdulla Şaiq kimi şairlərin şeir təhkiyəsi həmin bu təsirlə bağlıdır. Hətta Səməd Vurğun da o zamankı dəbə uyaraq bu üslubda, əruzda şeirlər yazıb. Lakin otuzuncu illərdə Osmanlı romantiklərinin təsiri ilə yaranan poetik təhkiyə forması hakim ola bilmədi. Səməd Vurğunun dühası ilə xalq şeir üslubu bizim sovet poeziyasının əsas təhkiyə forması oldu. Buna el şairlərinin, dastanların kütləvi çapı da təsir göstərdi. Bu təhkiyənin qələbəsinə yeni proletar ədəbiyyatının rus dilindən tərcümə və təbdillər yolu ilə inkişafı da kömək etdi. Türk şairlərini oxumaq, bu sözü işlətmək belə qadağan edildi. Ədəbi və xüsusilə bədii dilin inkişafı mürəkkəb bir prosesdir və onlar bizim yaratmaq istədiyimiz nəzəri sxemlərə sığmır. 

  – Rəhim müəllim, Cümhuriyyət dövrünün ədəbi dilimiz üçün əsas əhəmiyyəti nədə oldu?
  – Birinci, şübhəsiz ki, ana dilinin, onun siyasi üslubunun, şifahi üslubunun əhəmiyyəti ortaya çıxdı. Demokratik Cümhuriyyətin rəsmi qəzeti "Azərbaycan” ana dilində çıxdı. Müvəqqəti hökumətin keçirdiyi seçkilərdə müsəlmanlar arasında sadə dildə təbliğat aparılmağa başlandı. Milli ovqatların yüksəldiyi bir şəraitdə, ana dilində siyasi söhbətlər və nitqlər söylənməyə başlandı. Demokratik Cümhuriyyətin Müstəqillik Aktının bir nüsxəsi də türkcə meydana çıxdı, hərçənd ki, onun orijinalı rusca idi. M.Ə.Rəsulzadə Azərbaycanın Rusiya tərkibində muxtariyyəti barədə öz nitqlərini (dekabr, 1917-mart, 1918) ana dilində söyləməyə başladı. Milli Şuradakı sonuncu çıxışında Məmməd Əmin Rəsulzadə müstəqil Azərbaycan tərəfdarlarının əbədi şüarını ana dilimizdə dedi: Bir kərə yüksələn bayraq bir daha enməz! Sonrakı dövrdə ana dili problemi də milli hərəkatın, hətta Cənubi Azərbaycanda 1945-1946-cı illərdə  qurulan Milli Hökumətin əsas şüarına çevrildi.
  Hələ Cümhuriyyət ərəfəsində yaranan ana dilli milli ədəbi cərəyan C.Məmmədquluzadə, M.Ə.Rəsulzadə, H.Cavid, M.Hadi, A.Səhhət, C.Cabbarlı, Ə.Cavad, S.Hüseynin, Ə.Müznib, M.B.Məmmədzadənin qələmi ilə ədəbi prosesə hakim oldu. Ana dilində Dövlət Teatrı və milli səhnə yaranıb fəaliyyət göstərdi. Azərbaycanın Ü.Hacıbəyov tərəfindən Dövlət himni yaradıldı. Yaşıl Qələmlər İttifaqı yarandı. Bu dövrdə ortaya çıxan milli əsərlər və publisistika nümunələri sonradan qadağan olunsa da, xalqımızın bədii yaddaşında həmişəlik qaldı. Bu dövrdə yenə də bədii dil bütün ədəbi dilin inkişafının əsas şəkli idi.
 
  Söhbətləşdi: Səxavət Sahil
 
 

Xəbər lenti