Biz imzaları yox, əsərləri dərc edirik...

Hansı yazıçıların redaktora ehtiyacı yoxdur? – Sorğu
2398
01 Oktyabr 2018, 08:12
  Belə bir deyim var: "Hər bir yazıçının yaxşı redaktora ehtiyacı var”. Nəşr edilən əsərlərdə ədəbi redaktə ilə bağlı qüsurlar daim müzakirə mövzusu olsa da, inkişafa doğru heç bir dəyişiklik yoxdur. Kitab çapı ilə bağlı sərbəstlik bu problemi daha da qabardıb. Zəif, qeyri-peşəkar və ya həvəskar redaktə ilə, bəzən də redaktəsiz nəşrlərə rast gəlinir. "Müzakirə”mizə qoşulan ədəbiyyat adamları problemin həlli yollarını peşəkarlığın artırılmasında, bu sahənin inkişafında və s. görürlər. 
 
   Dil, üslub, faktoloji səhvlər və məzmunsuzluq
 
 

 Professor Bədirxan Əhmədov ədəbi redaktəyə münasibətin birmənalı olmadığını deyir: "Bugünkü ədəbi redaktənin məni qane etməsindən birmənalı şəkildə danışmaq çətindir. Həm də ona görə ki, yazılan əsərlər vahid deyil. Əgər vahid olsaydı, onda bugünkü ədəbi redaktə haqqında ümumi fikir yürütmək də asan olardı. İndi ədəbi mətnlər çoxdur; hər zaman qarşına çıxır, hətta sosial şəbəkədə də ədəbi mətnlərə rast gəlirsən. Oxuyub zövq aldığın əsərlər də olur, oxuduqca "bu əsər ədəbi redaktədən nə üçün keçməyib?” dediyin anlar da...Bütün bunlar onu göstərir ki, redaktə lazımdır”. Filoloqun sözlərinə görə, elə vaxtlar olub ki, ədəbi redaktə adı altında müəllifin dili və üslubu dəyişdirilib: "Bəzən isə ədəbi redaktə senzuranın da funksiyasını öz üzərinə götürüb. İndi isə başqa bir zaman gəlib; bəzən əsərlər redaktə olunmadan işıq üzü görür. Bu da mətndə dərhal özünü göstərir. Bugünkü mətnlərin bəlkə də ən qüsurlu cəhəti ədəbi redaktədən keçməməyidir. Mətn müəllif tərəfindən yazılır, redaktə olunmadan dövriyyəyə daxil edilir. Hadisələrin sürətli inkişafı ədəbi yaradıcılığa da öz təsirini göstərmiş olur. Adi bir informasiyanın verilməsindəki tezlik onun mətnində də özünü göstərir. Bu cür mətnlər ədəbi redaktəsiz bir qədər səthi görünür, məzmunu tam ifadə etmir”. B.Əhmədov hesab edir ki, bu cür hallara daha çox qəzet və saytlarda rastlaşmaq olur. Belə ki, redaktorlar yazı müəlliflərinin nüfuzunu nəzərə alaraq, onların yazdıqlarına müdaxilə etmirlər: "Bu doğrudur, lakin elə yazılar da olur ki, onların redaktədən necə keçdiyini düşünməli olursan. Məsələ orfoqrafik səhvlərdən getmir, bu, adi bir redaktədir. Bəzi yazılarda dil, üslub səhvləri, bəzilərində faktoloji səhvlər, bəzisində isə məzmunsuzluq baş alıb gedir. Müəyyən mətnləri oxuduqca redaktənin nə qədər gərəkli bir iş olduğunu aydın görmək olur”. B.Əhmədovun fikrincə, yeni texnologiyalar da redaktənin məzmununa təsir edir: "Redaktənin ən çox narazı qaldığım sahəsi tərcümə mətnləridir. İstər əvvəlki, istərsə də bugünkü tərcümələri oxuduqca, ədəbi redaktəyə ehtiyacı aydın hiss edirsən. Bu gün tərcümə əsərləri həddən çoxdur. Bu yaxşıdır, ancaq bu tərcümələrin redaktə olunmamağı, yaxud zəif redaktə olunması tərcümə sahəsində ədəbi redaktəyə böyük ehtiyacın olduğunu hiss etdirir. Tərcüməçi də bir müəllifdir, əsərin tərcüməsinin müəllifidir. Lakin görürsən ki, bədii əsəri yazıçı olmayan biri tərcümə edib. Hər addımda tərcümənin uğursuzluğu ilə qarşılaşırsan. Bəzən burada ədəbi redaktə də kömək etmir. Orijinal bədii əsərlərin redaktəsi də o qədər yaxşı vəziyyətdə deyil. İndi bədii əsərlərin çoxu ədəbi redaktədən keçmədən nəşr edilir. Halbuki redaktə əsərin gözlə görünən qüsurlarını aradan qaldıra bilərdi. Bir sözlə, ədəbi redaktənin yazı prosesinin bütün sahələrində (məqalə, felyeton, hekayə, roman, tərcümə) eyni dərəcədə əməl olunmur. Getdikcə redaktor funksiyası aradan çıxmağa başlayır. Burada itirən isə ədəbi mətnlər olur”.
 
  Ümumi nəzarət yoxdur
 
 

 
  Yazar Rəbiqə Nazimqızı  deyir ki, ədəbi redaktənin ümumi səviyyəsi ilə bağlı söz demək çətindir. Çünki bu işə ümumi nəzarət yoxdur: "Hər kəs yazdığını redaktə üçün kimə gəldi verir. Buna görə də suala birmənalı cavab vermək çətindir. Bəzən istedadına, biliyinə şübhə eləmədiyim adamların adı ilə elə bərbad redaktədə mətnlərə rast gəlirəm ki, "adam ya kitabı heç oxumayıb, ya da yola verib” deyə fikirləşirəm. Belə də olur”. Yazar peşəkar hesab etdiyi redaktorların adını çəkir: "Mən yaxşı redaktorların adını çəkəcəyəm: Mahir Qarayevdən başlayım, yalnız zəruri yerlərdə və dəqiq müdaxilə edir. Tərcümə kitabımın redaktoru olub. Etimad Başkeçid, Fərhad Abdullayev, Bəhlul Abbasov – üçü ilə də Tərcümə Mərkəzində çalışmışam. Fəxri Uğurlu, Şərif Ağayar. Bunlar əjdahalardır. Cavanlardan mətnimi etibar edəcəyim adam Jalə İsmayıldır, Elnaz Eyvazdır. Onlarla işləmək zövqdür. Aysel Əlizadə bir neçə şeirimə dəyişiklik eləyib, şeir gözəlləşib. Kiminsə adını unutmuşamsa, üzrlü bilsin, çünki siyahı çox uzun ola bilər”.
 
   Ədəbi redaktəmiz axsayır
 
 
 

  "Əgər oxuduğumuz bədii əsərlərdə, bu qədər müzakirədən sonra ayağımız hələ də yerində olmayan nöqtə-vergülə ilişirsə, demək, ədəbi redaktəmiz axsayır”– deyən yazar Jalə İsmayıl problemin bir neçə səbəbi olduğunu deyir: "Müəllif çox naşıdır, redaktoru çox yorub; Redaktor yetərincə peşəkar deyil; Redaktor mətni başından edib; Müəllif deyir ki, "Quran” ayəsi yazmışam, əl vura bilməzsən və s. Əlbəttə, redaktə nöqtə-vergül düzəltməkdən ibarət deyil, olmamalıdır. Redaktor mətni bütün şəkildə görməli, ehtiyac varsa, müəllifi yenidən işlətməlidir. Saysız-hesabsız qrammatik, üslub səhvləri redaktorun diqqətini dağıdır, əsas məqsəddən uzaqlaşdırır. Redaktor yenidən əsər yazmalı deyil. Eyni zamanda, mətndə elə gəzib çıxmalıdır ki, əl izləri tapılmasın. Müəllifin üslubuna toxunmamaq lazımdır, qısası. Özündənrazı müəllif redaktə olunmağı sevmirsə, redaktor onun üçün qeydlər qoya bilər: "Bəlkə belə?”  İlk dəfə əməkdaşlıq etdiyim müəlliflərə də xəbərdarlıq edirəm”. J.İsmayıl deyir ki, redaktorlarından da eyni münasibəti gözləyirəm: "Elə bu günlərdə Rəbiqə Nazimqızı məni pyes yazmağa peşman eləyib. Çox hirslənmişəm özümə: "Bu mənim gözümdən necə yayına bilər?” Amma səsimi içimə salıb, düzəliş və təkliflərin 99%-ni qəbul etmişəm. İnanmadığınız adamı redaktor seçməyin. Şəxsən, çox sərtəm. Dəymədüşər müəllifləri görən gözüm yoxdur  Bir məsələni də unutmayaq. Bütün insan övladları kimi, redaktor da maraqlı əsər oxumaq istəyir”. Yazar müəlliflərə səslənir: "Mətn – xammal nə qədər maraqlı olsa, onun cilalanmış variantı da bir o qədər göz oxşayacaq. Bir-birimizi yormayaq, əziz müəlliflər. Hər gün ömürdən gedir. Ömrümüzü gözəl mətnlərə xərcləyək”.
 
   Kitabın uğurlarının yarısı...
 
 

  "Əgər mənə desələr ki, Azərbaycanda peşəkar bir redaktorun adını de, mən xeyli düşünüb, çətinlik çəkərəm. Çünki belə bir insan tanımıram ki, birbaşa adını çəkim”– deyən tənqidçi Əsəd Cahangir, çağdaş ədəbiyyatda ədəbi redaktənin onu qane etmədiyini vurğuladı: "Azərbaycanda sovet dövründə də redaktə o qədər qənaətbəxş olmayıb. Ancaq o dövrlə müqayisədə bu gün ədəbi redaktə daha da geriləyib. Sovet dövründə yaxşı və ya pis – müəyyən redaktə ənənələri var idi. Professional redaktorlar formalaşmışdı. Onlar bacardıqları qədər redaktə işinə ciddiyyətlə yanaşırdılar. Biz ən azı o əsərləri oxuyanda onlardan zövq alırdıq. Bu, bizə bir mütəxəssis və ya oxucu kimi çətinlik yaratmırdı. Yalnız indiki səviyyəmizlə yenidən qayıdıb o əsərləri oxuyanda müəyyən səhvlər tapa bilirik. Amma yenə də müasir dövrdə redaktə işi ilə müqayisədə sovet dövründə bu iş qat-qat yüksək səviyyədə idi”. Tənqidçi problemin səbəblərindən biri kimi sovet dövründən qalan professional redaktə ənənələrinin aradan çıxması ilə əlaqələndirir: "Bir neçə peşəkar redaktorların bəzisi artıq dünyalarını dəyişiblər, bəziləri başqa işlə məşğuldur. Bu gün redaktə işi həvəskarların əlinə düşüb. Redaktə işinə nəinki ikinci, bəlkə də iyirminci dərəcəli iş kimi baxırlar”. 
  Tənqidçi deyir ki, nəşr olunan kitablara redaktorların adının formal olaraq yazıldığı hallar var: "Hətta, bəziləri hesab edir ki, redaktor ümumiyyətlə, lazım deyil. Biri öz dostuna, biri öz qohumuna və ya hansısa məşhur bir adama zəng vuraraq "xahiş edirəm, icazə verin, sizin adınızı redaktor kimi kitaba yazım”  deyir. Kitabdan xəbəri olmadan həmin adam da nəşrin redaktoru olur. Bu, formal xarakter daşıyır. Halbuki redaktə işi kitabın yazılması qədər önəmlidir”. Tənqidçinin sözlərinə görə, xarici ölkələrdə redaktor kitabın həmmüəllifi və ya az qala sahibi sayılır. Belə ki, o, kitabın üzərində aylarla işləyir. Kitabı elementar bir səviyyədən yüksək səviyyəyə qaldıra bilər. Onun satılması, oxunması üçün əlindən gələni edir: "Kitabın gələcək uğurlarında redaktorun işi müəllifin əməyindən heç də az olmur. Çünki redaktor bu işinə görə həm də yaxşı pul alır. Bu gün redaktora pul vermirlər. Hesab edirlər ki, ədəbi redaktə pula dəyməyən, əhəmiyyətsiz işdir. Koroğlunun qəhrəmanlığının yarısı Qır at olduğu kimi, peşəkar redaktə də kitabın gələcək uğurlarının ən azı yarısıdır. Redaktor olmasa, müəllif o qəhrəmanlığı çətin göstərə bilsin. Əlbəttə, elə müəlliflər olur ki, onların redaktora zəruri ehtiyacı olmur. Amma istənilən halda, ən yaxşı müəllifin də əsərinə kənar göz baxmalıdır. Çünki əsər ona çox doğma olduğu üçün öz nöqsanlarını görə bilmir. Arzu edirəm ki, Azərbaycan ədəbi ictimaiyyəti nəhayət ki, redaktor işinin önəmini dərk etsin, redaktorun işinə lazımi dərəcədə maddi və mənəvi dəyər verilsin. Və bizim kitablarımızdakı biabırçılıq, redaktə səhvləri aradan qaldırılsın”. Tənqidçi hesab edir ki, ədəbi redaktə işini inkişaf etdirmək üçün xüsusi redaktə kursları olmalıdır. Ali məktəblərdə ədəbi redaktə xüsusi bir fənn kimi keçirilməlidir: "Redaktənin imkanları onsuz da sonsuzdur. Heç kim deyə bilməz ki, mən bu işdə artıq son nöqtəni qoydum, artıq mənim redaktə etdiyim mətni redaktə etmək düzgün deyil. Ancaq heç olmasa, onun minimum səviyyəsini əldə etmək lazımdır”. Tənqidçi ədəbi redaktə işinin qeyri-peşəkar səviyyədə olduğunu isbatlamaq üçün xarici ölkə müəlliflərinin əsərlərindən ibarət dünya ədəbiyyatının 150 cildliyinin nəşr olunduğunu misal gətirir: "Bu nəşrlərdə ədəbi redaktəyə ehtiyacı olan çox sayda mətnlər var. Bu işə külli miqdarda pul xərclənib. Ancaq ədəbi redaktə ilə kifayət qədər məlumatı olan peşəkar adamlar məşğul olmalı idilər. Ali təhsili olmayan, cümlə qura bilməyən  bir adam hansısa xarici ölkə müəllifinin kitabını redaktə edir. Eləcə də hansısa seriyadan tərcümələr edirlər. Ancaq o əsərləri oxuyanda peşman olursan. Çünki o əsərlərdən heç nə anlaya bilmirsən: tərcümə də, redaktə də bərbad olur. Bu, sadəcə, kağızı korlamaqdan başqa bir şey deyil”.
 
   Hazırladı: Təranə Məhərrəmova