Biz imzaları yox, əsərləri dərc edirik...

Ramiz Rövşənin şeir mülkündə müvəqqəti kirayədə yaşayanlar – Qəşəm Nəcəfadə yazır
2409
23 Sentyabr 2020, 10:38
 Artkaspi.az şair Qəşəm Nəcəfzadənin "Şair, qatar gəlir, dəmir relsdən çıx...” adlı məqaləsini təqdim edir:
 
 Müasir poeziyamızda hamıdan – yəni bütün şairlərdən hissə-hissə, parça-parça yığılmış, bir az da köhnəlmiş və özü də hamıya tanış olan bir informasiya mərkəzi var. Zaman-zaman bu mərkəz qurulub, xalqın başa düşdüyü formada ədəbi informasiya bazası yaradılıb. İndi bu günün əksər şairləri hamıdan toplanmış və hamıya məxsus olan bu bazadan gen-bol istifadə edirlər. Yəni onlar bu məlum informasiya bazasından nə uzağa gedə bilirlər, nə də kənara çıxırlar. Baxırsan, heca, qafiyə, intonasiya yerində. Bəs çatmayan nədir? Yenilik, təzəlik, özünə məxsusluq. Hər şey sənə tanışdı, xüsusən sevgi, vətən şeirlərini elə bil hardasa, bəlkə də, yüz dəfə oxumusan. Ancaq konkret olaraq mənbəni göstərə bilməzsən. 
 
 Əyani bir misal. Bir dəfə mənə şeir təqdim edən tanınmış bir şairə dedim ki, sizin "Gəlmədi” şeiriniz Bəxtiyar Vahabzadədən oğurluqdur. Şair mənə qəti etiraz edərək, inciyib getdi. Bir aydan sonra gəlib dedi ki, mən Bəxtiyar Vahabzadənin bütün kitablarını vərəqlədim, amma onun "Gəlmədi” şeiri yoxdur. Göründüyü kimi, tanınmış şair məni başa düşməməşdi. Təəssüflər olsun ki, əksər şairlər bu ədəbi informasiya blokadasını yarıb özlərinə yeni cığır, yeni yol aça bimirlər. Təkrar fikir istehsalından yaxalarını qurtarmaqda acizdilər. Belə şeirlər oğurluq sayılır, əslində.
 
 Burda da ən böyük günah heca şeirinin üzərinə düşür. Çünki bu informasiya bazası əsasən heca ilə bağlıdır. Nə qədər eləsən də, təkrar heca ritmindən, intonasiyasından bir addım kənara çıxa bilmirsən. Çünki bu sənin qanına, iliyinə hopub. Hazır şablon hecalar sənin şeirlərinə elə hopur ki, daha özün ola bilmirsən, çönüb olursan bir başqası. Bu yolda asanlıqla şütüyürsən. Elə bilirsən ki, yol gedən özünsən və yol da sənin öz yolundu. Bilmirsən ki, səni arxasınca çəkib aparan hecanın qəlibidir, qəlbi yox. Səni bu "dəmir relsdən” ancaq istedadın çıxara bilər. Əgər çıxmasan, arxanca yolun sahibi gəlir, səni qabağına qatıb sonda ayağının altına alacaq. 
 
 Bəzən elə bilirlər ki, mən heca şeirinin əleyinəyəm. Əsla yox. Ən yaxşı sərbəst şeir yazanlar, ən gözəl heca şeirləri yazanlardır. Hecanı mükəmməl blməsən, yaxşı sərbəst şeir yaza bilməzsən. Eləcə də əksinə.
 
 Elə bunu deyən müəlliflərdən, əslən gədəbəyli, şıdırğı heca şeirləri yazan və əsas da məlum ədəbi bazadan kənara çıxan bilməyən birisinə dedim ki, bilirsən sənin şeir yolun nəyə bənzəyir? Mən dağ yollarına yaxşı bələdəm. Yəqin sən də Gədəbəy dağlarında böyümüsən? O da dediklərini həm başı, həm də əli ilə təsdiqləyir. Bax, o dağların döşündə, xüsüsən yağışlı havalarda iri maşınların dərin izindən salınmış yollar var ha- o da deyir, hə, bax, sən o yolla heç maşın sürmüsən? Deyir, hə, Niva ilə getmişəm. Dedim o maşın təkərinin çığırından kənara çıxa bilirdin? Deyir, yox. Dedim niyə? Dedi ki, yağışılı havalarda maşını həmin cığırdan kənara çıxarmaq çətindi və ya da heç mümkün deyil, elə ən rahatı həmin yoldu. Kənar çıxsan, maşın sürüşəcək, qəza törədəcəksən. Dedim, bax, sənin yazdığın o heca şeiri də başqası tərəfindən, deyək ki, Aşıq Ələsgər tərəfindən salınmış yoldu, düşüb arxasınca gedirsən. Bu yol sənin yolun deyil axı. Oğul deyirəm kənara çıx, öz yolunu sal, öz şeirini yaz və qəza da törətmə.
 
 Razılaşır, yenə həmin yoldan və yuxarıda dediyim dəmir relsdən kənara çıxa bilmir və özü də bunun fərqində deyil. Bu gün müasir şeirimizin əsas bəlası bu. Və yaxud "məşhurlaşan” xeyli şairlərimiz var ki, onların ədəbiyyatımızda daimi qeydiyyatı yoxdur. Yaşları əllini haqlasa da və ya keçsə də hələ də Ramiz Rövşənin şeir mülkündə müvəqqəti kirayədə yaşayırlar. Şeirin əbədi, əzəli bir xassəsi var: bədiilik və özünə məxsusluq. Əgər bu yoxdursa, oxucunu və ən əsası evdə həyat yoldaşınızı yormayın!