Biz imzaları yox, əsərləri dərc edirik...

Qurdu ulamaq – Niyə belə deyirik?
676
22 Yanvar 2018, 12:24
 artkaspi.az ədəbi dilimizdə işlədilən, ancaq mənasının dərinliyini, kökünü bilmədiyimiz ifadələri, məcazlaşan fikirləri, "qanadlı sözləri” anlamaq baxımından olduqca böyük əhəmiyyət kəsb edən Musa Adilovun "Niyə belə deyirik” kitabından bəzi parçaları təqdim edir:
 
 

 

 Başqa sözlə, bəxti gətirmək, taleyi yar olmaq, müvəffəqiyyət qazanmaq.
 Bir çox mənbələrdə göstərilir ki, qədim türk adətlərinə görə qurd kimi ulamaq düşmən üzərində qələbənin rəmzi hesab olunurdu.
 Vaxtilə türk xalqlarında qurd bir totem hesab edilirdi. Firdovsi "qurd başlı Türk” haqqında məlumat verir. Qədimlərdə dişi qurd "ulu ana”, erkək qurd "ulu ata” hesab olunurdu. Mənbələrdən məlum olur ki, qurdun ulaması ilə qoşun yola çıxır, səfərə gedir, qurd yerə oturduqdan sonra isə səfərdən dönürdülər. (Uyğurca Oğuz dastanında Oğuz xanın səfərləri). Əfsanədə deyilir ki, Oğuz xan "Urum” üzərinə yürüş edərkən bir gecə çadırına bir işıq (nur) düşdüyünü görür. Bu işıq boz qurd idi ki, ona yol göstərməyə gəlmişdi. Beləliklə, qurd qoşununun rəhbəri, hamisi hesab olunurdu.
 Qədim Çin mənbələrində göstərilir ki, VI-VII əsrlərdə türk qoşunları, xüsusilə də xaqanın xüsusi dəstəsi (qvardiyası) "qurd” (bori) adlanırdı. Və bununla əlaqədar qurdun ulaması mübarək fal sayılırdı. Maraqlıdır ki, "Dədə Qorqud” dastanlarında qurdun özünü görmək mübarək fal hesab olunur. "Qurdun üzü mübarəkdir” – deyilir. Salur Qazan: "Qara başım qurban olsun qurdum sənə” – deyir.
 Dastanlarda belə bir təsvir də var: "Babası ilə Yeynək gizli yaxa tutuban iyəşdilər. İki həsrət bir-birinə buluşdular. İşsiz yerin qurdu kimi ulaşdılar. Tanrıya şükürlər qıldılar”.
 Rus salnamələrində (Lavrentyev və İpatyev salnamələri) göstərilir ki, rus knyazı David Volınski məhz müttəfiqi poloves knyazı Bonyakın ovsunu sayəsində qalib gələ bilmişdi. Bonyakın köməyi belə olmuşdu: döyüş qabağı gecə yarısı Bonyak qoşundan xeyli aralanıb qurd kimi ulamağa başlamışdı. Bu zaman dörd ətrafda ulayan qurdlar onun səsinə səs vermişdilər. Bonyak qurdların ulamasını qələbə rəmzi kimi yozmuşdu.
 F.B.Köçərlinin "Balalara hədiyyə” kitabında belə "sayaçı sözləri” vardır:
 
 …Siz sayadan qorxmusunuz,
 Səfa yurda qonmusunuz,
 Səfa olsun yurdunuza,
 Ulamasın qurdunuz.
 Ac getsin avanınız,
 Tox gəlsin çobanınız.
 
 
 
 

 R.Əfəndiyevin "Qonşu qonşu olsa, kor qız ərə gedər” komediyasında Mələk deyir: "…O qızı bəyə versələr, vallah, o bəyin qurdu gündüz ular”.
 Yenə onun "Pul dəlisi” komediyasında Məşədi Məmməd arvadına deyir: "...Ay arvad, məsəl var ki, sən saydığın qoy dursun, gör fələk nə sayıbdı. Bu gündən sonra sənin qurdun gündüz ular, gecə ulamaz”.
 Qurd əvəzinə bəzən it sözü işlədilir. Əfsanələrə görə it (sonralar qurd) türk xalqlarının totemi olmuşdur. Qədim hunlara görə, Atilla itdən doğulmuş görkəmli hökmdardır. Hunların bütün Avropaya yaydıqları əfsanələrə görə vaxtilə macar hökmdarı öz qızını Vizantiya hökmdarının oğluna vermək istəyir və qızı gözdən uzaq bir yerdə (möhkəm bir qalada) mühafizə edir. Bu qalada qızla bir it olurdu. Guya qız itdən hamilə olmuş və Atilla doğulmuşdur. 
 A.Şaiqin "Tapdıq dədə” əsərində deyilir:
 
 …Varlandı, Məmişin iti uladı,
 Döndü bir ac qurda xalqı doladı.
 
 Qədim türklər babaları Oğuz xanın qurddan törədiyini, monqollar da Çingiz xanın "boz qurddan” doğulduğunu göstərirdilər. Odur ki, monqolların bayrağında da qızıl saplarla qurd başı həkk olunurdu. 
 Azərbaycanda monqol istilaçılarına qarşı yönəlmiş bir tapmaca maraqlıdır:
 
 Ağzı qara boz bəylər,
 Dinsən ağzın əyilər.
 
 Burada iri, yekə ağızlı, ağzı qara ("ağzı qara canavar”, "ağzı qara tülkü”) ifadələri açıq-aydın şəkildə monqolların vəhşiliyinə, qəddarlığına işarə edir. Onlara qarşı çıxanın, "dinənin” ("Xandan gəlmiş nökərəm, dinmə dişlərini tökərəm” ifadəsi də monqol istilaçılarına qarşıdır) ağzı əyilə bilər, yəni, ağzını əyərlər.
 Qurd, xüsusən də boz qurd ("boz bəy”) totem sayılırdı. Totem olduğu üçün də burda qurdun adı çəkilmir və totem olduğu üçündür ki, sonralar "qurd” sözü əvəzinə "canavar” işlədilməyə başladı.