Biz imzaları yox, əsərləri dərc edirik...

Qürbət ürəkdəyəm indi - Xəyalə SEVİL
984
20 Dekabr 2016, 20:09
 Xəyalə Sevil
 
 

Mən də unuda bilirəm
 

Üzüm 
Əllərimdə gizlənir indi.
Barmaqlarım arasından 
Gecə düşür üzümə,
Uzağam gündən belə.
Məni kim inandıracaq?
Necə inandıracaq?
Sevgiyə bunnan belə.
 
Getdi,
Olan-qalan nə varsa, getdi.
Bir payız dolusu 
Xəzəlim qaldı.
Başımı qoymağa 
Öz çiyinlərim,
Bir də ki, öz dizim, 
Öz əlim qaldı.
 
Yaylıq əllərimlə 
Yaş yanağımı
Silib quruda bilirəm.
Dedim, inanmadın, amma,
Görürsənmi?
Mən də unuda bilirəm.
 
 

Sən mənim xəyal yoldaşım
  
 
Əvvəl saçlarımı kəsdirdim,
Sonra qollarımı tulladım
Yanımdakı boşluğa.
Mən alışdım təkliyə,
Sən alışdın sərxoşluğa.
 
İçimə atdım səsimi,
İçimdə qulaq batır.
İndi gücüm nə ölməyə,
Nə də yaşamağa çatır.
 
Sən mənim xəyal yoldaşım,
Ayrılığın adını qoy.
Həyatına sevmədiyin qadını qoy.
Ağla,
Gözlərin boşalsın.
Sonuncu axşamdan yazıram sənə,
Bütün gecələrin xeyrə qalsın.
 
 

Qürbət ürəkdəyəm indi
 

Hər şey birdən-birə olmur ki.
Ağlaya-ağlaya 
Ağlamamağı öyrənir insan,
Qorxa-qorxa qorxmamağı,
Sevə-sevə unutmağı,
Və susmağı!
 
Ürək çatışmazlığından
Əziyyət çəkənləri
Başa düşürəm indi.
Ürəyin çatışmadığı bədənlərin
Ağrısı dərin olur,
Yatağı sərin olur.
 
Bilmək istəsən,
Qürbət ürəkdəyəm indi,
Darıxıram vətən üçün...
 
 

Saat neçədə darıxaq? 
 

Görüşə bilmərik sənlə,
Taleyin gözündən qıraq.
Heç olmasa vaxt təyin et,
Saat neçədə darıxaq?
 
Eyni cür, eyni saatda,
Görüş kimi darıxaq.
Qayğı kimi, sığal kimi,
Öpüş kimi darıxaq.
 
Xəyalına gəlin gəlim,
Utandıraq ayrılığı.
Mənə gözünlə söz göndər,
Darıxaqmı axşam çağı?
  
 

Səndən nə qaldı ki...
 

Sonra gözəl-göyçək ayrılıq gəldi, 
Sonra gözəl-göyçək ayırdı bizi.
Arxanca uzanan əlim gödəldi,
Üzü qışa tutduq ürəyimizi.
 
Səndən nə qaldı ki, eh... Səndən heç nə,
Bir azca peşmanlıq, bir azca hüzün.
Sən məni hamıdan yaxşı tanıdın,
Mən səni tanıya bilmədim, quzum.
 
Ölü doğulubdu məhəbbətimiz,
Daha yanağımda axınım sənsən...
... Bir az uzaq dayan, uzaq ol mənə,
Hələ də hamıdan yaxınım sənsən...
  
 

Taleləri sən yazırsan deyirlər
 

Mənə bir yaxşılıq elə.
Çıxım dağın başına,
Məni itələ, Allah.
Əzib bükdüyün ömrümü,
Ölüm, ütülə, Allah.
 
Sən göyünə çəkilmisən,
Mən yerimə.
Neynəməli, göyüm yox.
Mən ahımı qaldırmışam göylərə,
Qollarımda heyim yox.
 
Dərdim boğulmur gözümdə,
Gözlərimin yaşı dayaz...
Taleləri sən yazırsan deyirlər,
Oğluma, qızıma yaxşı tale yaz.