Biz imzaları yox, əsərləri dərc edirik...

Hər şey tam tərsinə oldu – Herman Hesse
1198
26 Aprel 2018, 12:25
Artkaspi.az Herman Hessenin "Kitabların tozunun alınması" adlı essesini təqdim edir:
 


 
  Bu bir neçə günlük məşğuliyyət zamanı çox gözəl və maraqlı situasiyalar yaranırdı. Bir dəfə mən şimal-şərqə baxan terrasımda üç-dörd kitabdan ibarət səliqəli şəkildə yığılmış kitab dəstələrini götürüb tozlarını çırpdım. Bu zaman iki qalın və ağır iki tom in-oktava (çap vərəqinin səkkizdə bir ölçüsündə) əlimə keçdi. Onları bir-birinə ehmalca vuraraq uçuşan tozları seyr edərək fikrim qəflətən bu mexaniki işdən ayrıldı. Və mən başlığı oxudum. Bu Şpenqlerin "Avropanın qürübu" idi. İlk ağlıma gələn fikir bu oldu: "Kaş ki, mənim övladlarım, ya da başqa gənclər görərdilər ki,  mən əziyyətlə, zəhmətlə bu maarifləndirici, dünya görüşü artıran müxəlləfatın, ədəbiyyatın qürübundan bəhs edən bu kitabın tozunu necə incəliklə alıram."  Və mənim on doqquzuncu ildə  Romen Rollanın təşkil etdiyi yay kurslarına Luqanoya gələn ingilis tələbələr yadıma düşdü. Onların içində Bleykenay adlı gözəl bir qız varıydı ki, o zamanlar barəsində çox eşitdiyim Şpenqlerdən mənimlə danışmağa başladı. Mən qıza o kitabı mütləq oxumaq istədiyimi, lakin almaq üçün imkanım olmadığını bildirdim.  O, öz nüsxəsini müvəqqəti olaraq mənə verməyə təklif edəndə (infilyasiya periodunda o öz ingilis funtlarına Almaniyada şahzadə kimi yaşayırdı) mən ona öz kitablarımdan birini hədiyyə etdim. Qız hədiyyəni qəbul etdi və o zamandan nə qızdan, nə də Şpenqlerdən heç bir xəbər olmadı. Bir neçə ay keçəndən sonra mən Şpenqleri ala bildim. Önsözdəki lovğalığına və şöhrətpərəstliyinə acığım tutsa da, sehrli ədəbiyyat başlığını oxuyan kimi heyrətə gəldim.  İllər keçdi. Və bu kitab yenidən mənim əlimdədir. Müharibə və müharibədən sonrakı illərdə nəşr olunmuş kitablar necə də tez dağılır, korlanır və saralırlar! Onilliklər ötəndən sonra indiki dövrdə bu kitablar  çox köhnə, vaxtı keçmiş və  unudulmuş görünür. Onlar daxilən və zahirən heç olmuş kimi, sanki öz ömrünü sürmüş, vaxtı keçmiş kimi görünür. Qopuq və əzik karton cildin arasında  heç bir şeyə yaramayan kağız kövrək  və sarı rəng almışdır. Başlıqlar və titullar elə  gərgin və həyəcanlı, elə fanatik və ovsunlayıcıdır  ki... Onlarda iyirminci illərin yazıçı və mütəfəkkirlərinin qorxu və zəiflik bağırtısı duyulur. Mən o zamanlarda buna fikir verməmişdim. Əgər fikir vermişdimsə də təsadüfən olmuşdur.  Həmin dövrdə böyük maraq və cidd-cəhdlə  indi məndə ancaq təəssüf hissi doğuran kitabları oxuyub tədqiq edirdim. "Sonu məğlubiyyət və müflisləşmə ilə bitən dörd illik müharibədən evinə dönən bir xalqın yaradıcı ziyalısı əslində çox şey barəsində danışmalı idi.  Bu hadisə hər hansısa bir forma alıb onu anlamağa, dərk etməyə yönəldilməli idi."  Dərk etmə nəticədə çox zəif və aciz oldu. O zamanlar mən bunu yalnız hiss edirdim, əslində isə bunu tam anlaya, dərk edə bilmirdim. Lakin mən bağırtılı başlıqları olan və əsl idrakdan, bilikdən və  özünü təhlildən uzaq olan bu kitablarda məni ovsunlayan, tilsimə salan  qeyri-adi bir hisslə rastlaşdım. Həyəcan və çox güclü məhv olmaq hissi, pozulmuş əhval-ruhiyyə, qəribə narahatçılıq, bəşəri faciənin və dəhşətli mühakimə gününün boğucu kükürd qoxusu vardı sanki o kitablarda. Mən onları böyük həvəslə, şövqlə, gərgin maraqla, gənc çağlarımda heç nəyi bu cür oxumamışdım. Çünki müharibə illərini intihara çatacaq həddə yaşamaq; öz zahiri və daxili həyatının tam dağılması dərəcəsinə çatmaq, lakin müharibənin sərhədlərindən uzaqda qalıb, cəbhə, səngər, blindajlar görmədim, hücum və qəhrəmanlıqlardan yazıb sətirhesabı qonorar alan tüfeyli, parazit müharibə oçerkçilərinin  dözülməz gurultusu susandan sonra, xalqın ən yaxşı nümayəndələri müharibədən çaşqınlıq və çətinlik içində, sınmış, sarsılmış halda qayıtdıqdan sonra, mütləq həmin vaxtda hardansa, kimdənsə həqiqi, realist bir səs eşidilməliydi. Almaniyanın əsl ruhu hiss olunmalıydı ki, bizə dəyişilməyi, bizə işləməyi, layiqli, səviyyəli qorumanı, inamı öyrədəcək  müəllimləri tapmağa kömək etsin. Lakin hər şey tam tərsinə oldu. Landauerin və tamam başqa bir səs – Şpenqlerin səsi istisna olmaqla, o dövrün çoxsaylı əsərləri mənə yalnızlıqdan,  gözləməkdən və Almaniyaya inamdan başqa heç  nə vermədi. Çox qəribə və reallıqdan uzaq baxır mənə indi o dövrün saralmış səhifəli dəftər-kitabları. 
 
 
 

  Bir gün sonra mən kitabxanamın daha unudulmuş, sanki qəribsəmiş, keçmişə dalmış  bir hissəsinə rast gəldim. Onlar müharibə illərində mənim özümün redaktə edib,  nəşr etdiyim kitablar idi. Bu kitabları  Fransada olan müharibə əsirlərini təmin etmək üçün hazırlayırdım. Üç il boyu çap olunmuş  "Alman əsirləri üçün bazar xəbərləri"ni də tapdım. Mən onlardan minlərlə nüsxə iki həftədə bir dəfə Fransa, Rusiya, İngiltərə və Hindistana göndərirdim. Əsirlər üçün sifariş etdiyim kiçik formatlı kitablar da olurdu: Emil Ştraus, Mann qardaşaları, Qotfrid Keller, Ştormun novellaları, mənim öz kiçik, sadə, lakin yaxşı görünən, oxumaq üçün minlərlə məktub göndərən əsirlər üçün hədiyyə olaraq çap olunan kitablarım. Bu kitabçalar indiki dövrdə artıq nadir hallarda çap edilsə də, mən onların hamısını saxlamışam və onların hər biri mənim üçün çox əzizdir. Çünki müharibə vaxtı mən onlarda keçmiş Alman ədəbiyyatında olan yüksək siyasi və milli ruhu canlandırmaq, diriltmək istəyirdim. Həmçinin alman hökümətinin yanında bizim şöbənin yalnız daxili istifadə üçün Berndə çap etdiyi qeyri-adi "Alman düşərgələrindəki hərbi əsirlər haqqında xəbərlər" də buradadır. Mən yenidən hərbi illərdə yazdığım məqalələri tapdım. Onların arasında 1946-cı ildən başlayaraq Sinkler imzası ilə olanlar da varıydı.
  Kitabxanamın xoşbəxtliyindən bu hissə ən balaca hissədir. Ən böyük və ən yaxşısı isə keçmiş Alman ədəbiyyatı hissəsidir. Lakin çağdaş ədəbiyyatımız olan hissə də yaxşıdır və o yeganə hissədir ki, günü-gündən böyüyür, artır. Təkcə bu yay ölümündən sonra çap olunan Frans Kafkanın əsərlərini, İna Zaydelin yeni romanını, Riçard  Xyuzun "Yamaykada çovğun" povestini öz kitabxanama daxil etmişəm. Bundan  nisbətən az olan, bir əsrin dörddə biri qədər zamanda topladığım və  məni çox zənginləşdirən şərq ədəbiyyatı hissəsidir. Burada şeirlər, qədim Hindistan və Çin müdriklərinin pritça və kəlamları var. Bu kitablardan bəziləri, məsələn, Lyuy Buvey, Konfutsi, Çjun-tsının kitabları hər zaman əlimin altındadır.  Və bəzən onları "İszin"lə ("Dəyişikliklər kitabı") eyni səviyyədə tutaraq  bir fal, bir rəmmal kitabı kimi vərəqləyirəm. 
  İndisə bu kitablar lal-dinməz, bir-birindən fərqlənmədən, qarışıq şəkildə kağıza bükülüb dəstə-dəstə rəflərə yığılıb, qutulara qablaşdırılıb başqa bir evə, başqa bir otağa köçürülməklərini gözləyir. Qutuları açanda onlardan bəzilərini kitabxanamdan kənarlaşdıracağam.
 
 
 
 

  Bu kitab işinə mən demək olar ki, bir həftəmi sərf etdim. Bu cür kitabxana artıq yükdür. Müasir insanlar kitablarla özünü yükləyib zəhmətə salmağın, ömür boyu onları özünlə daşımağın gülməli və lazımsız olduğunu hesab edirlər. Onlara nə Vergili lazımdır, nə də Ariosto. On il bundan qabaq "Tarzan"ı alıblar və indinin özündə də bu cür kitablar almağa davam edirlər. Onların mütaliə barəsindəki devizi: kitabdakı fikirlər bəzəkli və çox dərin olmamalıdır ki, bir dəfə oxuyub başından ata biləsən! Bizdə isə tamamilə başqa prinsipdir: kitabxanaya heç bir cəfəngiyatı daxil etməmək və heç vaxt qiymətli kitablardan ayrılmamaq! Və nəhayət o gün gəlib ki, artıq yaşlanmış kitab həvəskarı "Avropanın qürubunu"nun tozunu çırpışdıraraq, dərindən fikirləşəndə bu kitabın artıq çoxdan öz xidmətini bitirdiyini və əslində lazımsız olduğunu düşünür. Lakin o, öz dövrünün üzünü forrmalaşdıranlardandır. Və buna görə də xüsusi hörmətə, ehtirama ehtiyacı var...
  Yaxşı ki, cavanlar bizi zir-zibilimizi, dəyərsiz şeylərimizin tozunu siləndə, təmizləyəndə görmürlər! Və nə yaxşı ki, onların özlərinə də bir zaman saçları seyrəlmiş, dişləri tökülmüş halda ömür boyu sadiq qaldıqları şeylərə necə baxış keçirəcəklərini görmək imkanı verilməmişdir. 
 
  Tərcümə edən: Xanım Aydın