Biz imzaları yox, əsərləri dərc edirik...

Göynəyər, göynəyər burnumun ucu... – Tofiq Nurəlinin ilk kitabı
2636
20 Noyabr 2017, 10:52
  artkaspi.az "Gənc şairin ilk kitabı” adlı layihəyə start verib. Bu layihə çərçivəsində şeirləri xalqın, oxucuların könlünə yol tapan, istedadları çoxluq tərəfindən etiraf olunmuş sevimli şairlərin ilk kitabları haqqında kiçik təqdimatla həmin nəşrdən bəzi şeirləri dərc olunur. Bu dəfə Tofiq Nurəlinin ilk kitabından şeirlər və şəkillər oxucuların ixtiyarına verilir:


 
  Tofiq Nurəli 1953-cü ildə Qonaqkənd rayonunun Yerfi kəndində anadan olmuşdur. Şairin ilk kitabı "Şehli kəpənəklər" 1983-cü ildə "Gənclik” nəşriyyatında çap olunub. 7000 tirajla nəşr olunan kitabın redaktoru Çingiz Əlioğlu, texniki redaktoru N.Süleymanov, bədii redaktoru N.Rəhimov, korrektoru P.Qasımova, rəssamı İ.Quliyev, qiyməti isə 10 qəpik olmuşdur. 


 
 
 
  Yağışlı şəhər
 
  Bu yağış şəhəri yuyur bayaqdan
  Sular yollar kimi burulur tini
  Maşınlar yağışlı küçələr boyu 
  Qaçır ayaqyalın uşaqlar kimi...
 
   Torpaqda torpaqlıq həsrətlər yatıb, –
   Sanki bu yağışdan oyanacaqlar.
   ...elə bil asfaltın yarıq yerindən
   Toppuş göbələklər boylanacaqlar. 
 
  ...Toppuş göbələklər boylanacaqlar...
  Mənim kimilərin qəlbi üçündü...
  Bir şeytan qızcığaz dərmək istəsə 
  Anası dartaraq, – bəzək üçündü...
 
  ...Özüm də islandım bu tin başında 
  Bu yağış şəhəri bayaqdan yuyur.
  Hündür binaların, hündür evlərin
  Başından su tökür, ayaqdan yuyur.
 
  Durduğum yerdəcə dayanacağam 
  Yağış qurtarınca yağış kəsincə 
  Boynuma su düşür üşüdüm yaman
  Deyəsən, evimiz damdı indicə...
 
 
 
  Əlvida Bakı 
 
 
  Bəlkə yer tapılmaz mehmanxanada,
  Bəlkə vağzalında yatıb qalaram...
  Bəlkə səhv salaram küçələrini
  Qopar bir döngədə o köhnə yaram...
 
  Elə bilirəm ki, köçüb bu dünya,
  Elə bilirəm ki, mənəm sonuncu...
  Göynəyər, içimdə o köhnə yara,
  Göynəyər, göynəyər burnumun ucu...
 
  Tanış pəncərədən yad bir qız baxar...
  Ürəyi təntiməz, gözünü silməz
  Mənim kimliyimi daş divar bilər,
  Mənim kimliyimi o gözəl bilməz...
 
  Sürünüb gedərəm, getməz ürəyim,
  Neynərəm, neynərəm görəsən onda?!
  ...daha qonağıntək gəlib gedərəm
  Əlvida... əlvida... Bakı, əlvida!...
 
 
  
  Portret
 
 
  "Zaman –
  Sonsuz bir tiyan
  İçində qaynayır 20-ci əsr
  Altında bir ürəkdi yanan
  dilim-dilim.
  Az aralı ürəyinin alovundan
  üz-gözü qarsımış, 
  əliqabarlı bir kişi
  köks ötürür dərindən
  baxıb-baxıb dünyamıza 
  Gülür dəhşətli bir ilhamla
  dərindən
  kədərlənir”
  ...Mirzə Ələkbər Sabir.

 

 
  Ada
 
  Div qız oğurlayan kimi 
  Dəniz də qurudan bir parça torpaq oğurlayıb
  Qoruyur div qızı qoruyan kimi –
  ayaqlarından dibinə bağlayıb...
  ... Uzaq və qəmli xatirə kimi 
  Tənha yaşayır ada...
 
 
 Hazırladı: Aysu Kərimova