Biz imzaları yox, əsərləri dərc edirik...

Qolların qaldırmır bu tənhalığı – Rəvan Cavidin şeirləri
1389
08 May 2018, 11:19
 Artkaspi.az gənc şair Rəvan Cavidin şeirlərini təqdim edir:
 
 
 Üç fəsil, iki adam
 
 Əzizim, 
 mən qış adamıyam,
 soyuğam, 
 üşüyürəm,
 izin ver, 
 qucağına yüyürəm.
 Məncə, bütün qısa saçlı qadınların səsi kobud olur,
 saçlarını kəsəndə qışqırıb-ağlayırlar,
 ona görə. 
 Ona görə ağlama,
 saçdı də...
 Ona görə ağlama,
 adam sevir, 
 sonra bezib qaçır...
 qaçdı də...
 
 

 
 Mən ondan çox sevərdim səni,
 daha gözəl sevərdim, 
 məsələn,
 dizlərinə uzanıb şeir oxuyuram...
 qar yağanda...
 Mən heç vaxt razı olmadım, 
 olmazdım, 
 mənə görə pis olasan,
 dolasan, 
 ağlayasan, 
 mən gedəndə şəkilləri,
 mesajları özüm silib gedərdim, 
 amma gedərdim...
 
 Ki, ağlayasan,
 dolasan, 
 pis olasan,
 bilirsənmi, 
 adamlar pis olanda
 gözləri ilə deyil,
 əlləriylə toxunur şəkillərə.
 
 Əzizim,
 mən yaz adamıyam, 
 ayaz adamıyam,
 Günəşli günlərim də üşüdür,
 küləkli günlərim də...
 amma ümid var məndə.
 Mən ondan çox sevərdim,
 səni də, saçlarını da...
 gedəndə saçlarından, 
 səndən bir şeir qədər
 özümlə aparardım. 
 O aparmadı 
 – bu gün səni bütöv gördüm.
 Nə qədər oxşayırsan 
 səndən sonrakı qadınlara,
 məsələn,
 Annaya, Şəkurəyə, İpəyə,
 Lolitaya, 
 ya da Təhminəyə...
 
 Əzizim,
 mən yaya bənzəmirəm, 
 bağışla!
 Əzizim, 
 mən payız adamıyam,
 kağız adamıyam,
 Allahın yazıq adamıyam,
 üstü-başı şeir, 
 yazıq-yazıq adamıyam.
 
 Sarı xəzəlim, 
 mavi Xəzərim,
 alatoran Bakım, 
 bir də sən varsan məndə.
 Bir də
 gözləməyim var,
 heç çəkiləsi deyil.
 Çəkmə də heç, 
 boş ver, 
 keç.
 Sevgilim, 
 sən hansı fəsildəsən?!
 
 

 
 Balvedəki Məryəmə məktub
  
 Bu şəhər unutdu Bakı olmağı,
 dönüb bir sən oldu durduğu yerdə.
 Neçə illər imiş qadın qururmuş
 Allah bu şəhəri qurduğu yerdə.
 
 bu şəhər Allahın Məryəmi bəlkə,
 bəlkə buna görə, məhz buna görə,
 "bakirə” sözünə yaxındı Bakı.
 
 Uzun binaları uzun saçların,
 qala divarları qolların kimi,
 əllərin kimidi
 – soyuq və tərli.
 Qolların qaldırmır bu tənhalığı,
 qolların gücsüzdü, zəif vətərli.
 

 Əzizim, qadınlar ağlamır heç vaxt,
 sevinirlər...
 ayrılıq onları
 yenidən və yenidən
 Məryəmə çevirir,
 və beləcə davam edir,
 bütün bakirələr Bakı olmağa.
 
 Gəl,
 qayıt öz qızını qaladan atan şəhərə,
 sonra həmin qalanın altında
 yumşaq yastığında yatan şəhərə.
 
 Qayıt...
 Qayıt...
 Qayıt!
Xəbər lenti