Çox-çox qədimlərdən Misirdə, Yunanıstan və Romada,
Amerikada və Uzaq Şərqdə, o cümlədən də, Avropadageniş yayılmış
qobelenin-şpalerin Azərbaycanda yalnız XX əsrdə peyda olması daha çox yerli əhalinin
ona o qədər də mənəvi-bədii ehtiyacı olmamağından irəli gəlmişdi. Başqa sözlə
desək, dünyanı, o cümlədən də, adları çəkilən uzaq-yaxın məmləkətlərin
bazarlarını fəth edən xalça-palazlar hazırlamağa qadir olan xalq daha çox məşhur
rəssamların tablolarının toxuculuq nümunəsi variantını ərsəyə gətirməklə məşğul
olan qobelen estetikasını özünə yaxın buraxmamışdı. İyirmi yüzilliyin ikinci
yarısında ölkəmizdəki orta və ali təhsil ocaqlarında toxuculuğun bizlərə qeyri-ənənəvi
görünən növlərinin tədrisindən sonra bədii məkanda qobelenlər görünməyə
başladı. Ötən əsrin yetmişinci illərində Azərbaycan sərgilərində görünməyə
başlayan qobelenə maraq göstərən və bu sahədə fərdi yaradıcılıq potensialını
sınaqdan keçirən gənclərdən biri də Adil Şıxəliyev idi.

Məşhur "Əzimzadə məktəbi”ndə təhsilini
başa vuran gənc rəssamın göz açıb gördüyü Quba xalçalarına məhəbbətinin yerini
qobelenin tutmasının sirri nə qədər gizli qalsa da, bu gün duyulası zaman
distansiyasından bunun Adil Şıxəliyevin bu sahədə nələrisə etməyə qadir olmasına
inamı ilə bağlılığı ilə izah etmək mümkündür. Qənaətimizcə, onun qobelen
sevgisinin kökündə klassik xalça estetikasında hifz olunan "müdrik”liyə və
düşündürü”cülüyə cəlbedici emosionallıq qatmaq, onun ənəniviləşən hamar səthini
hiss-duyğuların ifadəçisinə çevirmək istəyi də vardı.
Sənətkarın yarım əsrə çatan yaradıcılıq
yolunu bütünlükdə dəyərləndirməli olsaq, onda ərsəyə gətirdiyi qobelenlərin
özündə həm şərqli emosionallığını, həm də tamaşaçısının duyğularını pərvazlandırmaq,
çox vaxt da düşündürmək gücünü görmək olar. Bu qobelenlərin zənginliyi ilk
baxışdan duyulan "bədii-texniki estetik xəritəsi”ndə şaşırdıcı bədii şərhlərə
rast gəlmək mümkündür. Başqa sözlə desək, görünənlərdə ənənəvi qobelen-şpaler
fakturası yox, "enişli-yoxuşlu”, çox vaxt təzadı bədiiliyin əldə olunmasına yönəli
toxunma improvizələri mövcud idi. Ən başlıcası isə bu forma-biçim dəyişikliklərinin
məna-məzmunun bədii və təsirli tutumda tamaşaçıya çatdırılmasına xidmət etməsi
idi. Odur ki, Adil Şıxəliyev üçün qobelendə hansısa mövzunu bədiiləşdirə bilməmək
qorxusu yox idi. Bunu onun həyatımızın ən müxtəlif sahələrinə, ən incə və ən
ağrılı mövzulara həsr olunmuş əsərləri də təsdiqləyir...

Adil Şıxəliyevin xalqımızın tuş gəldiyi
faciələrə göstərdiyi yaddaqalan bədii münasibət həm də onun sənətkar-vətəndaş
mövqeyinin necəliyini sərgiləyir. Rəssamın zamanında – hadisələrdən çox az
sonra yaratdığı "20 Yanvar” və "Xocalı” qobelenlərdə yaşanan dəhşətli hadisələrin
bədii şərhi kifayət qədər rəmzi-şərti tutumda ifadə olunmuşdur. Bununla belə, kompozisiyaların
detal-atribut düzülüşündə, onların rənglə qabardılmasında həmin faciələrin ifadə
edə biləcəyi ağrılar duyulmaqdadır. Müxtəlif miqyaslı sərgilərdə uğurla nümayiş
olunan bu əsərlərdə təcavüzkarlara göstərilən bədii etirazda həm də xalqımızın
arzu-istəyi hifz olunduğundan onların zamansızlığa qovuşmuş kimi qəbul
olunurlar.

Rəssamın bir müddət sonra
yaratdığı "Ruhların fəryadı” əsəri isə zaman-zaman yaşanan faciələrimizə "bədii
ağı” kimi qəbul olunur. Bəyaz rənglə ifadə olunmuş "ruh”ları çoxsaylı insan kəllələri
ilə qoşalaşdıran müəllif, bütünlükdə görüntünün alov şəklinə düşməsini əldə etməklə,
faciələrin insanları yandırıb-yaxan hadisə kimi heç vaxt unudulmayacağını
hamıya xatırladır...
Yuxarıda qeyd etdiyimiz kimi Adil Şıxəliyevin
yaradıcılığı mövzu baxımından kifayət qədər müxtəlifdir. Rəssamın bədii
saxlancında yer alan "Öndər”, "Yeni Azərbaycan”, "Din xadimi”, "Məhsul
bayramı”, "Duz gölü”, "Qoç”, "Səhər”, "Yağış”, Şahmat”, "Pəncərə”, "Qubalı Fətəli
xan”, "İstirahət”, "Lalələr”, "Nənəmin nağılı”, "Qırmızı öküz” və digər
qobelenlər vurğuladığımız rəngarəngliyi təsdiqləyir.

Bu
saxlancda həm müxtəlif tutumlu süjetli kompozisiyalara, həm də çox vaxt
gözümüzdə adiləşən motivlərə özünəməxsus münasibət duyulmaqdadır. Həmin əsərlərin
diqqətçəkən xüsusiyyəti müəllifin ən ciddi mövzulara belə lirik-poetik bədii şərh
verə bilməsi, onları tamaşaçını duyğulandıra biləcək estetik qaynağa çevirə
bilməsidir. Bu mənada, müəllifin "Yeni Azərbaycan” qobeleni diqqət çəkir. Ölkəmizin
xəritəsini, "Yeni Azərbaycan” partiyasının emblemini və Ulu öndərin portretini
süjetin əsas dominantına çevirən rəssam, bölgələrimizi səciyyələndirən sərvətləri
ümumiləşdirilmiş şəkildə görüntüyə gətirməklə, ən başlıcası isə görüntünü bəyaz-mavi
koloritdə təqdim etməklə, kompozisiyanın cəlbedici və duyğulandırıcı tutum
almasına nail olmuşdur...
Onun zaman-zaman müraciət etdiyi portretlərdə
də təsvirin ikonoqrafik dəqiqliyinin əldə olunması ilə yanaşı, obrazların səciyyəvi
cizgilərinin təsirli bədii-texniki vasitələrlə təqdimatı duyulası önəm kəsb
edir. Onun müxtəlif illərdə yaratdığı "Ulu öndər”, "Din xadimi” və "Qubalı Fətəli
xan” portretləri bu məziyyətlərinə görə diqqət çəkir...
Adil Şıxəliyevin "Duz gölü” əsərində isə onun
çox incə müşahidə qabiliyyətinə malik olduğuna şahidlik etmək mümkündür. Gölətrafı
mənzərəyə qalalanmış duz təpələrinin arasından göz qoyan müəllif, bununla həm təbii
sərvətin toplandığı məkanın bozumtul-bənövşəyi rəng çalarlarından "boylanan” və
ilk baxışda cəlbedici görünməyən özünəməxsus gözəlliyini və gölü əhatələyən mənzərənin
gözoxşayanlığını tamaşaçıya çatdıra bilmişdir...

Üfüqi
kompozisiyalı "Nənəmin nağılı”nda görünənlərin fraqmentsayağı təqdimatında çox
uzaqlarda qalan xatirələrin hissə-hissə xatırlanması və göz önünə gəlməsi ilə
assosiyasiya-anım yaradacaq məqamlar kifayət qədərdir. Odur ki, işıqlı xatirələrin
fonunda canlandırılanlar da parçalardan "hörülmüş” qurama şəklindədir...
Adil Şıxəliyevin "Yağış”, "Səhər”,
"Çiçəklər”, "Lalələr” və digər bir neçə əsərində təbiət motivləri ilə çoxqatlı
insan yaşantıları arasında yaranan əlaqənin-vəhdətin daşıdığı estetik yükdə
lirik duyğulara bələnmiş rəng çalarlarının daşıdığı dəyərlər çox
gözoxşayandırlar...
Rəssamın "Qoç” və "Qırmızı
öküz” əsərlərində motivin açımına və təsirliliyinin gücləndirilməsinə yönəli tətbiq
olunan bədii-texniki effektlər də yaddaqalandırlar.
Onun bir çox əsərlərinin bədii-fəlsəfi
tutum daşıması da ilk növbədə müəllifin bizi əhatə edən gerçəkliyə bədii-düşündürücü
münasibətinin nəticəsidir. Onun "Pəncərə”də qara və sarı rənglərin təzadından,
"Qara və qırmızı”da isə bir-biri ilə uyuşmayan çalarların "toqquşma”sından
yaranan görüntüdə sətiraltı işarənin mövcudluğu duyulandır. Rəngləri mənalandırmağa
nail olan sənətkar, bununla da tamaşaçısını adi seyrçidən, ciddi təhlilçiyə
çevirməyə nail olmuşdur.

Onun qobelenin ifadə
imkanlarının bolluğunu ən mürəkkəb mövzuların açımına yönəltməsində yüksək sənətkarlığının
görünməsi də ilk növbədə illər ərzində topladığı təcrübənin məntiqlə bizimlə
paylaşmasının ifadəsidir. Adil Şıxəliyevin çox vaxt rəng palitrasında gözlənilməz
çalarlara rast gəlinməsi də, ilk növbədə iplərin bilavasitə rəssamın özü tərəfindən
rənglənməsindən irəli gəlir...
Ötən il 60 illik yubileyini
altmış əsəri nümayiş olunan fərdi sərgi ilə qeyd etmişdir. Bu yaradıcılıq
hesabatı Adil Şıxəliyevin Azərbaycan qobelen sənətinin liderlərindən biri
olduğunu təsdiqləmişdir. Ötən ay onun Çində keçirilən "İpək yolu və dünya
sivilizasiyası” adlı VII Beynəlxalq Byennaledə uğurlu çıxışı, yaratdığı "İpək
yolu” əsərinin tamaşaçıları ovsunlaması da göstərir ki, ömrünün yetmişinci
baharına qədəm qoyan hələ bundan sonra da unikal tutumlu qobelenləri ilə bizə
heyrətləndirmək gücündədir...
Ziyadxan Əliyev