Biz imzaları yox, əsərləri dərc edirik...

Qızım, vida kimisən... Aydanın şeirləri
1561
05 İyul 2017, 07:46

artkaspi.az gənc yazar Aydan Abdullayevanın şeirlərini təqdim edir:

 

 


 

Qızım, vida kimisən

 


Hələ mən atama çay dəmləməli idim,

Hələ saçlarım üçün sinəsini sipər etməli idi atam

Hələ zərrə-zərrə, ağrı-ağrı darıxmamalıydı ruhum.

Hələ məni səsləyib deməli idi:

– Nəfəsinə qurban olum, axşam qoxulum!

Amma... olmadı...

Mən çay dəmləmədim,

Saçlarım rüzgarda sovruldu,

Qürublarda unuduldu qoxum...

 

Hələ nağıl-nağıl uşaqlığıma söylənəcəkdim,

Nağıllanıb bir ulduza çəkiləcəkdim.

Sən, ata...

Sən hələ mənim gözlərimin yağmurundan öpəcəkdin...

Gəlsən, kədər dəmdədir.

Qollarımda ölüm...

Əriyən şam - göy üzündə nakam ömür...

 

Mən torpağam - yağ üstümə,

Mən buludam - keşik çəkirəm

bir qərib məzarın son nəfəsinə...

Məni xatırla, xatırla,

sonra unut ölərcəsinə...

 

Ah, ata, sən necə də fəsilsizsən,

Mən necə də xatirəsiz...

Əgər məni sevsəydin,

sənə övladdan ziyadə Ana olardım… ana

Sevmədin amma...

 

Sənin əllərin qocalmasın, anamın baxışları...

Səhərin dan üzündə çökdü

ömrümüzə taleyin axşamçağı...

 

Mən indi köhnə evimizə daman

yağışlara dua edirəm,

Anam başqa bir evin pəncərəsinə günəş doğur,

Atam... O ağac kimi yarpaq-yarpaq üşüməkdən ölür...

 

...Gedim, sabaha günəş dəmləyim...

Əynimə dəniz geyinim,

Bəlkə gələr...

"Qızım, vida kimisən...” deyər...

 

 

Anamın ahı kimi

 


Buludu gözlərdə buludu ölüm...

Bir qırıq budağın üşüyən canı...

Qərib, ayaq saxla, başına dönüm,

Bu yol aparacaq dumana səni...

 

Buludu ölümdü gözlərdə ötən,

Dənizdən didərgin gəmi kimisən...

Qoşulub karvana gedəcək gedən...

Bir ömür yollarda diz çökərmisən?!

 

Səni and verirəm getdiyin yola,

Bir ümman ahını göylərə vermə...

Gəl, mənim gözümün yaşına bulan,

Çəkdiyin ahlardan öpürəm, getmə!

 

Buludu ölümlü, buludu gözlü,

Bir əlçim qum üfür, dol gözlərimə...

Anam saçlarıma bir gecə hördü,

Atam köç eylədi yol gözlərimə...

 

Yolçu, saçlarımın gecə üzündə,

Yıxıl yat... Gündüzə Allah kərimdi...

Qərib yolçuların yolu gözümdə...

Daha gözlərimin son nəfəsidi...

 

Hey! Mənə ölümü qıyan yolçular...

Gözümdəki yolun çırağı yanmır...

Atamın gedişi kimi günahkar,

Anamın ahıtək məsumam, Tanrı!

 

 

Bir əlçim xatirədir

 

 

Gözləyirəm, gəlmirsən...

Yoruluram, atacan...

Taleyin dumanından qaça bilməyirəm heç...

Bir ömür tənhalığa deyəsən qul olacaq,

Vur sındır qədəhləri, o nimdaş həyatdan keç!

 

Dumana bürünmüşəm, yağışlamışam bir az,

Kimə yağım bilmirəm, buralar mənə yaddı..

Üşüsən, küləklərə götür bir məktub da yaz,

Yaz ki, ömrüm gecədə itkin düşən bayatı...

 

Ah, bu yoxluqlar məni bələdi göz yaşına,

Göy üzüm buludlanır, ahlarım da ki yorğun...

Bu qərib axşamlarda yaşamaq olmur, ata,

Mənim üçün ölmədin, sağkən məni unutdun...

 

Anamın gözlərinə hopan aha baxıram,

O ah mənə tanışdı, o ahın adı sənsən...

Mənə elə gəlir ki, anamın yaddaşında,

Yanıb közü qalmamış, külə dönmüş ömürsən...

 

Gözləyirdim, gəlmirdin... İndən belə də gəlmə!

Ah, bu ömür dediyin bir əlçim xatirədir...

Sən öz ömrünü belə çox görmüsənmiş mənə,

İndi gəlsən də bir, gəlməsən də bir.

 

 

Qadın

 

Sən ey mavi göyləri bulud-bulud qoxlayan...

Sən ey gözləri günəş, taleyi qürub qadın!

Sən ey göz yaşlarında bir ömrü girov qoyan...

Öz ömründən didərgin, bir dibsiz quyu qadın!

 

Sən gəzdiyin küçədə bir xatirə soyuğu...

Sən baxan pəncərədə xəyallar ayla doğur...

Qaranlığa aşiq gül sübh çağında tez solur...

Sən o güldən əyninə kəfən biç, uyu qadın...

 

Bax, o yaşıl yarpaq da xəzan olar, quruyar...

Sükutsan... Pıçıltını yalnızca Tanrı duyar...

Ruhun xəzan qoxulu, çölündə daim bahar...

Sən ey nakam yaşanan ən gözəl duyğu qadın!

 

Öncə atan tərk etdi, sonra sevdiyin adam...

Uşaqlığın, eviniz, ocağı sönən o dam...

İndi hey geri istə, geri verməz Tanrı da...

Nakam ömrün bəstəsi... Dön, bir də oxun, Qadın!