Biz imzaları yox, əsərləri dərc edirik...

Qırmızı markalardakı Lenin portreti – Danilo Kişin hekayəsi
2517
16 Oktyabr 2019, 08:58
  Artkaspi.az saytı serb yazıçısı Danilo Kişin hekayəsini təqdim edir:

  Serb yazıçısı Danilo Kiş (1935-1989) Subotisdə dünyaya gəlmiş, uşaqlıq illərini atasının vətəni Macarıstanda keçirmişdir. Dünya ədəbiyyatı və ədəbiyyat nəzəriyyəsi  kafedrasında diplomunu müdafiə edərək Belqrad Universitetini bitirmişdir. 1962-ci ildə ilk iki kiçik romanı – "Mansarda” və "Qırx üçüncü zəbur zəngi” çap olundu. "Boris Davidoviç üçün qəbir” adlı hekayələr toplusu 1976-cı ildə, "Ölülər ensiklopediyası” adlı  kitabı isə 1983-ci ildə işıq üzü görüb. Danilo Kiş poetik tərcümənin ustadı hesab olunur. Bodler, Verlen, Adi, Petyofi, Svetayeva, Brodski və başqalarının əsərlərini serb dilinə tərcümə edib.
 
  Qırmızı markalardakı Lenin portreti  

   Ey lütfkar Padşah! Rue Michelet-dəki mühazirə zamanı Siz Mendel Osipoviçin məktubları ilə bağlı məsələ qaldıraraq, bildirmişdiniz ki, "Çexov” nəşriyyatında çap olumuş "Toplu”nu tam hesab etmək olmaz. Lakin düşünürəm ki, nə vaxtsa onun yazışmaları üzə çıxacaq. Ola bilməz ki, bu yazışma təxminən 20 məktubla məhdudlaşsın.
     Faciəli şəkildə dünyasını dəyişmiş İosif Bezımenskiyə çəkdiyi zəhmətlərə görə (insanların izinə düşməkdən ötrü – əgər hələ ölməyiblərsə, adlarını şəhərlərini dəyişməyiblərsə – düz 30 il sərf etmək gərək oldu) borcumuzu ödəyərək, belə qərara gəldik ki, bu yazışmaların tapılmasına hələ də ümid var”.
Məni Sizə yazmağa bu yazışmaların böyük bir hissəsinin hardasa mütləq olduğuna və kiminsə bəlkə sentimentallığından, bəlkə hansısa başqa düşüncələrindən irəli gələrək bu dəyərli sənədləri gizlətməsinə inamınız vadar etdi. O vaxt mühazirə zamanı mənim heç ağlıma da gəlmədi ki, qalxıb sizə bu sualı verim: "sizdə bu cür əminlik hardandır? İki il əvvəl dəfndə Siz heç bu haqda danışmamışdınız da. Necə bu qədər əminsiniz ki, hardasa Berlində, Parisdə və ya Nyu-Yorkda bir şəxs var?! Şübhəsiz ki, bu cür nəticəyə Siz  Bezımenskinin tədqiqatları sayəsində gəlmisiniz”. 
   Axtardığınız adam, mühazirədə özünüzün qeyd etdiyiniz kimi "sirlərin açarı əlində olan adam". Sizdən bir neçə metr aralı əyləşmişdi. Əlbəttə ki, siz onu xatırlamırsız. Bu, şübhəsiz ki, belədir. Siz heç ona fikir verməmisiz belə. Lap tutalım əgər o qadın sizin diqqətinizi cəlb etsəydi də, onun o biri qadınlar kimi ümumi mühazirələrə dinləyib, nəsə öyrənməkçün gələnlərdən biri olduğunu düşünəcəkdiniz. Əslində isə ölüm haqqında fikirlərlə dolmuş təkliyi unutmaq üçün, ya da heç olmasa canlı insan üzü görmək üçün gəlirdi.
   Tək-tənha yaşamağıma baxmayaraq, mən heç kimi daha çox artıq dünyasını dəyişənlərlə dolu olan xatirələrimlə bezdirmirəm. Mühazirələrdə iştirak edir, tanımadığım adamlara məktub yazmıram ki, boş vaxtımı məktubuma cavab gözləməklə keçirməyim. Və bir Allah bilir, indi də siz biləcəksiniz ki, mən ömrümdə çox məktub yazmışam. Demək olar ki, onların hamısı bir adama – Mendel Osipoviçə ünvanlanmış olub.
   Sizə – onun əsərlərin yaxşı bilicisinə əlavə əsaslar, sübutlar gətirmək lazım deyil. Bütün bunlardan özünüz də heç bir çətinliksiz baş çıxara bilərsiniz. "Stelyar hannibalizm” kimi qəribə adı olan əsərdə "iki ulduzun – iki canlının görüşməsi” Nina Rot-Svensonun isbat etməyə çalışdığı kimi heç də "şüursuz və xurafat aktivliyinin yaxından əlaqəsinin nəticəsi" deyil. Bu, Parisdə 1922-ci il soyuq bir noyabr günündə "Rus qeydləri" jurnalının redaksiyasındakı ilk görüşümüzdə bir-birimizə baxışlarımızdan sanki ürəyini çarpan elektrik cərəyanın poetik transpozisiyasıdır.
Mənim iyirmi üç yaşım var idi... Lakin bunun heç bir əhəmiyyəti yoxdur. Mən burda ümumiyyətlə, vacib adam deyiləm. Qayıdaq Mendel Osipoviçə! Həmin sikldan olan "Xəbər” şeirindəki  "adamyeyən ulduzlar” ifadəsi də "həmçinin doğulma və qovulmadan yaranan hansısa anlaşılmayan, müəyyən edilməyən qorxular” deyil, "gecə kabusların yerdəyişməsi, köçürülməsi” deyil və heç də "totem” deyil. Onlar ancaq iki obrazın birləşməsidir. Həmin gün Mendel Osipoviç hansısa elmi-populyar jurnalda ulduz-hannibalların mövcudluğu, uzaq dumanda bir-birilərinə baxan iki yaxın ulduz arasındakı ulduz hanniballığının astronomik hadisə olduğunu oxumuşdu. Bu, ilkin təəssürat idi. İkincisi isə bizim görüşümüz oldu. Bu iki hadisə bir obrazda cəmləndi. Şairlər – peyğəmbərlər kimi danışdıqlarından, ulduz-hanniballar haqqında şeir də hədis kimi oldu. Bizim həyatımız  hannibalvari qarışmışdır.
  Əlbəttə, Mendel Osipoviç haqqında mən əvvəllər də eşitmişəm. O zamanlar ümumiyyətlə, hamı Mendel Osipoviçi tanıyırdı. Hər bir güclü və orijinal şəxsiyyətin ətrafında şayiələr, söz-söhbətlər olmuşdur. Onunçün də danışırdılar ki, guya o adi vulqar bir adamdır, nikahdankənar övladı var, tanınmış alman aktrisası ilə yazışır, on səkkiz yaşından bəri qoyma çənəsi var (onun dişini məşhur rus şairi – qısqanc ər vurub çıxardandan sonra), şeirlərini əvvəlcə rus dilində yazır, sonra atasının köməkliyi ilə tərcümə edir, həmişəlik Fələstinə köçmək niyyətindədir və s. Mən bir dəfə qəzetdə Konstantin Rotovun əsərini – onun portretini gördüm. Şəkli kəsdim və gündəliyimə yapışdırdım. "İlahi, – deyə düşündüm, – həyatımdakı kişi məhz bu cür olmalı, bu cür görünməlidir! (Gəncliyimizin patetikası.)
  Və budur! "Rus qeydləri” jurnalının redaksiyasında Mendel Osipoviç düz qarşımda dayanıb mənə baxır! Mən əllərimi masanın altında gizlətdim ki, əsməsini görməsin. Ertəsi günü o məni Monparnasdakı rus restoranına şam yeməyinə dəvət etdi. Bayron kimi Mendel Osipoviçlə bağlı belə bir lətifə dolaşırdı ki, guya o, insan içində yemək yeyən qadınlara nifrət edir. Bu səbəbdən mən ac olsam belə, ancaq acı çay içdim. Sonra mən ona, əlbəttə ki, bu Bayron lətifəsini danışdım. Nəticədə Bezımenskinin "anatomik şeir" adlandırğı şeir yarandı. Sanki dəri əlcək tərs üzünə çevrilir, daxili orqanlar, nəinki ürək, həm də yasəmən surətində ağ ciyələr və bağırsaqların meandrı (məşhur ornament) üzə çıxır. Bu, "uşaqlıqla bağlı fantaziya" deyil, sevgi şeiridir.
 Bir sözlə, bizim sevgimiz "qaçılmaz" idi. Biz başa düşdük ki, bütün maneələrə rəğmən taleyimizi birləşdirməliyik. Deməyə ehtiyac varmı ki, hər şey, hamı – ailələrimiz, dostlarımız, qohumlarımız, yazıçılar  birliyi bizim əksimizə idi. Və əlbəttə ki, həmişə sonuncu dəlil kimi qoyulan bədbəxt xəstə qız!
   O, mənim Rusiyaya qayıtmağıma və "Der Ştern" jurnalının Moskva redaksiyasına işə düzəlməyimə təkid etdi.  Belə bizim hər gün görüşmək imkanımız olurdu. Mən ona lap yaxın, hətta demək olar ki, "kölgəsində" yaşayırdım. (Mendel Osipoviçin "Çəhrayı abajur altında günəş" şeiri mənim bu qeydimə ironik replikadır).
  Sizə məlumdurmu ki, Mendel Osipoviç həmin vaxtda artıq evliydi və bir qızı da vardı. (Və ya Nina Rot-Svenson demişkən, "Mendel Osipoviç gənclik fantazilarını qadın-ana obrazında realizə etmişdir!") Mənə necə ağır olsa da, yenə Sizə Nina Rot-Svensonun anadangəlmə xəstə olmasının Mendel Osipoviça sanki kölgə gətirəcəyinə görə susub gizlətdiyi o bədbəxt uşağı xatırlatmalıyam. 
  İstəyirəm ki, tənqidçilərin əsassız qiymətləndirmələrinə düzəliş edim. Ən çox da Nina Rot-Svensonun qeyd etdiyi nəticələrə düzəliş etmək istəyirəm. Mənim buna hamıdan az və hamıdan çox haqqım var. Lakin burda bir şeyi qeyd etmək istəyirəm ki,  xanım Nina Rot-Svenson bu xəstə qızın mövcudluğundan xəbərdardır. Bir qadın həmrəyliyi və şübhəsiz analıq instinkti ilə "kind" sözü olan bütün şeirləri "özündən üstün "mən”ə aid qorxular və günah hissi" kimi izah edir. Yazıq Mendel Osipoviç, əgər bunları oxusaydı yəqin ki, qəbirdə çevrilərdi. Təkcə dəhşətli bayağılığa görə yox, amma... – elə bəlkə də, hər şeydən əvvəl ondan ötrü. Onun heç bir əsərində həmin uşaqla bağlı heç bir kiçicik olsa belə eyham yoxdu. Bunu ona qarşı hörmətsizlik, ələsalma kimi qəbul edirdi. Bu mənəm, həmin "günahkar qız". Və mən aramızdakı fərq yeddi yaş olmasına baxmayaraq, onun şeirlərindəki "mayn kind"əm. düşünürəm ki, beləliklə biz Nina Rot-Svensonun "dərin analizləriylə" araşdırmamızı bitirdik. Nina Rot Svenson "Ov itləri", "Düz qüllə" romanları, "Düşən ulduz" toplusuyla bağlı fikirlərini bir kənara qoyub Mendel Osipoviçi öz "fikirlərindən" azad etməsi onun tərəfində çox ağıllı bir hərəkət olardı.
  Deməyə ehtiyac varmı ki, Mendel Osipoviç dəfələrlə "sanki lövbəri tutan ikiqat zəncirdən" qopmaqçün  cəhdlər etmişdi. Onun bədbəxt qızı uşaqlara məxsus dəlisov intuitivliklə hələ qapının kandarından belə deyəcəyi pis, nəhs sözü duyurdu.  Balışlara söykənərək çarpayıda oturan əzablı gözlərini ona zilləyirdi. Mızıldanaraq nə isə deməyə çalışırdı. Mendel Osipoviç  qızının yanında dizi üstə oturub əllərini ovucuna alırdı. Deyəcəyi sözlər əvəzinə həyat yoldaşının qarşısında başını aşağı əyirdi. "Bu uşağı Allah mənə istedadımla birlikdə verib ki, mən çox da qürurlanmayım.” – deyirdi hər zaman. 
 Darmadağın olaraq ədəbiyyata – təntənəli diyara qaçırdı. Və heç yadında da qalmırdı ki, bu şeir hansı xəyanətlərin və iztirabların nəticəsidir! Onda o qərara aldı ki, ayrılmayılıq. Mən dəli uşaqlar kimi onun niyyətini hələ qapıdan girməmiş duyurdum. Deyirdi ki, heç kimin qəlbinə dəymək lazım deyil. Mənim sevgiyə haqqım yoxdur. Və biz bu cür aramızda ipək bağları qıraraq "həmişəlik” bir neçə dəfə ayrılmış, təkrardan birləşərək (Mənim Moskvadakı Merzlyakov küçəsindəki evimdə) bir-birimizin ağuşuna atılmışdıq. ("Limb” şeiri elə məhz həmin ayrılıqların təcəssümüdür).
Bizim bu sevgiyə insani gücümüzlə heç nə edə bilməyəcəyimizi, həyatımızın bir-birinə möhkəm bağlarla bağlandığını yəqin etmək üçün iztirablı illərə, ayrlıqlara ehtiyacımız var imiş. "Bu cür sevgi üç yüz ildə bir doğulur, – deyirdi Mendel Osipoviç. O, həyatın mənbəyidir və yalnız həyat onu mühakimə edə bilər.  "Həyat və ölüm!”  bu, "Limb” şeirinin mənasıdır. Onu da qeyd edim ki, xanım Nina Rot-Svenson şeir haqqındakı açıqlamalı və rəylərilə onu mənasızlaşdırmışdı.
  Bu minvalla Mendel Osipoviç mənim ərim olmadı. O, mənim həyatımın mənası, mənsə onun "kədərinin dərmanı” idim. Bu sevgiyə "ölümə məhkum olunmuşun doyumsuzluğu” yad idi.  Onun varlığına heç bir sübut lazım deyildi. O, sadəcə öz alovunda odlanır, biz də onun atəşində yanırdıq. 
Beləliklə, "qorxulu ayrılıqlar” dövrü keçib getdi. Biz bir-birimizin əsiri olduq. Bizim "gözəl xəstəliyimizin” stabil temperaturu məlum oldu. Mən tərbiyəmdən az-çox qalan bütün "ləyaqətimi” də itirərək ondan heç nə tələb etmədən, ancaq sadiqlik və stabillik gözləyirdim. Mən terne metodu ilə stenoqrafia köçürməyi öyrəndim. Yazdığımı ancaq özüm oxuya bilirdim. Mendel Osipoviç o vaxtlar artıq yazıçılığın zirvəsini fəth etmiş bir adam idi. Bizim sirrimizdən agah olanlar mənim kimi gənc və gözəl xanıma paxıllıq edirdilər. Ondakı günah hissi, daimi vicdan sızıltıları yavaş-yavaş keçirdi. Bir yerdə olduğumuz illərdə – kəskin və zərif illərimizdə o, ən gözəl əsərlərini yazdı.  İllərlə mən hər çağırışında yola çıxmaq üçün "çamadan üstündə oturmuşam"! Mən kənd mehmanxanalarında və ya kirayə edilmiş evlərdə ecazkar gecələr yaşamışam. Yadıma salıram ki, necə biz mehmanxanalardan birində ilk dəfə öz əşyalarımız yerləşdirmişdik: geyimimiz dolabda  asılqanda qəribə, sanki qucaqlaşaraq asılmışdı.
   Şübhəsiz ki, sizi bütün bunların Mendel Osipoviçin əsərlərilə nə əlaqəsi olduğuyla maraqlanırsız. Bu mənəm, ağa!  Eyniadlı şeirdəki Polimniya! (Onun mənası ancaq həyatımızın kontekstində aydın olur.) Mendel Osipoiviç deyirdi: "Mənim hər misram, hər sözümdə sən varsan... Bir çiçək tozu kimi...”."Mahnılar mahnısı”nı o 1928-ci ildə tərcümə etmişdi. Bizim aramızdakı ayrılıqlar artıq birdəfəlik bitəndən sonra...
   Həyatımızın tarixi fonda necə sərt peyzajla keçməsi mövzusuna heç toxunmuram. Dönüb geriyə baxanda hər şeyin bir rəsmə sığışdığını görürəm. Burda çovğun yağışla, yağış palçıqla əvəz olunur, hər şey "vahid dözülməz soyuqluğa" dönür. Lakin buna əmin olun ki, Mendel Osipoviçin siması asketik prozasını – mənə məktublarını oxuduqdan sonra təsəvvür etdiyin qədər də sərt deyildi. Həmin məktublar Floberinkilər kimi barokko stilində idi. Onlar əsərlərində yazılanlar və susulanlar haqqında idi. Yaradıcılıq sevinci və yaradıcılıq krizisi haqqında, ruhun vəziyyəti, şəhərlər, peyzajlar, yaşamaq və intihardan ötrü əsaslar, proza və poeziya arasındakı fərqlərdən idi. Onun məktublarına sevgi nəfəsi, ədəbiyyat nəzəriyyələri, yol qeydləri, poetik fraqmentlər qarışmışdı. Bir qızılgülün təsviri, bir günəş doğuluşu, cırcıramalardan variasiyalar, ölümdən sonrakı həyatın varlığı ilə bağlı düşüncələrin də olduğunu xatırlayıram. Bundan başqa bir ağacın təsviri, bir adın etimologiyası, hansısa şəhərin adı, bir gecə kabusunun izahı da vardı. Yadımda olanlardan qalanları sevgi sözləri, soyuqda necə geyinməyimlə, necə saç düzümü etməyimlə bağlı məsləhətlər,  ricalar, qaynar sevgi söhbətləri, qısqanclıqlar idi.
   Sonra günlərin bir günü məktub aldım. Bu, dəhşətli 49-cu il idi. Və həmin vaxt nələrin baş verdiyini sizə danışmağa ehtiyac yoxdur. Sizə çox güman ki məlumdur. Həmin il yəhudilərin yazıçı təşkilatının bütün üzvləri məhv edildi. Söhbətim həmin o faciəli illər öncəsi baş verənlərlə bağlıdır.  Mənə başqasına ünvanlanmış bir məktub gəldi. Bir halda ki, üstündə Mendel Osipoviçin xəttiylə adım yazılmışdı, yaxşı tərbiyə normalarına uyğun olaraq marağımı basıb məktubu oxumamağı məndən gözləmək yəqin ki, çox olardı. Xeyir, bu sevgi məktubu deyildi. Şeirlərini rus dilinə çevirən gənc xanım əməkdaşına bir beçə şeirin mənası – izahı vardı. Buna baxmayaraq, məktubda "Koribont (qədim yunan mifologiyasında personaj) heyranlığı” və "quyruğunu yelpik kimi açan məğrur tovuzquşu”da (şeirlərindən istifadə edək) nə isə ikimənalılıq duydum. Mendel Osipoviçin ürəyi, ruhu mənimçün sirli deyildi. Mən buna indiyə qədər  əminəm ki, adi Libesbrief  (sevgi məktubu) mənim az xətrimə dəyərdi, daha az sarsıdardı. Mən, hətta ona "Koribont heyranlığı” da bağışlamaq iqtidarında olardım. Yeganə və təkrarolunmaz sevgimiz naminə, hətta xəyanəti də bağışlayardım. Allah və şairlərə hər şeyi keçmək olar. Lakin o xanımla poeziyasından, gizli ilhamından danışması, onunla mən düşündüyüm qədərincə yalnız mənim bilə biləcəklərimi bölüşməsi faktı məni çox sarsıtdı. Və ayağımın altından sanki yer qaçdı. Elə bil zəlzələ oldu. Dəhşətli yuxudaydım.
Mən başa düşdüm ki, başgicəlləndirici enişi ancaq nə isə etsəm – güzgünü, çəhrayı abajurun altındakı lampanı (onun hədiyyəsiydi), çin çaydanını və ya bahalı termometri qırmaqla dayandıra bilərəm. Əks halda nə isə daha pis bir şey edərəm. Və buna birdən ağlıma gəldi: "Məktublar!”
   Evində bir neçə axtarış edildiyinə görə Mendel Osipoviç məktublarımızı mənə gətirərək dedi: "Üzsüz adamların məktublarımızı oxumasını düşünəndə dəli oluram!”. Onları ilk görüş çağlarımızda mənə hədiyyə etdiyi lentlə bağladım. Bu lent  – enjambement (şeirdə quruluş növü) şeirlərindən birində peyda olur və bir şeirdən digər şeirə parlaq saçlarda qara lent kimi keçir. Mən əlimdə olan qayçıyla lenti kəsdim. Qayçının əlimdən olmasından belə məlum olur ki, yəqin, mən saçlarımı kəsmək istəyirmişəm. Və "enməm" bir qədər yubandı. Birinci məktubu kəsərkən məni ox kimi yaralayan dərketməmlə artıq geriyə yolun olmadığını bilirdim: peşman olacağam, artıq peşmanam. Bizim sevgi romanımız içindən səhifələri cırıldığına görə mağazaya geri qaytarılan bahalı kitaba bənzəyir. Əsəb və peşmançılıqdan korlaşmış, bir az mum-möhürə bənzəyən marka ləkələrindən başqa heç nə seçmirdim. Siz Mendel Osipoviç yaradıcılığına yaxşı bələd olduğunuzdan, bunu – bu səhnəni, bu  portreti, bu çəkilmiş pərdələri dəlib keçən və gənc bir xanımın əllərinə düşən işığı necə yaza biləcəyini təsəvvürünüzə gətirdiniz. İşıqlandırmaqdan ötrü, obraz xatirinə ocaq qalayardımı, közü üfürərdimi, sobanın qapağını açardımı? Kamini qalayardımı? (Kaminim yox idi. Bayırda buz kimi soyuq mart ayı hökm sürsə də, dəmir sobam yanmırdı.) Çox güman ki, yox. Pəncərə önündəki qadının üzünü işıqlandırmaq üçün "Şəffaf alatoranlıq", Lenin portreti olan markalarsa "zadəgan qanının" möhürünü yaddaşda oyatmaq üçün ona kifayət edərdi. ("Şah qanı"na dair izahlarınız tam doğrudur.) Ah, o cəhənnəm odunun işığını göstərmək üçün bir vasitə tapardı mütləq!
   Bayağı səhvi artıq aşkarlayacağını bilirdim. Məni görər-görməz nə ilə məşğul olduğumu anladı. Yanımda kəsik-kəsik edilmiş bir topa kağız vardı. Mən döşəmədən ayağa qalxdım və ocna bu sözlər yazılan kitabı verdim: "İthafı cırdım". Sonra bütün fotoları da qaytardım. Birgə çəkdirdiklərimizisə artıq məhv etmişdim.
   Bundan sonra onu cəmi bircə dəfə – rəsmi tribunadan müraciətnamə oxuyarkən görmüşdüm. Bu yaxın gələcəkdə olan sonu hiss edən, artıq taqətdən salınmış, sındırılmış adam idi. Daha sonra olanlardan xəbərdarsınız. Gecələrin birində "üzsüz adamlar" onu apardılar. Qalan məktublarımızı da götürdülər. Beləliklə, Mendel Osipoviçin əsərlərindən beşinci tom düşdü. Və onun məktublaşmaları nəşriyyat və dostlarına yazdığı cəmi iyirmiyə yaxın  məktubdan ibarət oldu.  Lakin "inqilabın qorxunc qılıncının" məhv edə bilmədiyini, sevginin ağılsızlığı məhv etdi.
   Nə oldusa oldu. Keçmiş xatirələr bizim qəlbimizdə yaşayır və onları silmək iqtidarında deyilik.  Yuxular o biri dünyanın təsviri və onun sübutu olduğu üçün biz yuxularda görüşürük. O,  sobanın qarşısında dizi üstündə dayanıb ora yaş odun atlır.  Ya da ki, xırıltılı səslə məni çağırır. Onda mən oyanır və işığı yandırıram. Peşmanlıq və ağrı hissi xatirələrin sevincinə çevrilir. Bizim uzun və ehtiraslı sevgimiz həyatımı rəngarəng edərək, onu mənalandırmışdı. Ağa, tale mənə qarşı xeyirxah olub və mən heç bir kompensasiya ummuram. Adım Mendel Osipoviçin kitablarındakı yaxın adamlarının siyahısında, tərcümeyi-halında, hər hansısa bir şeirinin haşiyəsində olmayacaq. Lakin mən Mendel Osipoviçin əsərinin özüyəm! Necə ki, o da mənim!  İnsan bundan başqa nə arzu edə bilər ki?!
  Lakin düşünməyin ki, mən taleyimlə barışmışam və hər şeydən əl çəkmişəm. Mendel Sopivoçin məzarının yerini bilmədiyimdən, "yanında uzanmaq" niyyətim də yoxdur. Az qala ta sümüyünə qədər materialist olan Didro bu cür fantaziyalara əl ata bilərdisə, bəs mən niyə o biri dünyada görüşəcəyimizə inanmayım ki?! Və Allah eləməsin ki, yanında özgə bir qadının kölgəsini belə görüm...
  P. S. "Qırmızı markalardakı Lenin portreti " hekayəsi sitatlarla bol olduğuna baxmayaraq, fantaziya məhsuludur. Lakin... lakin.. "mən heç vaxt anlaya bilməmişəm ki, kitabları necə uydururlar. Axı uydurmanın nə xeyri var" (Nabokov)
   O ki qaldı "sümüyünə qədər materialist Didro"ya söhbət burda məktubdan gedir. Bu məktubun mövcudluğunu xanım Elizabet de Fontenin sayəsində bilmişəm.
  "Bir-birlərini sevən, öləndən sonra bir-birlərinin yanında dəfn olunmalarını vəsiyyət edənlər ola bilsin ki, bu qədər dəlisov deyildilər. Bəlkə də, onların külü bir-birinə toxunur, qarışır, birləşir... Mən hardan bilim? Bəlkə də, onların külü hissləri, ilkin xatirələrini itirməyib və həyatın, xatirələrin müəyyən bir hissəsini özündə daşıyır?.. Ah, mənim Sofiyam! Deməli, əgər nə vaxtsa birləşməyə dair ilkin qanun varsa, mənə ancaq biz olmayandan sonra Sizə toxunmağıma, Sizi hiss etməyimə ümid etmək qalır. O zaman mən əsrlərlə Sizinlə birlikdə ola bilərdim. Və Sizin molekullarınız həyəcanlanaraq oyana bilərdi. Bu fantaziyanı yaşatmağa mənə icazə verin. Bu, Sizinlə əbədi bir olmağıma imkan verərdi..."
 
  Rus dilindən tərcümə edən: Xanım Aydın