Biz imzaları yox, əsərləri dərc edirik...

Qələmlər ağladıqca kitablar gülür – Aida Qasımova yazır
974
09 Avqust 2018, 14:50
  Artkaspi.az professor Aida Qasımovanın "Qələmlər ağladıqca kitablar gülür" adlı məqaləsini təqdim edir:  
 
 

  
 Bir yazı aləti olan qələmə, yəqin ki, heç bir mədəni sistemdə İslam mədəniyyətində olduğu qədər çeşidli mənalar verilməyib. Təbii ki, bu ilk növbədə qələmin Quranın özündə dəfələrlə yad edilməsi ilə bağlıdır. Müsəlman kosmoqoniyasında Allah Təalanın əmri ilə bütün olacaqları yazmış kosmik bir qələm anlamı var. İslam dinidə bir dəfə yazılan yazının yenidən pozulub yazılmasının mümkün olmaması da əzəli və əbədi "qələm” arxetipi ilə əlaqələndirilir. Hədisə görə, "qələm yazısını qurtardıqdan sonra quruyub” və yaxud "ona möhür vurulub”. Füzuli deyir:

  Mənə manənd bir divanə surət bağlamaz, guya
  Qələm sındırdı təsvirim çəkəndən sonra nəqqaşım.

  Ərəb dilində "qələm” sözünün məna çalarlarına nəzər saldıqda, onun adi bir yazı aləti olmaqla yanaşı, həm də tale və bəxt ilə əlaqəsini görürük. Digər tərəfdən, qələmin bir püşk, fal vasitəsi kimi də mənası olub. Qurani-Kərimdə Bənu-İsrail katiblərinin Zz. Məryəmi kimin himayəyə götürməsi barədə Allahdan bir buyuruq almaq üçün qələmlərini axar suya atdıqları bildirilir (Al-İmran 44). Bu zaman su onların hamısının qələmini aparıb, yalnız Zəkəriyyənin (ə) qələmi suyun qabağında duruş gətirib, axmayıb. Ona görə də, Məryəmi Zəkəriyyə himayəyə götürüb. Ərəblər üzərində bəzi işarələr cıvızılmış fal çubuqlarına və fal oxlarına da bəzən "qələm” deyirdilər. Bəlkə də bu onların qələm kimi yonulması ilə bağlı idi. Fal və püşk vasitəsi olan oxların qələm adlanmasının bir səbəbini də, bəxt və talenin "qələm” anlamı ilə sıx bağlılığında görmək olar. Ona görə də, hələ qədim zamanlardan katiblər qələmlərini yonarkən yonulmuş qamış qırıntılarını atmaz, onları təmiz bir yerdə basdırardılar. 
  "Qələm”sözü ərəb dilində bir yazı alətindən başqa, həm də yazının özünü bildirir. Müsəlman Şərqində kalliqrafiyanın xüsusi önəm kəsb etməsi, təbii ki, digər incəsənət növlərində məharətini sınaya bilməyən sənətkarların bütün istedadlarını yazı sənətində nümayiş etdirməsindən doğurdu. Şərq mədəniyyətində qələm ruhun tərənnümçüsü idi. N.Göyüşovun qeyd etdiyi kimi, xətt və yazı insanın iç dünyasının ifadəsidir. İnsan yazarkən, onun əlinin hərəkəti öz qəlbi və ruhu ilə bağlı olur. Qələmin soldan sağa, sağdan sola, yuxarıdan aşağı hərəkəti qəlbin hökmü ilə gerçəkləşir. Çin yazısı yuxarıdan aşağı – bəşərin Göy ilə yer aləmi arasında seyri, Göydən təbiətə enişdir, ruhun maddi ifadəsidir. Şərq yazısında qələm diş aləmdən iç aləmə – qəlbə doğru hərəkət edir.
  Yazının metaforik və antropomorfik təqdimi şərq ədəbiyyatında, eləcə də müsəlman kalliqrafiyasında mühüm yer tutur. Orta əsrlər ərəb kalliqrafiyasında göy cisimlərindən tutmuş ayrı-ayrı təbiət hadisələri, bitkilər və s. ilə bağlı xətt nümunələrinin mövcudluğu da dolayısilə bu təsəvvürlərlə bağlı idi. Qələmin fəzilətləri barədə "Fihrist”də deyilir: "Qələm ağlın elçisi və səfiri, onun uzun dili, ən layiqli dilmancıdır. İnsanları ağlı onların qələmlərinin ucundan süzülür. "Qələmlər ağladıqca kitablar gülür”. 
  Orta əsrlərdə qələm qamışdan hazırlanırdı. Qamışdan olan qələmlərin "vasiti”, "misri”, "mazandarani” kimi növləri daha məşhur idi. Qamışın növünə, keyfiyyətinə görə ən yaxşı qələm Vasıt qamışından hazırlanan qələm sayılırdı. Amu-Dərya sahillərində bitən qamışlar da yüksək qiymətləndirilirdi. Qələmin yonulmasına da xüsusi əhəmiyyət verilirdi. Qələmin ucunun ustalıqla kəsilməsinin (şaqq) xüsusi əhəmiyyəti var idi. Hər bir xətt növü xüsusi yonulma tələb edirdi. Eləcə də qələmin baş hissəsi kəsilərkən, hansı xətt növündən istifadənin nəzərə alınması vacib idi. Bütün bu praktik məsələlər həm də dərin mistik əhəmiyyət kəsb edirdi. İrfani şeirdə qələm eşq sevdasından başını itirmiş və ucundan mürəkkəb süzülməsi səbəbindən isə, daim ağlar aşiqi bildirmişdir:

  Füzuli, zülfi sevdasın qələm tək başə salmışsan,
  Gedər başın, əgər başdan gedirməzsən bu sevdayi.

 Təbii ki, qələm olan yerdə mürəkkəb də anılır. Qurani-Kərimin əl-Qələm surəsinin başlanğıcında "Nuna və qələmə, onların yazdıqlarına and olsun” deyilir. Təfsirlərdə "nun” anlamına üç müxtəlif məna verilir. Birincisi, nunun böyük bir dəryada üzən və öz üzərində yerin yeddi təbəqəsini daşıyan nəhəng bir balıq olduğu söylənilir. İkinci mülahizəyə görə, nun mürəkkəb deməkdir. Quranda "Qələmə və nuna, onların yazdıqlarına and olsun!” sözlərinin işlənməsi bu fikrə əsas verir. Digər bir mülahizəyə görə, Nun nurdan olan bir lövhədir. Ümumiyyətlə, surənin başında gələn "nun” muqatta hərfi həm müfəssirlər, həm də dilçilər arasında çeşidli mülahizələr doğurmuşdur. Quranda mürəkkəb barədə deyilir: "De: Əgər Rəbbimin sözlərini yazmaq üçün dərya mürəkkəb olsaydı və bir o qədər də ona əlavə etsəydik, yenə də Rəbbimin sözləri tükənməzdən əvvəl onlar tükənərdi.” (Kəhf, 109) Quranın başqa bir ayəsində bu fikir belə ifadə olunur: "Əgər yer üzündəki bütün ağaclar qələm olsaydı, dəryaya isə yeddi dərya belə qoşulsaydı, yenə də Allahın sözləri (yazmaqla) tükənməzdi.”(Loğman, 27) "Nun”un həm bu cür çeşidli mənaları, həm də "nun” hərfinin dairəyə bənzərliyi, özündə dairə və nöqtəni birləşdirməsi İrfani düşüncədə rəngarəng mülahizələr doğurub. Digər tərəfdən, Nun hərfi yumru, çıxıntısız olduğundan, o, sufi poeziyasında başı, əlləri, ayaqları kəsilmiş aşiqə bənzədilib.
  Quranda nun sözünün bir mənası da balığı bildirir. Bu Yunus peyğəmbəri udmuş bir balıqdır. Yunusun duasının Allah Təala tərəfindən eşidilməsi bu balığın qarnında reallaşıb. Nunun balıq olaraq Musa peyğəmbərin Xızrla olan qissəsində də anıldığını görürük (Kəhf surəsi). Nunun məna rəngarəngliyi şairlərin poetik təxəyyülünə rəvac vermiş, onlar bu anlamla bağlı çeşidli mənalar yaradıblar. Mövlanə deyir:
  Mən Yunusu eşq dəryasının sahilində oturan gördüm. Mən ona dedim: "Halın necədir?” O özünəxas bir cavab verdi: "Dəryada mən balığa yem olmuşdum. Sonra mən "nun” hərfi kimi büküldüm, və nəhayət, "Zun-Nunun” özünə çevrildim.
 
 

 
 

  "Nun” anlamının kökləri daha qədimlərə – Misir panteonuna gedib çıxır. Burada o, xaos şəklində olan ilkin başlanğıc hesab olunurdu. Nun su xaosunu bildirsə də, günəş Allahı Ranın ondan yaranması göstərilir. Ayla əlaqələndirilən balıq Dionisin kultu ilə bağlı olub, sonradan İsa peyğəmbərin rəmzi sayılıb. Çox güman ki, Nunun ilahi mahiyyəti ilə bağlı fikirlər islamaqədərki ərəblərə də məlum olub.
  Həm Yunus peyğəmbərin hekayətində, həm də qədim mifoloji sistemlərdə Nunun su, dərya ilə əlaqələndirilməsi poetik deyimlərdə də öz əksini tapıb. Qaşlara yaxın olan gözlər, daha doğrusu göz yaşları buna yaxşı zəmin yaradırdı. Nəsimi deyir:

  Xəmdürür eynim bu sevdadən həmişə kim, nədən,
  Qaşların nunu, dəhanın hərfi-mim olmuşdurur.

  Quranın sufi təfsirlərində bütün elmlərin mürəkkəbdə yığcam halda saxlanıldığı və bu elmlərin qələmin ucuna axdıqca hərflərə çevrilib yığcam elmləri təfsilatı ilə vərəqdə yazdığı bildirilir. Burada nəhayətsiz bir elm əks olunur. Bu bütün insanların Adəmin belindən gəlməsinə, amma hələ ana bətninə düşməzdən öncə orada insan surətlərinin məcmuu kimi saxlanmasına bənzəyir. Ancaq insana xas bir qələmlə onlar bətnin lövhəsinə köçürüldükdən sonra insan surəti yaranır.
  İbn əl-Ərəbi "əl-Futuhat əl-Məkkiyyə”də Qurandakı "O Allah ki, qələmlə öyrətdi” (əl-Ələq 4) ayəsini belə şərh edir: "Qələm mələklərdən biridir. Allah Təala onu katib olaraq seçmişdir. O digər mələk Nundan sonra gəlir. Belə ki Nun (mürəkkəb olaraq hələ yazılmamış) bütün elmləri (yığcam surətdə)özündə cəmləyir, onların təfsilatı isə qələmlə həyata keçir.” "Qələmə Ummul-Kitab ləqəbi verilmişdir.” "O, ilahi hökmün surətidir.” "Qələm təfsilat elmidir.” İradə qələmi elm mürəkkəbinə bataraq qüdrətin sağ əli ilə lövhədə bütün olmuşları, olanları, olacaqları və olmayacaqları yazmışdır.)
  Böyük filosofların elm dili ilə söylədikləri bu mülahizələr sufiyanə poeziyada bədii bir dillə əks olunur. "Kilki-qüdrət” (qüdrət qələmi) klassik poeziyada ən çox işlənən rəmzlərdən olub, ilahi başlanğıca, yaradılış aktının reallaşması prosesinə, insanla Allah arasındakı əbədi və əzəli eşqə işarə edir. Füzuli deyir:

  Kilki-qüdrət lövhi-sinəmdə səni qılmış rəqəm,
  Eyləyib məhbublər məcmuəsindən intixab.

 Təbii bənzərliklər irfani mənalara geniş meydan açır. Qələmlə bağlı obrazlarda hər bir söz rəmzə çevrilib zəncirvari rəmzlər həlqəsinə qoşulur. Bu həlqədə canlı və cansız aləmin təzahürləri sıx birləşir. Məsələn, insan simasında qaşın, saçın vəsfində qələm yada düşür, göz yaşları mürəkkəbə bənzədilir.
  Qələmin quş lələklərindən hazırlanması saçla bağlı assosiasiyalar yaradır. Füzuli mürəkkəbi (midad) xatırladan göz yaşları və qələm (kilk-saç) anlamlarını Gözəlin vəsfində belə əlaqələndirir.

  Ola bilməz çini-zülfündən cüda göz mərdümü,
  Cari olmuşdur bu adət: kilksiz olmaz midad.
 
  Qələmin qaşa bənzəməsi qaşın rəmzi olan nun anlamını da ortaya gətirir: Bu motiv Nəsimi şerində tez-tez işlənir:

  Şəninə Nun val-Qələm nazil olubdur qaşın,
  Kim ki, bu hərfi oxur, bədrü hilalı bilir.

  Qələmin mürəkkəbə batıb elmləri izhar etməsi və yaxud buna yaxın bir mənada dirilik suyu axtarması qaranlıq dünyada dirilik suyu axtaran Xızrı araya gətirir. Füzuli deyir:

  Xücəstə Xizrdir abi-həyat içmək üçün,
  Zaman-zaman zülümata qılır güzar qələm. 
 
  Qələmin dini-irfani düşüncədə və bədii ədəbiyyatda kəsb etdiyi mənalar bu deyilənlərlə məhdudlaşmır. Xüsusilə klassik şeirimizdə qələm anlamı ilə bağlı məcazlar sistemi zəngin və rəngarəngdir. Bunun bir səbəbi də, yaradanın şəkil çəkən (müsəvvir), yazı yazan( katib) naxış vuran (nəqqaş) kimi anılmasından doğur. Nəticədə kosmoqonik miflərdən tutmuş irfani rəmzlərə qədər yolda çeşidli mənalar kəsb edən qələm bir yazı aləti olmaqla yanaşı həm də dərin mistik tutuma malik rəmzi obraza çevrilib.
 
   525.az