Biz imzaları yox, əsərləri dərc edirik...

Təzə təxəllüs – Səxavət Sahildən yeni felyoton
734
14 Fevral 2018, 11:15
  Artkaspi.az Səxavət Sahilin "Təzə təxəllüs" adlı satira-dialoqunu təqdim edir:
 
  – Salam, tənqidçi qardaş, necəsiniz?
  – Sağ olun, hörmətli Quluqarın müəllim, qələminizə qurban.
  – Adətən, siz zəng eləyirsiniz, dedim indi də mən zəng eləyim, görüm tənqidçi qardaşımın kefi-halı nə təhərdi?
  – Yaxşılıqdı Quluqarın müəllim, qələminizə qurban.
  – Haralardasınız, nə işlə məşğulsunuz?
 – Heç bikarçılıqdı, dostlarnan oturub çay içirik, bayaq elə sizdən söz düşdü, sizin hekayənizin bədii məziyyətlərindən danışdıq. 
  – Hamınıza minnətdaram, dostlara təşəkkürümü çatdır.
  – Siz sağ olun Quluqarın müəllim, qələminizə qurban. 
 

   Ayə, bilirsən niyə zəng eləmişəm, son vaxtlar yaza bilmirəm, alınmır, qələmim elə bil korşalıb. Nə gizlədim, əlimdə yağlı bir hekayə var, di gəl ki, bu dirənib, getmir ki, getmir.
  – Quluqarın müəllim, bəlkə bir az istirahət edəsiniz, qoyun qalsın, bir-iki həftə ara verin, sonra davam eləyərsiniz. 
  Elə döyül eee, nə qədər ara vermək olar, hesabını götür, yaydan başladığımdı, bu vaxta qədər cəmi üçcə abzas yazmışam, intəhası gəlmir. Öz aramızdı, deyirəm sən bilərsən də, alim adamsan, görəsən, Markes, Folkner mənim kimi ilişib qalanda necə eləyirdilər, sən onların metodundan mənə də de, istifadə eləyib yazım bu hekayəni. İnandırım səni, məni çox narahat eləyir, qurtara bilsəm gündəmi dəyişəcəm, hamı məndən danışacaq. 
  – Vallah, nə deyim Quluqarın müəllim, qələminizə qurban, Markesi bilmirəm, Fokner yaza bilməyəndə, ssenari yazırdı, kinolara dialoqlar yazırdı...
  – Yox ay qadan alım, kino-mino mənlik deyil, mənimki hekayədən, romandan yazıb siz hörmətli tənqidçilərin ixtiyarına verməkdi. Bir də, aradabir yığışıb dərdləşirik, bir qismət çörək yeyib, bir az da boğazımızı yaşlayırıq. Ayrı əlimdən heç nə gəlmir.
  – Çoxdandı görüşmürük, axırıncı dəfə keçən bazar bizi bir yerə yığmışdınız, deyirəm bəlkə ədəbiyyatdan uzaq düşübsünüz, bəlkə ona görə yaza bilmirsiniz?
  – Ha ha haaa, ayə görüşmək problem deyil, yığışın gəlin biz tərəfə, axşam yeddiyə stol hazırlatdıracam sizə, əsas məsələ bu hekayədi.
  – Bilirsinizmi Quluqarın müəllim, qələminizə qurban, mən Heminqueyin həyatı haqqında kitabdan oxumuşam, orda yazılıb ki, Heminquey yaza bilməyəndə öz təxəllüsünü dəyişib. Heminquey də onun sonuncu təxəllüsüdür, "Qoca və Dəniz”i bu təxəllüslə yazıb deyə, ədəbiyyat tarixində də bu imza ilə qalıb. Bəlkə, siz də bu  metoddan istifadə eləyəsiniz.
  – Nə, təxəllüs dəyişmək, ciddi deyirsən? O dediyin sənətkar imzasını həqiqətən, dəyişib?
  – Hə, Quluqarın müəllim, qələminizə qurban, həqiqətən, dəyişib.
  – Sən mənim canım, düz deyirsən?
  – Vallah, düz deyirəm, bir tənqidçi kimi namusuma and içirəm.
  – Həəə, açığını deyim, ağlıma batır, düzü, bir az çətin olacaq, Sözüşirin imzası yaman ürəyimə yatır, intəhası bu imzayla daha yaza bilmirəm.
  – Nə fərqi var, əsas odur ki, yaza biləsiniz, ədəbiyyat ardıcıllıq tələb eləyir e, Quluqarın müəllim, qələminizə qurban.
  – Səncə, məni təzə imzaya qəbul eləyəcəklər?
  – Qəbul eləyəcəklər, niyə eləmirlər ki, hamıdan birinci mən qəbul eləyəcəm.  Quluqarın müəllim, qələminizə qurban.
  – Ay sənin qadanı mən alım, oğulsan e, səndən yoxdu, yadıma sal, məclisdən sonra səni ayrıca "görüm”.
  – Çox sağ olun Quluqarın müəllim, qələminizə qurban.
  – Ayə, bir məsələ var e, bəs mənim haqqımda yazılmış kitablar, məqalələr necə olsun, o yazılarda təxəllüsümü necə dəyişəcəm?
 

  – Quluqarın müəllim, qələminizə qurban, necə yazılıbsa elə də dəyişiləcək, heç narahat olmayın.
  – Hə, o da düzdü. Sən ağıllı oğlana oxşayırsan ha, gərək sənin zəhmətini ayrıca qiymətləndirsin Quluqarın qardaşın.
  – Çox sağ olun Quluqarın müəllim, qələminizə qurban.
   İndi sən deyirsən, mənim də ağlıma batır, bəs yaxşı, heç demirsən dəyişib nə qoyacam?
  – Vallah, nə deyim, Quluqarın müəllim, qələminizə qurban, özünüz bilən məsləhətdir, siz necə dəyişsəniz bizə qəbuldu.
  – Orasını bildim e, gərək nəsə tapam qoyam ki, siz də qəbul eləyəsiniz. Məsələn nə qoya bilərəm? Ələdüşməz necədir? Quluqarın Ələdüşməz. 
  – Əladır, vallah, əsl yaradıcı addır, açığını deyim, belə mənalı ad gözləmirdim. Təzə imzanızı təbrik edirəm Quluqarın Ələdüşməz müəllim, qələminizə qurban.
  – Bəs qardaşını nə bilmişdin, mən beləyəm də, ə, durun gəlin biz tərəfə, orda boş-boş nəyə oturubsuz.
  – Gəlirik Quluqarın müəllim, qələminizə qurban.
Xəbər lenti