Biz imzaları yox, əsərləri dərc edirik...

Qələm düşmən əlindədir – Niyə belə deyirik?
489
23 Yanvar 2018, 15:38
 Artkaspi.az ədəbi dilimizdə işlədilən, ancaq mənasının dərinliyini, kökünü bilmədiyimiz ifadələri, məcazlaşan fikirləri, "qanadlı sözləri” anlamaq baxımından olduqca böyük əhəmiyyət kəsb edən Musa Adilovun "Niyə belə deyirik” kitabından bəzi parçaları təqdim edir:
 
 
 
 
 İfadə Sədinin bir şeirindən sonra yayılıb: Şeirdə deyilir: "Mən bir vaxt bir kitabda oxumuşdum ki, bir nəfər Şeytanı yuxuda görür. Görür ki, Şeytanın boyu sərv kimidir, gözəl yanaqları alışıb yanır. Həmin şəxs Şeytana deyir: "Ey məkrlər anası, sən ki, mələklərdən gözəlsən. Halbuki sənin şəklini hamamlarda iyrənc, dəhşətli tərzdə çəkirlər. O ah çəkib ağladı və dedi: "Görürsən ki, mən heç də elə dəhşətli deyiləm. Lakin burası var ki, qələm mənim düşmənlərimin əlindədir”.
 Təbərinin məşhur "Tarix”ində göstərilir ki, Şeytanın ərəb dilində ən qədim adı "Haris” idi. Allah öz nurundan fəriştələr yaradıb Harisi onlara şah eləmişdi. Sonralar Allah yer üzündə atəşdən bir tayfa yaratdı. Onların adına Can deyirdilər, İblisi onlara başçı qoymuşdu.
 Guya sonradan torpaqdan yaranmış Adəmə səcdə etmədikləri üçün Allah Can tayfasını qırmış, onların nəslindən yalnız Cin qalmışdı. 
 Təbəri göstərir ki, İblisin adı suryani və ibrani dilində Əzazil, ərəb dilində Haris idi. Haris 300 il cənnətdə xəzinədar oldu. (O qovulandan sonra bu "vəzifə” Rizvana verilmişdi). Haris yer üzündə min il Allaha ibadət etdi, lakin Adəmə tabe olmadı. Allah bundan qəzəblənərək Harisi fəriştələr sırasından qovdu və surətini də dəyişdirib İblis surətinə saldı. Əvvəllər çox gözəl fəriştə olan Harisin adı da dəyişdirildi, fəriştəliyi də ləğv edildi. 
 İblis "ümidsiz” deməkdir. 
 Göründüyü kimi Sədinin şeirində İblisin (Şeytanın) əvvəlki gözəlliyinə işarə edilir.
 M.H.Təhmasib yazırdı: "Aydındır ki, hər bir hökmdardan sonra onun tərəfdarları, mühübləri iş başına keçsə, keçmiş şahın bütün cinayətləri, hətta öz doğma oğlunu cəzalandırmaq tədbirləri xalqa, millətə, vətənə, dinə sədaqət, xidmət kimi qiymətləndirilir. Necə deyərlər, qələm düşmən əlinə keçərsə, bütün bunlar olduğundan daha qatı rənglərlə boyadılır, zülm kimi qeyd edilir”.