Biz imzaları yox, əsərləri dərc edirik...

Qələm adamlarının qələmə gəlməyən mövzuları – Müzakirə
1677
24 Avqust 2018, 12:35
 "Elə bir mövzu varmı ki, illərlə içinizdə gəzdirirsiniz, amma heç vaxt yazıya çevrilməyib, haqqında nə qədər çox düşünsəniz də qələmə ala bilməyibsiniz?” Yaradıcı adamlara bu sual ünvanlananda demək olar ki, əksəriyyəti "hə” deyir. Hər bir qələm adamını düşündürən, fikirlərini yazıya çevrilməyə məcbur edən mövzularla yanaşı, qələmə gəlməyən, elə düşüncənin alt qatında illər uzunu yatıb qalan mövzular da var. Ona görə yox ki, o mövzular əhəmiyyətsizdir, sadəcə...
 "Müzakirə”mizə qoşulan qələm adamları öz yaradıcılıq dünyalarının sirlərini açdılar. 
 
 

 
 Başlayıb, yarıda qalanlar
 Xalq şairi Sabir Rüstəmxanlı içində gəzdirdiyi, ancaq qələmə almadığı belə mövzuların olduğunu istisna etmir: "Şübhəsiz, belə mövzular var, hətta, bir deyil, bir neçədir. Müəyyən mövzular var ki, insan onları illər uzunu ürəyində gəzdirir. Ya yazmağa gücü çatmır, ya vaxtı olmur, ya girişməyə cəsarət etmir, ya da bəzən, qorxur. Məsələn, cəmiyyətin qınağından və ya bəzən rəsmi dairələrdən ehtiyat edir. Cəmiyyətin mövcud qanunları çərçivəsində necə qarşılanacağı dilemması ilə üz-üzə dayanır. Məncə, hər bir yazıçının içində bu cür çaxnaşmalar olur. O cümlədən, mənim də içimdə var. Elə mövzular var ki, bəzən başlayıb, yarımçıq qoyursan. Elə mövzular var ki, "Sabah vaxtım olacaq, o mövzuya yenidən qayıdaram” deyib, gözləyirsən. Bəzən o mövzunu işləyənə qədər artıq aktuallığını itirir. Elə mövzular olub ki, mənə nə vaxtsa çox aktual görünüb. "Əgər bu mövzunu qələmə alsam, çox ciddi iş görəcəyəm” düşüncəsində olmuşam. Bu gün isə o barədə düşünəndə, deyirəm ki, bəlkə də düz edib yazmamışam, əslində, yazılmasına ehtiyac olmayan mövzu idi,  ya da yazılsaydı, başqa problemlər yaradacaqdı. Elə mövzular var ki, sevgi ilə başlamışam, sonra isə prosesləri izləyəndə, o sevgi sanki daşa dəyib. "Bəlkə bu cəmiyyətlə o sevgi dili ilə danışmağa dəyməz. Bu cəmiyyətlə görünür, Sabirin dili ilə – satira, sarkazmla danışmaq lazımdır” deyə düşünmüşəm”. S.Rüstəmxanlı mövzunun illər sonra reallaşa biləcəyi fikrini poeziyaya da aid edir: "Mən bir poema yazmağa başlamışdım, hətta 30-40 səhifə də yazmışdım. Orada müəyyən bir prinsipial yanaşma var idi: bizim millətimizə yuxarıdan-aşağı baxan, cəmiyyətlə milləti qarışıq salan, millətə həqarət edən çoxlu yazılar var. Bu, son dərəcə eybəcər yanaşmadır. Zamanın keçici qüsurlarını bütövlükdə millətin ayağına yazmaq olmaz. Hədəf düzgün müəyyənləşməlidir. Bu mövzuda poemanı yazarkən birdən "Bunu kimə yazıram? Bu cəmiyyətdə hamı bir-birini ittiham etməklə məşğuldur. Onun oxucusu kim olacaq?” suallarını verdim özümə. Ona görə də, poemanı yarıda saxladım. Bilmirəm, bəlkə yenə də həmin əsərə qayıdacağam…” Xalq şairi buna bənzər nəsr əsərlərinin də olduğunu deyir: "Yarı tarixi, yarı fantastik yazım var ki, yarımçıq saxlamışam. Düşünmüşəm ki, bəlkə bunların əvəzinə daha çox, bu gün bizim real dünyamız, real vəziyyətimiz yazılmalıdır. Bəlkə Qarabağ qaçqınlarının bu illər ərzində yaşadığı faciələrlə bağlı hadisələr qələmə alınmalıdır. Biz bu müharibədə uduzmuşuq, ancaq qəhrəmanlıqlar icad edirik. Hansı ki, o uduzmağın faciəsi daha çoxdur, onu yazmaq lazımdır. Baxın, ürəyimdən bu hisslər keçir. Ancaq özümə sual verirəm: bu ağrını, acını bütün çılpaqlığı ilə yazmağa gücüm çatarmı? Ona görə də dayanıram. Bu cür məqamlar da var”.  

 
 "İçimdə olan mövzular da çoxdur”
 Yazıçı Elçin Hüseynbəyli yazmaq istədiyi mövzuların kifayət qədər çox olduğunu söyləyir: "Məşrutə inqilabi dövrünü, 20-ci əsrin əvvəllərində Güneydə baş verən hadisələri, Qacarların hakimiyyətdən yıxılması, farsların hakimiyyətə gəlməsinin səbəbləri və s. haqqında yazmaq istərdim. Çox mürəkkəb mövzudur. Ürəyimdən keçsə də, açığı, hələ bu mövzunu işləməyə hazır deyiləm. Yazıçı gərək özünü mövzunu yazmağa tam hazır hiss eləsin, yoxsa istədiyi məhsul alınmayacaq. Bu, yaradıcılıq mətbəxidir. Bununla belə, içimdə olan mövzular da çoxdur. Ola bilsin ki, onları nə vaxtsa yazacağam və yaxud yazmağa imkanım olmayacaq”. Yazıçının fikrincə, yaradıcı insana bədahətən hansısa bir fikrin, ideyanın gəlməsi, daha çox poeziyaya aiddir. Hərçənd bəzən nəsrdə də belə hadisələr olur: "Bəzən görürsən ki, heç nədən bir fikir beyninə gəlir. Sonra həmin fikir öz-özünə inkişaf etməyə başlayır. Daha sonra görürsən ki, həmin hekayəni beynində yazıb bitiribsən. Təbii ki, onu təkcə kağıza və ya kompüterə köçürmək qalır. Bilmirəm, bunun adı ilhamdır, ya bioloji məsələdir, ya ruh məsələsidir, yoxsa nədir – deməkdə çətinlik çəkirəm. Bütün hallarda nəsə var…” Yaradıcı adamın içində gəzdirdiklərini qələmə ala bilməməyi isə E.Hüseynbəylinin fikrincə, vaxtın çatışmazlığı, mövzunun ağırlığının gətirdiyi qorxu hissi və s. ilə bağlı ola bilər: "Elə mövzu var ki, ciddi araşdırma tələb edir. İnsan var, tənbəllik edib onu yazmır. Yəni özünü əziyyətə salmaq istəmir. Məsələn, Mehdi Bəyazid həmişə yazırdı. Nə vaxt onu görəndə "Yazıram, amma mövzudan, ideyadan qorxuram”  deyirdi. Belə hallar bütün yazarlarda olur. Yaradıcı adamın dünyası çox fərqlidir. O dünyada baş verənləri, onun özü də bəzən başa düşmür. Yaradıcılıq məhsulunun yaranmasına qəlbdə baş verən bu cür təzadlar da təkan verir”.  
 

 
 Psixoloji vəziyyətlərdən asılılıq
 Şair Musa Ələkbərli də içində gəzdirdiyi, ancaq qələmə almadığı çoxlu mövzuların olduğunu söyləyir: "Hər bir şairin və yazıçının ürəyində belə mövzular var. Yazıçı və ya şair təxəyyülü var. Bəzən bunun səbəbini izah etmək heç yaradıcı adamın özünə də məlum olmur. Bəzən "Bu gün, ya sabah yazaram” deyirsən. Sonra bu mövzudan bir az soyuyursan. Bir gün mövzu sənin ürəyini yenidən göynədir, yenə o mövzuya qayıdırsan. Sonra illərlə o mövzunu yaza bilmirsən… Bu təzadlar daim yaradıcı insanların içində baş verir”. Şairin fikrincə, incəsənətin digər sahələrində – musiqidə, rəssamlıqda da bu cür hallar var. "Mənim rəssam dostlarım var ki, onlar "bəzən günlərlə emalatxanada otururuq, ancaq ürəyimizdəkini çəkə bilmirik” deyirlər. Beyinlərində süjetini qurduqları mövzunu əllərinə fırça və kətan alsalar da, reallaşdıra bilmirlər. Musiqidə də belədir. Bəzən bir anın içində alınır, bəzən isə illərlə ürəyində qaynatdığın, qəlbini göynədən mövzu elə məqam gəlir ki, gözləmədiyin halda alınır. Bəzən də tamam başqa mövzu üzərində fikirləşirsən, elə bir şeir yaranır ki, o mövzuya qətiyyən aidiyyəti olmur. Yaradıcılıq aləmi bu baxımdan çox çətindir. Bəzən yazmaq psixoloji vəziyyətlərdən asılı olur. Bəzən də özümüzü məcbur etmək istəyirik, onda da xeyri yoxdur. Hərdən olur ki, bir mövzu üzərində heç düşünmürük, amma anın məhsulu olur. Bəzən düşündüyümüzü ağ kağıza köçürməyə illər lazım olur. Bəzən isə bu heç mümkün olmur, fikir kimi də yox olub gedir”. M.Ələkbərli yazmaq istədiyi məqamları ilhamın gəlişi ilə əlaqələndirmir: "Əlbəttə, ilhamın rolu yaradıcılığın bütün sahələrində böyükdür. Ancaq bəzən ilhamın dediyini sənin ürəyin demir və ya ürəyin dediyini ilham söyləmir. Belə hallarda yaradıcılıq prosesində tərs-mütənasiblik yaranır. Bu, sirli bir məqamdır. Əslində bu cür anlar yazıçı və şairlərin özləri üçün də anlaşılmazdır. Məsələn, mən şeir yazanda elə bilirəm ki, onu qulağıma pıçıldayırlar və köçürürəm. Şeir həm ilhamla, həm köklərlə, həm yerlərlə, həm də ürəklə bağlı olmalıdır. Şeirin qafiyəsini, quruluşunu bilib yazmaq şeir yazmaq deyil. Yaradıcı adamın o psixoloji anını Musa Yaqub "Mənim ürəyimdə bir nəğmə yatır,
 Mən heç o nəğməni yazmayacağam” misraları ilə çox gözəl ifadə edib. Hesab edirəm ki, bu şeir, yaradıcı adamın içindəkiləri illərlə qələmə ala bilməməyinə ən yaxşı cavabdır”.
 

 
 Yazıçı kimi son arzum
 Yazıçı Aslan Quliyev "İllərlə içimdə gəzdirdiyim mövzu "döyüşçü” mövzusudur” deyir: "Azərbaycanımızın qəhrəman, lakin məğlub döyüşçüsünün mövzusu. Bu mövzuda zaman-zaman yazılar yazmışam: "Ağrı”, "Keçmiş döyüşçü və oğlan", "Kor döyüşçü”, "Milli qəhrəman”, "Türk əsgəri”. Amma bütünlükdə bu mövzunu sona qədər işləyə bilməmişəm. Alınmır. O döyüşçü gecələr yuxuma girir, təxəyyülümdə min dəfə boy verir, amma qələm sona qədər getmir. Məğlub döyüşçü haqda yazmaq, onu oxucuya sevdirmək çətindir. Ömür vəfa qılarsa, torpaqlarımızın işğaldan azad olunduğunu görərəmsə, əminəm ki, bu yazını tamamlaya biləcək və son nöqtəni qoyacağam. Onda döyüşçünün sonsuz kədər yağan, qəlb didən, insanı sarsıdan baxışlarında ən nəhayət, təbəssüm də canlanacaq, qələbə sevinci də. Bu döyüşçü haqda yazmaq bir yazıçı kimi mənim son arzumdur”. 
 
 Təranə Məhərrəmova