Biz imzaları yox, əsərləri dərc edirik...

Zamanın nəbzini tutmaq lazımdırmı? – Sorğu
1070
08 Fevral 2018, 11:12
Artkaspi.az "Qələm adamı üçün zamanı duymaq, reallığı qiymətləndirə bilmək onun əsərlərinə hansı üstünlükləri qazandırır?"adlı sorğunu təqdim edir: 
 
 Varis Yolçuyev:­ Zamanı duymaq, reallığı bilmək istedadı olan yazıçı üçün iki səbəbdən vacibdir. Əvvəla, yazıçı zamanı duyanda, reallığı biləndə qəhrəmanlarının daha dolğun, süjetinin daha inandırıcı, ideyasının daha işlək olmasını, bununla da əsərinin daha canlı və aktual olmasını təmin edə bilir. İkincisi, zamanı duymaqla, reallığı bilməklə yazıçı həm də müasir statistik oxucunun tələblərini, hazırkı kitab bazarının vəziyyətini, kitabların son satış və populyarlıq reytinqlərini, hazırkı ədəbi prosesləri izləmiş olur, buna görə də əsərlərinin daha çox maraq doğurmasına, bestseller ola bilməsinə zəmin hazırlayır.


 
 
  Cəlil Cavanşir: Zamanı duymaq yaradıcı adam üçün çox vacib məsələdir. Çağdaş tendensiyaları dəyərləndirmək, zamanın nəbzini tutmaq yazıçı üçün olduqca əhəmiyyətlidir. Zamanın nəbzini tutmayan yazıçının yazdığı əsərlər bir o qədər uğurlu hesab oluna bilməz. Reallığı qiymətləndirmək yazıçıya müasirləri arasında üstünlük qazandırır.



  Aqşin Yenisey: Zamanı duymağın iki tərəfi var; birincisi yaşadığın zamanı, yəni zəmanənin şərtlərini duymaq, insan talelərini pula çevirən maxinasiyaları görə bilmək, ikincisi, əsərdəki zamanı duyğusunu itirməmək, keçmişin, indinin, gələcəyin sərhədlərini qarışdırmamaq. Mükəmməl əsər bu iki refleksin nəticəsidir, hətta istedad deyilən şey də elə budur, zamanda səyahət edə bilmək. Amma zamana münasibətdə şair və yazıçı bölgüsü də var; yazıçı hər nə qədər zamana bağlı şəxs olmalıdırsa, şair bir o qədər zamandan uzaqlaşmağı bacarmalıdır, əksi baş verəndə hər ikisi reallıq hissini itirir və hətərən-pətərən şeylər yazır.


 
 Ülvi Babasoy: Zamanı duymaq və mövcud gerçəkliyi qiymətləndirmək şərtidir. Odur ki, bədii mətnlərin fikir və məna estetikasının miqyası polifonik  və qalıcı olmalıdır. Reallığı qiymətləndirmək məhz varlıqla bağlı nəsə yeni bir söz demək, kəşf etməkdir. Nizami haqda məşhur bir deyim var. "Zaman qocaldıqca Nizami gəncləşir”. Deməli, sənət adamı insan və varlıq haqqında təzə bir şey kəşf edirsə həmişə aktualdır. Zaman və məkan problemi yaşamır. Misal üçün yenicə Nobel mükafatı alan İşiquronun  "Ötən gündən qalanlar” və "Məni heç vaxt tərk etmə” romanlarında insan arzularının illüziyalarda  yaşanılması  kəşf edilib. "Günün qalıqları”nda  Stivensin iş həyatı onun məhrəm, intim arzu və istəklərini qabaqlayır. "Məni heç vaxt buraxma”  romanında bədbəxtlik Tommini addım-addım güdür. Çünki hər iki obraz real duyğularını gizlədir. Kazuo İşiquro zamanın və arzuların necə və nə şəkildə illüziyaya çevrilməsini göstərir. Biz həyatda bunları yaşayırıq. Və bu hal  sənətdə qalıcı və nadir kəşfdir. Və zənnimcə, sualınıza sənətin verdiyi tutarlı bir cavabdır.


 
 Hazırladı: Aysu Kərimova

Xəbər lenti