Biz imzaları yox, əsərləri dərc edirik...

Qələbəlikdə yalqız yaşamaq – Rəsul Yunan şeirləri
750
17 Oktyabr 2018, 08:26
 Rəsul Yunan Məhəmmədoğlu 1969-cu ildə Urmiya şəhərinin Mərcan kəndində anadan olub. İlk təhsilini doğma kəndində alan şair ilk qələm təcrübəsini 17 yaşında yazıb. Daha sonra Rəsul Yunan təhsilini kino və teatr sahəsi üzrə davam etdirib. Nəsrdə qələmini sınayıb, farsca hekayələr yazan R.Y.Məhəmmədoğlu həmçinin pyeslər müəllifidir.
 

 
 Onun ana dilində qələmə aldığı "Duel” əsəri böyük maraq doğurub. R.Y.Məhəmmədoğlunun müasir Türkiyə şairlərinin əsərlərindən ibarət "Türk şeiri antologiyası” tərcümə kitabı da işıq üzü görüb. Kitabda Nazim Hikmət, Orxan Vəli, Arif Nihat Asya kimi türk şairlərinin şeirlərinin fars dilinə tərcüməsinə yer alıb.
R.Yunan 17-18 şeir məcmuəsinin, xeyli sayda tərcümə əsərlərinin müəllifidir. "Camaka”, "Taksi”, "Duel” adlı kitabları çap edilib. O, "Çox nigaranam, siz Leylanı görməmisiniz?" adlı romanını fars dilində qələmə alıb. R.Yunan farsca hekayələr kitabının və "Dünya ədəbiyyatından tərcümələr antologiyası”nın tərtibçisidir. R.Y.Məhəmmədoğlunun 2006-cı ildən sonra yazdığı əsərləri, əsasən Azərbaycan dilindədir. O, dünyada tanınmış ədəbi mükafat olan "Valson"un münsiflər heyətinin üzvü olub. Hazırda Tehranda yaşayan sənətkarın şeriləri ingilis, fransız, yapon və bir çox başqa dillərə tərcümə olunub.
 
Təqdim edən: Pərvanə Məmmədli
 
                                                        
 Səni düşünmək
 
 Səni düşünmək
 həyatı düşünməkdir.
 Torpaq altında
 dar-düdük bir qəbirdə.
 günəşi düşünməkdir
 qarlı gecədə.
 Qıfıllanmamış qapılara
 qaçmağı düşünməkdir
 həbsxanada.
 Səni düşünmək dəyərlidir
 ən azı
 adamın qəlbindən
 bir bulaq coşar,
 bir at gələr, orada su içər,
 bir quş gələr, orada oxuyar...
 Həsrət
 Duman boruları
 antenlər,
 qarğalar...
 Sadəcə,
 keçmişimdən bunlar yadıma gəlir.
 Pəncərədən
 eşiyə baxdığım günlərdən...
 Sizin eviniz
 uzaqda idi –
 yerlə göy üzü qovuşan yerdə...
 
 Yalqız adamın rəsmi
 
 Uzun bir küçədir
 və onun ucqarındakı
 bağlı qapı –
 yalqız adamın rəsmi.
 Rəsmdə görünməyən
 paslı pianodur
 yalqız adamın rəsmi.
 Əsən yeldir,
 solğun ay
 Yalqız adamın rəsmi –
 bütün kədərlərin rəsmidir...
 

 
 Qələbəlik
 
 Mənə elə gəlir
 Çin məhəllələrində itmişəm
 hər yer hay-küydü,
 hər yer qələbəlik.
 Kaş ki, 
 sarı bir əjdaha qarşıma çıxıb
 məni udsun!
 son qoysun bu itkin düşməyimə.
 Nə çətin bir işdir
 qələbəlikdə yalqız yaşamaq...
 
 Dialoq
 
 – Ölümdən sonra həyata inanırsan?!
 – Yox!
 – Amma inan.
 Səndən sonra diri qaldım,
 qar uçrumundan
 qurtulan adam kimi!
 
 Qalstuk
 
 Yavaş-yavaş modernləşirəm.
 Masa arxasında
 yemək yeyirəm,
 qalstuk bağlayıram.
 Rep musiqisinə
 qulaq asıram
 internetdə.
 Sevdiyim şairləri izləyirəm
 yavaş-yavaş,
 özümdən çıxıram
 tısbağa balası yumurtadan çıxan kimi. 
 Yenidən doğulmaq
 gülməli də olmuş olsa,
 çox gözəl və həyəcanlı bir şeydir!
 
 Kiçik gəmi
 
 Dənizi görərkən
 qanım maviləşər –
 ürəyim
 qağayıya dönər,
 dənizi görərkən
 dənizə dönərəm
 kiçik bir dənizə.
 Başım
 bir balaca gəmi kimi
 yelkənini qaldırar...
 

 
 Ağ ölüm 
 
 Atam yayda öldü:
 ölüm mavi idi.
 Payızda öldü Leyla: 
 ölüm sarı idi.
 Yaşar
 baharda öldü:
 ölüm yaşıl idi.
 İndi mən borcluyam bir ağ ölümə!
 
 
 Toz
 
 Keçmiş
 Yıxılmış bir ağacdı,
 Ölmüş bir ağ at.
 paslı bir tapança,
 sınıq bir güzgü.
 qoca bir qanqster
 şeirimdən keçir.