Biz imzaları yox, əsərləri dərc edirik...

Qəlbi gözəlliklərlə doldurmaq lazımdır – "Məşhurların gözəllik sirləri”
439
24 İyul 2018, 09:43
 Deyirlər, çirkin qadın olmur. Sadəcə, gözəl görünməyi bacarmayan qadınlar var. Həqiqətən də  özünə diqqət edən xanımlar hər zaman, hər yerdə hörmətli olurlar. Bəzən də xanımlar ən çox sevdiyi sənətçiləri izləyir, onların geyim tərzinə üstünlük verir, məhz sevdikləri sənətçilər kimi görünməyə çalışırlar. Ekspertlər hər dəfə hər bir qadının ilk növbədə özünü yaxşı tanımasını, daha sonra özlərinə uyğun şəkildə geyinməsini, qidalanmalı olduğunu vurğulayırlar. 
 Bu gün isə "Məşhurların gözəllik sirləri” rubrikamızın qonağı əməkdar artist, sevilən sənətçi Tünzalə Ağayevadır. İfaçı bizimlə söhbətində öz gözəllik sirlərini bölüşdü. 
 
 

 
 – Tünzalə xanım, bu isti yay günlərində istirahətiniz necə keçir?
 – Təşəkkür edirəm. İstirahətim gözəl keçir. Şükürlər olsun ki, rahat, hüzurlu, sözün əsl mənasında "relaks” bir istirahət yaşayıram. Ege dənizini çox sevirəm. Adətən Ege dənizi sahillərində istirahət etməyə üstünlük verirəm. Buranın havasını, təbiətini, mənzərəsini, sərin küləyini, mehini, dənizini sevirəm. Ümumiyyətlə, passiv həyat tərzini xoşlamıram. Gün ərzində idman edirəm, musiqi ilə məşğul oluram. Bəzən səyahətlərim də olur. Bütün bunların nəzdində aktiv tətili sevirəm. Tətil günlərimdə çalışıram ki, mətbəxə keçib, evdarlıqla da məşğul olum. Mövsüm ərzində Bakıda çəkilişlər, səfərlər, studiyalardakı işlərimin çoxluğundan imkan tapıb mətbəxə keçə bilmirəm. Məhz yayda anama qoşulub, az da olsa mətbəxdə qızımla bərabər yay yeməkləri hazırlayırıq. Bu istirahət mənə çox vacib olduğu üçün çalışıram ki, onu gözəl dəyərləndirim.
 
 – İllər keçsə də, siz daim formadasınız, fit bədən quruluşuna maliksiniz. Buna necə nail olursunuz?
 – İdman və təbii ki, sağlam qida ilə. 2013-cü ildən bu yana Azərbaycanda sağlam qidanın ilk peşəkarı olan Mələk Xəlillə çalışıram. O, mənim çox yaxın dostumdur. Onun məsləhəti ilə qida formamı, həyat tərzimi dəyişdim. Sağlam qidalanmağın yollarını öyrəndim. Bunu özümdə tətbiq etdim və özümdəki dəyişiklikləri artıq hiss edirəm. Son 3 ildə həyat tərzimə intensiv idmanı əlavə etmişəm. Mütləq şəkildə hər gün fitnesin fərqli növləri ilə bir saatlıq da olsa məşğul oluram və halımdan da çox məmnunam. İdman mənim stress atmağıma kömək edir, gərginliyi çıxarır, bədən fit bir formaya gəlir. Xalq dilində desək, bədən rəndələnmiş halda olur. Kişilərdə bu proses tez baş verir, ancaq qadınlarda bu daha çox əziyyətlidir. İdman mənim üçün böyük motivasiyadır. Sağlam olanda, demək formadasan. Bunlar bir-birinə bağlıdır, bir-birindən ayrılmaz anlayışlardır. Sağlam olan insan təbii ki, gözəl görünəcək. Ancaq qeyri-sağlam gözəl görünə bilməz, əgər mənəviyyatı xəstədirsə, gözləri parıldamaz, heç bir geyim və makiyaj onu örtə bilməz. Səhərimi idmanla açmağı çox sevirəm. Bəzi günlər müxtəlif yürüşlər edirəm. Növbəti günlər əzələlərə yönəlmiş aerobika elementləri ilə məşğul oluram. Bu proqramın müəllifi mənim gözəl trenerim Natalya Çalovadır. Çox şadam ki, məşqçim savadlı və beynəlxalq səviyyəli trenerdir. Mən onun proqramlarından faydalanıram. 
 
 

 
 – Bildiyimiz qədəri  ilə, üzünüzdə estetik əməliyyat yoxdur. Nə vaxtsa etdirməyi düşünürsünüzmü?
 – Bir qadın kimi üz cizgilərim məni hər zaman məmnun edib. Heç zaman düşünməmişəm ki, hansısa üz cizgimi dəyişim. Bunu günah hesab edirəm. İnsanın üz cizgilərindən razı olmamağını naşükürlük sayıram. Əgər həyati vacib bir zərurət, sağlamlıqla bağlı vacib bir şey yoxdursa, hesab edirəm ki, insan üzünü dəyişdirməməlidir. Təbii ki, nə vaxtsa üz cizgilərimi əməliyyat etdirməyi düşünmürəm. Allah hər kəsə ömür versin, həddindən artıq çox yaşlansam və səhnədə qalsam, bunu hələ təsəvvür belə edə bilmirəm (gülürük). Pis hadisələr, qəzalar – insanın üzündə fəsadlar qoyan hadisələr insanı əməliyyata aparar. Qadın özünə baxa bilirsə, həyat tərzini gözəl yaşaya bilirsə, baxımı yaxşıdırsa, keyfiyyətlidirsə, nə üçün estetik əməliyyat etdirməlidir? Hərdən məndən soruşurlar ki, burnunuzu dəyişdirmək istəmirsiniz? Üzümün hər bir cizgisindən çox məmnunam. Özümdə heç vaxt ehtiyac duymamışam ki, nəyisə dəyişdirim. 
 
 – "Gözlər qəlbin aynasıdır” deyirlər. Sizcə, qəlbin gözəlliyi nə qədər vacibdir?
 – İnsanın gözəlliyi birinci onun mənəviyyatından və qəlbindən başlayır. Qəlb gözəl olarsa, baxışlar da gözəlləşir. Baxış gözəl olanda, o baxışın gözlərdəki işığı insanın üzünə yansıyır, onu işıqlandırır. İnsanın üzünün işığı ətrafını da işıqlandıra bilir. Qəlb gözəlliyi hər şeydən vacibdir. Məşhur bir insan üzünə maska sürtən qadına deyib ki, üzünə xiyardan maska sürtməklə deyil, ilk növbədə qəlbini gözəlləşdir. Maska sənə fayda verməyəcək. Üzünün parıldamasını istəyirsənsə, qəlbini parıldat. Çünki oğru qaranlıq yerə girir. Qəlbin işığı yanırsa demək ki, üzün işığı da yanar, gözlərin və təbəssümün də gözəl olar. Üzündə elə bir rahatlıq və aura olar ki, dünyanın heç bir maskası onu sənə verə bilməz. Qəlb gözəlliyi əxlaq deməkdir. Qəlbi Allah yaradır, içini isə sən doldurursan. Qəlbi gözəlliklərlə doldurmaq lazımdır. Qəlb o qədər gözəl olmalıdır ki, onun içərisində zərrə qədər də kin, paxıllıq olmasın. Bu, insanın üzünə yansıyır. Eləcə də heç bir estetik əməliyyat, gözəllik vasitələri onun içinin qaranlığını örtə bilməz. Biz insanları gözündən oxuyuruq. İnsanın gözünün içi parıldayırsa, demək ki, daxili də gözəldir. Əgər parıldamırsa, heç bir estetik əməliyyat ona kömək etmir. 
 
 – Tünzalə xanım, nə üçün sizi hər zaman qısa saçlarla görürük? Yoxsa uzun saçların sizə yaraşmadığını düşünürsünüz? 
– Bu, daha yeni və gənc bir stildir. 20-25 yaşlarımda uzun saçlarım olub. Ondan sonra qısaltmağa meyl göstərdim. Əmin oldum ki, mənə yaraşan qısa saçlardır. Hazırda saçlarım orta qısalıqdadır. Uzun kare həddinə gətirib, elə o həddə saxlayıram. Təəssüflər olsun ki, uzun saçlar mənə yaraşmır. Hər xanım  bilməlidir ki, ona nə yaraşır. Mənimlə çalışan peşəkar saç ustaları da mənə bunu deyiblər. Çalışdığım saç stilistim Fazilə Rəcəbova həm make up, həm də saç ustası kimi işinin peşəkardır. O mənim boyumu, üz cizgilərimi nəzərə alıb, düzgün məsləhətlər verir. Saçlarımı uzatmağı düşünmürəm, çünki yaraşanı seçmək lazımdır. 
 
 – Bir zamanlar başınızda çalma ilə səhnəyə çıxırdınız. Bunu sizdə bir stil olaraq qəbul etmişdik. Bu stildən nə üçün imtina etdiniz?
 – Çox şadam ki, mənim səhnəyə ilk gəlişim və ilk imicim – başımda çalma, yaylıq bir çox qızların marağını çəkdi və bir stil oldu. Bu məni olduqca qürurlandırır və tarixə yazıldı. Mən bundan imtina etmədim. 2001-ci ildən 2005-ci ilə qədər 5 il o imicə sadiq qaldım. Tamaşaçıların qarşısına məhz o imicdə çıxırdım. Bu, imtina etmək deyil. Hər şeyin bir vaxtı var. Artıq başqa imicə ehtiyac duyuldu. Yaylıq bağlayan dövrdən haqqımda gülməli sözlər eşidirdim. Deyirdilər ki, onun saçları yoxdur, qulaqları yekədir və s. Yaylığı açandan sonra isə təzə mövzular ortaya çıxdı. Dedilər ki, sən demə saçları varmış, qulaqları da normal imiş (gülürük). Zaman-zaman nostalji hisslər yaşayıram və kliplərdə, çəkilişlərdə o yaylıqlardan istifadə edirəm. O yaylığı mən fikirləşməmişəm. Hər bir Azərbaycan xanımına yaraşan, bir atributa çevrilən yaylıqlardan mən də istifadə etdim. Sadəcə olaraq unudulmuşdu, biz onu səhnə səviyyəsinə gətirdik və PR etdik. Bu, bizim komandanın menecerinin, o zaman işlədiyimiz dizaynerimizin ideyası idi. 
 
 

 
 – Geyimlərə xüsusi diqqət ayırırsınız. Belə ki, efirdə ayrı, səhnədə ayrı, gündəlik isə tamam rahat geyimlərdən istifadə edirsiniz. Ümumiyyətlə, bir ifaçı üçün geyim seçmək və məkanına görə geyinmək nə qədər vacibdir?
 – Son 5 ildə tanınmış moda ustası Gülnarə Xəlilova ilə birlikdə çalışıram. O mənim yaxın rəfiqəm, bacımdır. Onun müəllifi olduğu kostyumları geyinirəm. İllərdir onun kolleksiyasından geyinirəm və bu geyimlərdən çox da məmnunam. İstər konsert, istər çəkilişlər üçün layihənin formasından asılı olmayaraq hər zaman məni məmnun edən bir stil yaradıb. Hətta gündəlik geyimlər belə Gülnarə xanımdan olur. Geyimlərin sintezini edirik. Gündəlik geyimləri sevdiyim mağazalardan da alıram, təbii ki, bura ayaqqabı, çanta və aksesuarlar da daxildir. İdman üslubundan tutmuş, küçə geyiminə qədər. Baxır sənin getdiyin məkanlara. Məkandan-məkana fərq var. Onlara uyğun şəkildə geyinmək lazımdır. Hesab edirəm ki, hər zaman uyğun şəkildə geyinirəm. Heç zaman yanlış olmayıb ki, gəlim və görüm ki, mən burda başqa formadayam. İnsanları geyiminə görə qarşılayır, ağlına görə yola salırlar. Geyim gözəllikdir, əxlaqdır, mədəniyyətdir. Geyimi də gözəl şəkildə daşımaq lazımdır. Şəxsiyyətli insanlar da geyimlərini düzgün seçənlərdir. İç dünyaları ilə zahirləri hər zaman uyğunlaşmalıdır. 
 
 Söhbətləşdi: Xəyalə Rəis