Bu gün gənc istedadlarımızın səsi
beynəlxalq festivallardan eşidilir. Artıq beynəlxalq musiqi festivallarında
bizim istedadlı gənc ifaçılarımız da boy göstərir, tarixə adlarını qızıl
hərflərlə yazdırmağı bacarırlar. Onlardan biri də Azərbaycan Milli
Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyasının şagirdi, respublika və
beynəlxalq müsabiqələr laureatı, kamança ifaçısı Hüseyn Nağıyevdir. O, ötən
həftə Moskvada Vladimir Spivakov Fondu tərəfindən keçirilən XVI "Moskva
dostları qarşılayır” Beynəlxalq Festivalında iştirak edib.
Səfərdən dönən Hüseyn Nağıyev "Kaspi”nin
qonağı oldu. İstedadlı kamança ifaçısı ilə əldə etdiyi uğurlarından,
hədəflərindən bəhs etdik. Onu da qeyd edim ki, 15 yaşlı ifaçı, eyni zamanda
aktyor olaraq Azərbaycan Dövlət Akademik Musiqili Teatrında maraqlı obrazlar
yaradır.

– Dünyaca
məşhur olan Böyük Teatrda çıxış etmək hər bir ifaçının arzusudur. Bu arzuya
belə gənc yaşda necə çatdınız?
– Gimnaziyamızın müdiri Aytən Əhmədova həmin
festivala mənim "Youtube”da olan ifalarımdan ibarət videolarımı göndərmişdi. Festival
iştirakçılarının siyahısı açıqlandığı zaman öz adımı orada gördükdə, sevincimin
həddi– hüdudu yox idi. Bu mənim kamança ifaçısı olaraq iştirak etdiyim ilk
festival idi. Bunun üçün Təhsil Nazirliyinə və Aytən xanıma təşəkkürümü
bildirirəm.
– Festivalda hansı əsəri ifa etdiniz və ifanız necə
qarşılandı?
– Həsən Rzayevin "Çahargah” muğamının üzərində
yazılmış "Çahargah rapsodiyası” əsərini ifa etdim. Bu əsərin seçilməsi və məhz
belə mötəbər festivalda mənim tərəfimdən ifa edilməsi heç də əbəs deyildi. Belə
ki, festivala dünyanın 36 ölkəsindən nümayəndələr, iştirakçılar gələcəkdi və
onların içərisində bizim milli musiqilərimizi mənimsəyən mənfur düşmənlərimiz
də vardı. Bunun üçün Aytən Əhmədova ilə
düşündük və yerli bəstəkarımızın əsərinə müraciət etmək qərarına gəldik. Orda
xarici əsərlə çıxış etməyimin bir mənası olmazdı. Kamança bizim milli
alətimizdir, orada yerli bəstəkarımızın əsəri səslənməli idi. Konsertmeyster
Svetlana Əhmədova ilə birlikdə biz bu mahnını ifa etdik və ifamız tamaşaçılar
tərəfindən böyük alqışla qarşılandı. Tədbirdən sonra zalda tamaşaçı qismində
əyləşən sənətkarlar mənə yaxınlaşıb, təşəkkürünü bildirir və ifa etdiyim əsərin
onlara xoş təsir bağışladığını deyirdilər. Əlbəttə ki, bu, bir ifaçı kimi məni
həvəsləndirir və daha da qürurlandırırdı. Digər tərəfdən isə, dünyada 4 məşhur
opera teatr səhnəsindən biri olan Dövlət Akademik Böyük Teatrda çıxış etməyin
sevincini yaşayırdım. Mən Böyük Teatrın Bethoven zalında çıxış etdim, hansı ki,
məhz bu zalda dünyaca məşhur sənətkarlar çalışıblar.
– Yaşınıza görə uğurlarınız az deyil. Bu yolda
iştirak etdiyiniz festivallar, müsabiqələr sizə nə qazandırıb?
– Qatıldığım müsabiqələr məndə özümə inam yaradıb.
2015– ci ildən kamança ixtisası ilə məşğul olsam da, əsas uğurlarım 2017– ci
ildən başlayıb. Belə ki, 2017– ci ildə "İncəsənət Olimpiadası”nda 1– ci yerə
layiq görüldüm. 2018– ci ildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının
95– ci ildönümünə həsr olunmuş 3– cü Respublika müsabiqəsində 1– cilik
qazandım. Daha sonra "Testene art Baku” 2– ci beynəxalq müsabiqəsində 2– ci
yerə layiq görüldüm. Kamança hazırlanması və ifaçılıq sənətinin UNESKO– nun
qeyri– maddi reprezentativ mədəni irs siyahısına daxil olunmasına həsr olunmuş
Habil Əliyev adına gənc kamança ifaçılarının 2– ci Respublika müsabiqəsində 2– ci
yeri tutdum. H.Xanməmmədovun 100 illiyinə həsr olunmuş müsabiqədə (müsabiqədən
kənar) diploma, World harmony 2– ci beynəlxalq müsabiqəsində 2– ci yerə, 2019– cu
il Uşaq və gənclər arasında Xalq çalğı alətləri ifaçılarının IV Respublika müsabiqəsində
1– ci yerə layiq görüldüm. X və XI Beynəlxalq Üzeyir Hacıbəyli festivallarında
çıxış etmişəm. 2018– ci ildə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının
təsis etdiyi "Mövsümün ən yaxşı uşaq rolunun ifaçısı" mükafatına
layiq görüldüm. 2019– cu ildə Albaniyanın Elbasan şəhərində keçirilən 21– ci
Skampa Beynəlxalq Teatr Festivalında aktyor kimi çıxış etdim. Azərbaycan
Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən Ümummilli lider Heydər
Əliyevin anadan olmasının 96– cı ildönümünə həsr olunmuş "Ən yaxşı təqdimat” müsabiqəsinin,
Respublika Fənn olimpiadasının və məktəblər arasında keçirilmiş
"Respublika idman çempionatı"nın mükafatlandırma mərasimində kamança
ifaçısı kimi ifa etdim. Bundan başqa, dəfələrlə Azərbaycan Dövlət Akademik
Filarmoniyasında, Kamera və Orqan zalında, Beynəlxalq Muğam Mərkəzində və
dövlət tədbirlərində Xalq çalğı alətləri orkestri, Q.Qarayev adına kamera
orkestri ilə çıxış etmişəm. Təbii ki, bütün bunlar mənim həyatımda böyük iz
buraxıb.

– Gələcək hədəfləriniz nələrdir? Hansı zirvəyə
çatmağı qarşınıza məqsəd qoymusunuz?
– Ən böyük hədəfim Azərbaycan Respublikası Prezidentinin xüsusi təqaüdünə
layiq görülmək və adımı "Qızıl kitaba” yazdırmaqdır. Bunun
üçün əlimdən gələni edirəm.
– Bu yaşda solo konsert də vermisiniz.
– Bəli.
– Konsert ideyası necə yaranmışdı?
– 2018– ci ilin yanvarın 11– də "Ömrümün istəyi”
adlı solo konsert proqramı ilə çıxış
etdim. O zamanadək konsert verməyi düşünsəm də, buna cəsarət etmirdim. Atama belə
bir istəyimin olduğunu dedim, o da etiraz etmədi. Daha sonra gimnaziyamızın
direktoru Aytən xanıma müraciət etdim və onunla birlikdə proqram hazırlayıb,
məşqlərə başladım. Bu işdə ixtisas müəllimim Samirə Nəcəfovanın da böyük rolu
oldu. Bu konserti görkəmli kaman ifaçısı,
Əməkdar artist Ədalət Vəzirovun xatirəsinə həsr etdim. Konsertdə Azərbaycan və
dünya bəstəkarlarının yaradıcılığından əsərlər və muğamlarımızı səsləndirdim. Mənim
üçün çox uğurlu bir konsert oldu. Milli Konservatoriyanın rektoru Siyavuş
Kərimi konsert sonrası gözəl sözlər dedi. Bildirdi ki, "sən ifa etdikdə, gözümü
yumdum və elə hiss etdim ki, sanki 35 yaşında biri ifa edir”. Bu mənə böyük ruh
verdi.
– Eyni zamanda Akademik Musiqili Teatrda aktyor
kimi çalışırsınız. Kamança ifaçılığı ilə aktyor sənətinin kəsişdiyi bir ortaq
nöqtə varmı?
– Hər ikisi incəsənətin qolllarıdır. Ümumilikdə
hər ikisi mədəniyyətə xidmət edir. Ancaq mən özümü daha çox kamança ifaçısı
olaraq görürəm. Aktyor kimi isə özümü hələ uşaq yaşlarından sınamağa
çalışmışam. Belə ki, 7 yaşımda Gənc Tamaşaçılar Teatrında kiçik aktyor kimi
fəaliyyətə başlamışam. Orada Uilyam Şekspirin "III Riçart” tamaşasında Uels
şahzadəsini, İlyas Əfəndiyevin "Sarıköynəklə Valehin nağılı”nda Neməti, Pyotr Çaykovskinin "Şelkunçik”
tamaşasında kiçik aşpaz və əsgər obrazlarını canlandırmışam. 4 il Gənc
Tamaşaçılar Teatrında çalışdıqdan sonra Akademik Musiqili Teatrdan dəvət aldım.
11 yaşımda həyatımda ikinci dönüşü edib, bu teatra gəldim. Artıq 3 ildir ki,
burda çalışıram və bu 3 il ərzində teatrda biri– birindən maraqlı tamaşalarda
rol almışam. Burada ilk obrazım Əli Əmirlinin "Nuri– didə
Ceyhun” pyesi əsasında Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin
səhnələşdirdiyi tamaşada Ceyhun Hacıbəylinin uşaqlığı
oldu. Ü.Hacıbəylinin "O olmasın bu olsun”unda kütləvi səhnədə, Semuel Bekketin "Qodonun
intizarında” oğlan obrazını canlandırmışam.
– Kamança ifaçılığı elə bir sənətdir ki, bu
yolda məşhurluq əldə etmək üçün çox çalışmalısınız. Amma aktyor kimi simanız
daha tez məşhurlaşar. Bu barədə düşünmüsünüzmü?
– Mən hər şeyi gözə almışam. Özümü kamança
ifaçısı olaraq yetişdirmək və vətənimə məhz bu yolda xeyirli vətəndaş olmaq
istəyirəm. Aktyorluq fəaliyyətimi müvəqqəti olaraq dayandırmaq
məcburiyyətindəyəm. Sadəcə olaraq indi dərslərimin ən ağır olduğu dönəmdəyəm.
Həm dərslərimlə məşğul olub, həm də kamança dərslərimə zaman ayırıram. Bir
müddətdən sonra aktyorluğa yenidən davam edəcəm. Gələcəyin nələr göstərəcəyini
bilmək olmaz. Hər şeyi zaman göstərəcək.

– İki sənət arasındakı balansı qorumaq çətin
deyil ki?
– Hər iki sənətin öz çətinliyi var. Səhnə insana
başqa duyğular bəxş edir. Sən özünü səhnədə fərqli hiss edirsən. Bir dəfə
səhnəyə çıxanda, o səhnəyə ikinci dəfə çıxmaq istəyirsən. Musiqili Teatrın
səhnəsi mənim üçün doğmadır. Burada özümüzü rahat hiss edirik. Təbii ki, bu da
səbəbsiz deyil. Teatrın direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət
Lalayevin bizə yaratdığı şəraitdən asılıdır. Onun bizə göstərdiyi diqqət
nəticəsində Musiqili Teatrda az yaşımda bir çox tamaşalarda böyük sənətkarlarla
birlikdə rol almışam. Tanınmış, cəmiyyətdə sözünü demiş, sözün əsil mənasında
peşəkar aktyorlarla bir səhnəni bölüşdüyüm üçün özümü xoşbəxt hesab
edirəm.
Xəyalə Rəis