Biz imzaları yox, əsərləri dərc edirik...

Qaranlığa güllə batmaz – Tofiq Nurəlinin şeirləri
1307
03 İyul 2017, 16:07

  artkaspi.az Tofiq Nurəlinin şeirlərini təqdim edir:

 

 

 


  Qaranlıq silsiləsindən


 1


 

Qaranlıq sıxır dörd yandan

Adam güclə nəfəs alır…

Hər nəyin var götürürsən,

nəsə çatmır, nəsə qalır.

 

Darıxır, hər şey darıxır,

Nəsə çatmır, vardı axı…

…açıb ömür kitabını

bu zil qaranlıqda oxu…

 

Qaranlıq sıxır adamı,

harda qalıb yarı canın?

…unut, özünü də unut,

Unut, sən bu yarımcanı…

 

Bu qaranlıq sükutu da,

o yarımçıq kitabı da

götür tulla qaranlığa —

elə bil ki külqabıdı.

 

Elə yum ki, gözlərini

görünməsin bu qaranlıq,

fit çal pəsdən kəsik-kəsik

qurtarsın bu nigaranlıq.

 

2

 

Gecə elə preslənib—

Qaranlığa güllə batmaz.

Vaxt da elə paslanıb

Dan üzü gəlib çatmaz.

 

Gecənin çat yerindən

Bir udum işıq gəlsə,

Ya ordan boğuq bir səs

Gecəni silkələsə.

 

Döyünər ürək yenə…

Ya da ürək yerinə

Gözün açar ölmüş vaxt—

Dik atılar hirslənib…

...hələ heç nə tərpənmir,

Gecə bərk preslənib.

3

 

Qaranlığın dibiylə

Bilirəm, çaylar axır...

Yorulub əldən düşmüş

Yollar yıxılıb yatır...

 

Açaraq qollarımı

Qaranlığı qucuram.

...uçuram, heeyy uçuuuram..,

Yumaraq gözlərimi.

 

...içimdə göz yaşı var,

Bir yol axtarır kəsə...

...hələ yollar yuxulu,

hələ çaylar yeknəsəq.

 


 

  4


 

Şimşəklər yarır gecəni,

ildırımdan ürək əsir...

Göylərə qaçaqaç düşüb—

Dünya hayana tələsir?

 

Leysan tökür qaranlığa,

Dayanmışam eyvanda mən...

O saçlarım ağarsa da,

Ürək elə həmən-həmən...

 

Leysan yağır sevgi kimi...

Qəlbimdədir o çiliklər...

Biz köhnənin dostlarıyıq

eyy şimşəklər,

eyy şimşəklər...

...birdən-birə kəsdi leysan,

Yaş xatirələr üşüyür...

...Eşidirəm qaranlıqda

elə heyy damcı şütüyür...

 


5


 

Dönüb bu yağışa, bu qaranlığa

Dayanaram yenə də pəncərənin önündə.

Pəncərədən baxarsan söndürüb işıqları,

Utanıb-çəkinmədən sən də gecə donunda.

 

Bilirsən bu yağışlı qaranlıq elə mənəm,

Bilirsən çox sevirəm gecələrin yağışın...

Qaranlığa zillənən gözlərindən bilirəm

Bu yağışın çiyninə əyilib sənin başın.

 

Dağılıbdır saçların qaranlığın içinə,

bu yağışın çiynində islanıbdır gözlərin...

Elə pıçıldayırsan bu yağışlı gecəyə:

Mən səni çox gözlədim, mən səni çox gözlədim...

 


 

  6


 

Qaranlıq gecələrdə yaman darıxıram mən,

Qaranlıq gecələrdə yuxum qaçır hər dəfə...

Fikrim-zikrim, xəyalım azır qaranlıqlarda,

Dolaşır düz dünyanı, amma çatmır hədəfə...

 

Bilmirəm nə olacaq bu sevgilərin sonu?

Heç nə dəyişməsəydi, dəyişməlidir amma...

Nəynən bitirəcəksən başladığın oyunu,

Yəqin sən də bilmirsən, özünə çox güvənmə...

 

Ömrün düz ortasında—gizlənməyə yer də yox.

Yumaqmı gözümüzü—bizi heç kəs görməsin?!.

Üstümüzə düşən şey ilğım imiş, bir ilğım—

Sənsə elə bilirdin on beş yaşın kölgəsi...

 

Gecə uzun, xəyal çox, hər tərəf qatı zülmət...

Gündüz ayrı dünyadı, gecələr dünya yoxdu...

Gecələr günahlar var, günahlar və əziyyət...

...öz-özümün önündə bilsən necə karıxdım?..

 

...Bilmirəm nə olacaq bu sevgilərin sonu...

...Qaranlıq gecələrdə yuxum qaçır hər dəfə...

...Ömrün düz ortasında bu günahlar oyunu...

Fikrim-zikrim, xəyalım gedib çatmır hədəfə...

 


 

  7


 

Ay axşamdan doğmuşdu,

Yaman tez batdı yenə...

Köhnə sevgi nəğməsi

Yaman girib beynimə.

 

 

O nəğməni bir zaman

Atam deyərdi pəsdən,

ən kədərli yerində

susardı—

sanki qəsdən.

 

Heç nə anlamasam da

o kədərli nəğmədən,

Dinləyərdim gizlicə –

Hətta nəfəs dərmədən...

 

Nəğmə tez-tez susardı,

Allah, bu sükut nədi?

Yanardı qaranlıqda

Atamın siqareti...

 

Ay axşamdan doğmuşdu,

Yaman tez batdı yenə...

...atamın o nəğməsi

Yaman girib beynimə...

 


 

  8


 

 

Ay axşamdan doğmuşdu,

Yaman tez batdı yenə...

Köhnə sevgi nəğməsi

Yaman girib beynimə...

 

O zaman oxudardıq

O valı patefonda...

...Dünya belə deyildi—

Bir az başqaydı onda.

 

Vaxt gəldi biz də sevdik,

Doğmalaşdı nəğmələr,

Yardı ürəyimizi

Ayrılıqlar və nələr...

 

...O sevgilərdən hələ

Qəlbimizdə nəsə var:

Köhnə patefon kimi

Söylənir təkrar-təkrar...

 

Yorğun bir yel tərpədir

Qaranlığın pərdəsin,

Yırğalanır qaranlıq

İçinə töküb səsin...

 

...ötüb keçən ömürdür,

Ürək heç vaxt yorulmur...

Odur ki, sevgilərin

Ötüb-keçəni olmur...

 

...ay axşamdan doğmuşdu,

Yaman tez batdı yenə...

...köhnə sevgi nəğməsi

Yaman girib beynimə...

 


 

  9


 

Nə kövrəlib bu qaranlıq—

O tarda simlər ağrıyır...

Gedim çıxım bir budağa—

Bir görüm kimlər ağrıyır...

 

Qaranlığın zülmətindən

Bir göz yaşı parıldasa,

Duyaram o zümzümədən

Bir ağrı gedir harasa...

 

...o gedir qaranlıqda

əlin arxadan çatıb...

hardan gəlir bu ağrı,

kimin bağrın çatladıb?!

 

Bu ağrı tələsir birdən

əcəldən qabaq yüyürür...

gecənin qaranlığında

hər yanı ağrı bürüyür.

 

Bu qaranlıqlar içində

Bu tarda simlər ağrıyır,

Gedim çıxım budaqlara—

Bir görüm kimlər ağrıyır?!.

 

Bir görüm əcəl hardadı,

Nə qaçır əcəldən qabaq?

...gündən-gündüzdən savayı

Nəsə var gecədən qabaq...