Biz imzaları yox, əsərləri dərc edirik...

“Qarabağ müharibəsi: zərif talelər” kitabının təqdimatı olub
458
24 May 2018, 12:54
  Mayın 23-də "Azərkitab” Kitab Təbliğatı Mərkəzində yazıçı-publisist Zemfira Məhərrəmlinin "Qarabağ müharibəsi: zərif talelər” (sənədli hekayələr və portret yazılar) kitabının təqdimat mərasimi keçirilib.

 
 


  AZƏRTAC xəbər verir ki, Z.Məhərrəmli Azərbaycan Xalq Cümhuriyyətinin və milli ordumuzun 100-cü il dönümünə həsr etdiyi kitabın "2018 Hərəkatı”nın layihəsi əsasında "Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin dəstəyi ilə çap olunduğunu bildirib.
  "2018 Hərəkatı”nın layihə rəhbəri, Azərbaycan Yazıçılar Birliyi mətbuat xidmətinin katibi Xəyal Rza müəllifin bu kitabında üz-üzə qaldığımız qanlı savaşın dəhşətlərini, uğurlu-uğursuz hərbi əməliyyatların xronikasını əks etdirən, habelə torpaqlarımızın bölünməzliyi naminə kişilərlə çiyin-çiyinə çarpışan qadınlarımızın hünərindən, məşəqqətli əsirlik həyatı yaşamış azərbaycanlı qız-gəlinlərin ağır taleyindən bəhs edən sənədli hekayələrin toplandığını söyləyib. Hərəsi bir zərif qəhrəmanın taleyindən söz açan hekayələrin hər kəlməsində "Vətən!” hayqırtısının duyulduğunu bildirən X.Rza kitabı zorla sürükləndiyimiz Qarabağ müharibəsinin qanla yazılmış tarixi adlandırıb.
  Əməkdar Jurnalist Əntiqə Qonaq kitabda müəllifin cəbhə illərində qələmi ilə döyüşən qadın həmkarları – xanım jurnalistlər haqqında portret yazılarının da yer aldığını və bunun silinməz tarix olduğunu vurğulayıb.
  Sevastopolda fəaliyyət göstərən "Qobustan” radiosunun redaktoru Həbib Əliyev kitabın bütünlükdə Qarabağ döyüşlərinə həsr edilmiş hünər salnaməsi və gələcək nəsillər üçün yaddaş olduğunu vurğulayıb.
  Çıxış edənlər kitabda haqqında bəhs olunan qadın döyüşçülərimizin taleyinin, göstərdikləri qəhrəmanlıqların və həyata baxışlarının dolğun cizgilərlə qələmə alındığını söyləyiblər.
  Tədbirin təşkilatçılarına, kitabın ərsəyə gəlməsində əməyi olanlara təşəkkürünü bildirən müəllif əsər haqqında ürək sözlərini belə ifadə edib: "Müharibə mövzusu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bu gün də qələm sahiblərini düşündürən, yazmağa sövq edən, ağrılı bir mövzudur. Qarabağ müharibəsi alovlananda özünü bu yurdun övladı sanan hər kəs cəbhəyə kömək etmək üçün nə isə bir şey etmək istəyirdi. Canında təpər, cəsarət tapan jurnalist həmkarlarımız ön xəttə tələsir, barıt qoxulu yazılar yazırdılar. "Bakı” və "Baku” qəzetlərinin müxbiri kimi könüllü olaraq qaynar nöqtələrə yollanır, cəbhə reportajları hazırlayırdım. Həmin günlərin bəhrəsi olan, indi saralmış qəzet səhifələrindən "boylanan” bu reportajlar odlu-alovlu illərin nişanəsidir”.
Sonda Z.Məhərrəmli kitabın nüsxələrini öz imzası ilə oxuculara təqdim edib.