Biz imzaları yox, əsərləri dərc edirik...

Qar düşəndə gələcək – Yəqub Naminin şeirləri
1030
05 Dekabr 2018, 10:54
 Artkaspi.az Yəqub Naminin şeirlərini təqdim edir.
 
 
 Yaqub Nami 1968-ci ildə Güney Azərbaycanın cənnət guşəsi Qaradağ mahalının Şəbxanə (Şovxana) kəndində anadan olub. 6 yaşından ailəsiylə Təbrizdə yaşayır. İnşaat mühəndisidir.  "Bu gecə mahnılanacaq ay sən üçün”  adlı kitabı Təbrizdə yayımlanıb.
 
 
 

 Telefon
 
 Dayanmadan günbəgün
 azalır telefonumun nömrələrinin sayı.
 Dünəndən bu günə
 Sozalır, azalır, sozalır, azalır.
 Məcid, Məmməd Hüseyn, Əli, Həsən, Məsud, Abbas
 Belə getsə, bir mən qalacağam, bir də telefonum,
 Yada ki bir gün bir alatoranlıqda,
 Baharsız bir payız axşamında,
 Mənim də nömrəm yolunu tutub gedəcək tək başına.
 Sozala-sozala azalana qədər,
 Görəsən, haçan bir telefonun yükü 
 yüngülləşəcək mənsiz?!
 Dünəndən gətirdiklərim yol alıb gedir,
 Bu günüm yalnız özümlə paylaşılır.
 Sabahıma güman yox, gün batan çağları,
 Telefon nömrələrimin sozalması çoxalıb.
 Bəlkə də, mən azalmağa başlamışam.
 Yoxlayın telefonlarınızı.
 
 
 Ana
 
 Deyərdi dəcəllik eləsəz,
 Qulaqlarınızdan nallayacağam divara.
 Qırx il bundan əvvəl
 Mən hələ də divara gözüm düşəndə,
 Fikirləşirəm bu işin necə olmasına.
 Atamın əcəb davranışları olardı –
 Anama yardıma qoymazdı bizləri.
 "Kişi gərək öz işinə gedə!” deyərdi.
 Anama hörmət bəsləmək lazim idi ailədə
 Anama hörmətsizlik,
 Bağışlanılmaz bir günah idi.
 Hörmətli anam,
 Hər işi təkbaşına görərdi,
 Hətta bizi böyütməyi belə.
 Atam el ağsaqqalı idi,
 Bütün cavanlara örnək,
 Anam el ağbirçəyi bir mələk,
 Dizlərində protez, belində disk,
 Ayaqlarında vərəm, dodaqlarında gülüş,
 Ürəyində sevgi...  
 
 
 
 Mən heç yaşamadım ki…
 
 
 Klimancaro dağlarının qarında
 Gül açmışdı yaşam.
 Balkonlarda pijamalı
 Barmaq arasında siqara.
 Şəhəri gözlərindən axıdan
 Balkon şəhvətlərini hiss etdirdi.
 Arxa küçələrdə gecələrindən səhər axtaranlar,
 Ön planların səhərində
 Gecələri yaşadanları.
 Hamısında yaşamı göstərdi.
 Ən qırmızı keçidlərdən
 Yol kəsənliklərdən,
 İçi boş qap-qara dev imiş, sən demə.
 Sonunda dedi... öldük.
 Mən heç yaşamadım ki öləm,
 Diriliyimizdən kimsənin xəbəri olmadı.
 
 
 
 

 Mən
 
 Ürəyimin tikə-parçalarını,
 Süpürsələr də bu şəhərdən
 Yox edilsəm də dar-düdük keçidlərdə.
 Bir çimdik qəm-kədər oturmaz ürəyimə,
 Bir gün gələr
 Bu xarabanın pişikləri məni sənə anladar.
 
 
 Yolları sevmirəm artıq
 
 
 Qarlar əridikcə
 Yazın gəlişinə göz dikdik.
 Günəş hərarətini yayan anlarda dünyaya.
 Buz bağladı ürəyimiz
 Soyuq bürüdü hər yanı
 Sən də ki daha yoxsan,
 Çiçəklərə can verəsən.
 Yolları sevmirəm artıq.
 Səni həqiqətə doğru məndən alırlar,
 Mənsə bu fənada can verməyə məhkum.
 
 
 

 Qar düşəndə gələcək
 
 
 Demişdi
 Təbrizin qarının vurğunudur.
 Qar düşəndə gələcək.
 Üz döndərdi qar bizdən.
 Nə o gəldi, nə də Təbriz ağ günlərə çıxdı,
 Hər şey əsirgəndi bizdən.
 Bizə yalnız şaxtası qaldı.
 İliyimizə işləyərək
 Bəlkə də, ürəyimizə qədər
 Qar da orda yağdı,
 Günəş də orda doğdu.
 Səndə ki qara vurğunuydun...
 Daha gözləmirəm Təbrizə qar yağsın
 Sanıram həvəsdən düşüb həyat.
 
 
 Buz bağlamış çarpayı
 
 
 Bu gecə 
 buz bağlamış çarpayının üstündə asıldı ürəyim,
 Siçanlar yuvalarından baxa-baxa
 Züydü büdrədi ayağı gözlərimin önündə.
 İndi əlindən yapışmağa ürəyimin
 Bir ömür gecikmişdim, sən demə.
 Gözləmədən, gözlənilmədən.
 Ürəyim ömür boyu qorxaq birisi,
 Ürəyim
 Ürək sözünü belə.
 Udqunmuş hər zaman
 İndi çarpayı üstə asılır,
 Dodaqaltı "ay gecikən məhəbbətim” nəğməsində,
 Dili boğazında kəsilir,
 İndi də yaşamı özünə yox, 
 başqasına qurban aparır.
 Yenə də gözləmədən  gözlənilmədən.
 Bu il qışın tam vaxtında gəlişinə inanıram
 Buz bağlamış hər tərəfi şəhərimin
 Əhrabı, Xətıbi, Bağmeşəsi1 də,
 Bu saatda çən bürümüş 
 pəncərələr arxasında.
 Varmı axan Qaragilə?!
 Ondan sorun, yalnız ondan
 Mənsə hələ...
 Asılmışam buz bağlamış çarpayıdan.
 
 
 
 Mahnılanacaq ay sən üçün
 

 Bu gecə yanacaq ulduzlar
 Bu gecə mahnılanacaq ay sən üçün,
 Bu gecə yelləndirəcək saçlarını 
 dəniz mənimçün.
 Dəsmalını vermə yelə 
 Saçlarından asılmağa məhkum mən
 Gəl birlikdə mahnısında boğulaq ayın.
 
 

 
 Mürdəşir oyunu
 
 
 Mürdəşir yoldaş,
 Pəncərədən baxsana.
 Bəlkə, o ölən mənəm qəribcəsinə,
 Yoxsa bu şəhərdə
 Məndən də tənhası varmış.
 Yoxsa
 kimsəsizlik yarışı verilir bu səs-küydə.
 Biri bu mürdəşir oyununa son qoysun.
 Ömürlük çirkinlikləri nə sayaq yumaq olar axı?!
 Nə olar
 Ölüm daşı üstə barı əl çəkin bizdən.
 
 
 Təbriz
 
 Sovruldu zamanın samanı belə
 Bəlalı başına, bəlalı, Təbriz.
 Kimsə tapılmadı ağlaya sənə
 Anasız yaşayan, xalalı, Təbriz.
 
 Zamanlar, tufanlar, boranlar, qarlar
 Hamısın sındırıb kobud divarlar.
 Əsdirir başını qoca çınarlar
 Əlləri dizində qalalı, Təbriz.
 
 Bir zaman dağların ərşə ucalmış,
 Günəşdən bac almış, aydan bac almış.
 Nədən gəncliyində belə qocalmış
 Aybəniz laçınlı, sonalı Təbriz.
 
 İnamla yaşaram gələcəyi mən,
 Çiçəklər açılıb, güləcək çəmən.
 Düşsə də başına hərdən bir ağ dən
 Qartaldır yaşayar, yaralı Təbriz.
 
 
 

 Daşa dönmüş boğaz
 
 
 Susmağını bağırmaqdan 
 daşa döndü boğazım
 sanıram, 
 yer kürəsi alt-üst ola, 
 günəş dona
 ay qapsana öz içinə 
 gecələr zülmətində,
 gündüzlərlə əl-ələ gəzişələr meydanları,
 yenə səndən səs çıxmayacaq
 bu ölümdən betərdi, yoldaş,
 yaşayaraq ölsən
 baş daşın üstə
 qürurla bağıracaqlar kəlmələr,
 çiçəklənəcək daşlar,
 ətir saçacaq torpaq
 ölərək yaşasan
 sənədən öncə öləcək qəbir daşın belə
 bitəcək oralarda həyat,
 solacaq məzarlıqların çiçəkləri,
 nolar
 son qoysan bu davranışa 
 mən sənin üzündə
 hələ də yaşama yol açan çizgiləri görürəm, 
 mən hələ də
 səndə yaşamaqla nəfəslənirəm, 
 yolun üstə əyləşəcəm 
 sən göyərçinlərinlə burdan keçənə kimi.  
 
 

 
 Sevgimizə dayaq
 
 
 Əlimdəki çətirimlə 
 əllərini sıxa-sıxa, 
 xiyabandakı ayaqları 
 buz bağlamış burun uclarını
 parçalanmış, 
 yerə gələn dizləri izləyirəm 
 bir anlığa 
 o səni anladır mənə. 
 qoruyardın bütün qar-yağışlardan 
 sən yağışa məhrəm,
 mənə həmdəm 
 sevgimizə dayaq,
 kim nə bilir,
 bəlkə də, bir gün 
 tənhalıqlarımın dayanacaq divari sən oldun.
 
 
 Dünya
 
 Özümlə dalaşıram səhər axşam,
 Səni fikirləşməyim deyə
 Hər şeyi arxada qoyub.
 Qoparıb atmaq qədər
 Neyləyim ki, hər addımda 
 dikilirsən gözümün önünə
 Girirsən beynimə.
 Nə sayaq istəmirəm, sevmirəm desəm də
 Sanki qurtuluş yolu yoxmuş səndən,
 Sən ey həyatımı qapsayan acı dünya,
 Şirinliyinə belə acımışam
 Sənsizliyə can atıram, qadası,
 Beş günlük
 Bir yol boyu işıq versən görər
 Görməli işlər var
 Düşün heç olmasa bir kərə.
 
 
 
 Arxadan daş atanlar
 
 
 Biz son şəkillərimizin adamlarıyıq,
 Sənsə arxadan daş atanlardan birisi…
 Dənizləri qucaqlayan biz
 Qumluqlarda bata-bata
 Qaranlıqlara doğru gedən sən.
 Rəssam, qoy o hər nə eylərsə etsin,
 Sən bizim dəniz macəramızı yaşat hələ.
 
 
 İstəmirəm
 
 
 el qayğısın əks etməyən 
 dil dodağı istəmirəm
 bir addımın əyri atan
 əl-ayağı istəmirəm 
 
 axar suyu saf olmayan
 göz yaşı tək durulmayan
 qanqal kökündən yülmayan,
 yaşil bağı istəmirəm
 
 aydınlığa göz açmayan,
 sabahıma iz açmayan.
 baxışıyla söz açmayan
 al yanağı istəmirəm.
 
 görüşündən bar verməyən
 alovuma qar verməyən,
 məhəbbəti car verməyən,
 lal qonağı istəmirəm.
 
 Kölgə olub sərilməsəm
 bəhərə olub dərilməsəm.
 Nami kimi görülməsəm
 qol-budağı istəmirəm. 
 
 Təqdim edən: İlham Qəhrəman