Biz imzaları yox, əsərləri dərc edirik...

Bakının "Məsumiyyət muzeyi"ndən – "Doxsanlar" kafesindən reportaj
862
24 Sentyabr 2018, 08:57
 Artkaspi.az Orxan Həsəninin "Bakının "Məsumiyyət muzeyi” – "Doxsanlar” adlı reportajını təqdim edir:
 
 Kafeyə getməyi düşünürdüm, bir də gördüm ki, muzeydəyəm. Bakının köhnə məhəllələrindən birində özünə daldalanacaq tapan bu kafenin adı "Doxsanlar”dır. Sözün həqiqi mənasında bu kafeni zaman maşını olaraq təsəvvür edə bilərsiniz. Bir addımla düşürsən dövrün abu-havasına. Bakının doxsanıncı illərinə "bir çaylıq”, ya "bir kofelik” səyahət edirsiniz. İçəridə ilk diqqətimi çəkən divardan asılı saatdır. Bu iri kəfgirli divar saatını görən kimi şəhadət barmağımı uzadıb öz içimdə deyirəm.
 
 – Aa, bu saatdan bizdə də vardı.
 
 
 
 Ancaq, deyəsən, məni daha maraqlı hadisələr gözləyirdi. Saatın əqrəbləri "06:05”i göstərir.  Bu iki rəqəmin sirrini mən hələ çox əvvəllərdən bilirdim. Oxucunu çox da çətinə salmadan, "müxtəsər” deyib keçirəm mətləbə. Bu Tolstoyun ölüm vaxtıdır.  Ən qəribəsi həmin saatın altındakı rəfdə sözü gedən müəllifin köhnə nəşrlərlə kitabları düzülüb. Məkan sahibinin də mənim kimi belə sirli tapmacaları sevdiyini hiss eləyib, digər otaqlara göz gəzdirdim.  Deməli, kafenin başqa hissələrində də belə sürprizlər var.
 Məkan insanı keçmişin vahiməsinə bürüyür. Ancaq bu vahimənin içində kövrək tellər daha çoxdur.  Bir tərəfdən də köhnə musiqilər. Əsl doğmalıq tablosu. Bu ki, Sezen Aksunun "Sen de benim kadar gerçekleri görüyorsun” mahnısı... Eşq acısı çəkən dostlarımızın bütün gün Sezen xanımın bu müdhiş mahnısına ağladığı anlar film kimi gözlərimin önündən keçir.  Əslində, film kimi ifadəsi bu məkan üçün olduqca uyğundur. Elə bil, hər köşə, hər bir əşya uzaq keçmişdən bu günə qədər qorunub və nəqqaş dəqiqliyi ilə öz yerinə qoyulub. Yəqin ki, yaşadığımız o qəribə doğmalıq hissi də buradan yaranır. Ortaq keçmiş insanları biri-birinə daha sıx tellərlə bağlayır. 
 Otaqları muzey kimi gəzirəm və ilk diqqətimi cəlb edən köhnə kasetlər olur. Həə, Namiq Qaraçuxurlunun o məşhur "Rəvayətləri”. Bir nəslin dilində əzbər olan o kədərli sevgi hekayələri. Əl çala-çala məhəllədə oxunan və indi düşündükcə insanı şiddətli nostalji hissinə bürüyən xatirələr. Tarkanın bir dövr üçün əsl dəbə çevrilən geyimi və boynuna sarılan şərfi. Ebru Gündeşin, Setrap Erenerin musiqi kasetləri. "Yol əhvalatı” filmindən olan bir neçə səhnənin divara çəkilən şəkli qeyri-ixtiyari insanın üzünə gülüş qondurur. Hə, düz həmin an Oqtay Ağayevin "Gəl qaytar eşqimi” mahnısı oxunur.
 Masamıza keçib əyləşirik. Bu da menyu. Dostum ofisiantdan "vayfay”ın parolunu istəyir. O isə gülümsəyib deyir. 
 – Doxsanıncı illərdə Vayfay yox idi. 
 

 
 Dostum pərt olmuş halda telefonu cibinə dürtür. İki çay sifariş veririk və mən yerimi masada rahatlayıb divardakı əşyaları, şəkilləri izləyirəm.
 Mənə görə kafenin ən maraqlı hissəsi daimi müştərilər tərəfindən tərtib olunmuş uşaqlıq şəkilləri olan köşə idi. Köşədəki bütün şəkillər demək olar ki, keçən əsrdən qalmadır. Qırmızı yanaqlı, köhnə kamera qoxusu gələn bu şəkillər məni dəhşətli nostalji hissinə bürüdü. Ümumiyyətlə, burada hamıya nəyisə xatırladacaq bir şey var. Bax elə o şəkillərdə də, bəlkə də, hamının evində bir köşədə gizli qalan və bizi bütünlüklə bu gündən qoparıb keçmişə bağlayan detallar var. Pəncərə kənarında işlək vəziyyət olan yazı maşını. Bir zamanlar yazı maşınlarına maraq sarmışdım. Mənə keçən əsrdən qalma mətnlərin istiliyini xatırladırdı. İndi bu yazı maşınını dipdiri qarşımda görəndə qəribsədim və ilk dəfə yazı maşını görən adamlar kimi qeyri-ixtiyari düymələrinə basdım. 
 Aha, çayımız da gəldi. Köhnə bir fincan və yanında "Bakuş”. Yəqin ki, "Bakuş” adı uşaqlığı doxsanların sonlarına, iki minlərin əvvəlində keçən adamlar üçün nələrisə xatırlatdı. Məktəb illərində yaxınlıqdakı mağazadan alıb evə tələsdiyimiz, yeni aldığımız ayaqqabıların dabanlarımızı yara elədiyi zamanlardan qopub gələn o sirli və vahiməli, ancaq bir o qədər də kövrək nəsnə... Qarşımdakı köhnə çay stəkanından qurtumladıqca diqqətim qeyri-ixtiyarı bir daha ətrafdakı əşyalara sürüşməyə davam edir. İllərin arasından sapsağlam bu günə gəlib çıxmış o bəyaz it heykəli. İllər əvvəl radiolarına üzərində qoyulan bu it heykəlciyindəki sirr insanların psixoloji konsentrasiyası ilə bağlı idi. Radiolardan yalnız səs eşitdiklərindən mütləq diqqət kəsiləcəkləri bir nöqtə olmalı idi. Bunun üçün bəzən bütün ailə diqqətlə radiodan gələn səsi dinləyərkən hamı birlikdə o it heykəlciyinə baxardılar. Bir zamandan sonra evlərimizdə radiolarına yerini televizorlar almağa başlayır. Televizorlar artdıqca radioların sayı azalır və it heykəlcikləri beləcə öz missiyasını tamamlayıb və tarixə qovuşur... 
 Bu əsnada kafenin sahibi də içəri girir. Bütün məkan sahiblərində görünən və artıq sosioloji detala çevrilmiş "kəmərdən asılı açar səsləri” eşidilmir. Salam verir və içərini yoxlayır. Elə bu əsnada mən də qalxıram və belə gözəl məkana görə öncə məkan sahibinin əlini sıxıram. Deyəsən, söhbətimiz alınacaq. Bunu üzündəki gülüşdən hiss edirəm və eyni masada əyləşib söhbətimizə başlayırıq. 
 
 – Lap əvvəldən başlayaq. Necə oldu ki, belə bir kafe açmaq qərarına gəldiniz?
 – Mən bundan əvvəl köhnə əşyaları toplayırdım. Bir də gördüm bütün ev köhnə əşyalarla doludur. Artıq yer bəs eləmirdi. Bunun üçün ağlıma belə bir fikir gəldi. Həm bu əşyalardan xilas olacaqdım, bununla başqa əşyalara yer qalacaqdı, həm də əşyaların özü kafeyə çevriləcəkdi. 
 
 – Ağlınıza belə bir fikir gələndə ilk kimlə bölüşdünüz?
 – İlk dəfə dostlarım Fərid və Yusifə dedim. Əslində, bunu qarşıma məqsəd kimi qoymuşdumsa, edəcəkdim. Dostlarım bu mənada mənə köməklik göstərdilər və bundan əvvəlki məkanı kirayə götürüb dizayn işlərini gördük. Bir zamandan sonra istifadəyə verdik və  maraqla qarşılandı. 
 
 Bu əsnada mənim diqqətim yenidən divardakı bir çərçivəyə yönəlir. Öz-özümə deyirəm:
 
 – Bundan nənəmgildə də vardı.
 

 
 Amma deyəsən, səsim eşidilib, müsahibim gülümsədi və müştərilərin ən çox işlətdiyi sözün "Bundan nənəmgildə də var” olduğunu dedi. Bu ani ehtiyatsızlığım ikimizi də gülümsətdi. 
 
 – "Əvvəlki məkan” ifadəsini işlətdiniz. Məkanı niyə dəyişdiniz ki?
 – Ora balaca idi. Əşyalarımız sığışmırdı, bir tərəfdən də kolleksiyaya yeni əşyalar əlavə olunurdu. Bu mənada əslində məcbur olduq.
 
 – Çünki ora kifayət qədər tanınmışdı.
 – Hə, həm ona görə, həm də əşyaları daşımaq, eyni şeyi yenidən dizayn eləmək çətin olacaqdı. 
 Birdən qəribə şəkildə beynimdən ulduz effekti ilə bir fikir sürüşdü.
 
 –  Orxan Pamuku oxumusunuz?
 – Həə, bunu məndən tez-tez soruşurlar. Yəqin ki, Pamukun "Məsumiyyət müzeyi” romanını nəzərdə tutursunuz. 
 
 – Əslində, sizin gördüyünüz iş Pamukun muzey aurmasına bənzəyir...
 – Mən o romanı uzun müddət bundan əvvəl oxumuşam. Yəqin ki, şüuraltımda belə bir detal qalıb və sonradan bu formada ifadə olunub. Ancaq, kafenin ideyası ilk ağlıma gələndə orda heç bir kitabdan iz yox idi. Sadəcə istədim və oldu. 
 
 Doğrudan da, kafeni bürüyən köhnəlik atmosferi mənə Pamukun "Məsumiyyət müzeyi” romanını xatırladırdı. Kamalın Füsunun əşyalarını bir-bir yığıb sonradan həmin evi muzeyə çevirdiyi hekayədə söhbət yalnız Füsunla yox, həm də bir neçə nəslin taleyindən keçmiş, sonradan unudulub qeybə çevrilmiş əşyalardan danışırdı. Yəni, Füsunun timsalında Türkiyənin 30, 40 illik məişət taleyindən. Bəlkə də, buna görə hətta romanı oxumayanlar belə həmin muzeyə getdikdə öz uşaqlığından nələrisə kövrəkliklə xatırlaya bilir. Elə mən də "Doxsanlar”da bunu hiss elədim. 
 
 Beləcə, məkan sahibinin bir daha əlini sıxdım. Dostumla hesabı ödəyib çıxışa yaxınlaşdıq və qapı bizi iyirminci əsrdən iyirmi birinci əsrə keçirdi...