Biz imzaları yox, əsərləri dərc edirik...

Qan və su – Rahid Uluselin aforizmləri
1958
22 May 2020, 10:08
 Artkaspi.az saytı Rahid Uluselin aforizmlərini təqdim edir:
 
 XXI əsrin aforizmləri
 Altıncı hissə
 
 
Əsas funksiyasında kim olub insan: Tarixin Əsgəri.
 
***
 
Müharibəyə insan şəklində girir, kölgə şəklində çıxırlar.
 
***
 
Müharibə qalib gəlmək üçün çox zəif silahdır.
 
 
***
 
Öz tarixini yaza bilməyən xalqların nəinki tarixini, hətta taleyini başqaları yazır.
 
 
***
 
Keçmişinin ağırlığı altında gələcəyini əzmə. 
 
***
 
Tikmədiyin bir dünyada necə yaşaya bilərsən?!
 
***
 
Tarixin xarabalıqlarından gələcəyin qazıntıları tapır itirilmiş zamanı. 
 
***
 
Xırdalar balinanın qarnında da tanqo oynamağa macal tapırlar.
 
***
 
Çağına uduzanın tarixi olmur.
 
 
 
***
 
Ölən – əsgər, şöhrətlənən – sərkərdə. Nə Makedoniyalı İsgəndərin, nə də Attilanın bir əsgərinin də adı dünya tarixinə düşməyib...
 
***
 
Müharibənin içindən həmişə bir titrək insanlıq qılınc kimi sıyrılıb, o müharibənin özünü doğrayır. Tarix – doğranmış müharibələrin qan və tüstü qoxulu tikələridir.
 
***
 
Qanla suvarılmış qılınclar susuzluqdan yanır.
 
***
 
İnsan yalnız onda dayanır – ət yeyərkən sümüyə çatanda. 
 
***
 
Xarabalıqlar – ölmüş şəhərlərin skeletləri...
 
***
 
Hansı daha insaflıdır: əsgərin bədənini dəlib keçən, yoxsa orada ilişib qalan güllə?! 
 
***
 
Kim dəfn edəcək dünyanın sonuncu insanını?!
 
***
 
İnsan heç dəyişmədiyindən, özünə tuşladığı silahları oxdan atomacan dəyişib modernləşir.
 
***
 
Balaca Adolf Hitlerin fotosunu böyüdüb iş otağıma qoymuşam: necə də məsum bir çocuq! Onunla xüsusi məşğul olmaq lazımdır ki, böyüyəndə Fürer olmasın.
 
***
 
Prometeyin odu insanların yaratdığı fatalist tarixdə ikisindən birinə çevrilməli idi: ya külə, ya atoma.
 
***
 
Diplomatiya – siyasətin əlcəkli əli. 
 
 
 
***
 
Tarixi zibilləyən, ölü əsgərlərin leşini qoxudan müharibələri salnaməçilər onun süs-bəzəyi, cah-cəlalı tək vəsf edirlər.
 
 
***
 
İblis və İnsan: onlar bir-birinin portretini çox dəqiq çəkiblər.
 
***
 
Qan və Su: onlar qardaş olduğunu bir-birini yuyanda bilir.   
 
***
 
Müharibədə – general, sülhdə – diplomat.  
 
***
 
Müharibə haqqında həqiqətləri qalib bayraqlarını daşıyan səf-səf əsgərlərin gurultulu marşından daha çox, əlil döyüşçülərin protez ayaqlarının batıq iniltili taqqıltısı deyir.
 
***
 
Sudan quruya sürünə-sürünə çıxır, ballistik raketlərlə səmanı yara-yara uçur Yırtıcılıq.
 
 
***
 
Antik dünyadan gələn ən məşum səs – qulların iniltisi və çığırtısıdır.
 
***
 
Bəşəriyyət irəli və geri getməkdən daha çox, yerimək mümkün olmayan yan tərəflərə cərcənək açır. 
 
***
 
Tarix mədəniyyətlə çiçəkləyir, müharibə ilə vağam olur.
 
***
 
Makedoniyalı İsgəndərin bədənində dövrünün bütün silahlarından aldığı yaraların çapıqları varmış. Ancaq onun işğalçı müharibələrinin dünya tarixinə vurduğu yaralar daha sağalmazdır. 
 
***
 
Yalnız bu günlə yaşayırsansa, deməli, dünənlə sabahın uçurumundasan. 
 
***
 
Tarix getdikcə daha çox aqnostikləşir. Aqnostikləşdikcə də elə zənn edir ki, həqiqətə daha çox yaxınlaşır.
 
 
***
 
Kütlə qalib gələndə – çoxluq, məğlub olanda – kölə olur. 
 
***
 
Xəncər kimi iti pul. Onunla dil kəsmək olar.
 
***
 
Pulun sərvətə çevrilməsi – insanı da piramidaya çevirmək qüdrətində. 
 
 
***
 
Sevginin gücünə baxın: zəhəri də şərbətlə verirlər ki, ölümqabağı həyatın son ləzzətini alasan!
 
***
 
Keçmişdə insanlar həşəratlardan, indi isə həşəratları qıran kimyəvi dərmanlardan qırılırlar.
 
***
 
Yəhudilər – bəşəriyyətin elitası. 
 
***
 
Rasional tarix – məsuliyyəti dərk olunan zamandır.
 
***
 
Əbədiyyət: yaranışdan bəri sənə məxsus olan Anın Tarixi.
 
***
 
XXI əsr – yaşanılmış bütün əsrlərin kokteyli.
 
***
 
Meymun – Təbiətlə İnsan arasında bir təpədir ki, sürüşüb gah onun o üzünə, gah bu üzünə düşülür. 
 
***
 
Dünya daha çox onu "düzəltmək” istəyənlərin günahından "əyilib”. 
 
 
***
 
Baş – yaratdığı ideyadan işıqlanır, yaratdığı nüvədən – şüalanır.
 
***
 
Tarixdə münasibətlərin öc arxetipi: "Sən mənim keçimi öldürübsən. Mən isə sənin özünü öldürürəm.”
 
 
***
 
Bəziləri tarixdə onun neqativinə düşməklə "əbədiləşir”.
 
 
***
 
Xalq gərək öz tarixindən görünsün – düzənlikdən görünən dağ kimi.
 
***
 
Üç addım: Yer kürəsinin əhalisi – Bəşəriyyət, Bəşəriyyət – İnsanlığa yüksəlmək yolunda.
 
***
 
Dünya – həqiqətin suyunu kəsənlərin yox, onu şehi ilə suvaranlarındır. 
 
***
 
Tarix hər an yenidən başlayır.