Biz imzaları yox, əsərləri dərc edirik...

İntiqam – Gi de Mopassanın hekayəsi
1081
13 Noyabr 2018, 11:25
  Artkaspi.az Gi de Mopassanın "İntiqam" adlı hekayəsini təqdim edir: 
 
 

 
  Paolo Saverinin dul qalmış arvadı oğlu ilə birlikdə Bonifaçonun ucqar bir yerində balaca bir evdə kasıb həyat yaşayırdı. Bu şəhər demək olar ki, dağlar qoynunda yerləşir, Sardiniyanın cənub-qərb sahilinə yaxın idi. Şəhərin aşağı hissəsində kiçik liman vardı. Ora həmişə İtaliya və Sardiniyanın balıqçı qayıqları ilə dolu olurdu. Hər iki həftədə bir dəfə köhnə paroxod Ayaççoya gedirdi. 

  Dağ başındakı daxmalar kənardan baxanda quş yuvaları kimi görünürdü. Saverinin dul arvadının evi demək olar dağın lap təpəsində idi, uçuruma yaxın yerdə idi. Evin 3 pəncərəsi uçuruma açılırdı. 
  Qadın bu evdə oğlu Antonia və Semilante adlı yekə, çoban iti ilə birgə yaşayırdı. Antonia ova gedəndə bu iti də özü ilə aparırdı.
  Bir gecə Nikolas Ravolati adlı bir nəfərlə Antonia mübahisə etdi, nəticədə Nikolas Antonianı xaincəsinə bıçaqla qətlə yetirdi. 
  Qonşular bədbəxt Antonianın meyitini evə gətirdilər. Qadın oğlunun meyitini görəndə hay-həşir salmadı, ağlamadı, uzun müddət meyitin yanında sakitcə oturub gözlərini ona zillədi. Sonra isə qırışmış əllərini meyitə toxundurub ona söz verdi ki, gec-tez onun qisasını alacaq. Həmin günlərdə o heç kimin onun yanında olmağını arzulamadı, o itlə birlikdə oğlunun meyiti yanında oturdu. İt sahibinin meyiti qoyulan çarpayının yanında şöngüyüb hərdən ulayırdı. İt də Antonianın hərəkətsiz durub meyitə söykənən, arabir hönkürən qadın kimi sakitcə durub meyitə baxırdı.
  Qonşular cavan oğlanın meyitini çarpayıya uzatmışdılar. Adama elə gəlirdi o yuxuya gedib. Əynində qalın parçadan pencək, köynək vardı. Bütün bədəni qan idi, ilk yardım göstərmək üçün qonşular köynəyi tələsik cırmışdılar. Onun jiletində, şalvarında, üzündə, əllərində qan vardı. Saqqalında və saçında qan laxtalanmışdı.
Antonianın qoca anası onunla söhbət edirdi. İt onun səsini eşidib sakitcə ona baxırdı.
  – Oğlum, sən heç narahat olma! Əziz oğlum, mən sənin qisasını alacam! Rahat uyu! Rahat uyu! Qisasını alacam! Məni eşidirsənmi? Anan söz verir ki, sənin qanını yerdə qoymayacaq! Anan həmişə verdiyi sözə əməl edir! Özün də bilirsən ki, o, sözünə əməl edəndir! 
  Qadın sözünü bitirib oğlunun buz kimi dodaqlarından öpdü. Bundan sonra Semilante uzun-uzadı uladı. Səhərə qədər qadınla it meyitin yanında qaldılar. 
  Növbəti gün Antonia dəfn edildi, tezliklə Bonifaçoda onun adını çəkən olmadı. Antonianın nə qardaşı vardı, nə də əmisi oğlanları. Nəsildə onun qisasını alan bir kişi yox idi. Anası bütün günü oğlunun qatilindən necə qisas alacağını düşünürdü. 
  Onların evinin yaxınlığındakı çayın o biri sahilində bir kənd vardı, Longosardo. Korsika cinayətkarlarının çoxu, adətən, bu kənddə sığınacaq tapardı. Antonianın anası çox yaxşı bilirdi ki, oğlunun qatili Nikolas Ravolati də həmin kənddə yaşayır.
  Qadın bütün günü pəncərənin qarşısında oturub gözlərini həmin kəndə dikir, oğlunun qisasını necə alacağı barədə düşünürdü. Axı o oğlunun qisasını necə ala bilərdi? Qoca, bir ayağı gorda olan bu qadın cinayətkara nə edə bilərdi? Amma qadın oğlunun meyiti qarşısında and içmişdi, özünə söz vermişdi ki, oğlunun qanını yerdə qoymayacaq. O nə baş verənləri unuda bilirdi, nə də qisas gününün yetişəcəyini gözləməyə səbri çatmırdı. Qadın bütün günü oğlunun qatilindən necə qisas almağın yollarını axtarırdı. O nə gecələr yatır, nə də gündüzlər dincəlirdi. 
  İt də qadının ayağı altında mürgüləyir, arabir başını qaldırıb hürürdü. Sahibi ölən gündən it çox vaxt heç bir səbəb olmadan hürürdü, sanki sahibini çağırırdı. Sanki o da sahibinin ölümü ilə barışmırdı. 
  Bir gecə Semilante yenə də hürməyə başlayanda qəflətən qadının ağlına bir ideya gəldi. Oğlunun intiqamını almaq üçün çox sərt bir ideya. Qadın səhərəcən bu ideyanı götür-qoy etdi. Səhər dan yeri söküləndə o birbaşa kilsəyə getdi. Dizi üstə döşəmədə oturub Allaha dua etdi, ona yalvardı ki, oğlunun intiqamını almaqda ona kömək etsin, ona güc versin.
 
 
 

  Sonra o evinə qayıtdı. Həyətində bir köhnə çəllək vardı, ondan su çəni kimi istifadə edirdi. Qadın çəlləyi çevirdi, içindəki suyu boşaltdı. Sonra onun içini çör-çöplə, daşla doldurdu və Semilanteni bu yeni it damına zəncirləyib evinə girdi. 
  Qadın evində oturub yenə də gözlərini çayın o biri sahilindəki kəndə zillədi. Oğlunun qatili orda idi! 
İt bütün günü fasiləsiz hürdü. O biri gün qoca qadın itə kasada bir az su gətirdi. Başqa heç nə. Nə yeməyin artığı, nə də bir tikə çörək. 
  Bir gün də beləcə gəlib keçdi. Ac qalmış Semilante demək olar bütün günü yatdı. Növbəti gün onun gözləri işıldayırdı. Acından az qala zənciri çeynəyirdi. Qoca qadın həmin gün də itə heç nə vermədi. Yazıq it bütün günü hürdü. Bir gecə də keçdi. Səhər açılanda qoca qadın qonşudan bir az saman istədi. Sonra evinə gəlib ərindən qalmış köhnə kostyumu götürdü, içini samanla doldurdu, kənardan baxanda insan bədəninə oxşayırdı. Qadın iti bağladığı çəlləyin yanında yerə bir paya basdırdı, kostyumu o payaya ‘geyindirdi”. Sanki uyuq ayaq üstə dayanmışdı. Qadın cır-cındırdan uyuqa baş da düzəltdi. 
  Neçə gün ac qalan it bu uyuqu görüb təəccübləndi. Qadın dükana gedib bir az kolbasa alıb gətirdi, it bağlanan yerin yaxınlığında ocaq qalayıb kolbasanı qızartdı. Yazıq Semilanteni sevindiyindən tullanıb-düşür, ağzından köpük axırdı. Gözlərini kolbasaya zilləyib baxır, ağzından köpük axır, qarnı quruldayırdı. Qadın qızardılmış kolbasanı məftillə uyuqun boynuna doladı, bundan sonra itin zəncirini açdı. İt dərhal uyuqun boğazına tullandı, pəncələrini onun çiyninə qoyub kolbasanı dartışdırdı. Elə ki, bir tikə qoparır, arxası üstə yerə dəyir, sonra yenidən tullanırdı, yenə də bir tikə qoparıb yeyirdi. Bir az sonra uyuqun boğazını, üzünü parçalamışdı. 
  Qoca qadın maraqla bu mənzərəni izləyirdi. İt kolbasanı yeyib qurtarandan sonra qadın onu yenə aparıb çəlləyə zəncirlədi, onu iki gün ac qoyandan sonra bu qəribə ‘performans”ı bir də təkrar etdi. Üç ay qadın iti bu yolla ‘döyüşə‘ hazırladı. Sonra qadın daha iti zəncirlə bağlamadı, sadəcə uyuqa işarə edir, it o dəqiqə uyuqun üstünə cumurdu. Qadın iti elə öyrətdi ki, it uyuqun boğazını tamamilə parça-parça etsin, bundan sonra mükafat olaraq ona kolbasa verirdi. Bundan sonra Semilante hər dəfə uyuqu görəndə başını qaldırıb sahibinə baxır, qadın əli ilə uyuqun boğazına işarə edib var gücü ilə ‘irəli” deyirdi. 
 
 
 

  Qadın əsl məqamın çatdığını hiss edəndə kilsəyə gedib nə etmək istədiyini etiraf etdi. 
  Bir bazar günü əyninə köhnə kişi paltarı geyindi, özünü əsl evsiz-eşiksizə bənzətdi. Bir balıqçıdan xahiş etdi ki, onu və itini çayın o biri sahilinə keçirsin. Qadın bir torbaya yekə bir kolbasa qoymuşdu. O Semilanteni iki gün ac saxlamışdı. Arabir kolbasanı ona göstərir, it kolbasanın iyini hiss edəndə isə kolbasanı yenidən torbaya qoyurdu. Nəhayət, onlar Longosardo kəndinə çatdılar. Qadın axsaya-axsaya çörək dükanına gedib satıcıdan Nikolas Ravolatini soruşdu. Satıcı dedi ki, Nikolas köhnə peşəsi – dülgərliklə məşğul olur, dükanın arxa tərəfindəki bir binada işləyir. Qadın həmin yerə gedib onu səslədi:
  – Salam! Nikolas!
  Nikolas üzünü qadına çevirəndə qadın iti ona qısqırtdı.
  – İrəli! İrəli! Ye onu! Ye! 
 Ac qalmış it birbaşa kişinin boğazından yapışdı. Kişi nə qədər əl-qol atsa da it onu yerə yıxdı, dişlərini onun boğazına keçirtdi, onun üzünü gəmirib yedi.
  Sonralar qonşuluqda yaşayan iki qonşu deyib ki, yanında it olan bir qoca dilənçi Nikolas işlədiyi binanın yanından keçib gedib, qadın yol boyunca itə kolbasa verirmiş. 
  Şər qarışanda qoca qadın evinə çatdı. Həmin gecə o, çox rahat yatıb.
 
  İngilis dilindən tərcümə edən: Sevil Gültən