Biz imzaları yox, əsərləri dərc edirik...

Qamçıların nəğməsi – Rus şairlərindən seçmələr Anarın tərcüməsində
492
26 Dekabr 2017, 13:10
artkaspi.az Xalq yazıçısı Anarın tərcüməsində rus poeziyasından seçmələri təqdim edir.


 

Aleksandr PUŞKİN

QURANA BƏNZƏTMƏ

Yer hərəkətsizdir yaranan andan,
Göylərin tağını sən saxlayırsan
Ey böyük Yaradan, ulu Yaradan!

Sellər göylərdən axıb məhv edərdi həyatı
Əgər sən olmasaydın,
Günəş işıqlandırmazdı hər səhər kainatı
Əgər sən olmasaydın.

Yaradana dua qılaq, 
O möhtəşəmdi, güclüdü, mükərrəmdi,
Küləklərə hökm edəndi O,
Bürkü gündə buludları göndərəndi O,
Mərhəmətlidi, fəzilətlidi.
Həzrət Məhəmmədə
Müqəddəs Quranı O nazil etdi. 
Onun yoluyla qoşub
işığa yetdik.
       
(Bu şeirinin altında Puşkin qeyd edir ki, yerin hərəkətsiz olması fiziki cəhətdən yanlışdısa, poetik obrazın özü əzəmətlidir)
    
 
 
 
 

FAZİL XANA

Bizim sərt Şimala düşübdü yolun,
Bu yeni hünərin mübarək olsun.
O yerlərdə çox qısadır bahar,
Amma Hafizlə Sədini xatırlayırlar.

Gecə diyarıdır yurdumuz bizim,
Gecələri uzun, qaranlıq, gizlin.
Əlvan Şərq əfsanələriylə
Bəzə bizim diyarı,
Şimal qarlarında qalsın qoy izin.
  
(Puşkinlə yolda rastlaşan Azərbaycan şairi Fazil xan Şeyda)

HAFİZDƏN

(Fərhad bəyə)  
    
Döyüş şöhrətinə uyma, ey cavan,
Qarabağlılarla savaşa girdiyin zaman.
Bilirəm ki, əcəl qarşına çıxmaz,
Əzrayıl da görüb yaraşığını
canına qıymaz.
Amma qorxuram ki, cənglər içində
qeyb edəsən bir gün bu məlahəti,
utancaq rəftarı, saf məhəbbəti.
 
 
 


Mixail LERMONTOV

Ayrıldıq, amma ürəyimdə
Saxlamışam şəklini,
Qəlbim yenə isinir 
Yada salanda səni.

Bəlkə yenə sevdalarla başımı qatım,
Qəlbimdəki o şəkli bəs hara atım?
Tərk olunmuş məbəd də - məbəddir yenə,
Yıxılan bütlər də bütdülər mənə.

Darıxıb üzülürəm, əl verməyə kimsə yox,
Qəlbim ümidsizliyə qapılan zaman
Nəyi arzulayım? Nə olsun arzular hədsiz çoxdur çox,
İllər ötüb gedir, ömrün gözəl illəri,
Bir də geri gönməyən həftələri, günləri.
Sevmək? Bəs kimi sevmək? 
Müvəqqəti sevgi kimə gərəkdi?
Əbədi sevgi də olmur heç bir vaxt, 
Ən çılğın sevgi də keçib gedəndi.

Öz içinə baxıb nə görəcəksən?
Keçmişdən qalmayıb əsər-əlamət,
Nə sevinc, nə əzab, nə dərd, nə möhnət.

Ehtiraslar necə? Onlar da solacaq, itib ötəcək,
Şüurun əmriylə çıxıb gedəcək.

Soyuq-soyuq baxsan ətrafa hətta
Çox boş və mənasız şeymiş həyat da...
 
 
 


Nikolay NEKRASOV

Dünən axşam altıda
küçəyə çıxdığım vaxt
gördüm qamçılayırlar
cavan kəndli qadını,
Çıqqırın çıxarmırdı
Eşidilirdi yalnız amansız şallaq səsi,
Qamçıların nəğməsi.
- Bax - İlham Pərisinə bu zaman söylədim mən
 Sənin doğma bacındır, incidilən, döyülən.
 
 
 


Afanasi FET

Sənə heç nə demədim
Niyə təlaşlanasan axı?
Susduğum məsələyə işarə də vurmadım
Onsuz da biləcəkdin bunları əvvəl-axır.

Gecənin çiçəkləri bütün günü yatırlar,
Amma meşənin üstə günəş qalxanda birdən
Ləçəklərin açırlar,
Mən də hiss eləyirəm ürəyimi beləcə
Çiçəkləyir qəfildən.

Xəstə, yorğun ürəyim hey əsir, hey titrəyir
Əsib coşan mehlərdən,
Sənə demədim bunu
Gizli saxladım səndən.

Pıçıltı, xəfif kədər,
Bülbülün cəh-cəh səsi,
Yuxulu bulaqların gümüşü titrəməsi.
Gecə işıqları, sonsuz kölgələr
Sevimli sifətin dəyişən zaman
Nələr gəlir ağla, ah nələr, nələr..
Göydə buludların dumanlı ağı
Gözlədiyim sübhün ilk şəfəq çağı.

Məndən aralanma, əzizim, heç vaxt
Bircə an belə,
Səninlə xoş keçir günlərim mənim
Məndən uzaqlaşma heç zaman belə.

Biri o birinə bu qədər yaxın
Heç kim ola bilməz. Bir bunu düşün.
Kədərlə başını əyib aşağı
Məndən uzaqlaşma, bir saat, bir gün.

Dağlara qızıl səpib
Sakitcə sönür axşam,
Hava da sərinləşdi,
Uyu, uyu, balacam.

Bülbüllər ötüb susdu,
Toranlıq düşür müdam,
Uyu, uyu, balacam.

Simlər bir-bir titrədi,
Ehtiras keçib gedir.
Yalnız qəlbimdə səssiz,
Xısın pıçıldayacam.
Uyu, uyu, balacam.

Yuxularından danış
Söylə necəydi yuxu?
Sözlərə sığmırlarsa
Oxu yuxularını
Nəğmə tək mənə oxu.
 
 
 


Boris PASTERNAK

HEFSİMAN BAĞI

Uzaq ulduzların sayrışmasıyla
Yolun dolayları işıqlanırdı.
Dağın ətəyində Kedron axırdı
Yollar Zeytun dağının başına dolanırdı.

Çəmənlik yarıda parçalanırdı,
Göydə Süd yoluna keçirdi ardı.
Gümüşüyə çalan zeytunlar da ki
Sanki bu boşluqda addımlayırdı.

Kiminsə sahəsi, bağıyda bura,
Tələbələrin qoyub üzü divara
Söylədi: tək qaldım həsrət qəlbimlə,
Siz  də oyaq qalın, olun mənimlə.

Birovuz şeylərdən əl çəkən təkin
Artıq gərəyi yox müqavimətin,
Ataraq qüdrəti və  möcüzəni
Adi bir  insandı - hamımız kimi.

Viranəlik yurdu, yoxluq diyarı,
Kainat da boşdu bu gecə yarı
Heçsizliyə təslim olmuş çağ idi,
Həyat yeri yalnız bir bu bağ idi.

Zülmət boşluğuna baxdığı zaman
Əcəl piyaləsi yan keçsin deyə,
Dualar edirdi Ataya hər an.

Təsiri altında bu duaların
Keçdi o tayına uca divarın
Torpağın üstünə sərilmişdilər
Oyaq qala bilməyən yuxulu tələbələr.

Onları oyatdı: - Mənimlə birgə
Həyat sürməyiniz - Tanrı qisməti,
Yoxsa unutdunuz bu həqiqəti
İnsan oğlunun da vaxtı  bitməkdə,
Özünü düşmənə təslim etməkdə.

Bunu demişdi ki, hardansa birdən
Qullar, sərsərilər çıxdı qəfildən,
Məşəllər, qılınclar qabaqlarında
Öndə də İuda - xəyanət öpüşü dodaqlarında.

Pyotr qılıncla birinin qulağın kəsdi,
Amma səs ucaldı: eləmə, bəsdi.
Dəmirlə davanı həll etmək olmaz
Heç vaxt heç zaman
Qılıncı qınına sal, ey insan.

Məgər ki, Atam mənim
qanadlı mələkləri buraya göndərməzdi
həm də - saysız-hesabsız.
Başımdan bir tük də heç qoparmadan
Düşmən qeyb olardı izsiz-soraqsız.

Fəqət həyat kitabı gəlib o yerə çatdı,
O yer müqəddəslərdən qat-qat daha qudsaldı.
Yazılanlar artıq gələcək başa,
Məqamı çatdı artıq əzəli Əmrin,
Qoy, icra olunsun bu Hökm də. Amin!

Görürsən əsirlər masal kimidir
Yürüyə-yürüyə alışa bilər.
Bu müdhiş əzəmət, qüdrət yolunda
Könüllü sonluğa razısa əgər 
İnsan oğlu hər cür əzaba dözər,

Çarmıxa çəkilib qəbrə gedəcəm,
Üç gün sonra isə zühur edəcəm.
Çaylarla bərələr üzüb gedən tək 
karvanlar sayağı yüzillər də ki,
Mənim hüzuruma axıb gələcək.
 
 
 


Tərcüməçinin qeydi: İncil əfsanəsinə görə, Hefsiman bağında Həzrət İsanı xəyanətkar İuda  öpüşüylə düşmənlərə nişan verib, tanıdıb. Çarmıxa çəkilib məzara gömülən peyğəmbər üç gün sonra zühur etmişdir. Başqa şeirlərlə birlikdə "Doktor Jivaqa” romanında verilən "Hefsiman bağı” silsilənin son şeiridir. 
525.az