Biz imzaları yox, əsərləri dərc edirik...

Postmodernizm və arxadan atılan daş – Eyvaz Taha yazır
857
09 Avqust 2018, 10:16
    Artkaspi.az Eyvaz Tahanın "Postmodernizm və arxadan atılan daş" adlı məqaləsini təqdim edir: 
 
  İnsan bimədiklərinin düşmənidir. Biz ara-sıra "postmodernizm" sözcüyünü ağızlardan eşidir, kağızlarda oxuyuruq. Bunda qəbahət yoxdur, buna sevinməliyik. Çağdaş dünyada özünü bütün ədəbiyyat, incəsənət, bilim, və düşüncə sahələrinə sıramış bu terminlə maraqlanmağımız, irələyişimizin yaşıl işığıdır. Amma burda önəmli bir məsələ var: Vaxt olur bilmədiyimiz işə başımızı soxur, anlamadığımız anlayışa qatlaşırıq. Bununla da böyük bir fikri təcrübəni qavramadan onu geyim, yemək və saç modası səviyyəsinə qədər alçaldırıq. Bu turist davranışıdır. Şeir kitablarının ön sözündə, ağız ədəbiyyatı toplularının başlanğıcında, adda-budda müsahibələrdə və nəhayət çayxana danışıqlarında söz başına postmodernizmi dimdikləyirik. Sən demə bu sözü vurğulamadan yazıçının avanqard olduğu gerçəkləşmir. Xəstəlik də elə burasındadır. Bizdə postmodernizmə barmaq uzatmaq, çox vaxt onun hərfi anlamından uzağa getmir: postmodern yəni modernizmdən daha sonra, daha yüksək, daha yaxşı və daha avanqard! Biz isə bunların hamısıyıq, köhnə deyilik. Bu iddəa tövlədə yatmış aslanla, inəkdir deyə, cəsarətlə əylənməyə bənzəyir. 
 
 
 

   Beş nəhəng düşünər, "Hüserl, Marks, Nitşe, Freyd və Haydeger"i anlamadan postmodernizm öz şərhini tapa biməyəcək. Bu ilkin dayanacaqdan hərəkətə keçdikdən sonra Frankfurt məktəbi, Quruluşçuluq (Strukturalizm), Post-quruluşçuluq, Yapısöküm (Dekonstruksia), feminizm, Üçüncü dalğa axımı və Multi-mədəniyyət kimi dayaqlar və qaynaqlarla qarşılaşırıq. Adlar tükənən deyil, hərəsi də bir hava çalır: İhab Həsən, Çarlz Cenkz, Lus İrigari, Fransua Lyotar, Jil Doloz, Jan Budriar , Mişel fuko, Feliks Gatari, və Riçard Rorti. Bu adlar qıraqda qalsın, irəli sürülən bəhslərin qaranlığında adamı dəhşət bürüyür: Çeşitli, qarmaqarışıq bəhslərin qatı və dərin qaranlığında. Postmodernizm söz oyunu deyil, bunu anlamağa Adorno və Horkhaymerrin modern dönəmə aid yazdıqları "aydınlamanın dialektikası" (Dialectic of Inlightenment) başlıqlı kitabları yetər. 
  Bayaq dedim post modernizmə maraq sevindiricidir. Hardasa bu marağın özü Azərbaycan uyğarlığına gərəkli olan qaynaqları axıdıb gətirəcək. Gec də olsa bu axın artıq başlanmışdı, başlıca göstəricisi isə Mişel Fukonun "Müəllif nədir?" və Rolan Bartın "Müəllifin ölümü" başlıqlı məqalələrinin çevrilməsidir. Ancaq bu çalışmalar və bu dartışmaların gedişində yol verilmiş səhvlər bizi üşündürməyə bilməz. Çünki məntiqi məcralardan qırağa çıxmış dartışmalar postmodernizm barəsində əyri, bəzən də tərsə baxış formalaşdırır. Beləliklə biz yenə də tarixin başqa bir dönüş nöqtəsində yeni fikirlərə özgün tanışlıq fürsətini itiririk. Belə ki, bu dönüş nöqtəsinin məhsulu sayılan yeni bir düşünüş tərzi barədə ya gözümüzü yumuruq, ya da arxadan topuğa daş atırıq. 
 
 
 

  2000-ci ildən başlayaraq partlayış nöqtəsinə gəlmiş postmodernizm dartışmaları qızışmağa başladı. Hər şey də elə burdan korlandı. Ərsəyə gəlmiş yeni yazıçıların bəzisi düşmənlərini sıradan çıxarmaq üçün yazdıqları əsərin alnına postmodern möhürü basdılar. Postmodernizmlə əlaqəsi olmayan və ya onunla anlaşılmaz, gizli ilgilərdə bulunan bu əsərlər çağdaş bir axımla tanışlıq imkanını əlimizdən aldılar. Burda məqsədim Həmid Herisçinin postmodern damğasını daşıyan "Nekroloq" romanı deyil, çünki Azərbaycanda bu axımla tanış olan adamlara barmaq uzatmaq istəsəm onun da adını çəkərəm. Əlimizdən uçub getmiş imkana qayıdaq: postmodernizm fəlsəfi, ədəbi və bədii bir axım olaraq Qərb uyğarlığının son elektron mərhələsinin özülündə dayanır. Belə bir önəmli fenomenə göz yummağın bahası faciə qədər böyük ola bilər. Qərb pratik baxımdan ağır sənaye mərhələsindən (yəni modernizmdən) yüngül informasiya və bilgisayar mərhələsinə (yəni postmodernizmə) addımlamışdı. Bu adlayışın geniş nəzəri dayaqları var. Postmodernizmlə tanışlıqdan yan keçmək və ya onu yanlış, ötəri, sərsəri və dayaz biçimdə tanımaq bu nəzəri bazaya etinasız yanaşmaqdır. Açığını deyim: vəchlə etiraf etməyin qorxusu bizi pis günə qoya bilər. 
  Vaxtı itirsək də çıxılmaz yoldsa deyilik. Əxlaqi öyüd verməyə səlahiyyətim olmasa da deməliyəm: Bir az alçaq könüllü, bir az ciddi, bir az düşüncə hərisi, bir az da bəsirət vurğunu olsaq bəşərin fikri tapıntıları ilə tanışlıq o qədər də çətin olmayacaq. Ancaq postmodernizm kimi geniş, çox şaxəli, dərin və çox anlamlı axıma bir mənalı yanaşmaq, və onu gələcəyin düşüncəsi adına təpədən dırnağa mənimsəmək olduqca yersiz olacaq.