Biz imzaları yox, əsərləri dərc edirik...

Poeziya, yoxsa nəsr? – Sorğu
835
13 Avqust 2018, 09:11
  Ədəbiyyata yeni gələn gənclərin daha çox şeir nümunələri yazmaları, nəsrə o qədər də meyl etməmələri haqda fikirlər var. Misal olaraq sosial şəbəkələri  xüsusən "facebook” üzərindən paylaşılan şeirləri göstərirlər. Gerçəkdən ədəbi aləmdə vəziyyət necədir? Gənc yazarlar yaradıcılıqlarında poeziyaya, yoxsa nəsrə daha çox yer ayırırlar? 

  "Müzakirə”mizdə maraqlı fikirlərlə rastlaşdıq.
 
   Gəncliyin, duyğularını ifadə etmək tərzi
 
 
 

 
  Yazıçıtərcüməsi Nəriman Əbdülrəhmanlı ədəbiyyata yeni qədəm qoyan gənclərin əksəriyyətinin həqiqətən yaradıcılığa poeziya ilə başladığını deyir: "Çünki poeziya gənclik hissləri ilə bağlıdır. Poeziya gəncliyin, öz fikri və duyğularını ifadə etmək tərzidir. Ona görə ədəbiyyata qədəm qoyan gənclərin əksəriyyəti demək olar ki, yaradıcılığa şeir ilə başlasalar da, müəyyən dövrdən sonra nəsrə meyl etməyə başlayırlar. Mən qəzet və jurnallarda, saytlarda bir az əvvəl şeirlərini çap etdirmiş gənclərin indi nəsr yazmağa başladıqları ilə çox rastlaşıram. Ya da onlar poeziya ilə paralel nəsr yaradıcılıqlarını davam etdirirlər”. Yazıçının fikrincə, nəsr bir az insanın fiziki və mənəvi kamilliyi ilə bağlıdır: "Nəsr əsərlərinin imzalarına baxsaq, görərik ki, 40 yaşından - insanın mənəvi kamilliyi formalaşandan sonra yazılmağa başlayır. Məsələn, Nobel mükafatına layiq görülən müəlliflərin əksəriyyəti 40 yaşından sonra qələmə aldıqları əsərlərlə müəyyən mərtəbəyə çatıblar. Bu baxımdan, bu fikir mənim üçün bir qədər qəbulolunmazdır”. N.Əbdülrəhmanlı gənclərə yaradıcılığa yeni başlayanda yollarını müəyyənləşdirməyi məsləhət görür. Belə ki, insan öz mənəvi gücünü və istedadını müxtəlif sahələrə parçalayanda tez tükənir: "Yaradıcılıq bir az müəyyənlik tələb edir. Yaradıcılığın başlanğıcında öz sahənin cığırını seçməlisən. Öz yaradıcılıq qabiliyyətindən istifadə etməyə və bacarığını formalaşdırmağa çalışmalısan. Gənclər öz düşüncələrini poetik fikirlərlə daha çox ifadə etməyə çalışırlar. Bu da normal qəbul olunmalıdır. Çünki bu,  gənclik axtarışları ilə bağlıdır. Ancaq arzu edərdim ki, gənclər yaradıcılıq yollarının başlanğıcında öz yollarını dəqiq seçsinlər, ədəbiyyatda qalmaq üçün özlərinə bir yol formalaşdırsınlar. Onlar öz qüvvələrini parçalamasınlar. Bu məsələ üzərində erkən yaşdan düşünsələr, daha yaxşı olar". 
 

  Müxtəlif janrlarda sözlərini demək istəyi
 
 


  Şair Vaqif Bəhmənli ədəbiyyata gələn gənclərin yaradıcılığında nəsrlə poeziyanın bərabər yazıldığını hesab edir. "Mən gənclərin nəsr və poeziyaya marağını paralel görürəm. Gənclərin daha çox poeziyaya meyl etməsi fikri ilə razı deyiləm. Onlar nəsr də, şeir də, essee də yazırlar. Bu baxımdan cavanların arasında janr məhdudiyyətini hiss etmirəm. Gənclər müxtəlif janrlarda sözlərini demək istəyirlər". V.Bəhmənlinın sözlərinə görə, ümumiyyətlə, dünya ölkələrinin kitab mağazalarına daxil olarkən nəsr kitabları ilə daha çox rastlaşmaq mümkündür. Poeziya nümunələri isə çox azdır: "Fikrimcə, poeziya nümunələrinin alıcısı da azdır. Ancaq bizim bəyənib-bəyənməməyimizdən asılı olmayaraq, gənclər həm nəsrdə, həm də poeziyada yazıb yaradırlar". 
 
  Dövrün ab-havasından asılılıq
 
 
 
 

  Hər bir dövrdə insanların hiss və duyğularının yaradıcılıqda üstünlük təşkil etdiyini deyən yazıçı İlqar Fəhminin fikrincə, yaradıcı insanlar hiss və duyğularını dövrün tələbinə uyğun ifadə edirlər: "İnsan öz hiss və duyğularını şeir, roman və ya povest, o cümlədən publisistik yazı kimi də ifadə edə bilər. Hansı dövrdə nəyə daha çox tələbat yaranırsa, yəni hansı forma daha çox aktual olursa, yazıçı və şair də ona üstünlük verir. Müəyyən dövrlər var idi ki, bizdə şeir çox aktual deyildi. Realizm daha çox özünə yer etmişdi və insanlar hadisə eşitmək istəyirdilər. Ona görə də, müəyyən dövrlərdə nəsr irəli keçdi. Ancaq sonradan sənədlilik inkişaf etdi. İnsanlar real hadisələri sənədli filmlərdən və realiti-şoulardan almağa başladılar. Ədəbiyyat da o məqamları təkrar etməmək üçün yenidən şeirə qayıtdı. Yəni yaradıcılıqda bu məqamlar dövrün ab-havasından asılıdır”. Yaradıcılığı istehsal mexanizminə bənzədən yazıçı hesab edir ki, avadanlığın məhsul istehsal edən hissəsinə hansı formanı seçsən, o qəlibdə istehsal olunacaq: "Məsələn, bu gün hamı deyir ki, Azərbaycanda ssenarist və ya dramaturq çatışmazlığı var. Birdən-birə kino güclü inkişaf etsə, çox sayda kino ssenaristlərinin ortaya çıxdığını da müşahidə edəcəyik. Başqa sahədə enerjisini sərf edən yaradıcı insanlar bu sahəyə istiqamətlənəcəklər. Bu baxımdan, belə tendensiyaya təbii yanaşmaq lazımdır. İnsan çox nadir hallarda sistemdən, quruluşdan kənara çıxır. Dövr nəyi təlqin edirsə, yaradıcı insan da ona uyğunlaşmağa çalışır”. Şeiri ən dinamik janr adlandıran yazıçı, hazırda sosial şəbəkələrdə poeziya nümunələrinin çox paylaşılması fikri ilə razıdır: "Şeir topluları ilə diqqəti cəlb etmək mümkündür. Ancaq mənə elə gəlir ki, internet dövründə kiçik hekayələr daha aktualdır və daha çox yazılacaq». Yazıçı gənclərin poeziyaya və ya nəsrə daha çox meyl etməsini bu janrlardan hər hansısının daha asan olması ilə əlaqələndirmir. Belə ki, zay şeir və hekayə yazmaq hər zaman asandır: "Hətta, zay roman yazmaq da asandır. Yaxşı sənət əsəri, istər şeir və ya hekayə olsun, yaratmaq isə həmişə çətindir. İnternetdən əvvəl müəyyən bir dövr vardı – qəzetlər daha aktual idi. Bütün ədəbiyyat daha çox qəzetlərdən yayılırdı. Biz əgər 1995-ci ildən 2005-ci ilə qədər yazılan hekayələrə fikir versək, görərik ki, onların həcmi 10 min işarə civarında idi. Çünki bu, qəzet səhifəsinin tələb etdiyi çərçivədir. Yəni o forma öz şəraitini və şərtlərini diktə edirdi. İndi isə "facebook” və digər sosial şəbəkələr aktualdır. Ona görə də şeirin və nəsrin daha kiçik formaları ilə rastlaşırıq. Bu da dövrün şərtlərini və şəraitini diktə edir”. Yazıçı hesab edir ki, hazırkı dövrdə texnologiyanın inkişafı gənclərin ilkin dövr üçün tanıtmasına da kömək edir: "Tutaq ki, heç kimin tanımadığı gənc bir roman yazır və yüksək nüsxə ilə çap etdirir. Ancaq bu əsərin satılıb-satılmayacağına və həmin gənci nə qədər tanıdacağına heç kim təminat verə bilməz. Bu baxımdan, onlar özlərini ilkin olaraq sosial şəbəkələrdən tanıtmağa can atırlar. Sosial şəbəkələr gənclər üçün bu baxımdan yaradıcılıq meydanına çevrilib.  Bu, yaradıcılıqda imzanı tanıtmaq üçün ilkin mərhələ hesab olunur. Vaxtilə bunu qəzet və jurnallar həyata keçirirdisə, indi sosial şəbəkələr yerinə yetirir. İmza tanınandan sonra isə yaradıcı insan poeziya və ya nəsr yazacağı ilə bağlı seçimini edir".
 
  Gənclik yaşının özünüifadə forması
 
 
   


 Yazıçı Mirmehdi Ağaoğlu gənclər arasında poeziyaya daha çox meyl olunması fikrini təsdiqləyir: "Mən də təxminən bu fikirdəyəm ki, gənclər daha çox şeir yazmağa meyl edirlər. Bunu da problem kimi qiymətləndirmək lazım deyil. Çünki gənclik yaşının özünüifadə forması əslində, poeziyadır. Biz hamımız o yaşın verdiyi romantizmlə əlaqədar olaraq özümüzü poeziya ilə ifadə etməyə çalışırıq. Sonradan artıq nəsrə keçid baş verir. Fikir versək görərik ki, əslində bütün yazıçılar yaradıcılığa şeirlə başlayıblar. Hüqonun da, Tolstoyun da şeirləri var. Orxan Pamuk da şeir yazıb. Bizim ədəbiyyatda da kifayət qədər belə nümunələr var. O baxımdan, bu, nəsrə meylin tamamilə azalması anlamına gəlmir. Sadəcə, gənclik dövrü ilə əlaqədardır. Həm də nəsr bir az çətin olduğundan və bir qədər təcrübə tələb etdiyindən yaradıcı adamlar tədricən nəsrə meyl edirlər".     
İçindən nə gəlirsə... 
 
  Yazar Cavid Zeynallı hesab edir ki, şeir yazan və onu tirajlayan gənclərin çoxunu ədəbiyyata aid etmir: "Əvvəllər ədəbiyyat mətnlərini çap edən birinci, ikinci və qırxıncı dərəcəli mətbu orqanlar var idi. Birinci dərəcəli orqanlar hansı idi? Və indi hansıdır: məsələn, "Azərbaycan” jurnalı, "525-ci qəzet”, "Ədəbiyyat qəzeti”, "Ulduz” jurnalı və s. Qırxıncı dərəcəli orqanların sayı isə həddindən artıq çox idi.
 
 
 

 
   İndi həmin 40-cı dərəcəli nəşrləri "facebook” yerinə yetirir. Artıq hər kəsin səhifəsi bir ədəbi orqandır. Bu, pisdirmi, yaxşıdırmı, buna toxunmuram. Hər halda, hamının yazmaq, yayımlamaq haqqını tanımaq lazımdır. Onsuz da istedadlı adamlar bütün dövrlərdə barmaqla sayılası qədər olub. Razıyam ki, şeir yazan, onu sevincək tirajlayan insanların sayı hədsiz çoxalıb. Onların böyük əksəriyyətinin də ciddi ədəbiyyata aidiyyəti yoxdur”. Yazar hazırda nəsr əsərlərinin az yazılmadığını deyir: "Əslində nəsr az yazılmır. Bizim xəbərimiz olmayan qalaq-qalaq hekayə və romanlar çap olunur. Sadəcə, nəsr beş cümləlik şeir deyil ki, atüstü-ayaqüstü yazıb profilə qoyasan. Ona görə də sosial şəbəkə üzərindən populyar deyil. Gənclərin şeirə daha çox meyil etməsi təbii haldır. Çünki yaradıcılığa çox adam şeirlə başlayır. Əlbəttə, nəsr təcrübə, zəhmət, dünyagörüş, mütaliə məsələsidir. Nəsr on saat kompüterin qarşısından durmamaqdır. Bütün qonaqlıqlardan, məclislərdən imtina edib evə tələsmək diskomfortudur. Nəsr cümləni, mətni, hadisəni hiss etmək ustalığıdır. İnsan isə ustalığa birdən-birə ucalmır. Bu, o qədər uzun yoldur ki... Yazıçılıq haqqında çoxlu formullar verilib, qaydalar müəyyən olunub. Onları sadalamaq istəmirəm. Amma fikir verin, hamısının son bəndi belə olur: bütün bu qaydaları at kənara, ürəyindən, içindən nə gəlirsə, onu yaz”.
 
 Hazırladı: Təranə Məhərrəmova