Biz imzaları yox, əsərləri dərc edirik...

Pinokkionun macəraları – Xanım Aydın yazır
1511
23 Dekabr 2019, 09:52
 Artkaspi.az saytı Xanım Aydının "Pinokkionun macəraları” adlı yazısını təqdim edir:
 
 Ədəbiyyat sözün geniş mənasında duyğuların, hisslərin, yaşantıların obrazlı şəkildə sözlə təsviri sənətidir. Rəssamlıqdan fərqi vasitə kimi rənglərdən yox, sözlərdən istifadə olunmasıdır. Onları birləşdirən cəhətsə, təsvirdir. Ədəbiyyat özü-özlüyündə ayrıca bir qalaktikadır. Və bu qalaktikanın ən böyük ulduzu, güman edirəm ki, uşaq ədəbiyyatıdır. Uşaq ədəbiyyatının təkrarsız inciləri kimi tarixə düşən Migel de Servantesin "Don Kixot", Conatan Sfivtin "Qulliverin səyahəti", Daniel Defonun "Robinzon Kruzo", A.S.Puşkin, H.X.Andersen, Şarl Perronun hekayələri və s. kimi əsərlər var. Lakin hesab edirəm ki, dünya ədəbiyyatının ən gülməli və eyni zamanda ən təsirli əsərlərindən biri və bəlkə də, elə birincisi Kollodi təxəllüslü Karlo Lorensinin (1826-1890) "Pinokkionun macəraları" əsəridir. Karlo Kollodi 1826-cı ildə Florensiyada anadan olub. 1948-ci ildə İtaliyanın azadlığı uğrunda könüllülər sırasına qoşulub.
 
 
 
 Elə ədəbi fəaliyyəti də o zamandan başlayıb. Geniş ürəkli, ağıllı, savadlı, xeyirxah Karlo Kollodi uşaqların əziz dostu idi. Yaratdığı bu gözəl, bənzərsiz əsəri – uzunburun taxta kukla Pinokkio haqqında kitabı, güman edirəm ki,  dünyanın bütün uşaqları bilir, sevir. Pinokkio obrazının İtaliyada yaranması heç də təəccüblü deyil. Çünki kukla teatrının vətəni məhz elə əsrarəngiz İtaliyadır. Və bu cür unikal obraz isə Karlo Kollodinin təxəyyülünün məhsuludur. Əsər roman-felyeton şəklində 1881-ci ildə "Uşaqlar üçün qəzet"də (Il Giornale dei Bambini), ayrıca kitab kimi isə 1883-cü ildə çap olunub. O vaxtdan günümüzə qədər dünya xalqlarının ən sevimli əsərinə çevrilib, populyarlığı zərrə qədər də olsa azalmayıb. Bunu da qeyd edim ki, "Pinokkio" toskan dialektində "sidr tumu" deməkdir. O, zamana boyun əyməz! Maraqlı fakt da var ki, yazıçının adını özünə təxəllüs götürdüyü İtaliya şəhəri Kollodidə qeyri-adi bir heykəl var. Bu, ədəbi qəhrəman, Pinokkio adlı taxta oğlanın heykəlidir. Dünyada ədəbi personaja qoyulmuş bir neçə abidədən biridir. Heykəlin üstündəki sərlövhədə yazılıb:
 Ölümsüz Pinokkionun əziz oxucuları dörd yaşından yetmiş yaşına kimidir.
 Dünyanın 87 dilinə tərcümə olunmuş "Pinokkionun macəraları" əsəri başdan-ayağa cazibə, optimizm və insanlara qarşı sevgi hissiylə doludur. O, nəinki uşaqların, heykəldəki sərlövhədə qeyd olunduğu kimi, böyüklərin də sevə-sevə oxuduğu əsərdir. Əslində, yaş baxımından əsərin heç bir çərçivəsi yoxdur. Hamı sevir, hamı oxuyur. Bu, dünya ədəbiyyatının ən gülməli və ən təsirli kitablarından biridir. Dözülməz, xeyirxah, hazırcavab, ağılsız, səfeh, uzunqulaq kimi inadkar, ağlağan və güləyən, xudbin və comərd taxtaburun Pinokkionu, az qala, bütün dünyada tanıyırlar. 
 Kitabda xeyir və şər, yaxşılıq və pislik daima qarşı-qarşıyadır. Hadisələr dinamik, maraqlı və həm də özünəməxsus şəkildə davam edir. Əsər sevilir, çünki bu fantastik kitabın cazibəsi hər şeydən əvvəl onun insan xarakterlərinin real təsvirlərindədir. Hər bir oxucuya kitabdakı obrazlar gündəlik həyatdan tanışdır. Kollodi əsər boyu ya şüurlu, ya da intuitiv şəkildə həm açıq şəkildə, həm də mətnaltı bir çox məsələlərə toxunur. Məsələn, Pinokkionun "atasından" qaçmaq, məsuliyyətdən qaçmaq, taleyin ona yazdığı qismətdən qaçmaq istəyi sanki bir azadlıq istəyidir onun qəlbində yanan, onu idarə edən bir istəkdi. Çünki Pinokkio başqaları tərəfindən idarə edilmək üçün yaradılmışdı. Lakin hər dəfəsində bu azadlıq istəyinin aclıq, səfalət, əzablarla nəticələndiyini görən Pinokkonun get-gedə azadlıq haqqında təsəvvürləri dəyişir. Və onun içində başlıca bir məqsəd yaranır – o, əsl oğlan olmaq istəyir. Onun taxta adamdan əsl, canlı adama çevrilməsininsə kiçik yaşlı oxucular üçün böyük tərbiyəvi əhəmiyyəti var. Pinokkionun nadincliyindən, yaramazlığından başına gələn hadisələri oxuyub ibrət götürür, "əsl insan" – yaxşı insan olmağa can atır, pis əməllərdən uzaq olmağa çalışırlar. Digər tərəfdən də məqsədə çatmaqdan ötrü əziyyət çəkmək, mürəkkəb yol keçmək lazım olduğunu, heç nəyin həyatda asan başa gəlmədiyini öyrənirlər. Bir başqa nüansa da toxunmaq istəyirəm. Əsərdə hər dəfə yalan danışanda Pinokkionun burnu uzanır. Və o, eybəcər hala düşür. Kiçik oxucular yalanın pis şey olduğunu, mütləq pis nəticələr verdiyini anlayır və şüuraltı olaraq da yalan danışmaqdan çəkinir. 
 
  

 Ədəbiyyatda bu əsərə oxşar yazılmış əsərlərə də rast gəlinir. 1936-cı ildə Aleksey Tolstoy əsəri  müəyyən dəyişikliklər edilməklə "Qızıl açar və ya Buratinonun macəraları" adı altında yazır və çap etdirir. Tolstoyun "Buratono"su da dünyanın bir çox ölkələrində, həmçinin Azərbaycanda olduqca məşhurdur. Maraqlısı budur ki, Aleksey Tolstoyun əvvəldən belə bir ciddi fikri olmayıb. O, sadəcə həmin əsəri tərcümə etmək, rus dilinə adaptə etmək fikrində olub. 1935-ci ildə yazıçı Maksim Qorkiyə  (1868-1936) məktubunda yazırdı: "Mən Pinokkio üzərində işləyirəm. Mən əvvəlcə hekayənin məzmununu rus dilinə tərcümə etmək istəyirdim. Lakin sonradan bu fikrimdən daşındım. Bu mənə çox cansıxıcı iş kimi göründü. Hal-hazırda mən bu  mövzunu  ayrı cür, özümə uyğun şəkildə təsvir edirəm”. Və beləliklə, Aleksey Tolstoy "Qızıl açar və ya Buratinonun sərgüzəştləri” adlı povest-nağılını ərsəyə gətirdi. Əsər çox qısa bir zamanda məşhur oldu. Bunu da qeyd edim ki, Tolstoy bu əsəri gələcək həyat yoldaşı Lüdmila İliniçna Tolstayaya həsr etmişdi. Bu iki əsər arasında – istər obrazlar, istər süjet xəttində, təbii ki, oxşar və fərqli cəhətlər var və bunlar çox təhlil edilib. Mən sadəcə, qısa da olsa, iki baş qəhrəman – Pinokkio və Buratino obrazlarından danışmaq istərdim. Pinokkionun taxta ürəyində böyük bir arzu var. O, insan olmaq istəyir – əsl insan! Buratinonunsa  taxta olmağı onu qətiyyən narahat etmirdi.  Ən böyük arzusu isə tamamilə fərqliydi. O, qızıl açarı tapıb dostlarına kömək etməyin – teatr açmağın xəyalıyla yaşayırdı. Pinokkio səhvlər edib, səhvlərinin üzərində öyrənən, dünyanı belə dərk etməyə, belə başa düşməyə, bu cür inkişaf etməyə can atan bir taxta oğlandır. Buratino isə sanki həyatıyla razılaşa bilməyən balaca bir inqilabçıdır. O, nigaranlığının, hər şeyə marağının ucbatından düşdüyü vəziyyətlərdən cəsarətinin sayəsində çıxmağı bacaran, zahirən olmasa da, daxilən böyüyən, dəyişilən, öyrənən bir qəhrəmandır. Hesab edirəm ki, bu iki oxşar və eyni zaamnda fərqli obrazlar məhz bu cəhətlərinə görə ədəbiyyatda ayrı-ayrı qəhrəmanlar kimi qəbul olunur, sevilir.
 Bizə "Pinokkio”dan bir köynək yaxın olan "Qızıl açar və ya Buratinonun macəraları"ndan  başqa,  alman yazıçısı Otto Yulius Birbaumun "Sepfel Kernin macəraları" kitabı Karlo Kollodinin hekayəsinin demək olar ki, eynisidir. Lakin bu əsər, hətta Almaniyanın özündə də çoxdan unudulub. Adı çəkilən bu iki əsərdən başqa da əsərlər yazılmış və onun müəyyən hissələri ayrı-ayrı bədii nümunələrdə, cizgi filmlərində müəyyən dəyişikliklərlə istifadə olunmuşdur. Ümumiyyətlə isə əsər əsasında bir neçə dəfə cizgi filmi çəkilmişdir. 
 Bəzi mənbələr Karlo Kollodi "Pinokkio"nu heç də uydurmadığını və həyatda həqiqətən də, belə bir adamın olduğunu iddia edirlər. İlk dəfə bu haqda araşdırma aparanda təəccübümü gizlədə biləməmişdim. 2001-ci ildə Florensiyada arxeoloji qazıntılar zamanı üstündə "Bu, "Pinokkionun macəraları" əsərinin müəllifi kimi məşhur olan Karlo Kollodinin məzarıdır" sərlövhəli Lorensinin məzarını tapıblar. Alimlərdən biri yanında Pinokkio Sançesin də nəşinin olduğunu aşkarlayıb. Onu məzardan çıxarmış və ekspertizaya vermişlər. Məlum olub ki, Kollodinin qəhrəmanının prototipinin özü də müəyyən mənada taxtadan imiş. Çünki ayaqlarının yerində  taxta protezlər varmış, burnunu isə balaca taxta əvəz edirmiş. Ayaq protezindən birində usta Karlo Bestuldjinin adı qeyd olunub. Axtarışlar nəticəsində kilsə qeydlərində Pinokkio haqqında məlumat aşkarlanıb. O, cırtdan adam olub və orduda 15 il xidmət göstərib. Təlimlərin birində qayadan yıxılaraq sağ qalmağına baxmayaraq, zərbədən  aşağı ətrafları və burnunu itirir. Və usta Karlo Bestuldji onun üçün taxtadan protez ayaqlar və görünüş üçün burun düzəldir. Səhhətiylə əlaqədar orduya qayıda bilmir. Xeyli vaxt küçələrdə səfil, ac-susuz qalan Pinokkionu bir gün bazarda küçə teatrının sahibi görür. Onun cırtdan adam, hələ üstəlik də əlil olduğunu görüb teatr üçün faydalı olduğunu düşünür və bir neçə yüngül hərəkət öyrədib teatra işə götürür. Pinokkio Sançes, beləliklə, küçə teatrının aktyoruna çevrilir. Teatrda göstərdiyi tryuklar tamaşaçılar tərəfindən maraqla qarşılanıb və özünü aclıqdan xilas edib. Lakin günlərin bir günü yeni tryukunu göstərmək istərkən ehtiyatsızlıqdan yıxılır və dünyasını dəyişir.
 Belə çıxır ki, Pinokkio Sançes Kollodinin "Pinokkio"sunun prototipidir? Bəs bunu sübut edəcək bir dəlil, sübut varmı? Bu suallar araşdırmaçıları da narahat edir və onlar axtarışları davam etdirirlər. Çox əziyyətlə də olsa, Kollodinin sağ qalan qohumunu tapır və yazıçının ona yazdığı məktubunu götürürlər. Məktub bütöv şəkildə qalmadığından bir hissəsi üzə çıxır. Həmin parçada Kollodi yazır: "...əziz əmim qızı. Məndən yaxın vaxtlarçün düşündüyüm planlarımı soruşursan. Keçən məktubumda sənə bədbəxt, amma çox mərd adam – Pinnokio Sançeslə bağlı yazmışdım. Onun haqqında əsər yazmaq istəyirəm. Əvvəlcə ciddi bir roman fikrinə düşmüşdüm. Amma nədənsə uşaq nağılı yazmağa başladım. Niyəsini heç özüm də bilmirəm. Axı Pinokkionun həyatı nağıl kimi yox, faciəvi oldu. Bu işin axırı necə olacaq, nə alınacaq bilmirəm. Hə, yeri gəlmişkən..."
 Kağız, yazı, xətt analiz edilir və məktubun, həqiqətən də, Karlo Kollodi tərəfindən yazıldığı sübut olunur. Beləliklə, araşdırma aparan Amerika və İtaliya alimlərinin fikrincə,  Karlo Kollodinin "Pinokkio"su məhz cırtdan adam Pinokkio Sançesin prototipidir. 
 Pinokkio həyatda, həqiqətən də, olsa da, olmasa da bu gözəl əsər dünya uşaq ədəbiyyatında var. Və ədəbiyyat var olduqca "Pinokkionun macəraları" nəsillərdən nəsillərə ötürülən, sevə-sevə oxunulan bir əsər olaraq qalacaq. Əsər əsasında yeni cizgi filmləri çəkiləcək, yeni dastanlar uydurulacaq...