Biz imzaları yox, əsərləri dərc edirik...

Ailəvi şam yeməyi – Ülvi Babasoy yazır
1396
17 Aprel 2018, 08:28
 Artkaspi.az Ülvi Babasoyun "Ailəvi şam yeməyi" adlı yazısını təqdim edir:
 
 Bacım həmişə doktor Səbinə Mirzəyeva barədə xoş sözlər deyirdi. Onda doktor hələ o qədər də tanınmırdı. Zaman ötdükcə hamının sevimli həkiminə çevrildi. Virtual və real dünyada bu xanım doktordan hər kəs razıydı. Mənə maraqlı gəlirdi bir həkimin bu qədər rəğbət qazanması. Çünki ən yaxın həkim dostum belə ölkədə olan tibb mütəxəssislərinə qarşı inamımı sarsıtmışdı.
 
 
 
 Nevropatoloq dostumdan müalicə alırdım. Kompüter tomoqrafiyadan sonra qərar vermişdi ki, guya beynim yetmiş yaşlı insanın beyni kimidir. Beynimin ağ mayesində ciddi problem var. Qocalma gedir. Hətta Türkiyədə bir neçə xəstəxanada oldum. İstanbul Acıbadəmdən Ərzurum Şəfa xəstəxanasına kimi Türkiyəni də gəzdim. MRT müayinənin nəticəsində də qeyri-dəqiqlik var idi. Neoplatal kist? Təcili əməliyyat məsləhət gördülər. Bir müddət müalicə aldım. Bir dəfə gecə vaxtı qəbul etdiyim dərmanlar məni şoka saldı... Türkiyəli dostum Karaaslan mənə təklif etdi ki, tanıdığı iranlı bir təbib var, onun yanına gedək. Təbib adamın üzünə baxıb bütün dərdlərini sadalayırdı. Baş ağrılarım barədə  bircə kəlməlik diaqnoz qoydu. Dedi ki, səndə "sinuzit”, yəni, qarmarit var. Əslində, qəbul etdiyim dərmanların heç biri mənə lazım deyilmiş. Təbib yüzlərlə bitkidən hazırladığı dərmanlarla məni sağaltdı. Üstəlik başqa xırda-para naxoşluqlar da sovrulub getdi.
 Bəs Səbinə xanımı necə tanıdım? Bir gün elə oldu ki, bacımın yoldaşı işiylə əlaqədar bir müddət ölkə xaricində oldu. Bacımın vəziyyəti kritik və riskli idi. Doktor Səbinə Mirzəyevanın qəbuluna birlikdə getdik. Səbinə xanım sehrkar moralist idi. Sehrli, ovsunlu çıxışı bacımı sakitləşdirdi. "Uşaqların var, özünü ələ al. Onlar indi evdə səni gözləyirlər. Sənsə oturub burda ağlayırsan. Heç nəyin yoxdur ki”. Əslində, vəziyyət olduqca ağır idi. Doktor peşəkarcasına ürək-dirək verirdi. Amerikada eyni növ xərçəng xəstəliyindən əziyyət çəkənləri  iki qrupa ayırırlar. Bir qisminə verilən kapsulun içinə su doldururlar. Psixoloji dəstəyi maksimum dərəcə artırırlar. Ümid verirlər. Digərlərinə isə təkcə lazım olan dərmanı verirlər. Ancaq mənəvi dəstək göstərilmir. Su qəbul edən xəstələrin vücudunda müsbət irəliləyiş, mübarizə müşahidə edilir. Səbinə xanımın təbəssümü uğurlu karyerasının  sehrli mayası idi.
 Göz-gözə gəldik. Bu yaraşıqlı oğlan kimdir? – dedi bacıma. Tanımadığı adama belə jest etmək, gülərüz münasibət peşəkar doktorun ünsiyyət forması idi.  Beləcə tanış olduq. Daha sonra bir dəfə də getdim bacımla. İxtisasımı soruşdu. Ədəbiyyatın mənəvi terapiya olduğunu söylədi. Olduqca dəqiq fikir idi. Diaqnoz səviyyəsində cümlə. Ədəbiyyat insanı öz dünyasından alıb başqa bir mühit və zamana aparır. Bu vaxt özündən qaça bilirsən. Azad olmağın tək yoludur. Gündəlik qayğı və dərdlərdən kitab səhifələrində xilas olur adam.
 Səbinə xanım məhzun bir şeir kimi ayrıldı bu dünyadan. Efemerlər kimi qısa, gözəl və anlamlı yaşadı.  Onu tanıyan və tanımayan hər kəsi sarsıtdı bu ölüm. Çünki təbəssüm və xeyirxahlığını əsirgəməmişdi heç vaxt. Bacım deyir ki, bir çox imkansız passientin ödənişini öz üzərinə götürübmüş. Maddi və mənəvi dayağı olub neçə-neçə ailənin. Valideynlər şam yeməyində tənhalıq xiffəti çəkməyiblər. Axı şam yeməkləri müqəddəsdir. Nə səhər, nə də ki, nahar. Təkcə şam yeməyi ailəni bir masa arxasına toplayır. Ata, ana və övladları. Çünki səhər və günortalar gündəlik dərd, qayğı, tənbəllik və başqa əməllərdən dolayı ailə bir masa arxasına keçə bilmir.
 
 

 
 Kazuo İşiquronun "Ailəvi şam yeməyi” adlı hekayəsi var. Hekayənin qəhrəmanı uzun illər Kaliforniyada yaşadıqdan sonra vətəni Yaponiyaya qayıdır. Atası tək qarşılayır onu. Çünki anası vəfat edib. Ölüm səbəbi "Fuqu” adlı dəniz balığıdır. Bu balığın qarın nahiyəsində zəhər olur. Əgər zəhər tam çıxarılmasa onu yeyən mütləq şəkildə ölür. Ana qonaq getdiyi bir ziyafətdə həmin  balıqdan yediyi üçün həyatla vidalaşır. Oğlan  illər sonra atası və bacısı ilə şam edir. Yenə də balıq var süfrədə. Ancaq ana yoxdur. Ailəni birləşdirən, isti ünsiyyət yaradan şam yeməyində evə soyuq bir səssizlik hakim kəsilir. Qəflətən oğulun gözləri evin küncündən asılmış qoca bir qadın şəklinə sataşır. Qadının kim  olduğunu soruşur. Ananı tanımırsan? – deyir bacısı. Oğul ananı tanımır. Çünki illərdi əlaqə saxlamayıb. Ata və ananın başı var-dövlət yığmağa qarışıb. Övladlarının dərdlərini dinləməyiblər.  Hər iki tərəf üçün faciəvi bir haldır. Müflisləşən atanın inadkar eqoistliyindən  heç nə qalmayıb artıq. Oğlundan  incə bir nəvazişlə xahiş edir: Bu qoca adamla yaşaya bilərsən? İnsan bəzən burnunun ucunu görmür. Ən böyük sərvətin yaşamaq, həyatdan zövq almaq olduğunu dərk etmir. Övladlar da, yaşamaq da təxirə salınıb bu ailədə. 
 Qonşu Vatanabenin ailəsi də varlanmaq ehtirası ilə yaşayır. Yaponiyanı bürüyən iqtisadi böhran onlardan da yan keçmir. Vatanabe gecə yarısı iki qızı və arvadı yuxudaykən mətbəxdə qazı açıq qoyur. Özü ilə birlikdə ailəni də aparır. Bəzi ailələr övladları ilə birgə şam etməyin istiliyini, məhrəmliyini hiss edə bilmirlər. Elələri də var ki, ömür boyu buna həsrətdirlər. Səbinə xanım və onun kimi doktorların xoşbəxtliyi ipisti, qucaqdolusu övladları valideynlərə təslim etməklərində gizlənib. Ölkədə müəllim və həkimlərə inam arzulanan səviyyədə deyil. Çünki peşəkarlıqla iş bitmir. Peşəkarlıq  vicdan və qayğı ilə birləşməlidir.
 Səbinə Mirzəyeva uşaqsız evlərin sükutunu pozurdu. Nəşə gətirirdi evlərə. Uşaqların dünyaya gəlməsinə vəsilə olmaq təkcə peşə deyil. Həm də sosial işdir. Xeyirxah əməldir. Şam yeməklərindəki sükut və soyuqluğu nəşə və hərəkətə çevirən uşaqlar bu peşəni mənalandırır. Səbinə xanım bir müsahibəsində deyir: "Qayğını göstərəcəksən, başqa bir yöntəmdə, başqa bir tərəfdə o sevgi, o hörmət sənə qayıdacaq”. Səbinə xanımın qayğısı övladlarının, ailəsinin həyatında, ürəyində yaşayacaq. Bir də ailəvi şam yeməklərində. Və bir də onlarla ailənin  yaddaşında.